Təhminə
VƏLİYEVA
“SƏRBƏST
İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ
Açar
sözlər: mənəvi əsarət,
daxili saflıq, xalq və dövlət, demokratik dövlət, despotizm, azad cəmiyyət
Key
words:
spiritual
slavery, internal purity, people and state, democratic state, despotism, free society
Ключевые
слова: духовное
рабство, внутренняя чистота, люди и государство, демократическое государство,
деспотизм, свободное общество
1918-1920-ci illərdə mətbuat və ədəbiyyatda müstəqilliyin
qazanılmasından irəli gələn sevinc, qürur, rəğbət hislərinin tərənnümü yer
alır, onun əbədi qorunması ideyası təbliğ edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin
gətirmiş olduğu milli azadlıq ideoloji xətti Əhməd bəy Ağaoğlu yaradıcılığına
da təsirsiz ötüşmədi. Böyük türk lider M.K.Atatürkün əqidə yoldaşı olan Əhməd bəy
Ağaoğlu əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili
inkişafından keçdiyini bildirirdi. O, ayrı-ayrı əsərlərində türkçülük,
islamçılıq, millətçilik ideyalarının əsas təbliğçisinə çevrilsə də, milləti “mənəvi
əsarətdən” qurtarmaq və hələ də “iç zəncirləri” ilə yaşayan xalqa azadlıq əqidəsini
aşılamaq ideyası “Sərbəst insanlar ölkəsində” adlanan əsərinin başlıca motivini
təşkil edir. Xalqın öz azadlıq hüququnu dərk etməsi və “mənən” azadlığa
qovuşması ilə demokratik dövlət və cəmiyyət yaratmaq iqtidarında olduğunu
Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı əsərində başlıca motiv seçmişdir.
Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı
fəlsəfi traktatını İstanbul şəhərində ilk dəfə 1930-cu ildə “Cümhuriyyət” qəzetində
hissə-hissə çap etdirmişdir. Əsərin müqəddiməsində yer alan müəllifin “xalqımın
göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində
diqqətinizə yetirmək cürəti verdi” (1, 21)- sözləri əsərə olan maraq və istəyin
göstəricisi idi. Beləliklə, həmin ildə “Sanayi natişe” mətbəəsində kitab şəklində
çap olunur. Əsərin AXC-nin süqutundan sonra yazılması təsadüfi deyildi. İki ilə
yaxın ömür sürən dövlətin müstəqillik amallarını yaşatmaq və yenidən müstəqillik
hüququ əldə etmək üçün Azərbaycanın vətənpərvər, savadlı ziyalılara ehtiyacı
vardı. Öz azadlığının dəyər-qiymətini anlaya bilməyən və hələ də daxili zəncirlərlə
yaşayan xalqın ayılmağı, müstəqilliyi dadması, istibdad zülmündən can qurtarması
gərək idi. Bu isə xalqın ideya, məfkurə birliyi sayəsində baş verə bilərdi.
Ağaoğlu da əsəri bu məqsədlə ərsəyə gətirir və demokratik dövlət quruculuğu
ideyası mənəvi buxovlardan azad olunmaq ideya paralelliyində şərh olunur. O,
xalqın azadlıq şərabını daddıqdan sonra yenidən qəflət yuxusuna dalmağını zehniyyətə
hopmuş buxovlarla, mənəvi əsarətin bilavasitə əksi kimi hələ də daxili zəncirlərlə
yaşamaqda görürdü və xalq azadlığının əbədiliyini mənəvi əsarətdən qurtuluşla əlaqələndirirdi.
Əsərin müqəddiməsində onun yazılma məqsədini
açıqlayır: “Bu aciz müəllif də türk millətinin bir fərdi olmaq etibarilə, o
xüsusiyyətləri necə təsəvvür etdiyini, necə mənalandırdığını bu kiçicik əsərdə
yazmaq istədi” (1, 20). Hekayə şəklində yazdığı əsərdə müəllif türk millətinin
bir fərdini “sərbəst insanlar ölkəsinə” aparır, Türkiyə Cümhuriyyətinin
qurucuları (onlar əsərdə “pir” adlandırılır) ilə görüşdürür, onların
ideologiyası ilə tanış edir. Siyasi-fəlsəfi esse janrında yazılmış əsərin müqəddiməsində
görkəmli fransız ideoloqu Şarl de Monteskyönün “Qanunların ruhu” əsərinə xitabən
üç üsuli-idarənin (istibdad, monarxiya və respublika) səciyyəsindən danışaraq üstünlüyü
hakimiyyətin xalqın əlində cəmləşdiyi respublikaya verirdi. Əhməd bəy Monteskyönün
“istibdad qorxuya, monarxiya şərəfə, respublika fəzilətə dayanır” fikrinə şərik
çıxır, bu bölgünün hələ də məna və əhəmiyyətini itirmədiyini bildirirdi. O,
üsuli-idarədə iştirak etmək səlahiyyəti olan insanların yüksək vəzifə, məsuliyyət
duyğuları və üstün əxlaqi dəyərlərlə silahlanmağın lazımlığını qeyd edirdi. Respublika
idarə üsulunun xalqdan bəzi mənəvi özəlliklər tələb etdiyini bildirir və
“respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir”. “Vətəndaş fəziləti”nin
mahiyyəti və respublika quruluşunda xalqın vəzifə və rolunun və respublikanın mənəvi-əxlaqi
əsaslara söykənən ideologiyasının izahı şərti olaraq, “fərd” adlandırılan əsarətdən
qurtulmuş şəxsin “Sərbəst insanlar ölkəsi”nə səfəri timsalında verilir. Əhməd bəy
Ağaoğlunun epik təsvir üslubunda yazdığı bu əsər “Mən bir əsir idim, azad olmaq
istədim”, “Sərbəst insanlar ölkəsinin Əsas Yasası (qanunu)”, “Azadlıq bir
güldür”, “Yalan, riya və yaltaqlıq”, “Azadlıqla casusluq”, “Bir mitinq: natiqlərin
sözləri”, “Xalq idarəsində dövlət”, “Sərbəst məmləkətdə nəzarət işi”, “Xüsusi
bir evdə verilən konsert”, “İnsanlar qorxaq doğulmurlar”, “Kinoda görüb
eşitdiklərim”, “Azadlıq və xarakter”, “Sərbəst ölkənin akademiyasında”,
“Ziyalılar zümrəsinin mövqeyi”, “Ruhların və qəlblərin təmizliyi”, “Hürriyyət və
fikir ayrılığı”, “Parlamentdə nələr gördüm”, “Universitetdə və institutda”,
“Yaşayış sadəliyi”, “Azad insan ac qalmaz”, “İradəmə yeni qüvvət gəldi” kimi bölmələrdən
təşkil olunmuşdur və eləcə də, bölmələrin hər birində pirlərlə söhbət prosesində
qoyulan məsələlərə siyasi və mənəvi-əxlaqi kodeksdən yanaşmanın şərhi yazıçı məramının
daha aydın şəkildə açılmasına yönəlmişdir.
Əsərin ekspozisiyasında baş qəhrəman demokratik əsaslar
və əxlaqi dəyərlər zəminində qurulan Sərbəst insanlar ölkəsinə gəlir. Azad
olmaq niyyəti ilə zəncirlərini qırıb qala divarlarını aşan fərd geniş bir çöldə
hara gedəcəyini, nə edəcəyini bilmir. Bir qədər getdikdən sonra iki yol
ayrıcına çatır, burada yerə basdırılmış bir dirəyin üstündə yazılmış yazını oxuyur - sol tərəf – azadlıq,
sağ tərəf – köləlik yoludur. Müəllifin qəhrəmanını iki yol ayrıcında, iki seçim
qarşısında qoyması təsadüfi ola bilməzdi və oxucusuna iki seçim yolu göstərir-
Azadlıqmı? Əsarətmi? Əsarəti “dadmış” şəxs azadlıq, qurtuluş yolunu seçib irəliləyir
və budur, qala qapısının üzərinə qızıl hərflərlə yazılmış lövhəni oxuyur: “Sərbəst
insanlar ölkəsi”. Qala keşikçilərinin “Hə, görürük. Əsarətin görünən bağlarını
qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı?”- sualı onu çaşdırır və respublikanın
mənəvi ideologiyasının ilkin əsasları - tamah, doğruluq, həqiqət, ləyaqət konsepsiyalarına
ilk işarələr verilir. Düzdür, onlara “bəli” cavabını verir, ancaq bunların
azadlıq ilə əlaqəsini anlaya bilmir. Bu etik-mənəvi konsepsiyaların mahiyyəti
onun pirlərlə söhbətində açılır. Pirlərlə söhbəti zamanı özü barədə məlumat verərkən,
qəhrəmanın dilindən onun yurdunun keçdiyi tarixi yola nəzər salınır. “Sərbəst
insanlar ölkəsi”nin Əsas Yasası ilə tanış olanda isə azadlığa çatmağın necə çətin
olduğunu anlayır, tərəddüdlərə qapılması, özü ilə fikir mübadiləsi aparması
Ağaoğlunun azad olmaq sadəcə zahiri zəncirləri qırmaqla yekunlaşmır, daxili zəncir
və buxovlardan qurtulmaq ideyasının açılmasına yönəlir. On dörd maddədən ibarət
olan “Sərbəst insanlar ölkəsi”nin Əsas Yasasının sonunda “bu maddələri əzbərləmək
və onlara əməl etmək hamının “vətəndaşlıq borcudur” – sözləri yazılmış və qanunların
“ümumi əsaslar” başlığında aşağıdakı maddələr ehtiva olunurdu:
1.
Azadlıq
dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi,
söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
2.
Tamahlarına
yiyə dura bilməyənlər azad ola bilməzlər.
3.
Söz
sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.
“Sərbəst insanlar ölkəsinin əsas yasası (qanunu)”
adlı ikinci başlıqda isə aşağıda göstərilən maddələr yer almışdır:
1.
Azadlıq
doğruya və cəsarətə söykənir.
2.
Yalan
sərbəst insanlar ölkəsində tamamilə qadağandır. Bu azara tutulan ölkə xaricinə
çıxarılır.
3.
İkiüzlülük
və yaltaqlıq ən ağır günahdır. Bu günaha
batanlar hamılıqla daşa tutulurlar
4.
Çuğulluq
edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılır
5.
Qorxaqlıqla
sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz
6.
Sözlə
və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır
7.
Hiylə
işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar
8.
Haqqı
qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər
9.
Çalışmaq
vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur
olunurlar
10.
Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını
itirirlər
11.Ölkə işlərini görmək yalnız təcrübə və ixisas
sahiblərinin haqqıdır.
12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini
yoxlaya bilər
13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər
və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdırlar. Hesabatdan
qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar
14. Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl
etmək hər bir vətəndaşın borcudur. (1, 26-27)
Oxuduqları qarşısında mat-məəttəl qalır. Axı o, bu
günə qədər bunların tam tərsini eşitmişdi, görmüşdü. Necə yəni yaltaqlıq,
ikiüzlülük və hiyləyə görə ölkədən xaric olunasan, əksinə belələri onun
yaşadığı cəmiyyətdə daha irəli gedirdi. Necə yəni vətəndaş məmurdan fəaliyyəti
barədə hesabat istəsin.
Bəli, “Sərbəst insanlar ölkəsi” vətəndaşlarının vəzifələrindən
biri də türkünün əzbərlənməsi idi. Qəhrəman türkünü oxuyub onun təsirindən az
qala huşunu itirsin.
“İnsan kainatın şüurudur,
Ona tapınıb, onu müqəddəs sayırıq.
Azadlıq şüurun müqəddəs cövhəridir,
Onu sevib, ona bağlanmışıq.
Sərbəst insanlar ölkəsi şüurun və azadlığın məbədidir,
Ona sığınıb, ona güvənirik” (1, 29)
Qəhrəmanın rəfdəki kitablardan birində “Sərbəst
insanlar ölkəsinin tarixçəsi” başlığı diqqətini çəkir. Oxumağa başlayır və
oxuduqca onu dəhşət bürüyür. Bəli, bu bir tarix deyil, faciə idi. Bu azadlıq
yüzillərcə aparılan mübarizə sayəsində ərsəyə gəlmişdir. Neçə-neçə qanlar
axıdılmış bu günkü sakin küçələrdə...
O, iki gün sonra pirlərlə söhbətə yenidən başlayır
və bu ideologiyanın mahiyyəti və mənası ölkəyə yeni təşrif buyurmuş insana izah
edilir. Əsərdə azadlığın mahiyyəti barədə belə izahat verilir: “Yəqin bağçada
çalışarkən bir ağacın, bir gül yaxud bir çiçəyin tutub yetişməsi üçün o ağacın,
gülün, o çiçəyin təbiətindən irəli gələn şərtlərlə hesablaşmaq lazımdır.
Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və yetişməsi üçün təbiətindən
doğan şərtlər ödənməlidir.
-
Hansı
şərtlərdən söhbət gedir?
-
Ölkəmizin
türküsü ilə tanış oldunuzmu?
-
Oldum.
-
Orada
deyilir ki, azadlıq şüurun cövhəridir, şüur da insandır. Ona görə, bu cövhəri
cilalayarkən insandan göz-qulaq olmalısan. İnsana da baxmasan, cövhər tutmaz.
Uzun zamandan qəlbə, ruha hopmuş istibdadı silib atmaq asan məsələ deyil. Bəzən
sizə elə gələ bilər ki, artıq istibdad yıxılıb. Ancaq həqiqətə qalanda, onun hər
tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. Tutalım, görəcəksiniz ki,
ağzı köpüklənə-köpüklənə “azadlıq” bağıranlar, qonşusunun azadlığına dözə
bilmirlər. Özləri başqalarının azadlığı ilə toqquşanda qəzəblənib, qarşısındakı
adamı məhv etmək istəyirlər!” (1, 32)
Ruha, qəlbə hakim kəsilmiş istibdad azarının
kökünün kəsilməsi, istibdad taxt-tacının qəlblərdən yıxılması asan məsələ
deyildi. Azadlığa çatmış adam artıq bu vəzifə və məsuliyyət yükünün ağırlığını
hiss edir və ölkə qanunlarında yer alan maddələrin mahiyyətini anlamaq üçün
söhbətə davam edir.
Yalan, ikiüzlülük, yaltaqlıq – maddəsinin mahiyyətini
şərh edən pir yalanı “zəiflərin, zəlillərin, qorxaqların işi” adlandırır. Axı
azadlıq doğruluğa, cəsarətə söykənir. Yalan həqiqətin gizlədilmə vasitəsidir və
həqiqətin gizləndiyi yerdə yalançı inanclar hakim olur. Bir xalq arasında
yalanın kökünün kəsilməsi işini bir tərbiyə məsələsi adlandıran pir bu işə ailə
və məktəbdən başlanmasını labüd bilir. Müəllim və valideyn etalonu uşaq tərbiyəsi
üçün ən təsirli vasitədir. Uşaq ailə və məktəbdən cəmiyyətə gələndə yalanın iyrənc
azar olduğunu dərk etməlidir. Yox, əgər əksinə, məharətlə söylənmiş yalanı
“ağıl nümunəsi” hesab edildiyi və yalanla əldə edilən uğurun alqışlandığı cəmiyyətdə
yalançılıq azarının kökünün kəsilməsi mümkün deyildir. Hər bir şəxs cəmiyyətin
bir nümayəndəsi kimi şəffaflığı nümunə götürdüyü və riyadan uzaq durduğu halda
bu azarı qəlblərdən və şüurlardan tamamilə silib atmaq mümkündür.
Vəzifə və güc sahiblərinin öyülməsi və onlara
sitayiş edilməsi maddəsi barədə yeni sakin “bəs ədəbiyyatdan bildiyimiz neçə-neçə
parlaq qəsidənin, yəni heç qiyməti yoxdur? Axı bu da bir gerçəkdir ki, min cür
nemət və səadət bu güc və yüksək vəzifə sahiblərinin əlindədir. Belə isə,
onların qürurunu oxşamaq təbii sayılmazmı?” sözləri ilə özünün yaşadığı cəmiyyətin
reallığını ortaya qoyur və əlbəttə, bu cür şərtlər altında yaşamış insanın indi
düşdüyü cəmiyyətdə vəzifə sahiblərini öyən, məddahlıq edən insanlar ölkədən
xaric olunması onda sual doğururdu. Pir “yaltaq adamda şərəf və sayqı-sevgi
olmaz. Bu cür adam söz dediyi insanı da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa
dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar”- deyir və Şərq qəsidəxanları
özləri də bilmədən millətlərinə ən böyük pisliyi etmişlər və bu cür şeirlər
insanda mənən kasad xislətlərin yaranmasına səbəb olmuşdur. Ağaoğlu azad cəmiyyətin
ədəbiyyatı üçün varlığa tənqidi münasibət nə dərəcədə vacibdirsə, mədhiyyə və
ucdantutma tərif o qədər zərərlidir qənaətində idi və hətta azad olmaq istəyən
ölkələrin məktəblərində hələ də qəsidələrin tədris olunmasını təəssüflə
bildirirdi. Həmçinin, Pir hörmət anlayışını yaltaqlıq və baş əyməklə
yarınmaqdan tamamilə fərqləndirir və gerçək hörmətin sevgiyə, səmimiyyətə və
doğruçuluğa dayandığını qeyd edir. Yaltaq və riyakar insanların tüfeyliliyi bir
də o zaman üzə çıxır ki, onların tərifləyib göyə qaldırdıqları adamın “bəxti
bir balaca üz döndərir”. Bu cür insanlar göyə qaldırdıqları həmin adamı
“sancmağa” başlayır və digər tərəfdən, yeni mənsəb sahibinin ətrafını bürüyürlər.
Belə mənfi sifətlərin yayılmasında cəmiyyət günahkardır. Cəmiyyət taleyini kimə
etibar etdiyini bilməli və min ildə bir doğulan böyük şəxsiyyətlərindən bacardıqca
çox faydalanmalıdır.
Qanunun IV maddəsində “çuğulçuluq edənlər sərbəst
ölkənin vətəndaşı ola bilməz” göstərilirdi. Pir “çuğulçuluq olan yerdə azadlıq
olmaz, azadlıq olan yerdə də ondan-bundan çuğulluq etmək” (1, 40)- fikrini
istibdadın hökm sürdüyü ölkələrdə gizli xəbərçiliyi ən qüdrətli vasitə kimi
istifadə olunduğunu və bunun insanlar arasında nifaq, şəkk-şübhə doğurmaq məqsədilə
işlədildiyi fikirləri ilə əsaslandırır. Çuğulluğun olduğu yerdə kimsə kimsəyə
inanmaz, doğruluq aradan qalxar və istibdad yenə kök salar.
Duyduğu izahatlar adamın fikirlərini alt-üst edir və
bir qədər düşünmək üçün Azadlıq parkına yol alır. Parkda ilk dəfə azadlıq
bayrağını qaldıran şəxsin heykəli ucaldılmışdı. Burada bir mitinqə rast gəlir və
nitqlərə qulaq asmağa başlayır. Dinlədiyi nitqlərin birincisində gənc bir kişi
hökuməti tənqid edir və hələ də işsiz adamların gəzdiyini ölkədən ötrü bir ayıb
hesab edirdi, ikincidə yaşlı bir kişi gənclərin pula, qazanca qaçıb, iş adamı
olmaq həvəsi ilə yüksək bəşəri duyğulardan uzaqlaşdığını qeyd edir və maarif
sisteminin dəyişdirilməsi tələbini irəli sürürdü; üçüncüdə gənc qadın
kişi-qadın hüquqlarına toxunub, “axı necə ola bilər ki, qadının doğub bəslədiyi
oğul vəzifə tutsun, amma qadın yox?” sözləri ilə qadınların fizioloji zəifliyinin
bəhanə edildiyini pafosla deyirdi. Ədib qəhrəmanını ən çox heyrətləndirən cəhət
natiqlərin nitqləri və ədalarının etik, səmimi, hörmətcil əsaslarda qurulması və fikirlərinin inandırıcı səslənişi idi. Öz ölkəsində
isə tənqid təhqirlə, söyüşlə ifadə olunurdu. Öz-özünə “bax, indi anladım ki,
azad olmaq yalnız istəyə və arzuya bağlı deyilmiş! İnsanın özünü tərbiyə edib,
kübar olması lazım imiş!”,- dedi.
Sərbəst insanlar ölkəsi qanunlarının onuncu maddəsində
ölkənin vətəndaşları arasında həmrəyliyin təmin olunması, hamının bir yumruq
altında birləşməsi ifadə olunurdu. Ölkənin
həmrəylik prinsipini pir “burada vətəndaşlıq bir tordur ki, içinə girən
insanlar bir-birinə bitişik halqalara bənzəyirlər”- sözləri ilə şərh edir. İstibdad
quruluşu eqoizm, mənbazlıq aşılayır və insanların bir-birinə yaxınlaşmasına
imkan vermir. Qəhrəmanı ən çox düşündürən məsələ idi- xalqın idarə etdiyi dövlət!.
Qanunların 11-ci maddəsində ölkə işlərini görmək üçün bacarıqlı olmaq əsas şərt
kimi qeyd olunurdu. Burada “bacarıq” məfhumu “azad olmayan məmləkət” və
“hakimiyyətin xalqın əlində olan məmləkət” kontekstində şərh edilmişdir:
-
Azad
olmayan ölkəni tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi
hakimdir. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən daha çox, həmin
şəxsin şıltaqlıqlarının yerinə yetirilməsinə diqqət edilir. Belə yerlər işbilməzlər
üçün sərfəlidir. axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə
dəyər verilir. Beləcə, tək ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də
hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən bilik və ləyaqət örnəyi
görmədiyindən, elmə, texnikaya, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və
tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və
yalana meyl salır.
Amma o yerdə ki, hakimiyyət xalqın əlindədir, ölkəni
xalqın öz arasından seçdiyi adamlar idarə edir. Ölkə başçısı və hakimiyyət üzvlərinin
işi sadəcə ölkənin iqtisadi məsələlərini həll etmək və xarici dövlətlərlə
münasibətlərini tənzimləmək deyil, maarif, sosial və sənaye sahələrində də səriştəli
olmalıdır. Səriştəsiz adam onların altından çıxa bilməz. Buna görə də xalq
etibar etdiyi və səriştəli adamları hakimiyyətə gətirir. Çünki xalqın, millətin
taleyi onların əlindədir və taleyi etibarlı əllərə vermək gərəkdir” (1, 50-51).
Sərbəst insanlar ölkəsinin dövlət idarəçiliyində nəzarət
işi qəhrəmanın xüsusilə diqqətini çəkir və “nəyə lazımdır nəzarət?, həqiqətən də
ölkə idarəçiliyinə nəzarət etmək mümkündürmü?”,- sualları xeyli düşündürürdü.
Pirin nəzarət barədə verdiyi izahat da maraqlı idi. “Sərbəst ölkədə məmurlar
diqqətlə seçilir. Unutmaq olmaz ki, hakimiyyət və güc pozucu amillərdir. İnsanlara
hökm etmək ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət
sürənlər qıraqdan baxan, görən və lazım olduğu zaman tənqidə tutub qınayan gözlərin
olduğunu bilməzlərsə, özləri fərqində olmasalar belə, bu həvəsləri artar və
axırda zorakılıq yoluna düşərlər. O səbəbdən, idarə edənlərin öz şərəfləri üçün
də nəzarətin olması vacibdir. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli
hüdudları aşmamağa çağırar” (1, 51). Nəzarətin
azad olmaq qədər çətin bir iş olduğunu qeyd edən pir nəzarətin xəbərçiliklə
qarışıq salınmamasını xüsusi vurğulayır. Yalan, şayiə və böhtan işi nəzarət etmək
deyil. Nəzarətçi çuğulçudan fərqli olaraq, başqasını ləkələmir. Həqiqətə
dayanaraq haqqın qorunmasına çalışır. Əsər qəhrəmanı Sərbəst ölkənin Əsas
Yasası ilə tanış olanda “hər bir məmur, cəmiyyət və dövlət adamı hər an həyatı
haqqında hesabat verməyə borcludur”- maddəsi öz
ölkəsinin hakimiyyət üzvləri ilə sərbəst ölkənin hakim təbəqəsinin xalq
qarşısındakı mövqeyi ciddi təzad təşkil edirdi. Pir xalq o insanlara verilən
tutduğu vəzifədən irəli gələrək əmək haqqı, nüfuz, hörmət müqabilində onlardan
həyat və fəaliyyətlərini xalqa həsr etmələrini istəyirlər. Bu şəxslər dövlət
hesabına yaşadıqlarından dövlətin onlardan hesabat istəmək haqqı var. Təmiz mənəviyyatlı
dövlət adamları öz şəxsi həyatı və fəaliyyətləri ilə başqalarına nümunə
olmalıdır və ömrünü xalqa həsr etmək ancaq vətənpərvər, fədakar insanların
işidir.
Qəhrəmanın öz-özünə dediyi “axı mən ömrümdə özümdən
başqa heç kimi düşünməmişəm. Dövlət məmuru görəndə qorxumdan yeddi məhəlləni
birdən qaçardım. Mən dövlət adamı olsaydım, elə bilərdim bütün dünyanı mən
yaratmışam. İndi bilmirəm, bu ölkənin adətlərini necə öyrənəcəm?”- fikir və
sualları bir daha aradakı ziddiyyəti ortaya qoyur və onun bu qəbildən olan
fikirləri köhnəlik və yenilik kontekstində şərh olunmalıdır. Əsərin “insanlar
qorxaq doğulmazlar” bölməsində pirlə qorxu barədə söhbət açılır. Ailə və məktəb
sistemində verilən tərbiyə və hakimiyyətdə istifadə olunan idarəetmə üsulları
insanları qorxağa çevirər. İnsanlar qorxaq doğulmazlar. Ata yumruğu, polis dəyənəyi
ilə böyüyən uşaq öz şəxsiyyətini itirər və heyvan kimi hürkən olar. “Azadlıq və
xarakter” bəhsində sərbəst ölkə vətəndaşı olmaq fədakar xarakterə sahib olmada
təzahür edir. Öz “mən”indən çıxıb cəmiyyətin “mən”i, idealları ilə yaşamaq,
onun uğrunda mübarizə aparmaq azad insan xarakterində yer almalıdır. Heysiyyət
məsələsi də əsərdə mərkəzi yer tutur. Nəfsdən uzaqlaşıb ləyaqəti və heysiyyətini
qorumaq azad insanın borcudur.
Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov “millət” və
“ziyalı” məfhumlarının sosial-mənəvi aspektdən şərhinə xüsusi diqqət
yetirmişdir: “Əsərdə ziyalı millətinin güzgüsüdür və millətin ziyalısı necədirsə,
özü də o cürdür” tezisi fonunda şərh edilir. Daha sonra, sərbəst insanların şərtlərində
verilən “söz, fikir və hərəkət təmizliyi” ideyası barədə pirlərlə söhbəti qədim
“Avesta” abidəsinin “xeyir söz, xeyir fikir, xeyir əməl” tezisi ilə səsləşir.
Ağaoğlunun qənaətinə görə, daxildən azad olmayan saflığa qovuşmayan adam ümumun
rifahını düşünə bilmir. Bu cür düşüncə XVIII əsr fransız ideoloqu J.J.Russonun
fikirləri ilə bilavasitə əlaqələnir” (4, 179). Əsərin digər maraq doğuran bəhsi
“Azadlıq və fikir ayrılığı” adlanır. Qəhrəman pirlə söhbət edərkən bu iki terminin bir-birilə necə səsləşdiyi və
azad cəmiyyətdə bunların bir-birinə maneçilik törətmədiyi barədə məlumat almaq
istəyir. Pir isə öz növbəsində, azadlığın olduğu yerdə fərqlilik və müxtəliflik
var. Əlbət ki, müxtəliflik fikir ayrılığına səbəb olur. Azad cəmiyyətdə fikir
ayrılığının olması hadisələrə çoxcəhətli prizmadan baxmaq şansı verir. Bir məsələnin
bir deyil, bir neçə həll yolu göstərilir. Bu isə ən optimal həll variantının
seçilməsinə gətirib çıxarır.
Ağaoğlunun “Sərbəst insanlar ölkəsi” adlı bu bədii-fəlsəfi
traktatı süjet etibarilə, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və
“Mozalanbəyin səyahətnaməsi” və Zeynalabdin Marağayinin “Səyahətnameyi İbrahimbəy”
kimi əsərlərlə yaxınlıq təşkil edir. Ə.Haqverdiyevin “Xortdan”ı, “Mozalan bəy”i
kimi Ağaoğlunun “Fərd” adlandırdığı bu qəhrəman “Sərbəst insanlar ölkəsi”ni səyahətə
çıxır. Mövzu-ideya etibarilə Əhməd bəy Ağaoğlunun bu əsəri Nizami Gəncəvinin
“İsgəndərnamə” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” kimi əsərlərlə səsləşir.
“Sərbəst insanlar ölkəsi”nin insanları Nizami Gəncəvinin “Xoşbəxt insanlar ölkəsi”,
Yusif Vəzir Çəmənzəminlinin “Meymun” (“Qızlar bulağı”) qəbiləsindəki insanlar
kimi xoşbəxtdirlər. Çünki onların ölkəsində rüşvət, ədalətsizlik, haqsızlıq
yoxdur. Hamı təmiz vicdanla xalqın firavanlığına və dövlətin birliyinə çalışır.
Əhməd bəy Ağaoğlunun demokratik dövlət idealı olan
“Sərbəst insanlar ölkəsi”nin xalqın arzu və ideallarının təcəssümü olması və
xalqa hesabat verən, fəaliyyəti xalqın diqqət və nəzarətində olan hakimiyyət
üsuli-idarəsinin qurulması müəllifin əsas qayəsi idi. Bəli, xalq bir dövlət
idarə edə biləcək qədər maarifləndiyi, çirkin xislətlərdən azad olduğu, sözün həqiqi
mənasında, istibdad zəncirini qırıb azadlığa qovuşduğu halda, xalq öz dövlətini
özü idarə edəcəkdir. Hakimiyyət yumruq
gücü ilə, qorxu silahı ilə yox, birlik şəklində idarə ediləcək. Əsirlik zənciri
boyunlardan əbədiyyən çıxacaq, azadlıq günəşinin şüaları gələcəyə işıq saçacaq.
Ədəbiyyat:
1.
Ağaoğlu
Ə. Sərbəst insanlar ölkəsində. Ön sözün müəllifi: Rəhman Bədəlov. Bakı: Kitab Klubu
MMC, 2014, 144 s.
2.
İsmayıl.
Örnək şəxsiyyət: Əhməd bəy Ağaoğlu mühacir həyatı yaşasa da, azərbaycançılığın ən
məşhur carçılarından olub // Şərq, 15 may 2014
3.
İsmayıllı
Sevda. Çoxmədəniyyətli, çoxdüşüncəli, çoxsəsli cəmiyyətin ideal modeli: Sərbəst
insanlar ölkəsində // Multikulturalizm, 2016, №1
4.
Mirəhmədov
Ə. Əhməd bəy Ağaoğlu. Bakı: Ərgünəş, 2014, 264 s.
5.
Mustafa
Ə. Milli azadlıq mücahidi // Zaman, 13 fevral 2013.
Tahmina Valiyeva
“SƏRBƏST
İNSANLAR ÖLKƏSİ” ("THE COUNTRY OF THE FREE PEOPLE") AS A AHMAD BEY
AGHAOGLU'S DEMOCRATIC STATE IDEAL
Summary:
İn his book
“The Country of Free people”, Ahmad Bey Aghaoglu proposed the idea of creating
a democratic state in the context of public and state relations. It is
undeniable that to gain liberty and to create a democratic state begins with
the recognition of the people's own freedom.
This freedom is earned by getting rid of the
spiritual bondage. “The Country of Free people”
is the ideal of Ahmed bey Aghaoglu as a democratic state and there is
the embodiment of his ideas about a democratic state and people in this book.
Ahmed bey Aghaoglu has described democratic state on the background of moral
values. Besides, people living in this state should be pure and true. Because
the state could be kept owing to this people.
Тахмина
Валиева
«СТРАНА
СВОБОДНЫХ
ЛЮДЕЙ » ДЕМОКРАТИЧНОE ГОСУДАРСТВA
ИДЕАЛОМ АХМЕД БЕЙ АГАОГЛУ
Резюме: В своей книге «Страна свободных людей» Ахмад
Бей Агаоглу предложил идею создания демократического государства в контексте
общественных и государственных отношений. Нельзя отрицать, что освобождение и
создание демократического государства начинается с признания свободы людей. Эта свобода заработана, избавляясь от духовного
рабства.
«Страна свободных людей» является идеалом Ахмеда
бей Агаоглу как демократического государства и есть воплощение его идей о
демократическом государстве и людях в этой книге. Ахмед
Бей Агаоглу описал
демократическое государство на фоне моральных ценностей. Кроме того, люди,
живущие в этом состоянии, должны быть чистыми и истинными. Потому что
государство могло сохраниться благодаря этим людям.