Təhminə Vəliyeva
BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD”
PYESİNDƏ
NƏSİMİLİK VƏ İNSAN PROBLEMİ
Açar sözlər:
İmadəddin Nəsimi, hürufizm, nəsimilik, insan
idealı, dövrə münasibət, ictimai problemlərin əksi
Key
words: İmadaddin Nasimi, hurufism, nasimism, the ideal of
“human”, occasion to the period, reflection of social problems
Ключевые
слова: Имададдин Насими, хуруфизм, насимизм, идеал
"человека", повод к периоду, отражение социальных проблем
Bütün tarixi dövrlərdə şair və yazıçılar dövrə, zəmanəyə qarşı öz
etirazını bildirmək üçün müxtəlif priyomlardan istifadə etmişlər. Məhz bu məqsədlə,
XIV əsrdən etibarən əfsanələşən şəxsiyyət – İmadəddin Nəsimi obrazı ədəbiyyata
gətirildi. Baş verənlərə şair üsyankarlığı ilə cavab vermək xüsusiyyəti Bəxtiyar
Vahabzadə üçün də yad deyildi. O, hər zaman ya bir şeir, ya bir misra, ya irihəcmli
bir poema yaxud pyeslə ya birbaşa, ya da dolayı şəkildə olaylara öz etiraz səsini
ucaltmışdır. “Fəryad” pyesində Nəsimi obrazından istifadə təsadüfi xarakter
daşımır. Nəsiminin pyesdə obraz seçilməsi hürufizmin insan konsepsiyası və İ.Nəsiminin
cəsur, əqidəsinə sadiq şəxsiyyəti ilə daha çox bağlıdır.
Nəsimilik fəlsəfəsinə əsaslanan pyes B.Vahabzadənin ikinci tarixi
dramıdır və 1984-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya
qoyulmuşdur. Ədəbiyyatşünas Qulu Xəlilov “Bəxtiyar Vahabzadə bir dramaturq kimi
heç bir pyesində “Fəryad”dakı qədər yetkin, bitkin və dərin görünməmişdir” sözləri
ilə “Fəryad” pyesinin ədibin ən uğurlu səhnə əsəri olduğunu bildirir. Tədqiqatçı
Fəridə Səfiyeva isə pyesin adının çoxproblemli mənasına diqqəti cəlb edərək
yazırdı: “bu ad tarixi planda, müasir dünyagörüşü və düşüncəsi baxımından ancaq
çarəsizlik, gücsüzlük, köləlik barədə assosiativ fikirlər doğurmur, əksinə
insanlara tarixi taleyi və gələcəyi barədə ciddi xəbərdarlıq ruhu ilə yüklənmiş
hayqırtı təsiri bağışlayır” (2, səh. 107).
Faciədə konkret olaraq ustad Nəsiminin obrazı olmasa da, Nəsimi aşiqləri
olaraq iki Nəsimi obrazı yaradılmışdır. I Nəsimi obrazında təmsil olunan Həllaci
Musa da və II Nəsimi də Nəsimi ideyalarını yaşatmaq, Nəsimini ölməzliyə
qovuşdurmaq üçün öz canlarından belə keçməyə hazırdırlar. Bu, Vəliəhdin I Nəsimini
ölümdən azad edərkən onun “O böyük insanın yaşaması naminə ölüm - həyatdır mənə”
(4, səh.134) deməsi, öz ölümünü Nəsiminin yaşamasından üstün tutması səhnələrində
bariz şəkildə nəzərə çarpır. II Nəsiminin dilindən verilən “Nəsimi yolunda ölənlər
ki var, Yoxdur Nəsimiyə ölüm dünyada” (4, səh. 119) fikri pyesin əsas qayəsini
təşkil edir. Yeddi şəkildən ibarət olan mənzum faciədə hadisələr nəsimilərin
şah sarayına gətirilib həbsə salındığı zamanda cərəyan edir. İki filosofdan
hansının ölkəni lərzəyə salan Nəsimi olması üzərində pyesin konflikti qurulur.
Başdan-başa hikmətlə dolu olan əsərin fəlsəfi qatı nəsimilərin dustaqlarla söhbətində
açılır. Məhbus Rəhmanın “sizi niyə tutublar?” sualına I Nəsiminin “düşünmüşük”
deyə cavab verməsi şairin azad söz söyləmək, azad fikir bildirmək imkanını Nəsimi
zamanında əldən alındığı kimi, B.Vahabzadə dövründə də müasir olduğuna işarədir.
Yaxud məhbus Sübhanın “bəs necə düşünməli?” sualını II Nəsiminin “öz idrakın
sönməli, öz fikrindən dönməli, Hakimiyyət sahibi hər necə düşünürsə, Bax, elə
düşünməli” (4, səh.114) şəklində şərh etməsi həmin dövrdə partiya təfəkkürlülüyünün
aktuallığını göstərən vacib faktordur.
I Nəsiminin II Nəsimini ölümdən qorumaq və özünü ölümə vermək üçün səyi
qarşısında “Ancaq onu bil ki, bəxşiş bir həyat, Mənə ağır gələr ölümdən yüz
qat” (4, səh.118) sözlərini işlətməsi Nəsimi cəsurluğunun, qorxmazlığının göstəricisi,
Nəsimi ucalığının ifadəsidir. Həyatın bütün iztirablarını dadan nəsimilər ölümdən
nəinki qorxmur, onu kamilliyə çatmaq vasitəsi hesab edirlər. “Nəsimi olmaq”
bütün nəsimilərin ən uca məqamı, “Nəsimitək allahın yolunda ölə bilmək” arzusu
onların ən ali istəyidir. Nəsimilər insanın bütün ideoloji mübarizəsində sonadək
vuruşurlar. Pyesdə II Nəsimi ilə I Nəsimi arasında gedən sorğu-suallaşma əsərin
diqqətə çarpan cəhətlərindəndir. Bu dialoqlarda hürufizmin təməl prinsipləri Bəxtiyar
Vahabzadə dilindən şərh olunur.
İmadəddin Nəsimi fəlsəfəsində ali kateqoriya olan İnsan problemi “Fəryad”da
da mərkəzi problemdir. F.Səfiyeva B.Vahabzadənin həqiqət axtarışlarının
yekununun insan olduğunu bildirir: “... Bəxtiyar Vahabzadə “Fəryad”da sanki bu
həqiqəti tapmışdır: Ən böyük həqiqət insan, ona xidmətdir” (2, səh. 116). B.Vahabzadə
insanın qul deyil, yaradan olduğunu bildirmək, insanın qüdrəti öz daxilində
axtarmasına nail olmaq və insanın öz aliliyini, ucalığını dərketməsi üçün nəsimiliyə
müraciət edir. Nəsimilərin timsalında “allah”, “vəhdət”, “insan”, eşqin
“idrak”la yaxud “qəlblə” dərk edilməsi məsələləri üzrə İnsan konsepsiyası şərh
olunur. Məsələn, II Nəsiminin “Allaha çatmağın nə imiş yolu?” sualını I Nəsimi
“qəlbin gözü yanmazsa görünməz gözə allah” (4, səh.120) şəklində cavablayır.
Yaxud “II Nəsimi: Allah! Bilirik, cisim deyil, bəs nədir allah?”, “I Nəsimi: Ən
yüksək olan haqda, həqiqətdədir allah... Dondunsa təkamül və gözəllik
qabağında, Dərk et, bu təəccübdə, bu heyrətdədir allah”, “II Nəsimi: İnsan nə
imiş?” “I Nəsimi: Gizlidir insandakı qüdrət, Hər kəs onu fəhm etməsə acizdir o,
əlbət” (4, səh.120); “II Nəsimi: Vəhdət nə demək?” “I Nəsimi: Gizlidir hər zərrədə
vəhdət, Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət!” (4, səh.121); “II Nəsimi: Bəs
söz nə demək?” “I Nəsimi: Mən bir ağacam, yarpağı - sözlər, kökü - fikrim, Sözlərdə
deyil, sözdəki hikmətdədir allah”; “II Nəsimi: Bəs zülmə sözün? I Nəsimi:
Zülmün üzünə haqq deyilən silləni çəksən, Silləndə möhürlənmiş o qeyrətdədir
allah” (4, səh.121); “II Nəsimi: Son məqsəd “Ənəlhəqmi?” “I Nəsimi: Bir pillədə
durdunsa “Ənəlhəq” demək olmaz, Ülviyyətə çatmaqdakı niyyətdədir allah” (4, səh.122)
I Nəsiminin II Nəsimiyə ünvanladığı suallara verilən cavabda
hürufizmin “Allah”, “eşq”, “insan”, “qəlb” konsepsiyası öz şərhini tapır.
İdrakı ülviyyətin, eşqin bir pilləsi sayan I Nəsiminin “hər arzunun, hər məqsədin,
hər niyyətin, eşqin, Son həddi, axır nöqtəsi yoxmu? (4, səh.122) sualında həllaciliyin
eşqin idrakla dərki məsələsinə II Nəsimi hürufi mövqedən münasibət bildirir:
İdrakdan əzəl qəlbini dindir. Qəlbin özü göydən də dərindir. Öz qəlbinə
dalmazsa, cəhalətdədir insan (4, səh.123). Yaxud I Nəsiminin “Öz nəfsinə
uyduqda bəs nədir insan?” sualına II Nəsimi “Dünyasına dünyada xəyanətdədir
insan... Öz nəfsinə qul olsa, cəhənnəm əzabında, Öz nəfsinə qul olmasa, cənnətdədir
insan” (4, səh.123) şəklində cavablayır. II Nəsiminin eşq barədə fikirləri –
“Yoxdu sözüm, eşq yenilməz. Vəslində gülən aşiqə aşiq ki deyilməz. İnsan
dediyin vəsl ilə insan ola bilməz. Çırpıntıda, sarsıntıda, həsrətdədir insan (4,
səh.124)” də maraqlıdır. Göründüyü kimi, burada eşq və vəsl qarşılaşdırılır,
eşq vəsldə deyil, insani keyfiyyətlərə malik olmaqda, insan olmaqdadır. Məhz
kamil insan eşqi dərk edə, duya bilər. Nəsimilər arasında gedən dialoqlaşmada
dinləyici olan dustaq Rəhmanın II Nəsimiyə ünvanladığı “Bəs bir belə kamil ikən
insan, Alçaqlığı, yaltaqlığı hardan?” fəlsəfi suala cavab Nəsimi dövründə də, Bəxtiyar
Vahabzadə dövründə də aktual olan problemlərin kökünün axtarılmasına sövq edir.
Məhz bu cavab da elə Nəsiminin dilindən verilə bilərdi. Sözün qüdrəti ilə
sarayları, neçə-neçə hökmdarları dizə gətirmək Nəsimiyə xas cəhətdir. Məhz hər
vəziyyətdə doğrunu dilə gətirmək, insanı qul deyil, kölə deyil, allah səviyyəsinə
qaldırmaq, onu şahlar qarşısında əydirməmək Nəsimilik tələb edir. Bu baxımdan,
Nəsimi obrazı əsərdə mükəmməl şəkildə işlənmişdir. Yaşar Qarayev və Şamil
Salmanovun birgə ərsəyə gətirdiyi “Poeziyanın kamilliyi” kitabında yer alan
qeyd də - “Öz iri hərfli İnsan (!) idealı ilə Nəsimi orta əsrlərdən çıxıb
humanizmin yenə də sınaqdan keçdiyi ideya döyüşlərində iştirak edir” (1, 163)
pyesdəki Nəsimi səciyyəsini vermək baxımından çox maraqlıdır.
II Nəsimi: İnsanı ucaldan ulu bir eşq, dəyanət,
Alçaldan isə ... qorxu, xəyanət.
Qorxduqsa ölümdən və əcəldən
İnsanlığı verdik demək əldən.
Qorxduqsa əgər zülmdən, haqdan
keçər olduq.
Qorxduqsa əgər, zülmə qul
olduq, nökər olduq. (4, səh.124)
Pyesdə Vəliəhdin məhbuslarla görüşü, onlarla söhbətləşməsində ictimai
problemlər daha qabarıq şəkildə öz əksini tapır. Məhz bu epizodda B.Vahabzadənin
öz fəryad səsini ucaltmaq üçün şərait yaranır,
ürəyindən keçəni söyləmək imkanı ələ düşür. B.Vahabzadənin Nəsimisayağı
fəryadı çoxsəciyyəli, çoxproblemlidir. Rüşvət aldığına görə həbs olunan Rəhmanın
dilindən verilən “əgər alan olmasa, verən olmaz vallahı” sözləri ilə rüşvətxorluğun
aşağıdan-yuxarıya “ötür-ötür oyunu” olduğuna işarə edilir. Məhbus Kəramətin
qazandığını töycüyə (vergi növü- T.V) çıxan və onu el arasında təhqir edən kəndxudanın
qulağını kəsməyinə görə tutulması epizodunda ciddi ictimai naqislik – vergilərin
ağırlığı məsələsi diqqətə çatdırılır. Vəliəhdin “şikayət eləyəydin” deyiminə Kəramətin
“qılınc özünü kəsməz” şəklində verdiyi cavab olduqca düşündürücüdür. Skeptiv
düşüncəli məhbusa – Şəkkaka şübhəcilliyinə görə “dəli” damğası vurulub həbsə
atılması da bir başqa faciənin əksidir. Dustaq şairlərin “biz fikir dustağıyıq”
sözü Nəsiminin düşündüyünə görə həbsə məhkum edilməsi ideyasının tamamlayıcısıdır.
Bəxtiyar Vahabzadənin “Fəryad”dakı etirazkar qəhrəmanlarının hər birinin
nitqində bir filosofanəlik var. Hadisələrə fəlsəfi yanaşma B.Vahabzadənin ən
başlıca keyfiyyətlərindən biridir. Məsələn, şairin “xoşbəxtlərə yetişməz bədbəxtlərin
naləsi” kəlməsi, Rəhmanın “çöldə azad gəzənlər azadmıdır de məgər?” sualı, Dəyanətin
“zamana bax, zamana, İndi bilib qanmağın əzabı var insana”, “əgər qəlbi dərindirsə
səmalar qədər, Çatmaz topuğuna təriflər onun”, Şəkkakın “yaşamaq istəsən, lal
ol, dinmə, sus”, Loğmanın “verdiyi nə varsa geri alarmış, Dünyanın qəribə oyunu
varmış” kimi ifadələr fikrimizi təsdiqləyər. Vəliəhdi ölkədəki vəziyyətlə tanış
etmək üçün özlərini rüşvətxor, qisaskar, dəli adlandıran bu məhbusların, sözün
həqiqi mənasında, “fikir dustağı” olmaları aydın görünür.
Bir miqdar pul müqabilində Zahidə casusluq edən Lalın oyunun üstünün
açılması epizodunda dustaqlar arasında lal bilinən birinin məkrli niyyəti ifşa
olunur. Gözətçinin “ağlım olmasaydı, ağıllıların ağlına gözətçi olardımmı mən?”
(4, səh.166) II Nəsimiyə istehza ilə sual etməsi təəssüfedicidir. Yaxud onun II
Nəsimiyə I Nəsimi barədə xəbər vermək üçün rüşvət tələb etməsi və “Ey, pulsuz
ucalıq gərəyim deyil, Pullu alçaqlığı mənə ver amma” (4, səh.167) deyimi ilə
pulu hər şeydən, ucalıqdan üstün tutması acınacaqlıdır.
Pyesdə ata-oğul ziddiyyəti aparıcı xəttdir. Övladına görə təhqir
olunan atalar ilə həqiqi sözə qoşulan oğullar bu ziddiyyətin təşkilediciləridir.
Bu baxımdan, həllacilərə qoşulan oğulla - Dəyanət ömrünü satqınlığa, din, şəriət
adı altında çirkin əməllərə sərf edən ata - Zahid obrazı əsərdə uğurlu şəkildə
işlənilmişdir. Hər zaman oğlunun şəhid olmasına görə fəxrlə danışan Zahid oğlu
Dəyanəti Həllaci Musanın meyidini oğurlayıb torpağa tapşırdığını öyrənəndə
sarsılır. Bu paraleldə daha bir ata-oğul obrazı – Çalpapaqla hürufilərə qoşulan
Tural yaradılmışdır. Ancaq Çalpapaq Şirvanda yaşayan adi kəndlidir. Ata-oğul
qarşıdurması Əmirlə Vəliəhd arasında da yaşanır. Nəsimi sözünün böyüklüyü, mənəvi
kamilliyi qarşısında aciz qalan Vəliəhd onu da müridliyə qəbul etməsi üçün
yalvarır. Vəliəhd obrazı sarayın iç üzünü görüb, həbsdəki fikir adamlarının təsirinə
düşüb həqiqətə - mənəvi kamilliyə yetişmək istəyən insan obrazıdır. “Ata məsləkini
tapdayan övlad atanın əlilə boğulmalıdır!” deyə Zahidə, Çalpapağa, Dəyanəti sevən,
Loğmanın qızı Ayparaya görə atasına tənə edən Əmir oğlunun da saraydan üz döndərdiyini
biləndə Nəsimi qüdrəti qarşısında aciz qalır. Ata-oğul ziddiyyətində həm də iki
bir-birinə zidd düşüncəli insanlar təcəssüm olunur. Bu ziddiyyətlərdə
fatalizmin insanı məhvə, nəticəsizliyə apardığı ideyası Zahidin timsalında
verilir. Ömrü boyu qorxu ilə yaşamağın heçliyi məsələsi isə Turalın dilindən
verilən “o qədər qorxmuşam ki, həyatdan, Zərrəcə qorxmuram ölümdən daha” (4,
197) fikirdə əksini tapır. Əmirin “Zahid, bu adamın kini, nifrəti başqadır,
düşməni ehkam, din deyil, Mənim zülmümdəndir hər şikayəti, Mənim məbusumdur, o,
sənin deyil!” (4, 197) sözləri ilə ədib özünüifşa üsulundan məharətlə istifadə
etmiş, onun əməllərini öz dili ilə vermişdi. Əmirin bu sözlərində həm də,
dinsizlikdə günahlandırılan şairin din düşməni olmadığı bildirilir.
Bəxtiyar Vahabzadənin dram yaradıcılığı üçün səciyyəvi olan cəhət –
“ikinci səs”, teyf məsələsi burada da özünü göstərir. Vəliəhd Dəyanətin
timsalında “ikinci səs”ini eşidir, öz vicdan səsini duyur. Məhz əsərdəki bu surət
xarici təsirlər nəticəsində dəyişən obrazdır. B.Vahabzadə
dramaturgiyası üçün xas olan digər bir cəhət dünyaya sığmayanların “çərçivə”yə
salınması xətti “Fəryad” pyesində də izlənilir. Bu, azad ruhlu nəsimilərin həbsə
atılması və Vəliəhdin əqlinin illərlə saray ehkamı ilə çərçivələnməsi süjetlərində
əksini tapır. Aypara obrazı isə özünü bilən, əqidəsinə sadiq qadın obrazıdır.
O, insanın qüdrətinin öz içində olduğuna inanır.
Pyesin sonunda nəsimilərin öldürülməməsi simvolik məna daşıyır. Dünya
durduqca, nəsimilər var olduqca Nəsimiyə ölüm olmaması ideyası finalda da izlənilir.
Bu mənada, Turalın monoloqu olduqca təsirli səslənir.
Mərdliyə çağırır bu gün hər kəsi,
Dərisi soyulan şairin səsi.
Uzaq əsrlərdən gəlir nəfəsi,
Diri dünyamıza ölü dünyanın (4, səh.212)
Bu nitq Nəsiminin ölməzliyinin, əbədiyaşarlılığının şairanə ifadəsi və
həm də Bəxtiyar Vahabzadənin mərdliyə çağırış səsidir.
Ədəbiyyat:
1. Qarayev Y., Salmanov Ş. Poeziyanın kamilliyi. Bakı, Yazıçı, 1985
2. Səfiyeva F. Bəxtiyar Vahabzadənin dramaturgiyası (filologiya elmləri
namizədi elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya). Azərbaycan Respublikası
Təhsil Nazirliyi, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Univeristeti, Bakı, 1997
3. Xəlilov Q. Kamillik, bütövlük // Kommunist, 1984, 11 may
4. Vahabzadə B. Özümlə söhbət (şeirlər, dram və poemalar). Bakı, Azərnəşr,
1985, 264 s.
BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD”
PYESİNDƏ
NƏSİMİLİK VƏ İNSAN PROBLEMİ
Xülasə: Görkəmli
ədib Bəxtiyar Vahabzadə “Fəryad” pyesini 1984-cü ildə qələmə almışdır. Bu, onun
ikinci tarixi faciəsidir. Yazıçı nəsimilik fəlsəfəsinə əsaslanaraq insan,
insanın özünüdərki və həyata baxışı problemini qoymuşdur. Buna görə də əsərdə
iki Nəsimi obrazı yaradılmışdır. Nəsimi sənəti və nəsimilik var olduqca Nəsimi
heç vaxt ölməyəcək - bu əsərin əsas ideyasıdır. Pyesdə İmadəddin Nəsiminin bir
şəxsiyyət kimi keyfiyyətlərinə daha çox diqqət yetirildi. Nəsimi cəsur sözün, əyilməz
iradənin, dönməz əqidənin təmsilçisidir. Məhz bu cəhət öz dövrünün qüsurlarını
açıb göstərən Bəxtiyar Vahabzadənin yazıçı niyyətinə daha çox uyğun gəlmişdir.
Saray ehkamlarının kor etdiyi Vəliəhd də Nəsimi işığı ilə aydınlanır. Günahsız
yerə həbs edilən məhbuslarla söhbət dövrün mənzərəsini verməyə kömək edir. Nəsimilərin
arasında gedən dialoqlarda isə hürufiliyin təməl prinsipləri Bəxtiyar Vahabzadə
dilindən şərh olunur.
Tahmina
Valiyeva
NASİMİSM AND THE PROBLEM OF HUMAN
İN THE PLAY “FARYAD” (SCREAM)
Summary: Well-known writer
Bakhtiyar Vahabzade wrote “Faryad” (Scream) in 1984. İt is his second
historical tragedy. The writer gave human, the problems of human
self-perceptions and review to life, it based on nasimism. That’s why it was
created two Nasimi characters. Nasimi will never die as long as exist of Nasimi
art and nasimism - it is the main idea of this work. İt was taken attention to
İmadaddin Nasimi’s character as a person in this play. Nasimi represents the
brave word, irreconcilable will, irreversible belief. He is the character of a
great poet who died fearlessly and subjugated to the kings with the power of
his words. This feature is compatible with the writer intention of Bakhtiyar
Vahabzade, who reveals the flaws of his time. The Valiahd is also illuminated
by the light of Nasimi who was blinded with the tenets of the palace.
Talking
to prisoners imprisoned as innocent can help the period at a glance. İn the
dialogue between nasimis, the basic principles of hurufism are explained by Bakhtiyar
Vahabzade.
Тахмина
Валиева
НАСИМИЗМ И
ПРОБЛЕМА ЧЕЛОВЕКА
В ПЬЕСА
БАХТИЯРА ВАХАБЗАДЕ «ФАРЯД» (КРИК)
Резюме: Известный
писатель Бахтияр Вахабзаде написал «Фаряд» (Крик) в 1984 году. Это его вторая
историческая трагедия. Писатель подарил человеку проблемы человеческого
самовосприятия и рецензии на жизнь, основанную на нацизме. Поэтому было создано
два персонажа Насими. Насими никогда не умрет до тех пор, пока существуют
искусство Насими и насимизм - это главная идея этой произвдения. В этом пьеса
было обращено внимание на характер Имададдина Насими как человека. Насими
олицетворяет смелое слово, непримиримую волю, безвозратную веру.
Эта особенность совместима с намерением писателя Бахтияра Вахабзаде, который
раскрывает недостатки своего периода. Валиахд также освещается светом
Насими, который был ослеплен принципами дворца. Разговор с невиновныйзаключенными
в тюрьму, может помочь периоду взгляда. В диалоге между насимии основные
принципы хуруфизма комментировает Бахтияром Вахабзаде.
No comments:
Post a Comment
Rəyiniz üçün təşəkkürlər