Thursday, November 14, 2019

ƏHMƏD BƏY AĞAOĞLU. "Sərbəst insanlar ölkəsi"


Təhminə VƏLİYEVA

 “SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ
Açar sözlər: mənəvi əsarət, daxili saflıq, xalq və dövlət, demokratik dövlət, despotizm, azad cəmiyyət
Key words: spiritual slavery, internal purity, people and state, democratic state, despotism, free society
Ключевые слова: духовное рабство, внутренняя чистота, люди и государство, демократическое государство, деспотизм, свободное общество

1918-1920-ci illərdə mətbuat və ədəbiyyatda müstəqilliyin qazanılmasından irəli gələn sevinc, qürur, rəğbət hislərinin tərənnümü yer alır, onun əbədi qorunması ideyası təbliğ edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin gətirmiş olduğu milli azadlıq ideoloji xətti Əhməd bəy Ağaoğlu yaradıcılığına da təsirsiz ötüşmədi. Böyük türk lider M.K.Atatürkün əqidə yoldaşı olan Əhməd bəy Ağaoğlu əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. O, ayrı-ayrı əsərlərində türkçülük, islamçılıq, millətçilik ideyalarının əsas təbliğçisinə çevrilsə də, milləti “mənəvi əsarətdən” qurtarmaq və hələ də “iç zəncirləri” ilə yaşayan xalqa azadlıq əqidəsini aşılamaq ideyası “Sərbəst insanlar ölkəsində” adlanan əsərinin başlıca motivini təşkil edir. Xalqın öz azadlıq hüququnu dərk etməsi və “mənən” azadlığa qovuşması ilə demokratik dövlət və cəmiyyət yaratmaq iqtidarında olduğunu Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı əsərində başlıca motiv seçmişdir.
Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı fəlsəfi traktatını İstanbul şəhərində ilk dəfə 1930-cu ildə “Cümhuriyyət” qəzetində hissə-hissə çap etdirmişdir. Əsərin müqəddiməsində yer alan müəllifin “xalqımın göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində diqqətinizə yetirmək cürəti verdi” (1, 21)- sözləri əsərə olan maraq və istəyin göstəricisi idi. Beləliklə, həmin ildə “Sanayi natişe” mətbəəsində kitab şəklində çap olunur. Əsərin AXC-nin süqutundan sonra yazılması təsadüfi deyildi. İki ilə yaxın ömür sürən dövlətin müstəqillik amallarını yaşatmaq və yenidən müstəqillik hüququ əldə etmək üçün Azərbaycanın vətənpərvər, savadlı ziyalılara ehtiyacı vardı. Öz azadlığının dəyər-qiymətini anlaya bilməyən və hələ də daxili zəncirlərlə yaşayan xalqın ayılmağı, müstəqilliyi dadması, istibdad zülmündən can qurtarması gərək idi. Bu isə xalqın ideya, məfkurə birliyi sayəsində baş verə bilərdi. Ağaoğlu da əsəri bu məqsədlə ərsəyə gətirir və demokratik dövlət quruculuğu ideyası mənəvi buxovlardan azad olunmaq ideya paralelliyində şərh olunur. O, xalqın azadlıq şərabını daddıqdan sonra yenidən qəflət yuxusuna dalmağını zehniyyətə hopmuş buxovlarla, mənəvi əsarətin bilavasitə əksi kimi hələ də daxili zəncirlərlə yaşamaqda görürdü və xalq azadlığının əbədiliyini mənəvi əsarətdən qurtuluşla əlaqələndirirdi.
Əsərin müqəddiməsində onun yazılma məqsədini açıqlayır: “Bu aciz müəllif də türk millətinin bir fərdi olmaq etibarilə, o xüsusiyyətləri necə təsəvvür etdiyini, necə mənalandırdığını bu kiçicik əsərdə yazmaq istədi” (1, 20). Hekayə şəklində yazdığı əsərdə müəllif türk millətinin bir fərdini “sərbəst insanlar ölkəsinə” aparır, Türkiyə Cümhuriyyətinin qurucuları (onlar əsərdə “pir” adlandırılır) ilə görüşdürür, onların ideologiyası ilə tanış edir. Siyasi-fəlsəfi esse janrında yazılmış əsərin müqəddiməsində görkəmli fransız ideoloqu Şarl de Monteskyönün “Qanunların ruhu” əsərinə xitabən üç üsuli-idarənin (istibdad, monarxiya və respublika) səciyyəsindən danışaraq üstünlüyü hakimiyyətin xalqın əlində cəmləşdiyi respublikaya verirdi. Əhməd bəy Monteskyönün “istibdad qorxuya, monarxiya şərəfə, respublika fəzilətə dayanır” fikrinə şərik çıxır, bu bölgünün hələ də məna və əhəmiyyətini itirmədiyini bildirirdi. O, üsuli-idarədə iştirak etmək səlahiyyəti olan insanların yüksək vəzifə, məsuliyyət duyğuları və üstün əxlaqi dəyərlərlə silahlanmağın lazımlığını qeyd edirdi. Respublika idarə üsulunun xalqdan bəzi mənəvi özəlliklər tələb etdiyini bildirir və “respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir”. “Vətəndaş fəziləti”nin mahiyyəti və respublika quruluşunda xalqın vəzifə və rolunun və respublikanın mənəvi-əxlaqi əsaslara söykənən ideologiyasının izahı şərti olaraq, “fərd” adlandırılan əsarətdən qurtulmuş şəxsin “Sərbəst insanlar ölkəsi”nə səfəri timsalında verilir. Əhməd bəy Ağaoğlunun epik təsvir üslubunda yazdığı bu əsər “Mən bir əsir idim, azad olmaq istədim”, “Sərbəst insanlar ölkəsinin Əsas Yasası (qanunu)”, “Azadlıq bir güldür”, “Yalan, riya və yaltaqlıq”, “Azadlıqla casusluq”, “Bir mitinq: natiqlərin sözləri”, “Xalq idarəsində dövlət”, “Sərbəst məmləkətdə nəzarət işi”, “Xüsusi bir evdə verilən konsert”, “İnsanlar qorxaq doğulmurlar”, “Kinoda görüb eşitdiklərim”, “Azadlıq və xarakter”, “Sərbəst ölkənin akademiyasında”, “Ziyalılar zümrəsinin mövqeyi”, “Ruhların və qəlblərin təmizliyi”, “Hürriyyət və fikir ayrılığı”, “Parlamentdə nələr gördüm”, “Universitetdə və institutda”, “Yaşayış sadəliyi”, “Azad insan ac qalmaz”, “İradəmə yeni qüvvət gəldi” kimi bölmələrdən təşkil olunmuşdur və eləcə də, bölmələrin hər birində pirlərlə söhbət prosesində qoyulan məsələlərə siyasi və mənəvi-əxlaqi kodeksdən yanaşmanın şərhi yazıçı məramının daha aydın şəkildə açılmasına yönəlmişdir.
Əsərin ekspozisiyasında baş qəhrəman demokratik əsaslar və əxlaqi dəyərlər zəminində qurulan Sərbəst insanlar ölkəsinə gəlir. Azad olmaq niyyəti ilə zəncirlərini qırıb qala divarlarını aşan fərd geniş bir çöldə hara gedəcəyini, nə edəcəyini bilmir. Bir qədər getdikdən sonra iki yol ayrıcına çatır, burada yerə basdırılmış bir dirəyin üstündə  yazılmış yazını oxuyur - sol tərəf – azadlıq, sağ tərəf – köləlik yoludur. Müəllifin qəhrəmanını iki yol ayrıcında, iki seçim qarşısında qoyması təsadüfi ola bilməzdi və oxucusuna iki seçim yolu göstərir- Azadlıqmı? Əsarətmi? Əsarəti “dadmış” şəxs azadlıq, qurtuluş yolunu seçib irəliləyir və budur, qala qapısının üzərinə qızıl hərflərlə yazılmış lövhəni oxuyur: “Sərbəst insanlar ölkəsi”. Qala keşikçilərinin “Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı?”- sualı onu çaşdırır və respublikanın mənəvi ideologiyasının ilkin əsasları - tamah, doğruluq, həqiqət, ləyaqət konsepsiyalarına ilk işarələr verilir. Düzdür, onlara “bəli” cavabını verir, ancaq bunların azadlıq ilə əlaqəsini anlaya bilmir. Bu etik-mənəvi konsepsiyaların mahiyyəti onun pirlərlə söhbətində açılır. Pirlərlə söhbəti zamanı özü barədə məlumat verərkən, qəhrəmanın dilindən onun yurdunun keçdiyi tarixi yola nəzər salınır. “Sərbəst insanlar ölkəsi”nin Əsas Yasası ilə tanış olanda isə azadlığa çatmağın necə çətin olduğunu anlayır, tərəddüdlərə qapılması, özü ilə fikir mübadiləsi aparması Ağaoğlunun azad olmaq sadəcə zahiri zəncirləri qırmaqla yekunlaşmır, daxili zəncir və buxovlardan qurtulmaq ideyasının açılmasına yönəlir. On dörd maddədən ibarət olan “Sərbəst insanlar ölkəsi”nin Əsas Yasasının sonunda “bu maddələri əzbərləmək və onlara əməl etmək hamının “vətəndaşlıq borcudur” – sözləri yazılmış və qanunların “ümumi əsaslar” başlığında aşağıdakı maddələr ehtiva olunurdu:
1.    Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
2.    Tamahlarına yiyə dura bilməyənlər azad ola bilməzlər.
3.    Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.
“Sərbəst insanlar ölkəsinin əsas yasası (qanunu)” adlı ikinci başlıqda isə aşağıda göstərilən maddələr yer almışdır:
1.    Azadlıq doğruya və cəsarətə söykənir.
2.    Yalan sərbəst insanlar ölkəsində tamamilə qadağandır. Bu azara tutulan ölkə xaricinə çıxarılır.
3.    İkiüzlülük və yaltaqlıq ən ağır günahdır.  Bu günaha batanlar hamılıqla daşa tutulurlar
4.    Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılır
5.    Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz
6.    Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır
7.    Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar
8.    Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər
9.    Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar
10. Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər
11.Ölkə işlərini görmək yalnız təcrübə və ixisas sahiblərinin haqqıdır.
12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər
13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdırlar. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar
14. Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl etmək hər bir vətəndaşın borcudur. (1, 26-27)
Oxuduqları qarşısında mat-məəttəl qalır. Axı o, bu günə qədər bunların tam tərsini eşitmişdi, görmüşdü. Necə yəni yaltaqlıq, ikiüzlülük və hiyləyə görə ölkədən xaric olunasan, əksinə belələri onun yaşadığı cəmiyyətdə daha irəli gedirdi. Necə yəni vətəndaş məmurdan fəaliyyəti barədə hesabat istəsin.
Bəli, “Sərbəst insanlar ölkəsi” vətəndaşlarının vəzifələrindən biri də türkünün əzbərlənməsi idi. Qəhrəman türkünü oxuyub onun təsirindən az qala huşunu itirsin.
“İnsan kainatın şüurudur,
Ona tapınıb, onu müqəddəs sayırıq.
Azadlıq şüurun müqəddəs cövhəridir,
Onu sevib, ona bağlanmışıq.
Sərbəst insanlar ölkəsi şüurun və azadlığın məbədidir,
Ona sığınıb, ona güvənirik” (1, 29)
Qəhrəmanın rəfdəki kitablardan birində “Sərbəst insanlar ölkəsinin tarixçəsi” başlığı diqqətini çəkir. Oxumağa başlayır və oxuduqca onu dəhşət bürüyür. Bəli, bu bir tarix deyil, faciə idi. Bu azadlıq yüzillərcə aparılan mübarizə sayəsində ərsəyə gəlmişdir. Neçə-neçə qanlar axıdılmış bu günkü sakin küçələrdə...
O, iki gün sonra pirlərlə söhbətə yenidən başlayır və bu ideologiyanın mahiyyəti və mənası ölkəyə yeni təşrif buyurmuş insana izah edilir. Əsərdə azadlığın mahiyyəti barədə belə izahat verilir: “Yəqin bağçada çalışarkən bir ağacın, bir gül yaxud bir çiçəyin tutub yetişməsi üçün o ağacın, gülün, o çiçəyin təbiətindən irəli gələn şərtlərlə hesablaşmaq lazımdır. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir.
-        Hansı şərtlərdən söhbət gedir?
-        Ölkəmizin türküsü ilə tanış oldunuzmu?
-        Oldum.
-        Orada deyilir ki, azadlıq şüurun cövhəridir, şüur da insandır. Ona görə, bu cövhəri cilalayarkən insandan göz-qulaq olmalısan. İnsana da baxmasan, cövhər tutmaz. Uzun zamandan qəlbə, ruha hopmuş istibdadı silib atmaq asan məsələ deyil. Bəzən sizə elə gələ bilər ki, artıq istibdad yıxılıb. Ancaq həqiqətə qalanda, onun hər tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. Tutalım, görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə “azadlıq” bağıranlar, qonşusunun azadlığına dözə bilmirlər. Özləri başqalarının azadlığı ilə toqquşanda qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər!” (1, 32)
Ruha, qəlbə hakim kəsilmiş istibdad azarının kökünün kəsilməsi, istibdad taxt-tacının qəlblərdən yıxılması asan məsələ deyildi. Azadlığa çatmış adam artıq bu vəzifə və məsuliyyət yükünün ağırlığını hiss edir və ölkə qanunlarında yer alan maddələrin mahiyyətini anlamaq üçün söhbətə davam edir.
Yalan, ikiüzlülük, yaltaqlıq – maddəsinin mahiyyətini şərh edən pir yalanı “zəiflərin, zəlillərin, qorxaqların işi” adlandırır. Axı azadlıq doğruluğa, cəsarətə söykənir. Yalan həqiqətin gizlədilmə vasitəsidir və həqiqətin gizləndiyi yerdə yalançı inanclar hakim olur. Bir xalq arasında yalanın kökünün kəsilməsi işini bir tərbiyə məsələsi adlandıran pir bu işə ailə və məktəbdən başlanmasını labüd bilir. Müəllim və valideyn etalonu uşaq tərbiyəsi üçün ən təsirli vasitədir. Uşaq ailə və məktəbdən cəmiyyətə gələndə yalanın iyrənc azar olduğunu dərk etməlidir. Yox, əgər əksinə, məharətlə söylənmiş yalanı “ağıl nümunəsi” hesab edildiyi və yalanla əldə edilən uğurun alqışlandığı cəmiyyətdə yalançılıq azarının kökünün kəsilməsi mümkün deyildir. Hər bir şəxs cəmiyyətin bir nümayəndəsi kimi şəffaflığı nümunə götürdüyü və riyadan uzaq durduğu halda bu azarı qəlblərdən və şüurlardan tamamilə silib atmaq mümkündür.
Vəzifə və güc sahiblərinin öyülməsi və onlara sitayiş edilməsi maddəsi barədə yeni sakin “bəs ədəbiyyatdan bildiyimiz neçə-neçə parlaq qəsidənin, yəni heç qiyməti yoxdur? Axı bu da bir gerçəkdir ki, min cür nemət və səadət bu güc və yüksək vəzifə sahiblərinin əlindədir. Belə isə, onların qürurunu oxşamaq təbii sayılmazmı?” sözləri ilə özünün yaşadığı cəmiyyətin reallığını ortaya qoyur və əlbəttə, bu cür şərtlər altında yaşamış insanın indi düşdüyü cəmiyyətdə vəzifə sahiblərini öyən, məddahlıq edən insanlar ölkədən xaric olunması onda sual doğururdu. Pir “yaltaq adamda şərəf və sayqı-sevgi olmaz. Bu cür adam söz dediyi insanı da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar”- deyir və Şərq qəsidəxanları özləri də bilmədən millətlərinə ən böyük pisliyi etmişlər və bu cür şeirlər insanda mənən kasad xislətlərin yaranmasına səbəb olmuşdur. Ağaoğlu azad cəmiyyətin ədəbiyyatı üçün varlığa tənqidi münasibət nə dərəcədə vacibdirsə, mədhiyyə və ucdantutma tərif o qədər zərərlidir qənaətində idi və hətta azad olmaq istəyən ölkələrin məktəblərində hələ də qəsidələrin tədris olunmasını təəssüflə bildirirdi. Həmçinin, Pir hörmət anlayışını yaltaqlıq və baş əyməklə yarınmaqdan tamamilə fərqləndirir və gerçək hörmətin sevgiyə, səmimiyyətə və doğruçuluğa dayandığını qeyd edir. Yaltaq və riyakar insanların tüfeyliliyi bir də o zaman üzə çıxır ki, onların tərifləyib göyə qaldırdıqları adamın “bəxti bir balaca üz döndərir”. Bu cür insanlar göyə qaldırdıqları həmin adamı “sancmağa” başlayır və digər tərəfdən, yeni mənsəb sahibinin ətrafını bürüyürlər. Belə mənfi sifətlərin yayılmasında cəmiyyət günahkardır. Cəmiyyət taleyini kimə etibar etdiyini bilməli və min ildə bir doğulan böyük şəxsiyyətlərindən bacardıqca çox faydalanmalıdır.
Qanunun IV maddəsində “çuğulçuluq edənlər sərbəst ölkənin vətəndaşı ola bilməz” göstərilirdi. Pir “çuğulçuluq olan yerdə azadlıq olmaz, azadlıq olan yerdə də ondan-bundan çuğulluq etmək” (1, 40)- fikrini istibdadın hökm sürdüyü ölkələrdə gizli xəbərçiliyi ən qüdrətli vasitə kimi istifadə olunduğunu və bunun insanlar arasında nifaq, şəkk-şübhə doğurmaq məqsədilə işlədildiyi fikirləri ilə əsaslandırır. Çuğulluğun olduğu yerdə kimsə kimsəyə inanmaz, doğruluq aradan qalxar və istibdad yenə kök salar.
Duyduğu izahatlar adamın fikirlərini alt-üst edir və bir qədər düşünmək üçün Azadlıq parkına yol alır. Parkda ilk dəfə azadlıq bayrağını qaldıran şəxsin heykəli ucaldılmışdı. Burada bir mitinqə rast gəlir və nitqlərə qulaq asmağa başlayır. Dinlədiyi nitqlərin birincisində gənc bir kişi hökuməti tənqid edir və hələ də işsiz adamların gəzdiyini ölkədən ötrü bir ayıb hesab edirdi, ikincidə yaşlı bir kişi gənclərin pula, qazanca qaçıb, iş adamı olmaq həvəsi ilə yüksək bəşəri duyğulardan uzaqlaşdığını qeyd edir və maarif sisteminin dəyişdirilməsi tələbini irəli sürürdü; üçüncüdə gənc qadın kişi-qadın hüquqlarına toxunub, “axı necə ola bilər ki, qadının doğub bəslədiyi oğul vəzifə tutsun, amma qadın yox?” sözləri ilə qadınların fizioloji zəifliyinin bəhanə edildiyini pafosla deyirdi. Ədib qəhrəmanını ən çox heyrətləndirən cəhət natiqlərin nitqləri və ədalarının etik, səmimi, hörmətcil əsaslarda qurulması və  fikirlərinin inandırıcı səslənişi idi. Öz ölkəsində isə tənqid təhqirlə, söyüşlə ifadə olunurdu. Öz-özünə “bax, indi anladım ki, azad olmaq yalnız istəyə və arzuya bağlı deyilmiş! İnsanın özünü tərbiyə edib, kübar olması lazım imiş!”,- dedi.
Sərbəst insanlar ölkəsi qanunlarının onuncu maddəsində ölkənin vətəndaşları arasında həmrəyliyin təmin olunması, hamının bir yumruq altında birləşməsi ifadə olunurdu. Ölkənin  həmrəylik prinsipini pir “burada vətəndaşlıq bir tordur ki, içinə girən insanlar bir-birinə bitişik halqalara bənzəyirlər”- sözləri ilə şərh edir. İstibdad quruluşu eqoizm, mənbazlıq aşılayır və insanların bir-birinə yaxınlaşmasına imkan vermir. Qəhrəmanı ən çox düşündürən məsələ idi- xalqın idarə etdiyi dövlət!. Qanunların 11-ci maddəsində ölkə işlərini görmək üçün bacarıqlı olmaq əsas şərt kimi qeyd olunurdu. Burada “bacarıq” məfhumu “azad olmayan məmləkət” və “hakimiyyətin xalqın əlində olan məmləkət” kontekstində şərh edilmişdir:
-        Azad olmayan ölkəni tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən daha çox, həmin şəxsin şıltaqlıqlarının yerinə yetirilməsinə diqqət edilir. Belə yerlər işbilməzlər üçün sərfəlidir. axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə dəyər verilir. Beləcə, tək ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır.
Amma o yerdə ki, hakimiyyət xalqın əlindədir, ölkəni xalqın öz arasından seçdiyi adamlar idarə edir. Ölkə başçısı və hakimiyyət üzvlərinin işi sadəcə ölkənin iqtisadi məsələlərini həll etmək və xarici dövlətlərlə münasibətlərini tənzimləmək deyil, maarif, sosial və sənaye sahələrində də səriştəli olmalıdır. Səriştəsiz adam onların altından çıxa bilməz. Buna görə də xalq etibar etdiyi və səriştəli adamları hakimiyyətə gətirir. Çünki xalqın, millətin taleyi onların əlindədir və taleyi etibarlı əllərə vermək gərəkdir” (1, 50-51).
Sərbəst insanlar ölkəsinin dövlət idarəçiliyində nəzarət işi qəhrəmanın xüsusilə diqqətini çəkir və “nəyə lazımdır nəzarət?, həqiqətən də ölkə idarəçiliyinə nəzarət etmək mümkündürmü?”,- sualları xeyli düşündürürdü. Pirin nəzarət barədə verdiyi izahat da maraqlı idi. “Sərbəst ölkədə məmurlar diqqətlə seçilir. Unutmaq olmaz ki, hakimiyyət və güc pozucu amillərdir. İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət sürənlər qıraqdan baxan, görən və lazım olduğu zaman tənqidə tutub qınayan gözlərin olduğunu bilməzlərsə, özləri fərqində olmasalar belə, bu həvəsləri artar və axırda zorakılıq yoluna düşərlər. O səbəbdən, idarə edənlərin öz şərəfləri üçün də nəzarətin olması vacibdir. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli hüdudları aşmamağa çağırar” (1, 51).  Nəzarətin azad olmaq qədər çətin bir iş olduğunu qeyd edən pir nəzarətin xəbərçiliklə qarışıq salınmamasını xüsusi vurğulayır. Yalan, şayiə və böhtan işi nəzarət etmək deyil. Nəzarətçi çuğulçudan fərqli olaraq, başqasını ləkələmir. Həqiqətə dayanaraq haqqın qorunmasına çalışır. Əsər qəhrəmanı Sərbəst ölkənin Əsas Yasası ilə tanış olanda “hər bir məmur, cəmiyyət və dövlət adamı hər an həyatı haqqında hesabat verməyə borcludur”- maddəsi öz  ölkəsinin hakimiyyət üzvləri ilə sərbəst ölkənin hakim təbəqəsinin xalq qarşısındakı mövqeyi ciddi təzad təşkil edirdi. Pir xalq o insanlara verilən tutduğu vəzifədən irəli gələrək əmək haqqı, nüfuz, hörmət müqabilində onlardan həyat və fəaliyyətlərini xalqa həsr etmələrini istəyirlər. Bu şəxslər dövlət hesabına yaşadıqlarından dövlətin onlardan hesabat istəmək haqqı var. Təmiz mənəviyyatlı dövlət adamları öz şəxsi həyatı və fəaliyyətləri ilə başqalarına nümunə olmalıdır və ömrünü xalqa həsr etmək ancaq vətənpərvər, fədakar insanların işidir.
Qəhrəmanın öz-özünə dediyi “axı mən ömrümdə özümdən başqa heç kimi düşünməmişəm. Dövlət məmuru görəndə qorxumdan yeddi məhəlləni birdən qaçardım. Mən dövlət adamı olsaydım, elə bilərdim bütün dünyanı mən yaratmışam. İndi bilmirəm, bu ölkənin adətlərini necə öyrənəcəm?”- fikir və sualları bir daha aradakı ziddiyyəti ortaya qoyur və onun bu qəbildən olan fikirləri köhnəlik və yenilik kontekstində şərh olunmalıdır. Əsərin “insanlar qorxaq doğulmazlar” bölməsində pirlə qorxu barədə söhbət açılır. Ailə və məktəb sistemində verilən tərbiyə və hakimiyyətdə istifadə olunan idarəetmə üsulları insanları qorxağa çevirər. İnsanlar qorxaq doğulmazlar. Ata yumruğu, polis dəyənəyi ilə böyüyən uşaq öz şəxsiyyətini itirər və heyvan kimi hürkən olar. “Azadlıq və xarakter” bəhsində sərbəst ölkə vətəndaşı olmaq fədakar xarakterə sahib olmada təzahür edir. Öz “mən”indən çıxıb cəmiyyətin “mən”i, idealları ilə yaşamaq, onun uğrunda mübarizə aparmaq azad insan xarakterində yer almalıdır. Heysiyyət məsələsi də əsərdə mərkəzi yer tutur. Nəfsdən uzaqlaşıb ləyaqəti və heysiyyətini qorumaq azad insanın borcudur.
Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov “millət” və “ziyalı” məfhumlarının sosial-mənəvi aspektdən şərhinə xüsusi diqqət yetirmişdir: “Əsərdə ziyalı millətinin güzgüsüdür və millətin ziyalısı necədirsə, özü də o cürdür” tezisi fonunda şərh edilir. Daha sonra, sərbəst insanların şərtlərində verilən “söz, fikir və hərəkət təmizliyi” ideyası barədə pirlərlə söhbəti qədim “Avesta” abidəsinin “xeyir söz, xeyir fikir, xeyir əməl” tezisi ilə səsləşir. Ağaoğlunun qənaətinə görə, daxildən azad olmayan saflığa qovuşmayan adam ümumun rifahını düşünə bilmir. Bu cür düşüncə XVIII əsr fransız ideoloqu J.J.Russonun fikirləri ilə bilavasitə əlaqələnir” (4, 179). Əsərin digər maraq doğuran bəhsi “Azadlıq və fikir ayrılığı” adlanır. Qəhrəman pirlə söhbət edərkən  bu iki terminin bir-birilə necə səsləşdiyi və azad cəmiyyətdə bunların bir-birinə maneçilik törətmədiyi barədə məlumat almaq istəyir. Pir isə öz növbəsində, azadlığın olduğu yerdə fərqlilik və müxtəliflik var. Əlbət ki, müxtəliflik fikir ayrılığına səbəb olur. Azad cəmiyyətdə fikir ayrılığının olması hadisələrə çoxcəhətli prizmadan baxmaq şansı verir. Bir məsələnin bir deyil, bir neçə həll yolu göstərilir. Bu isə ən optimal həll variantının seçilməsinə gətirib çıxarır. 
Ağaoğlunun “Sərbəst insanlar ölkəsi” adlı bu bədii-fəlsəfi traktatı süjet etibarilə, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və “Mozalanbəyin səyahətnaməsi” və Zeynalabdin Marağayinin “Səyahətnameyi İbrahimbəy” kimi əsərlərlə yaxınlıq təşkil edir. Ə.Haqverdiyevin “Xortdan”ı, “Mozalan bəy”i kimi Ağaoğlunun “Fərd” adlandırdığı bu qəhrəman “Sərbəst insanlar ölkəsi”ni səyahətə çıxır. Mövzu-ideya etibarilə Əhməd bəy Ağaoğlunun bu əsəri Nizami Gəncəvinin “İsgəndərnamə” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” kimi əsərlərlə səsləşir. “Sərbəst insanlar ölkəsi”nin insanları Nizami Gəncəvinin “Xoşbəxt insanlar ölkəsi”, Yusif Vəzir Çəmənzəminlinin “Meymun” (“Qızlar bulağı”) qəbiləsindəki insanlar kimi xoşbəxtdirlər. Çünki onların ölkəsində rüşvət, ədalətsizlik, haqsızlıq yoxdur. Hamı təmiz vicdanla xalqın firavanlığına və dövlətin birliyinə çalışır.  
Əhməd bəy Ağaoğlunun demokratik dövlət idealı olan “Sərbəst insanlar ölkəsi”nin xalqın arzu və ideallarının təcəssümü olması və xalqa hesabat verən, fəaliyyəti xalqın diqqət və nəzarətində olan hakimiyyət üsuli-idarəsinin qurulması müəllifin əsas qayəsi idi. Bəli, xalq bir dövlət idarə edə biləcək qədər maarifləndiyi, çirkin xislətlərdən azad olduğu, sözün həqiqi mənasında, istibdad zəncirini qırıb azadlığa qovuşduğu halda, xalq öz dövlətini özü  idarə edəcəkdir. Hakimiyyət yumruq gücü ilə, qorxu silahı ilə yox, birlik şəklində idarə ediləcək. Əsirlik zənciri boyunlardan əbədiyyən çıxacaq, azadlıq günəşinin şüaları gələcəyə işıq saçacaq.
Ədəbiyyat:
1.    Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Ön sözün müəllifi: Rəhman Bədəlov. Bakı: Kitab Klubu MMC, 2014, 144 s.
2.    İsmayıl. Örnək şəxsiyyət: Əhməd bəy Ağaoğlu mühacir həyatı yaşasa da, azərbaycançılığın ən məşhur carçılarından olub // Şərq, 15 may 2014
3.    İsmayıllı Sevda. Çoxmədəniyyətli, çoxdüşüncəli, çoxsəsli cəmiyyətin ideal modeli: Sərbəst insanlar ölkəsində // Multikulturalizm, 2016, №1
4.    Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı: Ərgünəş, 2014, 264 s.
5.    Mustafa Ə. Milli azadlıq mücahidi // Zaman, 13 fevral 2013.

Tahmina Valiyeva
“SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ("THE COUNTRY OF THE FREE PEOPLE") AS A AHMAD BEY AGHAOGLU'S DEMOCRATIC STATE IDEAL
Summary: İn his book “The Country of Free people”, Ahmad Bey Aghaoglu proposed the idea of creating a democratic state in the context of public and state relations. It is undeniable that to gain liberty and to create a democratic state begins with the recognition of the people's own freedom.
This freedom is earned by getting rid of the spiritual bondage. “The Country of Free people”  is the ideal of Ahmed bey Aghaoglu as a democratic state and there is the embodiment of his ideas about a democratic state and people in this book. Ahmed bey Aghaoglu has described democratic state on the background of moral values. Besides, people living in this state should be pure and true. Because the state could be kept owing to this people.
 
Тахмина Валиева
«СТРАНА СВОБОДНЫХ ЛЮДЕЙ »  ДЕМОКРАТИЧНОE ГОСУДАРСТВA ИДЕАЛОМ АХМЕД БЕЙ АГАОГЛУ
Резюме: В своей книге «Страна свободных людей» Ахмад Бей Агаоглу предложил идею создания демократического государства в контексте общественных и государственных отношений. Нельзя отрицать, что освобождение и создание демократического государства начинается с признания свободы людей. Эта свобода заработана, избавляясь от духовного рабства.
«Страна свободных людей» является идеалом Ахмеда бей Агаоглу как демократического государства и есть воплощение его идей о демократическом государстве и людях в этой книге.  Ахмед Бей Агаоглу описал демократическое государство на фоне моральных ценностей. Кроме того, люди, живущие в этом состоянии, должны быть чистыми и истинными. Потому что государство могло сохраниться благодаря этим людям.


Bəxtiyar Vahabzadə. "Fəryad" pyesində NƏSİMİLİK VƏ İNSAN


Təhminə Vəliyeva 

BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD” PYESİNDƏ
NƏSİMİLİK VƏ İNSAN PROBLEMİ
Açar sözlər: İmadəddin Nəsimi, hürufizm, nəsimilik, insan idealı, dövrə münasibət, ictimai problemlərin əksi
      Key words: İmadaddin Nasimi, hurufism, nasimism, the ideal of “human”, occasion to the period, reflection of social problems
Ключевые слова: Имададдин Насими, хуруфизм, насимизм, идеал "человека", повод к периоду, отражение социальных проблем

Bütün tarixi dövrlərdə şair və yazıçılar dövrə, zəmanəyə qarşı öz etirazını bildirmək üçün müxtəlif priyomlardan istifadə etmişlər. Məhz bu məqsədlə, XIV əsrdən etibarən əfsanələşən şəxsiyyət – İmadəddin Nəsimi obrazı ədəbiyyata gətirildi. Baş verənlərə şair üsyankarlığı ilə cavab vermək xüsusiyyəti Bəxtiyar Vahabzadə üçün də yad deyildi. O, hər zaman ya bir şeir, ya bir misra, ya irihəcmli bir poema yaxud pyeslə ya birbaşa, ya da dolayı şəkildə olaylara öz etiraz səsini ucaltmışdır. “Fəryad” pyesində Nəsimi obrazından istifadə təsadüfi xarakter daşımır. Nəsiminin pyesdə obraz seçilməsi hürufizmin insan konsepsiyası və İ.Nəsiminin cəsur, əqidəsinə sadiq şəxsiyyəti ilə daha çox bağlıdır.
Nəsimilik fəlsəfəsinə əsaslanan pyes B.Vahabzadənin ikinci tarixi dramıdır və 1984-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Ədəbiyyatşünas Qulu Xəlilov “Bəxtiyar Vahabzadə bir dramaturq kimi heç bir pyesində “Fəryad”dakı qədər yetkin, bitkin və dərin görünməmişdir” sözləri ilə “Fəryad” pyesinin ədibin ən uğurlu səhnə əsəri olduğunu bildirir. Tədqiqatçı Fəridə Səfiyeva isə pyesin adının çoxproblemli mənasına diqqəti cəlb edərək yazırdı: “bu ad tarixi planda, müasir dünyagörüşü və düşüncəsi baxımından ancaq çarəsizlik, gücsüzlük, köləlik barədə assosiativ fikirlər doğurmur, əksinə insanlara tarixi taleyi və gələcəyi barədə ciddi xəbərdarlıq ruhu ilə yüklənmiş hayqırtı təsiri bağışlayır” (2, səh. 107).
Faciədə konkret olaraq ustad Nəsiminin obrazı olmasa da, Nəsimi aşiqləri olaraq iki Nəsimi obrazı yaradılmışdır. I Nəsimi obrazında təmsil olunan Həllaci Musa da və II Nəsimi də Nəsimi ideyalarını yaşatmaq, Nəsimini ölməzliyə qovuşdurmaq üçün öz canlarından belə keçməyə hazırdırlar. Bu, Vəliəhdin I Nəsimini ölümdən azad edərkən onun “O böyük insanın yaşaması naminə ölüm - həyatdır mənə” (4, səh.134) deməsi, öz ölümünü Nəsiminin yaşamasından üstün tutması səhnələrində bariz şəkildə nəzərə çarpır. II Nəsiminin dilindən verilən “Nəsimi yolunda ölənlər ki var, Yoxdur Nəsimiyə ölüm dünyada” (4, səh. 119) fikri pyesin əsas qayəsini təşkil edir. Yeddi şəkildən ibarət olan mənzum faciədə hadisələr nəsimilərin şah sarayına gətirilib həbsə salındığı zamanda cərəyan edir. İki filosofdan hansının ölkəni lərzəyə salan Nəsimi olması üzərində pyesin konflikti qurulur. Başdan-başa hikmətlə dolu olan əsərin fəlsəfi qatı nəsimilərin dustaqlarla söhbətində açılır. Məhbus Rəhmanın “sizi niyə tutublar?” sualına I Nəsiminin “düşünmüşük” deyə cavab verməsi şairin azad söz söyləmək, azad fikir bildirmək imkanını Nəsimi zamanında əldən alındığı kimi, B.Vahabzadə dövründə də müasir olduğuna işarədir. Yaxud məhbus Sübhanın “bəs necə düşünməli?” sualını II Nəsiminin “öz idrakın sönməli, öz fikrindən dönməli, Hakimiyyət sahibi hər necə düşünürsə, Bax, elə düşünməli” (4, səh.114) şəklində şərh etməsi həmin dövrdə partiya təfəkkürlülüyünün aktuallığını göstərən vacib faktordur.
I Nəsiminin II Nəsimini ölümdən qorumaq və özünü ölümə vermək üçün səyi qarşısında “Ancaq onu bil ki, bəxşiş bir həyat, Mənə ağır gələr ölümdən yüz qat” (4, səh.118) sözlərini işlətməsi Nəsimi cəsurluğunun, qorxmazlığının göstəricisi, Nəsimi ucalığının ifadəsidir. Həyatın bütün iztirablarını dadan nəsimilər ölümdən nəinki qorxmur, onu kamilliyə çatmaq vasitəsi hesab edirlər. “Nəsimi olmaq” bütün nəsimilərin ən uca məqamı, “Nəsimitək allahın yolunda ölə bilmək” arzusu onların ən ali istəyidir. Nəsimilər insanın bütün ideoloji mübarizəsində sonadək vuruşurlar. Pyesdə II Nəsimi ilə I Nəsimi arasında gedən sorğu-suallaşma əsərin diqqətə çarpan cəhətlərindəndir. Bu dialoqlarda hürufizmin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur.
İmadəddin Nəsimi fəlsəfəsində ali kateqoriya olan İnsan problemi “Fəryad”da da mərkəzi problemdir. F.Səfiyeva B.Vahabzadənin həqiqət axtarışlarının yekununun insan olduğunu bildirir: “... Bəxtiyar Vahabzadə “Fəryad”da sanki bu həqiqəti tapmışdır: Ən böyük həqiqət insan, ona xidmətdir” (2, səh. 116). B.Vahabzadə insanın qul deyil, yaradan olduğunu bildirmək, insanın qüdrəti öz daxilində axtarmasına nail olmaq və insanın öz aliliyini, ucalığını dərketməsi üçün nəsimiliyə müraciət edir. Nəsimilərin timsalında “allah”, “vəhdət”, “insan”, eşqin “idrak”la yaxud “qəlblə” dərk edilməsi məsələləri üzrə İnsan konsepsiyası şərh olunur. Məsələn, II Nəsiminin “Allaha çatmağın nə imiş yolu?” sualını I Nəsimi “qəlbin gözü yanmazsa görünməz gözə allah” (4, səh.120) şəklində cavablayır. Yaxud “II Nəsimi: Allah! Bilirik, cisim deyil, bəs nədir allah?”, “I Nəsimi: Ən yüksək olan haqda, həqiqətdədir allah... Dondunsa təkamül və gözəllik qabağında, Dərk et, bu təəccübdə, bu heyrətdədir allah”, “II Nəsimi: İnsan nə imiş?” “I Nəsimi: Gizlidir insandakı qüdrət, Hər kəs onu fəhm etməsə acizdir o, əlbət” (4, səh.120); “II Nəsimi: Vəhdət nə demək?” “I Nəsimi: Gizlidir hər zərrədə vəhdət, Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət!” (4, səh.121); “II Nəsimi: Bəs söz nə demək?” “I Nəsimi: Mən bir ağacam, yarpağı - sözlər, kökü - fikrim, Sözlərdə deyil, sözdəki hikmətdədir allah”; “II Nəsimi: Bəs zülmə sözün? I Nəsimi: Zülmün üzünə haqq deyilən silləni çəksən, Silləndə möhürlənmiş o qeyrətdədir allah” (4, səh.121); “II Nəsimi: Son məqsəd “Ənəlhəqmi?” “I Nəsimi: Bir pillədə durdunsa “Ənəlhəq” demək olmaz, Ülviyyətə çatmaqdakı niyyətdədir allah” (4, səh.122)
I Nəsiminin II Nəsimiyə ünvanladığı suallara verilən cavabda hürufizmin “Allah”, “eşq”, “insan”, “qəlb” konsepsiyası öz şərhini tapır. İdrakı ülviyyətin, eşqin bir pilləsi sayan I Nəsiminin “hər arzunun, hər məqsədin, hər niyyətin, eşqin, Son həddi, axır nöqtəsi yoxmu? (4, səh.122) sualında həllaciliyin eşqin idrakla dərki məsələsinə II Nəsimi hürufi mövqedən münasibət bildirir: İdrakdan əzəl qəlbini dindir. Qəlbin özü göydən də dərindir. Öz qəlbinə dalmazsa, cəhalətdədir insan (4, səh.123). Yaxud I Nəsiminin “Öz nəfsinə uyduqda bəs nədir insan?” sualına II Nəsimi “Dünyasına dünyada xəyanətdədir insan... Öz nəfsinə qul olsa, cəhənnəm əzabında, Öz nəfsinə qul olmasa, cənnətdədir insan” (4, səh.123) şəklində cavablayır. II Nəsiminin eşq barədə fikirləri – “Yoxdu sözüm, eşq yenilməz. Vəslində gülən aşiqə aşiq ki deyilməz. İnsan dediyin vəsl ilə insan ola bilməz. Çırpıntıda, sarsıntıda, həsrətdədir insan (4, səh.124)” də maraqlıdır. Göründüyü kimi, burada eşq və vəsl qarşılaşdırılır, eşq vəsldə deyil, insani keyfiyyətlərə malik olmaqda, insan olmaqdadır. Məhz kamil insan eşqi dərk edə, duya bilər. Nəsimilər arasında gedən dialoqlaşmada dinləyici olan dustaq Rəhmanın II Nəsimiyə ünvanladığı “Bəs bir belə kamil ikən insan, Alçaqlığı, yaltaqlığı hardan?” fəlsəfi suala cavab Nəsimi dövründə də, Bəxtiyar Vahabzadə dövründə də aktual olan problemlərin kökünün axtarılmasına sövq edir. Məhz bu cavab da elə Nəsiminin dilindən verilə bilərdi. Sözün qüdrəti ilə sarayları, neçə-neçə hökmdarları dizə gətirmək Nəsimiyə xas cəhətdir. Məhz hər vəziyyətdə doğrunu dilə gətirmək, insanı qul deyil, kölə deyil, allah səviyyəsinə qaldırmaq, onu şahlar qarşısında əydirməmək Nəsimilik tələb edir. Bu baxımdan, Nəsimi obrazı əsərdə mükəmməl şəkildə işlənmişdir. Yaşar Qarayev və Şamil Salmanovun birgə ərsəyə gətirdiyi “Poeziyanın kamilliyi” kitabında yer alan qeyd də - “Öz iri hərfli İnsan (!) idealı ilə Nəsimi orta əsrlərdən çıxıb humanizmin yenə də sınaqdan keçdiyi ideya döyüşlərində iştirak edir” (1, 163) pyesdəki Nəsimi səciyyəsini vermək baxımından çox maraqlıdır.
II Nəsimi: İnsanı ucaldan ulu bir eşq, dəyanət,
Alçaldan isə ... qorxu, xəyanət.
Qorxduqsa ölümdən və əcəldən
İnsanlığı verdik demək əldən.
Qorxduqsa əgər zülmdən, haqdan keçər olduq.
Qorxduqsa əgər, zülmə qul olduq, nökər olduq. (4, səh.124)
Pyesdə Vəliəhdin məhbuslarla görüşü, onlarla söhbətləşməsində ictimai problemlər daha qabarıq şəkildə öz əksini tapır. Məhz bu epizodda B.Vahabzadənin öz fəryad səsini ucaltmaq üçün şərait yaranır,  ürəyindən keçəni söyləmək imkanı ələ düşür. B.Vahabzadənin Nəsimisayağı fəryadı çoxsəciyyəli, çoxproblemlidir. Rüşvət aldığına görə həbs olunan Rəhmanın dilindən verilən “əgər alan olmasa, verən olmaz vallahı” sözləri ilə rüşvətxorluğun aşağıdan-yuxarıya “ötür-ötür oyunu” olduğuna işarə edilir. Məhbus Kəramətin qazandığını töycüyə (vergi növü- T.V) çıxan və onu el arasında təhqir edən kəndxudanın qulağını kəsməyinə görə tutulması epizodunda ciddi ictimai naqislik – vergilərin ağırlığı məsələsi diqqətə çatdırılır. Vəliəhdin “şikayət eləyəydin” deyiminə Kəramətin “qılınc özünü kəsməz” şəklində verdiyi cavab olduqca düşündürücüdür. Skeptiv düşüncəli məhbusa – Şəkkaka şübhəcilliyinə görə “dəli” damğası vurulub həbsə atılması da bir başqa faciənin əksidir. Dustaq şairlərin “biz fikir dustağıyıq” sözü Nəsiminin düşündüyünə görə həbsə məhkum edilməsi ideyasının tamamlayıcısıdır. Bəxtiyar Vahabzadənin “Fəryad”dakı etirazkar qəhrəmanlarının hər birinin nitqində bir filosofanəlik var. Hadisələrə fəlsəfi yanaşma B.Vahabzadənin ən başlıca keyfiyyətlərindən biridir. Məsələn, şairin “xoşbəxtlərə yetişməz bədbəxtlərin naləsi” kəlməsi, Rəhmanın “çöldə azad gəzənlər azadmıdır de məgər?” sualı, Dəyanətin “zamana bax, zamana, İndi bilib qanmağın əzabı var insana”, “əgər qəlbi dərindirsə səmalar qədər, Çatmaz topuğuna təriflər onun”, Şəkkakın “yaşamaq istəsən, lal ol, dinmə, sus”, Loğmanın “verdiyi nə varsa geri alarmış, Dünyanın qəribə oyunu varmış” kimi ifadələr fikrimizi təsdiqləyər. Vəliəhdi ölkədəki vəziyyətlə tanış etmək üçün özlərini rüşvətxor, qisaskar, dəli adlandıran bu məhbusların, sözün həqiqi mənasında, “fikir dustağı” olmaları aydın görünür.
Bir miqdar pul müqabilində Zahidə casusluq edən Lalın oyunun üstünün açılması epizodunda dustaqlar arasında lal bilinən birinin məkrli niyyəti ifşa olunur. Gözətçinin “ağlım olmasaydı, ağıllıların ağlına gözətçi olardımmı mən?” (4, səh.166) II Nəsimiyə istehza ilə sual etməsi təəssüfedicidir. Yaxud onun II Nəsimiyə I Nəsimi barədə xəbər vermək üçün rüşvət tələb etməsi və “Ey, pulsuz ucalıq gərəyim deyil, Pullu alçaqlığı mənə ver amma” (4, səh.167) deyimi ilə pulu hər şeydən, ucalıqdan üstün tutması acınacaqlıdır.
Pyesdə ata-oğul ziddiyyəti aparıcı xəttdir. Övladına görə təhqir olunan atalar ilə həqiqi sözə qoşulan oğullar bu ziddiyyətin təşkilediciləridir. Bu baxımdan, həllacilərə qoşulan oğulla - Dəyanət ömrünü satqınlığa, din, şəriət adı altında çirkin əməllərə sərf edən ata - Zahid obrazı əsərdə uğurlu şəkildə işlənilmişdir. Hər zaman oğlunun şəhid olmasına görə fəxrlə danışan Zahid oğlu Dəyanəti Həllaci Musanın meyidini oğurlayıb torpağa tapşırdığını öyrənəndə sarsılır. Bu paraleldə daha bir ata-oğul obrazı – Çalpapaqla hürufilərə qoşulan Tural yaradılmışdır. Ancaq Çalpapaq Şirvanda yaşayan adi kəndlidir. Ata-oğul qarşıdurması Əmirlə Vəliəhd arasında da yaşanır. Nəsimi sözünün böyüklüyü, mənəvi kamilliyi qarşısında aciz qalan Vəliəhd onu da müridliyə qəbul etməsi üçün yalvarır. Vəliəhd obrazı sarayın iç üzünü görüb, həbsdəki fikir adamlarının təsirinə düşüb həqiqətə - mənəvi kamilliyə yetişmək istəyən insan obrazıdır. “Ata məsləkini tapdayan övlad atanın əlilə boğulmalıdır!” deyə Zahidə, Çalpapağa, Dəyanəti sevən, Loğmanın qızı Ayparaya görə atasına tənə edən Əmir oğlunun da saraydan üz döndərdiyini biləndə Nəsimi qüdrəti qarşısında aciz qalır. Ata-oğul ziddiyyətində həm də iki bir-birinə zidd düşüncəli insanlar təcəssüm olunur. Bu ziddiyyətlərdə fatalizmin insanı məhvə, nəticəsizliyə apardığı ideyası Zahidin timsalında verilir. Ömrü boyu qorxu ilə yaşamağın heçliyi məsələsi isə Turalın dilindən verilən “o qədər qorxmuşam ki, həyatdan, Zərrəcə qorxmuram ölümdən daha” (4, 197) fikirdə əksini tapır. Əmirin “Zahid, bu adamın kini, nifrəti başqadır, düşməni ehkam, din deyil, Mənim zülmümdəndir hər şikayəti, Mənim məbusumdur, o, sənin deyil!” (4, 197) sözləri ilə ədib özünüifşa üsulundan məharətlə istifadə etmiş, onun əməllərini öz dili ilə vermişdi. Əmirin bu sözlərində həm də, dinsizlikdə günahlandırılan şairin din düşməni olmadığı bildirilir.
Bəxtiyar Vahabzadənin dram yaradıcılığı üçün səciyyəvi olan cəhət – “ikinci səs”, teyf məsələsi burada da özünü göstərir. Vəliəhd Dəyanətin timsalında “ikinci səs”ini eşidir, öz vicdan səsini duyur. Məhz əsərdəki bu surət xarici təsirlər nəticəsində dəyişən obrazdır. B.Vahabzadə dramaturgiyası üçün xas olan digər bir cəhət dünyaya sığmayanların “çərçivə”yə salınması xətti “Fəryad” pyesində də izlənilir. Bu, azad ruhlu nəsimilərin həbsə atılması və Vəliəhdin əqlinin illərlə saray ehkamı ilə çərçivələnməsi süjetlərində əksini tapır. Aypara obrazı isə özünü bilən, əqidəsinə sadiq qadın obrazıdır. O, insanın qüdrətinin öz içində olduğuna inanır.
Pyesin sonunda nəsimilərin öldürülməməsi simvolik məna daşıyır. Dünya durduqca, nəsimilər var olduqca Nəsimiyə ölüm olmaması ideyası finalda da izlənilir. Bu mənada, Turalın monoloqu olduqca təsirli səslənir.
Mərdliyə çağırır bu gün hər kəsi,
Dərisi soyulan şairin səsi.
Uzaq əsrlərdən gəlir nəfəsi,
Diri dünyamıza ölü dünyanın (4, səh.212)
Bu nitq Nəsiminin ölməzliyinin, əbədiyaşarlılığının şairanə ifadəsi və həm də Bəxtiyar Vahabzadənin mərdliyə çağırış səsidir.
Ədəbiyyat:
1. Qarayev Y., Salmanov Ş. Poeziyanın kamilliyi. Bakı, Yazıçı, 1985
2. Səfiyeva F. Bəxtiyar Vahabzadənin dramaturgiyası (filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya). Azərbaycan Respublikası Təhsil Nazirliyi, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Univeristeti, Bakı, 1997
3. Xəlilov Q. Kamillik, bütövlük // Kommunist, 1984, 11 may
4. Vahabzadə B. Özümlə söhbət (şeirlər, dram və poemalar). Bakı, Azərnəşr, 1985, 264 s.

BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD” PYESİNDƏ
NƏSİMİLİK VƏ İNSAN PROBLEMİ
Xülasə: Görkəmli ədib Bəxtiyar Vahabzadə “Fəryad” pyesini 1984-cü ildə qələmə almışdır. Bu, onun ikinci tarixi faciəsidir. Yazıçı nəsimilik fəlsəfəsinə əsaslanaraq insan, insanın özünüdərki və həyata baxışı problemini qoymuşdur. Buna görə də əsərdə iki Nəsimi obrazı yaradılmışdır. Nəsimi sənəti və nəsimilik var olduqca Nəsimi heç vaxt ölməyəcək - bu əsərin əsas ideyasıdır. Pyesdə İmadəddin Nəsiminin bir şəxsiyyət kimi keyfiyyətlərinə daha çox diqqət yetirildi. Nəsimi cəsur sözün, əyilməz iradənin, dönməz əqidənin təmsilçisidir. Məhz bu cəhət öz dövrünün qüsurlarını açıb göstərən Bəxtiyar Vahabzadənin yazıçı niyyətinə daha çox uyğun gəlmişdir. Saray ehkamlarının kor etdiyi Vəliəhd də Nəsimi işığı ilə aydınlanır. Günahsız yerə həbs edilən məhbuslarla söhbət dövrün mənzərəsini verməyə kömək edir. Nəsimilərin arasında gedən dialoqlarda isə hürufiliyin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur.

Tahmina Valiyeva
NASİMİSM AND THE PROBLEM OF HUMAN
İN THE PLAY “FARYAD” (SCREAM)
Summary: Well-known writer Bakhtiyar Vahabzade wrote “Faryad” (Scream) in 1984. İt is his second historical tragedy. The writer gave human, the problems of human self-perceptions and review to life, it based on nasimism. That’s why it was created two Nasimi characters. Nasimi will never die as long as exist of Nasimi art and nasimism - it is the main idea of this work. İt was taken attention to İmadaddin Nasimi’s character as a person in this play. Nasimi represents the brave word, irreconcilable will, irreversible belief. He is the character of a great poet who died fearlessly and subjugated to the kings with the power of his words. This feature is compatible with the writer intention of Bakhtiyar Vahabzade, who reveals the flaws of his time. The Valiahd is also illuminated by the light of Nasimi who was blinded with the tenets of the palace. Talking to prisoners imprisoned as innocent can help the period at a glance. İn the dialogue between nasimis, the basic principles of hurufism are explained by Bakhtiyar Vahabzade.
Тахмина Валиева
НАСИМИЗМ И ПРОБЛЕМА ЧЕЛОВЕКА
В ПЬЕСА БАХТИЯРА ВАХАБЗАДЕ «ФАРЯД» (КРИК)
Резюме: Известный писатель Бахтияр Вахабзаде написал «Фаряд» (Крик) в 1984 году. Это его вторая историческая трагедия. Писатель подарил человеку проблемы человеческого самовосприятия и рецензии на жизнь, основанную на нацизме. Поэтому было создано два персонажа Насими. Насими никогда не умрет до тех пор, пока существуют искусство Насими и насимизм - это главная идея этой произвдения. В этом пьеса было обращено внимание на характер Имададдина Насими как человека. Насими олицетворяет смелое слово, непримиримую волю, безвозратную веру. Эта особенность совместима с намерением писателя Бахтияра Вахабзаде, который раскрывает недостатки своего периода. Валиахд также освещается светом Насими, который был ослеплен принципами дворца. Разговор с невиновныйзаключенными в тюрьму, может помочь периоду взгляда. В диалоге между насимии основные принципы хуруфизма комментировает Бахтияром Вахабзаде.



ƏHMƏD BƏY AĞAOĞLU. “İran inqilabı”


TƏHMİNƏ VƏLİYEVA

 “İRAN İNQİLABI”NIN ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA ƏKSİ (“İran inqilabı” əsərinə əsasən)
Açar sözlər: İslam dünyası, Şərq xalqları, despotiya, fikri təsirlər, hərəkatlar, İran inqilabı
Key words: the world of İslam, the people of Eastern, despotisizm, mental influences, movements, İranian revolution
Ключевые слова: мир Ислама, народ Востока, деспотизм, духовные влияния, движения, Иранская революция

XIX əsrin sonları, XX əsrin əvvəllərində İranda baş verən ictimai-siyasi proseslər sözsüz ki, onun ədəbi-mədəni inkişafına öz təsirini göstərirdi. İstibdadın İran xalqının həyat və fəaliyyətinin hər sahəsində özünə yer alması, yeni, mütərəqqi fikirli ziyalıların təqib edilməsi, Avropa yeniliklərinin məqsədli surətdə dəyişdirilərək gətirilməsi ölkənin hərtərəfli inkişafının qarşısını alırdı. Ancaq fikri təsirlər xalqı oyanışa, inqilaba çağırırdı. Dövrün ayıq-sayıq və açıqfikirli ziyalılarından olan Əhməd bəy Ağaoğlu İranda gedən bu proseslərə biganə qala bilməzdi. Elə bu səbəbdən, yaradıcılığında İran mövzusu məxsusi yer tutmuşdur. Bu mövzuda ərsəyə gətirdiyi yazı və məqalələr Ə.Ağaoğlu yaradıcılığında problematika baxımından çoxsəpkili xarakter daşıyır. Belə ki, İran tarixi, farslıq və türklük, mövhumat, istibdad, şiəlik, qadın kimi problemləri o, İran mövzusu üzrə işləmişdir. Dövri mətbuatda İran həyatından mövzu almaq onun yaradıcılığında bu problemlərlə yekunlaşa bilməzdi. Xalqların maddi və mənəvi əsarəti məsələsi də Əhməd bəyin diqqət mərkəzində idi. Hələ Parisdə Sorbonna Universitetində təhsil alarkən İran tarixi, məişəti və həyatına dair məqalələrlə çıxış edən Ə.Ağaoğlu İran inqilabına da etinasız qalmamışdır. Bu və ya digər xalqı maddi və mənəvi istibdaddan xilas edəcək hər hadisəyə xüsusi həssaslıqla yanaşan ədib üçün İran inqilabı mövzusu, əlbəttə, ideal seçim idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində İranda mövcud olan vəziyyət, Müzəffərəddin şah, Məhəmmədəli şah, Nəsrəddin şahın yürütdüyü istibdad hakimiyyəti bu məsələnin qoyuluşu üçün kifayət qədər material verirdi. Çünki 1905-1911-ci illərdə baş tutan İran inqilabı İran xalqının istibdaddan azad olmasına və məşrutiyyə hakimiyyətinin qurulmasına zəmin yaratmaqla bərabər İranın, o cümlədən İslam dünyasının əqidəsinin “əskimiş fikirlər”dən qurtulmasında, Şərq xalqlarına azad ruh, demokratik düşüncə aşılanmasında da inqilab yaratdığı danılmaz faktordur. Bu baxımdan, Əhməd bəy Ağaoğlu da İran inqilabının müsəlman xalqlarının oyanışındakı rolunu yüksək qiymətləndirirdi.
Əhməd bəy Ağaoğlunun “İran inqilabı” əsəri ilk dəfə 1934-cü ildə “İran və inqilabı” adı ilə Türkiyənin Ankara şəhərində, Baş nazirlik mətbəəsində “1500 ilə 1900 arasında İran” adı altında çap edilmişdir. İkinci dəfə isə 1941-ci ildə İstanbulda nəşr olunmuş əsər “Ağaoğlu külliyyatı”nın üçüncü cildinə salınmışdır. Kitabı nəşrə Ə.Ağaoğlunun oğlu Səməd Ağaoğlu hazırlamışdır. “İran inqilabı” əsərində Əhməd bəy Ağaoğlu İran şahı Müzəffərəddin şah zamanında gerçəkləşən İran inqilabının baş tutma səbəblərini göstərməklə bərabər həmin dövrdə İranda mövcud olan ictimai-siyasi, sosial vəziyyəti də şərh edir. Əvvəlcə ədib Müzəffərəddin şah və onun fəaliyyətinin inqilabın meydana çıxmasındakı rolundan bəhs edir. Daha sonra inqilabın reallaşma səbəblərini və onun baş vermə prosesini bütün təfərrüatı ilə göstərməklə İran inqilabının tam mənzərəsini yarada bilir. İnqilab səbəblərini isə o, maddi və mənəvi olmaqla iki böyük qrupa ayırır. Maddi səbəblərə “idari uyğunsuzluq”, “sui-istifadə”, “cəbr və zülm”, “yoxsulluq və ehtiyac”, “əcnəbi hökmranlığı”nı, mənəvi səbəblərə isə “iranlıların xariclə münasibətlərinin artması və onların bir dərəcədə avropalılaşması”, “fikri təsirlər”, “Rusiyada və xüsusilə İran yaxınlığında Qafqaz və Azərbaycanda baş verən oyanma hərəkatları”nı daxil edir. Əsərin “İnqilabdan əvvəlki İranın maliyyə vəziyyəti” bölümündə ədib İranda mövcud olan iqtisadi-maliyyə vəziyyəti barədə təsəvvür yaratmağa çalışmışdır. O, bu bölümdə İranın inqilabdan əvvəlki idari və maliyyə vəziyyəti barədə ətraflı məlumat almaq üçün ingilis dilində yazılmış Ser Moryerin “Hacı Baba İsfahani” və Lord Kerzonun “İran və İran məsələsi” adlı əsərlərini oxumağı öz oxucusuna məsləhət görür. Hətta İngiltərənin İrandakı səfiri olmuş Moryerin əsərini Şükrü Qaya bəyin türk dilinə tərcümə etməklə məşğul olduğunda informasiya verir. Ədib “Hacı Baba İsfahani” əsərinin məzmununu yığcam şəkildə şərh edir. Həmçinin “İran inqilabı” əsərində Ə.Ağaoğlu Londonda nəşr olunan “Times” qəzetinin əməkdaşı L.Kerzon şəxsiyyətini oxucusuna tanıtmaq üçün onun avtobioqrafiyasına nəzərən məlumat verir. “İran inqilabı” əsərini ərsəyə gətirmək üçün ədib adı çəkilən iki əsərdən təsirləndiyini qeyd edir.
İnqilabdan əvvəlki İranda idari vəziyyətinin Səfəvilər dövründəkinin eynisi olduğunu bildirən Ə.Ağaoğlunun o dövrdəki idarə sisteminə dair verdiyi “fəqət əskidən vilayətlərin, qəzaların və nahiyələrin başlarına qəbilə rəisləri keçərkən sonralar bu üsul dəyişdirilmiş, daha mərkəzləşdirilmiş bir şəkil almış və təyinatlar bazarlıq üsuluna tabe tutulmuşdur” təkcə bu qeydi belə bizə çox şey deyir. Hərc-mərcliyin baş aldığı, məmuriyyətlərin satışa çıxarıldığı, idarə rəhbərlərinin “bazarlıq” üsulu ilə seçildiyi, xalqın isə ağır vergilərlə yükləndiyi bir üsuli-idarədə hansı demokratiya, inkişaf və firavan yaşayışdan söhbət gedə bilər?! Valilərdən alınan pullar, peşkəşlərlə (rüşvətlə), padşahın iltifatını qazanmaq üçün verilən “xələtlər”lə, şahın ziyarəti şərəfinə gətirilən hədiyyələrlə L.Kerzonun sözləri ilə desək, “şaha mədaxil təmin edilirdi”.
Əsərin bu bölümündə təbəələr hesabına dolanan iki növ tüfeyli dəstəsindən də söhbət açılır. Belə ki, birinci növ tüfeylilər böyük məqam sahibinin çıxışları zamanı izdiham yaratmaq kimi peşə sahibi idilər. Onlar bu işə görə sahiblərindən muzd almırdılar və bunu öz sahiblərinə sədaqət göstərmək xatirinə edirdilər. Ə.Ağaoğlu bu izdihamlar barədə yazırdı: “İranda bu kimi izdihamlar nə qədər ziyadə olurdusa, məqam sahibi də o nisbətdə əzəmətli sayılırdı” (1, 130). Ədib ikinci növ tüfeyli dəstəsinə münşilər, mirzələr, müstövfilər daxil edir. Məqam sahibindən qopardığı bəxşişlər hesabına dolanan bu qisim insanlar isə bir növ vəzifə sahibinin “katibləri” sayılırdı. Ə.Ağaoğlu onların fəaliyyətini təsvir etmək məqsədilə yazırdı: “Bunlar hər yerdə məqam sahibinin ardınca gəlirdilər, qələm-davatları və kağızları ciblərində olur, istənilən yerdə divan qurulur və bunlar işə başlayırdılar” (1, 130). O, əsərdə L.Kerzondan sitat gətirərək cərimə məsələsinə də toxunur. Bir yavərdən duyduğu yanlış xəbərlə bir bölüyün fərdlərini heç bir araşdırma etmədən öldürən şah yavərə külli miqdarda cərimə kəsməklə kifayətlənir. Öldürülən şəxslərin ailəsinə verilən “bəşər” pulu yavər üçün təyin edilmiş külli miqdarda pul məbləği olan cərimə hesabına ödənir, qalan pul isə “şah mədaxili”nə gedirdi.
Əsərin “Ədliyyə sistemi” bəhsində şəriət qanunları ilə, mollalar və müctəhidlər tərəfindən idarə olunan şəri məhkəmələr və hüquqi məsələlərdə tətbiq olunan və yerli valilər tərəfindən aparılan mülki məhkəmələrdən bəhs açılır. Mahiyyət etibarilə bir-birilə eynilik təşkil edən bu məhkəmələrdə hüquq və əxlaq pozğunluğu hökm sürürdü. Ədib bununla bağlı olaraq İranda yaranan durumu “hər hansı bir məsələnin zühurunda tərəflər öz aralarından bir ağsaqqallar heyəti seçirlər və bu heyətin verdiyi qərara avtomatik surətdə itaət edirlərdi” sözləri ilə göstərirdi. Əsərin “Ordu” adlı bölümündə İran ordusunun qurulma tarixinə ekskurs edən Ə.Ağaoğlu inqilabdan əvvəlki İranın zəif hərbi qüvvəyə və zəif hərbi texnikaya malik ordusunun olduğunu bildirir. “Ticarət və maliyyə vəziyyəti” adlı hissədə isə üç dəfə Avropaya səyahət etmiş Nəsrəddin şahın dövründə mövcud olan ticari və maliyyə vəziyyətinə nəzər salınır. Gözdən pərdə asmaq üçün Nəsrəddin şahın gətirdiyi “yeniliklər” burada öz əksini tapır. Şah tərəfindən sərbəst müzakirə haqqı verilən “Dövlət Şurası”nın əbədiyyən “xamuşan” (“səssizlər”) məclisi ləqəbini qazanması, birbaşa padşaha ərz ediləcək şikayətnamələr üçün qoyulan “şikayət qutuları”na atdığı şikayətə görə Tehran valisindən qırx dəyənək yeyən ilk şikayətçi nümunəsində “qutular”ın boş qalması, “Mədrəsətül-Şah” adını daşıyan Avropa tipli məktəb təşkil edən Nəsrəddin şahın gənclərə Avropaya getməyi qadağan etməsi bu “yeniliklər”in görüntü xarakterli olmasının birbaşa təcəssümü idi. “İnqilabın mənəvi amilləri” bəhsində isə ədib Seyid Əli Məhəmmədin babilik hərəkatı, Seyid Cəmaləddin Əfqaninin fəaliyyəti, Qərb ilə ticarət əlaqələrinin artması, Avropa ölkələrinə imkanlı ailələrin uşaqlarının təhsil üçün getməsi, Avropa missionerləri tərəfindən məktəblərin yaradılması, İstanbulda “Əxtər”, Tiflisdə “Əkinçi”, Bakıda “Həyat”, “İrşad” qəzetlərinin və “Füyuzat” jurnalının nəşr edilməsi İran inqilabına təkan verən mənəvi amillər sırasına daxil edir. Türkiyə, Rusiya və Hindistanda gedən oyanma hərəkatları İran xalqı üçün də təsirsiz ötüşmədi. Rusiyada gedən inqilabi hərəkatlarda “hər xalq öz müqəddəratını özü təyin edir” şüarı istibdad və Nəsrəddin şah zülmündən cana gəlmiş xalq üçün bir fikri oyanışa səbəb oldu. Əsərin “İnqilabın tarixçəsi” hissəsində ingilis təbəəsi Talbotun “tənbəki inhisarı”nın İran bankına külli miqdarda zərər vurması hadisəsi xalqın ayağa qalxmasına gətirib çıxartdı. Nəsrəddin şah Talbota verdiyi imtiyaznaməni ləğv etməli oldu. Bu hadisələr isə şahın nüfuzunu xeyli zəiflətdi. Nəsrəddin şahın qəfil ölümü isə inqilabın başlanmasını sürətləndirdi. Şahın vəfatından sonra hakimiyyət başına Müzəffərəddin şah keçdi. Rus tərəfdarlar Nəsrəddin şahın sədrəzəmi Atabəy Əzəmin, ingilis tərəfdarları isə Əminüssultanun simasında Müzəffərəddin şahın  yanında təmsil olunurdular. Ə.Ağaoğlu şahın iradə zəifliyi göstərərək gah o tərəfə, gah bu tərəfə meyil etdiyini bildirirdi. Müzəffərəddin şah bu iki qüvvə arasında seçim etməkdə və müstəqil qərar verməkdə acizlik göstərirdi. Buna görə də İran bir növ Rusiya ilə İngiltərə arasında qalmışdı. Lakin xalqın inamlı mübarizəsi nəticəsində Müzəffərəddin şah xalqın seçdiyi Müşiriddövləni sədr-əzəm vəzifəsinə gətirir. Şah vəliəhdi Məhəmmədəli ilə birgə məşrutəni (konstitusiya) imzalayır. “Məhəmmədəli şah” bölümündə də inqilabın gedişatı ardıcıl izlənilir. Müzəffərəddin şahın vəfatından sonra şahlıq taxtına oturan Məhəmmədəli şah əcnəbilərlə əlbir olmasına baxmayaraq inqilabi qüvvələr qarşısında duruş gətirə bilmir və İranı tərk edir. İsfahan mücahidlərinin başçısı Sərdar Əsəd bəy  on üç yaşlı Əhmədin şah elan edilməsi xəbərini verir. Əsərin sonuncu bölməsi olan “Əhməd şah”da isə ümidləri doğrultmayan, Avropa əyləncələrinə qurşanan Əhməd şah ədib tərəfindən tənqid olunur və Rza Pəhləvinin məşrutiyyət üsulu ilə İranı idarə etməsini isə alqışlayır.
Göründüyü kimi, Ə.Ağaoğlunun bu əsəri həm də tarixi səciyyəsi baxımından da olduqca böyük əhəmiyyət daşıyır. Əhməd bəy Ağaoğlunun “İran inqilabı” əsəri görkəmli mütəfəkkirin XIX əsrin sonları, XX əsrin əvvəllərindəki İrana, orada gedən proseslərə və İran inqilabına münasibətini öyrənmək üçün kifayət qədər faydalı material verir. Həmçinin ədibin əsəri ərsəyə gətirməsini çar hakimiyyətində olan xalqını inqilaba hazırlamaq məqsədi ilə də bağlamaq olar. Axı onun da xalqı XX əsrin əvvəllərində istibdad zülmü ilə əzilməsində İran xalqından heç də geri qalmırdı. İran inqilabı konstitusiyalı monarxiyanı İrana gətirə bilmişdi. Azərbaycan xalqı isə zamanla müstəqil, demokratik respublika yarada bildi. Çar zülmündən qurtaran xalq Sovet istibdadından da qurtulmağı və müstəqil olmağı bacardı.
Ədəbiyyat:
1.     Ağaoğlu Ə. Seçilmiş əsərləri. (Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı, Şərq-Qərb, 2007, 392 s.
2.     Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı, Ərgünəş, 2014, 264 s.
3.     Hüseynov Ş. Əhməd bəy Ağaoğlunun görüşləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1998, 128 s.



Tahmina Valiyeva
THE REFLECTİON OF “İRANİAN REVOLUTİON” İN AHMAD AGHAOGHLUꞌS WORKS
SUMMARY: Ahmed Bey Aghaoghlu's work- "The İranian Revolution" was dedicated to the İranian Revolution, which took place in 1905-1911. İn this work, he commented on the publical-political and social situation of İran in the late 19th and early 20th centuries. As well the writer had showed that the causes of the İranian revolution. He divides these causes in two groups – into material and spiritual factors. A.Aghaoghlu has gave the example of Atabey Azam and Aminissultan on the role of English and Russian forces in the İranian government.
The activity of İran kings – Nasreddin Shah, Muzaffereddin Shah, Mammadali Shah and Ahmed Shah has been described with all of their sides in this work. İn the period of their activity, different issues were raised about conditions of in the İran by the writer. Ahmad Aghaoghlu also points out to the progress of the İranian revolution there. At the same time, he has described all of happens in details. He applauded Reza Shah Pehlevi restoration of constitutional monarchy. “İranian revolution” gives valuable material to study the social and political life of İran in the late 19th and early 20th centuries, as well as focus on the unprecedented role of the revolution in the minds of the people.

Тахмина Валиева
ОТРАЖЕНИЕ «ИРАНСКОЙ РЕВОЛЮЦИИ» В АХМЕДА БЕЯ АГАОГЛУСКИЕ ПРОИЗВЕДЕНИЯ
РЕЗЮМЕ: Произведения Ахмеда Бея Агаоглу - «Иранская революция» была посвящена иранской революции, которая произошла в 1905-1911 годах. Он прокомментировал общественно-политическое и социальное положение Ирана в конце 19 и начале 20 веков в нем. Также писатель показал, что причины иранской революции. Он делит эти причины на две группы - на материальные и духовные факторы. А.Агаоглу привел пример Атабея Азама и Аминисултана о роли английских и русских войск в иранском правительстве.
Деятельность иранских королей - Насреддин-шаха, Музаферддин-шаха, Мамедали-шаха и Ахмед-шаха была описана со всеми их сторонами в этой работе. В период их деятельности писатель поднимал разные вопросы об условиях в Иране. Ахмад Агаоглу также указывает на ход иранской революции. В то же время он подробно описал все происходящее. Он приветствовал реза шаха Пехлеви о восстановлении конституционной монархии. «Иранская революция» дает ценный материал для изучения общественной и политической жизни Ирана в конце 19-го и начале 20-го веков, а также акцентирует внимание на беспрецедентной роли революции в сознании людей.

Rəyçi:                                                Vüqar Əhməd
                                                filologiya elmləri doktoru, professor

ƏHMƏD BƏY AĞAOĞLU. "Sərbəst insanlar ölkəsi"

Təhminə VƏLİYEVA   “SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ Açar sözlər: mənəvi əsarət, daxili s...