Thursday, November 14, 2019

ƏHMƏD BƏY AĞAOĞLU. “Rus ədəbiyyatının ümumi səciyyələri”


TƏHMİNƏ VƏLİYEVA


ƏHMƏD BƏY AĞAOĞLUNUN ƏDƏBİ-TƏNQİDİ
GÖRÜŞLƏRİNƏ BİR BAXIŞ
(I məqalə - “Rus ədəbiyyatının ümumi səciyyələri”)

Açar sözlər: rus ədəbiyyatı, rus xalqı, ədəbi ənənələr, bayronizm, Puşkin və intibah
          Key words: russian literature, russian people, literary traditions, byronism, Pushkin and renaissance
      Ключевые слова:русская литература, русский люди, литературные традиции, байронизм, Пушкин и возрождение

Dünya ədəbi prosesinə əsaslı təsir göstərən rus ədəbiyyatı, xüsusilə də XIX əsr rus ədəbiyyatı Avropa və dünyanın görkəmli fikir adamlarının diqqətini necə özünə çəkmişdisə, eləcə dəƏhməd bəy Ağaoğluda və xalqımızın digər mütəffəkirlərində bu ədəbi inkişaf prosesini izləməyə dair bir maraq oyanmışdı. Ə.Ağaoğlu rus ədəbiyyatının tənqidi problemlərinə xüsusi həssaslıqla yanaşmış, onun görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin geniş şərhini vermiş və əsərlərini təhlilə cəlb etmişdir. O, rus ədiblərinin yaradıcılığı iləyaxından maraqlanmış və yeri gəldikcə rus ədəbi fikrindən yararlanmışdır. Ə.Ağaoğlunun rus ədəbiyyatının tədqiqi məsələlərinə dair ərsəyə gətirdiyi məqalə və yazıları dövri mətbuatda – “Kafkaz”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə və sonradan Türkiyə mətbuatında dərc olunmuşdur.
Ədib1908-ci ildə Türkiyəyə mühacirət etdikdən sonra İstanbul Universitetində rus dili və ədəbiyyatı professoru kimi fəaliyyət göstərmiş, “Rus ədəbiyyatı tarixi” kursundan dərs demişdir. Ə.Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri” adı ilə “Seçilmiş Əsərləri”nə (Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı, Şərq-Qərb, 2007, 392 s.) daxil edilən bu əsəri ilk dəfə 1932-ci ildə beş məqalə şəklində “Cümhuriyyət” qəzetində dərcedilmişdir. Ağaoğluşünas alim Vilayət Quliyev Əhməd bəy Ağaoğlunun “Seçilmiş Əsərləri”nə yazdığı “izah və şərhlər” bölməsində bu məqalələr əsasında Əhməd bəyin İstanbul Universitetində oxuduğu mühazirə materiallarının dayandığını və nəşrə hazırlanma prosesində məqalələrin dil və üslubunda müəyyən qədər dəyişikliklər aparıldığını bildirir(1, 371).
     Əhməd bəy Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri” əsərində rus ədəbiyyatının keçdiyi inkişaf yoluna eksurs edilir və onun başlıca xüsusiyyətlərinə diqqət yetirilir. Rus blınaları və “İqor Polkun dastanı”nı çıxmaq şərtilə XVII əsrə qədər zəngin ədəbiyyat nümunələrinə malik olmayan rus ədəbiyyatı Puşkin və XIX əsr rus ədiblərinin timsalında ədəbi zirvəyə qalxır. O, dünya ədəbi irsinə əsaslı təsir göstərəcək qədər inkişaf tapır. Bəs bu işıq sürətli tərəqqi necə meydana çıxdı? Ola bilərmi ki, uzun müddət sakit axan rus ədəbiyyatında fırtına necə qopdu? Onlar bu inkişafa necə nail oldular? sualları insanı düşündürməyə bilmir. Bəli, rus ədəbiyyatının az zamanda qazandığı böyük nailiyyətlərdən Ə.Ağaoğlu da mütəəssir olur. O, bu ədəbiyyatın mövzu, ideya və məzmun keyfiyyətlərini rus ədiblərinin yaradıcılığı əsasında səciyyələndirir. Belə ki, ədib “heç bir millətdə ədəbiyyat ruslarda olduğu qədər həyatla müvazi bir surətdə yürüməmişdir” (1, 153) – deməklə rus ədəbiyyatının ən ümdə xüsusiyyəti kimi onun həyatla birbaşa bağlı olmasını göstərirdi. Bəli, ədəbiyyat həyatın, xalqın və cəmiyyətin güzgüsü olmalı, həyatda baş verən hadisələr bütün obyektivliyi ilə ədəbiyyatda öz əksini tapmalıdır. Belə ədəbiyyat əbədiyaşarlıq qazanmaqla bərabər onu oxuyan hər kəs üçün əvəzsiz fayda kəsb edir. Rus və dünya ədəbiyyatının ən görkəmli nümayəndələri bu prinsipi əldə əsas meyar tutmaqla yanaşı ədəbiyyatın tərbiyəvi və idraki funksiyasını da gözdən uzaq qoymamışlar. A.S.Puşkin, M.Qorki, L.Tolstoy, F.M.Dostoyevski,A.P.Çexov, N.İ.Qoqol və başqa rus ədəbiyyatının seçkin imzaları “insan və həyat” kontekstində rus xalqını narahat edən problemlərə toxunur, bu həyatın qüsurlu cəhətlərini rus həyatından aldığı inandırıcı hadisə və əhvalatlarla, canlı obrazlarla açıb göstərir. Bu səbəbdəndir ki, rus ədəbiyyatı rus milli ruhunun, düşüncəsinin və yaşam tərzinin ən bariz göstəricisidir. Ə.Ağaoğlu bu münasibətlə yazırdı: “Rus ədəbiyyatının tarixi rus mədəniyyətinin tarixidir. Zamanın bütün cərəyanları, mühitin bütün lövhələri ədəbiyyatda əks eyləmişdir” (1, 153). Bax, budur XVII əsrdə formalaşan, az müddətdə dünya ədəbi-bədii fikrinə təsir göstərən rus ədəbiyyatının uğuru!
     Ədib rus ədəbiyyatının səciyyəvi xüsusiyyətləri olaraqrus milli vicdanının bədii əksini, “ictimai və mühiti ünsür” amilini, təqlidçilikdən uzaq mövqe tutmağı və məfkurəçiliyi göstərirdi. Ə.Ağaoğlu rus ədəbiyyatının rus zehniyyətinin və rus milli vicdanının təcəssüm etdirməsini bu ədəbiyyat üçün başlıca keyfiyyət hesab edirdi. O, “İctimai və mühiti ünsür” konstekstində isə rus ədəbiyyatının həyati (realist) və təsviri (deskriptiv) mahiyyət daşıması məsələsini qoyaraq rus həyatının bütün cəhətləri və real lövhələrlə təsvir edildiyini bildirirdi. Əhməd bəy Ağoğlu “ta Puşkindən başlayaraq rus ədibləri rusları və Rusiyanı olduğu kimi təsvir etməkdədir” (1, 154) - fikirləri ilə faydalı ənənənin davam etdirilməsini diqqətə çatdırır. O, “mühiti ünsür” məsələsində bəzən rus ədiblərinin ifrata vararaq naturalist mövqe sərgiləməsini tənqid edir. Ədib naturalizmi rus ədəbiyyatının “seçmə”, “fərqləndirici sifəti” adlandırır. Bəli, rus ədiblərindən nadir tapılar ki, hansısa öz əsərində vətəni Rusiya təbiəti təsvir etməsin. İstər kiçik şeir parçasında, istər poema, istərsə roman, istərsə də dram olsun, fərq etməz, biz bu peyzaj təsvirləri ilə rastlaşırıq. Həmçinin Ə. Ağaoğlu kənd həyatı mövzusunun rus ədəbiyyatı üçün ən işlək mövzu olduğunu xüsusilə diqqətə çatdırırdı. A.S.Puşkin, M.Qorki, L.Tolstoy, F.M.Dostoyevski rus kəndlisinin saflığını, yüksək mənəvi aləmini kübar həyatın saxta səmimiyyətlərinə qarşı qoyur. Uzun müddət dünya ədəbiyyatında, eləcə də rus ədəbiyyatında ingilis romantizminin ən məşhur nümayəndəsi C.Q.Bayronun təsirinə uyaraq təqlidi əsərlər ərsəyə gətirilirdi. Təqlidçilik probleminə dair Əhməd bəy məşhur rus tənqidçisi Savodnikin “hər hankı bir millətin ədəbiyyatı yalnız müstəqil və şəxsi olduğu halda digər ədəbiyyatdakı əsərlər kimi qiymətli və əhəmiyyətli əsərlər vücuda gətirə bilər” (1, 154)- fikirlərini əsas gətirərək orijinal, xalqın özünəməxsus cəhətlərini əks etdirən ədəbiyyatın tərəfdarı kimi çıxış edirdi.Həyatın ən qaranlıq tərəflərinə işıq salan rus ədəbiyyatı üçün məfkurəçilik başlıca keyfiyyətdir. Ə.Ağaoğlu rus ədiblərinin yaradıcılığında xüsusi yer tutan məfkurəçiliklə bağlı fikirlərini əsərdə belə bildirirdi: “Məfkurəçiliyi, nikbinliyi həyatın ən qəmli cəhətləri ilə birləşdirmək, cılız bir mövzuya məfkurəvi mahiyyət vermək iqtidarı etibarı ilə heç bir ədəbiyyat rus ədəbiyyatı dərəcəsinə varmamışdır” (1, 155). “Hər insanda bir işıq var” deyən Lev Tolstoyun bu mövqeyi də məhz məfkurəçiliklə bağlıdır.Ən qəddar insanda belə “insan işığı” tapmaq istəyi rus ədibləri üçün ümumi bir amal olmuşdur. Həyatın ən çıxılmaz vəziyyətlərində onlar insan üçün hər zaman bir ümid işığı, bir təsəlli yeri qoyurlar.
     Bütün bu deyilənlərlə yanaşı, Əhməd bəy Ağaoğlu rus ədəbiyyatının xəlqi mahiyyətini qabardaraq bu ədəbiyyatın xalqın milli düşüncəsini, onun ideal və arzularınıifadə etdiyini bildirir. Rus ədəbiyyatının ən böyük uğurlarından biri də rus ədiblərinin yaradıcılığında qadının yüksək hüquq qazanmasıdır. Puşkinin eyş-işrət vurğunu Yevgeni Oneginisaf məhəbbətlə sevən, lakin qarşılığında sevgilisindən aldığı “tövsiyələr”dən zamanla dərs çıxarıb Onegini kor-peşman edən Tatyanası (“Yevgeni Onegin”),Qriboyedovun şan-şöhrətli, var-dövlətli, yumşaq xasiyyətli ər axtaran, ancaq bir yalançıya aldanan Sofiyası (“Ağıldan bəla”), Tolstoyun azad sevgi qadınını timsalı olan “Anna Karenina”sı, Dmitri Nexlyudovu gənclik səhvlərindən ötrü peşman etməyi bacaran, ona mənəvi “dərs” verən Maslovası (“Dirilmə”), Dostoyevskinin cinayət törətmişRaskolnikovu mənəvi “cəza”dan xilas edən Sonyası (“Cinayət və cəza”) rus ədəbiyyatındakı qadın fenomenini təcəssüm etdirən obrazlardır. Beləliklə, Ə. Ağaoğlu rus ədəbiyyatının ümumi səciyyələrini məfkurəçi (idealist), “şəniyəçi” (realist), təbiətçi (naturalist), feminist və “mücahidəçi” keyfiyyətlərində qruplaşdırırdı.
     Əsərdə Əhməd bəy Ağaoğlu rus ədəbi tənqidçiləri tərəfindən rus ədəbiyyatının üç tarixi dövrə: “birinci dövr rusların xristianlığı və xristianlıqla bərabər ilk yazını qəbul etdikləri zamana qədər, yəni X əsri – miladiyyəyə qədər davam edər; ikinci dövr X əsrdən XIX əsrin ibtidalarına, yəni Puşkinin zühuruna qədər davam edər; üçüncü dövr də Puşkindən zamanımıza qədər davam eləyir” (1, 158) ayrıldığını göstərir və rus ədəbiyyatının yaranma və inkişafı mərhələlərinibu aspektdə izləyirdi.Rus ədəbiyyatının birinci dövrünü XVIII əsrdə müxtəlif tədqiqatçılar tərəfindən toplanan blinalar təşkil edir. Onlarda qədim dastan və əfsanələr ehtiva olunur. Blinaların meydana gəlməsində türk tatarların güclü təsir  göstərdiyini Stasov, Miller, Potanin kimi tədqiqatçılarla yanaşı Əhməd bəy Ağaoğlu da təsdiqləyir. Bu məqsədlə ədib rus dastanlarında qəhrəmana Boqatır (bahadır) ləqəbinin verilməsininümunə göstərir.Həmçinin o, “İqorun alayı haqqında söz” (“İqor polkun dastanı” – T.V) dastanına dair bir kitabxanalıq tədqiqat aparıldığını bildirir. Bununla yanaşı, dastanda rus ədəbiyyatının bütün keyfiyyətlərinin ibtida halında ehtiva olunduğunu da qeyd edir. Məşhur qazax şairi Oljas Süleymenov “Az-ya” əsərində “İqor polkun dastanı”nın türklərin birbaşa təsiri əsasında yazıldığını dastanın mətnini ədəbi təhlilə və dil-üslub keyfiyyətlərini tədqiqə cəlb etməklə müəyyənləşdirmişdir.
Əhməd bəy rus ədəbiyyatının ikinci dövründə tədricən yazılı ədəbiyyat nümunələrinin yarandığını bildirir. Rus tənqidçilərinin bölgüsünə əsaslanaraq o da bu dövrü üç fəslə - “Kiyev” (XIII əsrə qədər), “Moskva” (XIV əsrdən XVII əsrə qədər), “yeniləşmə və intibah” (XVII əsrdən Puşkinə qədər) dövrlərinə ayırmışdır. “Kiyev fəsli” rusların Bizansdan xristianlığı qəbul etməsi və bu dinin təsiri ilə Kiyev knyazlığına daxil olması ilə başlanır. Rus xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatında xristian dinin hakim mövqe tutduğu rus ədəbiyyatının bu dövründə dini mətnlər –ilahilər, xütbələr, moizələr əsas təşkil edirdi. Ə.Ağaoğlu həm də kilsə papalarının şəninə yazılan, onların tərcümeyi-hallarının əks olunduğu əsərlərin – salnamələrin yarandığını bildirirdi. “Kiyev fəsli” salnamələrdən savayı səyahətnamələri də məşhurdur. Onların da ərsəyə gəlməsində,sözsüz ki, xristianlığın müstəsna rolu var idi. Beytül-müqəddəsi – Konstantinopolu (İstanbul – T.V) ziyarət etməyə gedənlər səyahət zamanı etdiyi qeydləri səyahətnamələrində yazardılar.
Rus ədəbiyyatının “Moskva fəsli”ni Əhməd bəy Ağaoğlu durğunluq dövrü olaraq səciyyələndirir. Qızıl Ordunun istilasına məruz qalan ruslar kilsəyə sığınır. Qısa müddətdə din xadimlərini və xalqı ram edən Moskva knyazlığı istibdad və mərkəzləşdirmə siyasəti yürüdürdü. Ədəbiyyat çarizm və İvan Qroznı istibdadına qarşı tənzimlə kilsə xadimləri tərəfindən yazılmış “Prosvetitel”, “Minei”, “Stepaniya kniqa” kimi əsərlərdən ibarət idi. Bu dövrdə nəinki mütərəqqi ədəbiyyatdan söhbət gedə bilməz. Hətta “şəxsi fikir” pərvərdə etmək cəsarətində bulunan hər kəs edam kötüyünün üzərinə çıxardı” (1, 162). Ə.Ağaoğlunun buqeydi verməklə həmin dövrdə zülm və istibdadın hansı dərəcədə olduğunu göstərirdi.
Üçüncü dövrün – “Yeniləşmə və intibah”ın əsas səciyyəvi cəhəti Avropa ədəbiyyatını,xüsusilə də bayronizmi təqlid və onlardantədricən təsirləmədir. Bu dövrü Ə.Ağaoğlu üç kiçik qismə - “yeni Kiyev”, “Lomonosov”, “Karamzin” dövrlərinə ayırır. Ədib mərkəzi hakimiyyətin Moskvaya keçməsinə baxmayaraq Kiyev şəhərinin hələ də mədəni mərkəz olduğunu qeyd edir və rus ədəbiyyatının “Yeni Kiyev”dövründə bir-birinə zidd iki qüvvənin mübarizə apardığını nəzərə çatdırırdı. Bu dövrdə katolik təbliğatı ilə yanaşı ona qarşı mübarizə hərəkatınınbaşlanmışdı.Ə.Ağaoğlu bildirirdi ki, katolizmə qarşı mübarizə hərəkatının əsasını Tövrat və İncilin tərcüməsində buraxılmış xətaların, cahil katiblərin köçürmə zamanı etdiyi səhvlərinaşkarlanması və onların təshihi işi təşkil edirdi. O, həmçinin həmin dövrün ictimai fəallarını – Slavinetskini, Simeon Polotskini, Silvestri, Yurki Krijanskini, Stefan Yavorskini və Feofan Prokopoviçi Qərb mədəniyyətindən alınan ünsürlərin daxil edilərək yeni intibah cığırı açan simalar kimi səciyyələndirir. Bu hərəkat Kiyev mühacirlərinin sayəsində Şimali Rusiya ilə Cənubi Rusiya arasında ədəbi-mədəni körpü rolunu oynadı.
Əhməd bəy Ağaoğlu rus ədəbiyyatının “Lomonosov” və “Karamzin” dövründə baş verən ədəbi-mədəni hadisələrin Böyük Petro (I Pyotr – T.V) və onun varisləri ətrafında getdiyi barədə məlumat verir. I Pyotr dövründə Peterburq akademiyasının əsası qoyulması Rusiyada yeni bir hadisə idi. Akademiya rus ədəbi və ictimai fikrinin yeni şəkil almasında misilsiz rol oynamışdır. Əhməd bəy Ağaoğlubu dövrün akademik M.V.Lomonosovunadı ilə verilməsinə də əsərdə aydınlıq gətirir: “Bu dövrün başında, dövrün adının da dəlalət etdiyi kimi, Lomonosov durur. Lomonosovun ətrafında Qantemir, Trediakovski, Sumorokov, akademiya üzvlərindən alman Şlosser və Miller və s. ikinci dərəcədə çoxlu mühərrir və ədiblər toplaşırlar” (1, 165). I Pyotrun yenilikçi siyasəti varisləri – Yelizaveta və Katerin (Yekaterina – T.V) tərəfindən davam etdirilmişdir. Belə ki, ikinci Yekaterina Leybnits, Volter kimi ictimai xadimlərlə məktublaşır, onlardan Rusiyanı hərtərəfli inkişaf etdirmək üçün fikirlər alırdı. Onun dövründə yeni tipli məktəblər açılır, rus əsilzadələrinə mənsub olan gənclər təhsil almaq üçün Avropaya göndərilirdi. Yeniliklər bir-birini davamlı olaraq izləyir və tədricən rus ictimai və ədəbi fikri yeni inkişaf mərhələsinə qədəm qoyurdu. Əhməd bəy D.İ.Fonvizinin “Hedorosl” əsəri istisna olmaqla, 1726-ci ildən 1791-ci ilə qədərki “Lomonosov” dövrünü Avropanı təqlid dövrü kimi xarakterizə edirdi. “Lomonosov” dövründə ədəbi prosesində yunan və latın dillərində olan Avropa və dünya ədəbiyyatından rus dilinə çevrilən tərcümələr xüsusilə diqqəti cəlb edirdi. Ə.Ağaoğlu rus ədəbiyyatının yeni dövrə keçid almasını təfəkkür və fəaliyyətdəki inqilabi hərəkatla bağlayaraq bildirirdi: “Təfəkkür və hissiyyat tərzi, iş üsulları uzun, mühüm bir inqilab dövrü keçirir və Puşkinlə başlayan müstəqil və orijinal rus ədəbiyyatının zühuru üçün mətin bir zəmin hazırlanır” (1,165). Qərb-Avropa ədəbiyyatından səmərəli şəkildə faydalanma rus ədəbiyyatı üçün zamanla öz bəhrəsini verdi.
Akademiya üzvlərinin həm tərcümələr etdiyi, həm də əsasən, oda (qəsidə), tragediya və dastan janrlarında müstəqil əsərlər yazdığı barədə məlumat verən ədib bu əsərləri mövzularının klassik ədəbiyyatdan alınmasını və vaxtilə fransız nəzəriyyəçisi Nikola Bualonun müəyyənləşdirdiyi “dörd vəhdət” prinsipinə əsaslanaraq yazılmasına görə naqis hesab edirdi.Klassizmin “dörd vəhdət” prinsipi yazıçıya hadisələri geniş zamandaxilində, müxtəlif məkanda və dinamik hərəkət halında, çoxşaxəli süjet xəttində təsvir etməyə imkan vermirdi. Ə.Ağaoğlunun bu dövrün yazıçılarını klassik ədəbiyyatdan mövzu aldığına görə tənqid etməsi onun müasirlik konsepsiyası ilə bağlıdır. Onun bədii əsərlərində real hadisələrin romantik zəmində əks etdirilməsini görürüksə, publisistik məqalə və yazılarında isə realizm əsas ünsür səciyyəsini alır. Müasirlikdən uzaqlaşmamaq, ədəbiyyatın müasir həyatın bədii əksi olması fikri Ə.Ağaoğlunun ədəbi-tənqidi görüşlərinin təməlində dayanır.
Ədib həmçinin rus tənqidçilərininbu ədəbiyyatın “Lomonosov” və “Karamzin” dövrünü milli ədəbiyyat sırasına daxil etmədiklərini də bildirir. Ancaq bu iki mərhələ rus ədəbiyyatının yeni əsaslarla, yeni zəmində qurulmasında keçid dövrü hesab olunmalıdır. Ə.Ağaoğlunun “Lomonosov”dövrü ilə bağlı verdiyi ümumi səciyyəni aşağıdakı şəkildə yekunlaşdırmaq olar: “Zira, əvvələn bu dövr ədəbiyyatı dinin nüfuzundan tamamilə qurtardı, ədəbiyyata müstəqil və laik istiqamət verdi. İkincisi, nəsr və nəzmə başqa bir şəkil verərək ədəbiyyat üçün yeni və geniş yollar açdı. Nəzmdə o zamana qədər hakim olan vəzn roman ədəbiyyatından götürülmüş sillabik vəzni idi. Halbuki bu bəzən rus dilinin mahiyyət və ruhuna tamamilə müxalifdir. İlk əvvəl bu həqiqəti Treduakovski kəşf edərək sillabik vəznin yerinə alman dilindən almış olduğu və rus dilinə daha uyğun olan tonik vəznini işlətdi və Lomonosov geniş nüfuzu və mətanəti sayəsində bu vəzni təsbit etdi. Sonra nəsrdə mühüm bir inqilab edildi. O zamana qədər nəsrdə işlənən dil əski, süni, ölmüş, yalnız dini kitablarda yaşayan slav (əski slavyan – T.V) dili idi. Lomonosov və davamçıları nəsr dilini bu illətdən qurtarmaq, Moskvada danışılan əhali dilini qəbul edərək və bu vəchlə yazı dili ilə canlı dil arasındakı uçurumu qapatmaq üçün çox çalışdılar.O zamana qədər mövzularını əski aləmdən alan və xüsusilə məddahlıqla, qəsidənəvisliklə şöhrət arayan rus ədibləri bu kərə mövzularını milli həyatdan almaqla bərabər bu həyatda baş verən hadisələri birər-birər təhlil, təhqiq və təşrih etməyə başlayırlar” (1, 166).
Əhməd bəy Ağaoğlu məşhur rus yazıçısı N.M.Karamzinin adını daşıyan bu dövrün 1791-ci ildən – Karamzinin “Bir rus səyyahının məktubları”nın çap olunması ilə başlayıb 1821-ci ilə - A.S.Puşkinin “Ruslan və Lyudmilla”əsərinə qədər davam etdiyini bildirir. Ədib N.M.Karamzinin rus ədəbiyyatdakı mövqeyinin üç mühüm inqilabla müəyyən olunduğunu göstərərək yazır: “Bu inqilablardan birisi Karamzin sayəsində sentimentalizm tərzinin Rusiyada o zaman psevdoklassizmi tamamən modadan çıxarmasından ibarətdir...Karamzinin etdiyi ikinci mühüm inqilab dilə aiddir. Karamzin məktublarında bütün əski slavyan kəlmələrini, latın-alman tərkiblərini, arxaizmləri tərk edir. Bu məktublar yazı dilini canlı dilə yaxınlaşdırmaq xüsusunda mükəmməl bir örnəkdir. Karamzinin icra etmiş olduğu üçüncü inqilab tarixə aiddir. İlk əvvəl tarixi bir elm kimi alıb mənalandıran və bu münasibəti başqalarına da qəbul etdirən Karamzindir” (1, 167-171). Karamzin tarixçi üçün elm və həqiqət qayğısını çəkməkdən başqa vətənpərvərlik, moralistiklik, müəllimlik və sənətkarlıq xüsusiyyətlərinə də malik olmağı vacib sayır.
Əsərdə həmçinin Karamzinin nəzəriyyələrinin nöqsanlı cəhətlərindən də söz açılır. Belə ki, onun Rusiya üçün qurtuluşu keçmişə bağlılıqda axtarması, İvan Qroznı nəzəriyyələrini elmi əsasda verməsi, fikirlərində mühafizəkar mövqedə olması və hər cür ani inqilablara qarşı olması bu səciyyəyə aid edilir. N.M.Karamzini “panslavizmin müjdəçisi” hesab edən Ə.Ağaoğlu İ.A.Krılov və A.S.Qriboyedovun yaradıcılığının dövrün digər yazıçılarından xüsusilə seçildiyini bildirir. Bu iki yazıçının yaradıcılığının Puşkin dövrünə təsadüf etdiyindən Ə.Ağaoğluəsərin “Puşkin dövrünün müqəddiməsi” hissəsində onların fəaliyyətindən geniş bəhs açmışdır.
          Əsərin “Puşkin dövrünün müqəddiməsi” hissəsində ədib əvvəldə qeyd olunan məsələlərə qısa ekskurs edir və onlara qarşı münasibətini yekun icmal şəklində verir. Burada rus ədəbiyyatında gedən “yıxılış” və “oluş” prosesləri zəminində ənənə və müasirlik probleminə də toxunur: “Həqiqət halda yıxılış və oluş eyni əməliyyədir, eyni qüvvətin müxtəlif təzahürləridir. Xərabələrdən çoxları daşıdıqları canlı ruh sayəsində yeni amil və ünsürlərlə birləşərək yenidən həyatın əsaslarını təşkil edəcəklər... Böhranlar əsnasında müasirlər əksəriyyət etibarilə o iki əməliyyəni ayrı-ayrı zənn edərək iki böyük qismə ayrılırlar. Bir qismi keçmişə saplanıb qalır və müvazinətini, ahəngi, xilası o keçmişdə görür, digər qismi isə nicat və xilası yıxmaqda arar və ona görə də mövcudu, keçmişi yıxan amillərə sarılıb qalırlar. Avropadan gələn ruzigarlar yıxıcıdır, keçmişdən yüksələn sədalar isə mühafizəkardır. Odur ki, yenilikçilər üçün Avropadan əsən hər hansı cərəyan hörmətə layiq və müqəddəs olduğu kimi, mühafizəkarlar üçün də keçmişdən gələn sədalar mübarəkdir. Hər iki tərəf də içində bulunduğu müvazinət və ahəng amillərini tapa bilmədiklərindən o ahəng və müvazinəti təqlidçilikdə arayırlar. İstər Avropanı, istər keçmişi təqlid olsun! .... Yenilik və əskilik yoxdur. Müasirləşmək isə keçmişin bu günlə sintezindən ibarətdir” (1, 173).        
Məşhur rus yazıçıları İ.A.Krılov və Qriboyedovun yaradıcılıq fəaliyyəti əsərin bu bölməsində geniş təhlilə cəlb edilmişdir. Öncə ədib bu iki yazıçının rus ədəbi tənqidi fikrində “milli istiqamətin rəhbəri” şəklində adlandırılmasından bəhs açaraq rus məfkurəsinin onların yaradıcılığında istiqlaliyyət qazandığını, əsərlərinin sadə dildə yazıldığını qeyd edir. O, məşhur rus təmsil və komediya ustası İ.A.Krılovun Jan de Lafontendən “Palamut və çub” təmsilini sadə rus şivəsində tərcümə etməsi ilə şöhrət əldə etdiyinə diqqəti yönəltməklə əsərlərin kütləyə siraət etməsi üçün onların canlı, danışılan dildə yazılmasının vacibliyini vurğulayır. Əhməd bəy İvan Krılovun təmsillərini mahiyyətinə görə iki qrupa ayırır: tərbiyəvi (didaktik), həcvi (satirik). İ.Krılov həcv xarakterli təmsillərə daha çox üstünlük verir. O, sərt tənqidlərdən mümkün qədər uzaq duraraq fikirlərini bir istehza, bir ironiya vasitəsilə çatdırır. Yazıçı həcvlərini üç qisimdə qruplaşdırır: ümumbəşəri nöqsanlara, yerli rus nöqsanlarına və tarixi hadisələrə həsr olunanlar. Ümumbəşəri nöqsanlara xudbinlik, xudpəsəndlik, yelbeyinlik, aldatmaq, özünü mədh etmək; yerli rus nöqsanlarına pis əməl, rüşvətxorluq, kağızbazlıq, ədalətsizlik, təqlidçilik və tərbiyə nöqsanları daxil edilir. Tarixi hadisələrə həsr olunan təmsillərdə isə tarixi şəxsiyyətlərin bədii obrazı yaradılmış, onların qüsurlu cəhətləri satirik dillə tənqid olunmuşdur. Krılovu “rusların Xoca Nəsrəddini” adlandıran Ə.Ağaoğlu onun yerli xalq arasında məşhurluq qazanmasını üç amillə - xalqçılıq, həqiqətçilik və sənətkarlıqla bağlayır. İ.A.Krılovun sənətkarlıq məharətinin yalnız Jan de Lafonten ilə müqayisə edilə biləcəyi qənaətindədir.
A.S.Qriboyedov yazdığı yalnız bir əsərlə - “Ağıldan bəla”(“Горе от ума”) mənzum komediyası ilə rus ədəbiyyatında xüsusi yer tutmuşdur. Əsər Azərbaycan dilinə Ələkbər Ziyatay tərəfindən tərcümə olunmuş, “Ağıldan bəla” adı ilə 2006-cı ildə çap edilmişdir. Lakin Əhməd bəy Ağaoğlu əsəri “Ağlın bəlası” adı ilə təqdim etmişdir. O, əsəri “psevdoklassizm məktəbi tərəfindən qəbul edilmiş qaydalara riayət olunmayaraq sərbəst yazılmış mənzum komediya” adlandırır. Mövzusunu canlı həyatdan alaraq yazan və doğulub böyüdüyü, boya-başa çatdığı Moskva cəmiyyətini real lövhələrlə təsvir edən Qriboyedov rus ədəbi sənətinə sərbəstlik meyarını gətirdiyinə görə ədib tərəfindən təqdir edilir. A.S.Qriboyedov sənətkarlığının üstün cəhətlərindən biri də “Ağıldan bəla”da həqiqi tiplər – vəzifə, rütbə üçün hər cür alçaqlığa əl atan, “yarınmağı” özlərinə peşə seçən“qulluq” adamlarınınFamusov və Skalozubun, “kiçik rütbə”dən ucalmaq üçün katibin qızı ilə sevgi münasibəti quranlarınMolçalinin və öz cəmiyyəti tərəfindən “dəli” adlandırılan mütərəqqi fikirli gənclərinisə Çatskinin timsalında obraz səciyyəsini almasıdır. Krılov dilini komediyaya gətirmək və sadə rus dilində yazmaq A.S.Qriboyedovun böyük uğuru hesab edilməlidir.“Ağıldan bəla” komediyası barədə məşhur rus tənqidçisi V.Q.Belinski də olduqca yüksək fikirlər bildirmişdi: “Qriboyedovun komediyası ... qüvvətli istedadın, dərin ağlın məhsulu olmaq etibarilə heç bir təqlidçilik, yalançı motivlər və süni boyalara malik olmayan, həm ümumiyyətlə və həm də ayrı-ayrı hissələrində, həm süjeti, həm xarakterləri, həm ehtirasları, həm hərəkəti, həm fikirləri, həm də dili başdan-ayağa rus həyatının dərin həqiqətini daşıyan birinci rus komediyası idi” (2, 75-76). Professor Məmməd Cəfər isə əsərin təsiredici qüvvəsinə xüsusilə diqqəti cəlb edir və onu“20-ci illərdə ağıllara çox qüvvətli təsir göstərən, gənc nəslin mövcud siyasi-ictimai quruluşa qarşı müxalifət ruhunda mühüm rol oynayan yüksək sənət əsəri” (4, 52) hesab edirdi.
Rus ədəbiyyatının “Puşkin dövrü” rus tənqidçilərinin də qeyd etdiyi kimi, “rus milli ədəbiyyatının banisi” hesab olunan A.S.Puşkin və sələflərinin yaradıcılıq fəaliyyətini əks etdirir. Ədib Puşkinin babasının “Böyük Petronun ərəbi” adlandırılmasına, anasının zadəgan nəslindən olan bir rus gənci ilə evlənməsinə diqqəti çəkmiş, Arina Podionovna adlı rus dayəsinin və fransız, alman əsilli mürəbbilərin, liseydə oxuduğu ədəbiyyat nümunələrinin onun bir sənətkar kimi yetişməsində rol oynamasından geniş bəhs açmışdır. Əhməd bəy A.S.Puşkinin ədəbi fəaliyyətini iki dövrdə: təqlidçilik və intibah dövrlərində qruplaşdırır. İngilis romantik ədəbiyyatının ən görkəmli nümayəndələrindən və dünya ədəbi prosesinə əsaslı təsir göstərən C.Q.Bayronun yaradıcılığı Puşkinə də təsirsiz ötüşmədi. Onun “Ruslan və Lyudmilla”, “Qafqaz əsiri”, “Baxçasaray çeşməsi”, “Qaraçılar” poemalarını təqlidçilik dövrünün əsərləri olaraq səciyyələndirir və onların Bayron və Şatobrianın təsiri ilə yazıldığını bildirir. Nəzərə alsaq ki, dörd poema Puşkinin ilkin dövr yaradıcılığını əhatə edir, onların təsirlənmə və təqlidə məruz qalması təbii qarşılanmalıdır. O, vaxtilə rus tənqidi fikrində böyük əks-sədaya səbəb olan Puşkinin “Ruslan və Lyudmilla” əsərinin italyan şairi Aristonun “Aşiq Roland” və “Qudurmuş Roland”, alman şairi Vilandın “Obaron”, Volterin “Orlean bakirəsi” kimi əsərlərdən təsirlənmə və onları təqlid yolu ilə ərsəyə gəldiyini yazır. Ə.Ağaoğlu ədibin “Ruslan və Lyudmilla” poemasının dilini uğurlu hesab edir, onun sadə və gözəl üslubda yazıldığını, təsvirlərin canlı və parlaq surətdə əks etdirildiyini bildirir. Ancaq  “Əsərin bir çox yerləri süni və qeyri-təbiidir” (1, 182) – deməkləpoemanın zəif cəhətlərinə işarə edir.
Əsərdə “yəs, küskünlük” və “şəxsiyyətə qarşı pərəstiş” bayronizmin iki əsas səciyyəvi xüsusiyyəti göstərilir: “... Mədəni həyatın süniliyindən hüsulə gəlmiş yorğunluq, fərdiyyətlərin əzilməsi, mənən və əxlaqən düşkünlüyün yüksək həddə çatması nəticəsində Bayron ümumən mədəni bəşəriyyətə qarşı bir nifrət hissi təlqin edir, mədəni bəşəriyyəti miskinlik və acizliyə, əsarət və zəlilliyə məhkum görür. İkinci xüsusiyyət şəxsiyyətə qarşı pərəstişdir. Mədəniyyətin süni qaydalarını tanımayan, mədəni həyatın fərdlər üzərinə qoyduğu maddi və mənəvi zəncirləri qıran şəxsiyyətlər Bayronun qəhrəmanlarıdır. Bunlar qüvvətli iradəyə malik, önlərinə çıxan hər maneəni yıxıb atan, öz fərdi hürriyyətlərini müqəddəsləşdirərək ictimai şərt və hüdudların fövqünə çıxan insanlardır. Bunlar özlərinə pərəstiş etdiklərindəm, təbii ki, ətraflarında olanlara həqarət və nifrətlə baxırlar” (1, 183).
Ə.Ağaoğlu “Bayronizm Moskvada rus mujiki üzərinə atılmış bir ingilis toqqasına, üst geyiminə bənzəyirdi” (1, 184) – deyərək onu xəyali, süni bir təzahür adlandırırdı. Puşkin əsərlərində bayronizmin təsiri hətta onun məşhur “Yevgeni Onegin” mənzum romanında dueldə öldürülən Vladimir Lenskinin məzarının təsvirində də duyulur. C.Q.Bayronun “Abidos gəlini”ndə Səlim və Züleyxanın qəbri arasında bitən qara tikan Cəfərin simvolik obrazı olaraq verilirsə, Vladimir Lenskinin məzarı üstünə əyilən, sanki başını aşağı sallamış budaq günahkar Onegini səciyyələndirir. Doğrudur, Ə.Ağaoğlunun bu əsərində Puşkinin intibah dövrü yaradıcılığı ayrıca təhlil və təsvir olunmasa da, “Qaraçılar” poemasının sonunda verilən parça vasitəsilə əsərin təqlidçi ruhdan tamamilə azad olaraq rus ədəbiyyatı üçün yeni mahiyyət daşıması göstərilir. A.S.Puşkinin bayronizm xəstəliyindən yaxa qurtarıb intibah dövrünə qədəm qoyması rus ədəbiyyatının yeni axın və yeni istiqamətli inkişaf tapmasına səbəb oldu. Puşkin yaradıcılığında rus dili sadəlik və poetiklik sintezində özünü göstərir. Rus ədəbiyyatına yeni motivlər, canlı obrazlar, təbii duyğular daxil olur.Məşhur rus tənqidçisi V.Q.Belinski də Puşkin əsərlərinin dilindən bəhs açarkən “rus dilinin akustik zənginliyi, melodiya və harmoniyası birinci dəfə olaraq Puşkinin şeirində bütün parlaqlığı ilə özünü göstərmişdir” (3, 172) qeydini verirdi.Görkəmli ədəbiyyatşünas alim Məmməd CəfərA.S.Puşkinin yenilikçi mövqeyinə diqqət yönəldərəkyazırdı: “Puşkin böyük novator şair idi və öz əsərləri ilə rus ədəbiyyatına bir yenilik, təzəlik, təravət gətirmişdir; yeni tipli realist və romantik şeirin, realist nəsrin, yüksək məzmunlu siyasi lirikanın, mənzum romanın, tarixi povestin, mənzum dramın və hekayənin gözəl nümunələrini yaratmışdır” (4, 69).
Əhməd bəy Ağaoğlunun rus ədəbiyyatının tədqiqinə həsr olunan “Rus ədəbiyyatının ümumi səciyyələri” adlı ayrı-ayrı məqalələrdən ibarət əsəri rus ədəbiyyatının yaranma və inkişaf tarixini izləmək, onun məxsusi keyfiyyətlərinə bələd olmaq baxımından əhəmiyyət daşımaqla bərabər milli ədəbiyyatda rus ədəbi ənənələrindən səmərəli istifadə üçün əsaslı material verir.


Ədəbiyyat:
1.     Ağaoğlu Ə. Seçilmiş əsərləri. (Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı, Şərq-Qərb, 2007, 392 s.
2.     Belinski V.Q. Aleksandr Puşkinin əsərləri. Bakı, Azərnəşr, 1948, 315 s.
3.     Belinski V.Q. Seçilmiş əsərləri. Bakı, AzSSR EA nəşriyyatı, 1948, 271 s.
4.     Cəfərov M.C. XIX əsr rus ədəbiyyatı. (Üç hissə). I hissə. Bakı, Maarif, 1970, 316 s.
5.     Paşayev M.C, Xəlilov P. Ədəbiyyatşünaslığa giriş. Bakı, 2004.
Təhminə Vəliyeva
ƏHMƏD BƏY AĞAOĞLUNUN ƏDƏBİ-TƏNQİDİ
GÖRÜŞLƏRİNƏ BİR BAXIŞ
XÜLASƏ: Əhməd bəy Ağaoğlu yaradıcılığında rus ədəbiyyatının tədqiqi məsələləri xüsusi yer tutur. O, fəaliyyətinin müxtəlif dövrlərində rus ədəbiyyatının inkişaf tarixini araşdırmış və onun görkəmli nümayəndələrinə məqalələr həsr etmişdir. Məqalələr Azərbaycan və Türkiyə mətbuatında dərc olunmuşdur. Əhməd bəy Ağaoğlunun rus ədəbiyyatının inkişaf tarixinə həsr olunan beş məqaləsi “Rus ədəbiyyatının ümumi səciyyələri” adı ilə çap edilmişdir. Burada Ə.Ağaoğlu rus ədəbiyyatının inkişaf tarixini izləmişdir. Rus blınalarından başlayaraq Puşkinəqədərki və Puşkin dövrü ictimai və ədəbi proses tədqiqata cəlb edilmişdir.
Rus ədəbiyyatının klassikləri – İ.A.Krılovun, A.S.Qriboyedovun, Karamzinin, A.S.Puşkinin yaradıcılığı əsasında onun səciyyəvi xüsusiyyətlərini aşkara çıxarmışdır. Rus ədəbi ənənələri tədricən digər klassiklərin yaradıcılığında da özünü göstərmişdir. M.Qorki, A.P.Çexov, N.İ.Qoqol, L.Tolstoy, F.M.Dostoyevski və hətta müasir dövrün rus ədibləri bu ənənələrdən səmərəli şəkildə faydalanmışlar. Əsərdə xalq təfəkkürü, məişəti ilə və real həyatla bağlılığı, həqiqətpərəstlik, obyektivlik, qadın idealı rus ədəbiyyatının məxsusi cəhətləri olaraq verilmişdir.

Tahmina Valiyeva
REVİEW TO AHMADBAY AGHAOGHLUꞌS
LİTERARY OPİNİONS
SUMMARY:In the works of Ahmed Bey Agaoglu, the study of Russian literature takes a special place. He has studied the history of Russian literature in different periods of his activity and he devoted his articles to prominent figures. The articles were published in the press of Azerbaijan and Turkey. Ahmed bey Agaoglu's five articles devoted to the development of Russian literature were published under the title "Common Characteristics of Russian Literature". Here Agaoglu followed the development of Russian literature. Starting with the Russian blinas, the Pushkin and Early Pushkin circles were involved public and literary in process research.
The classics of Russian literature – İ.A.Krilov, A.S.Griboyedov, Karamzin, Alexander Pushkin, reveal its characteristic features. Russian literary traditions have gradually evolved in the work of other classics. M. Gorky, A.P.Chekhov, N.I.Gogol, L.Tolstoy, F.M.Dostoyevsky and even Russian writers of modern century have effectively benefited from these traditions. Special features of Russian literature have been characterized - by folk thinking, lifestyle and real life-loyalty, truthfulness, objectivity and woman ideal in it.

Тахмина Валиева
ВЕРНЕМСЯ К АХМЕДА БЕЯ АГАОГЛУСКАЯ ЛИТЕРАТУРНЫМ МНЕНИЯМ
РЕЗЮМЕ:В творчестве Ахмеда бея Агаоглу особое место занимает изучение русской литературы. Он изучал историю русской литературы в разные периоды своей деятельности и посвятил свои статьи выдающимся деятелям. Статьи были опубликованы в прессе Азербайджана и Турции. Пять статей Ахмеда бека Агаоглу, посвященных развитию русской литературы, были опубликованы под названием «Общая характеристика русской литературы». Здесь Агаоглу следил за развитием русской литературы. Начиная с русских блин, пушкинский и раннепушкинский кружки были вовлечены в общественные и литературные исследования.
Классики русской литературы - И.А.Крылов, А.С.Грибоедов, Карамзин, Александр Пушкин, раскрывают его характерные черты. Русские литературные традиции постепенно развивались в творчестве других классиков. М.Горький, А.П.Чехов, Н.И.Гоголь, Л.Толстой, Ф.М.Достоевский и даже русские писатели современного века эффективно воспользовались этими традициями. Для русской литературы характерны особенности - народное мышление, образ жизни и реальная жизнь - верность, правдивость, объективность и идеал женщины в ней.

ƏHMƏD BƏY AĞAOĞLU "İslama görə və islamiyyətdə qadın"


TƏHMİNƏ VƏLİYEVA

ƏHMƏD BƏY AĞAOĞLUNUN “İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN” ƏSƏRİNDƏ MÜSƏLMAN QADININ SƏCİYYƏSİ
Açar sözlər: İslam, müsəlman xalqları, qadın, Məhəmməd peyğəmbər, din və şəriət, qadına münasibət, tərəqqi və tənəzzül, tarix və müasir dövr
Key words: İslam, muslim people, woman, the prophet Muhammed, religion and sharia, occasion to  woman, progress and decline, history and the modern era
Ключевые слова: Ислам, мусульмане, женщина, пророк Мухаммед, религия и шариат, повод для женщин, прогресс и упадок, история и современность
Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” adlı əsəri ilk dəfə 1901-ci ildə Tiflisdə rus dilində çap edilmişdir. Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Mübariz Süleymanlı “Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar” adlı kitabında əsərin nəşr tarixinə nəzər salmaqla bərabər onun nəşr və tərcümə mətnlərinə elmi-tənqidi aspektdən münasibət bildirmişdir. O qeyd edir ki, əsər ikinci dəfə 1959-cu ildə İstanbulda “İslamlıqda qadın” (“İslamlıkta kadın”), 1985-ci ildə isə Ankarada “İslamiyyətdə qadın” (“İslamiyyetde kadın”) adı ilə nəşr olunmuş və bu nəşrə Səməd Ağaoğlu “Kitab, müəllif və “İslamlıqda qadın” adını daşıyan “ön söz” yazmışdır. Əsəri ilk dəfə rus dilindən türk dilinə tərcümə edən Həsən Əli Ediz olmuşdur. Azərbaycan dilində əsərin ilk dəfə “Ulduz” jurnalında (1990, №3 (275)) çap olunması və geniş elmi ictimaiyyətə çatdırılması Elman Mustafaoğlunun adı ilə bağlıdır. Həmçinin o, “Ölümsüz adam” başlıqlı təqdimat yazısında Ə.Ağaoğlu şəxsiyyəti və fəaliyyətinə obyektiv münasibət bildirmişdir. E.Mustafaoğlu bu işi İstanbul nəşri əsasında həyata keçirmişdir. İstanbul nəşrlərində əsərə əlavə başlıqlar daxil edilmişdir. E.Mustafaoğlunun Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdırmasında bir qüsurların olduğunu M.Süleymanlı qeyd edir. Əsərin İstanbul nəşrlərində yer alan bir başlığın – “Peyğəmbərin qız cocuğuna göstərdiyi məhəbbət” (Ahmet Ağaoğlu. İslamlıkta kadın. İstanbul, Nebioğlu Yayınevi, 1959, s.29), “Peyğəmbərin qız cocuğuna göstərdiyi sevgi” (Ahmet Ağaoğlu. İslamiyyette kadın. Ankara, Birey ve toplum yayınları, 1985, s.28) 1990-cı il Bakı variantında “Peyğəmbərin qızına məhəbbəti” şəklində verilməsinə qarşı çıxır (6, 7). Əlbəttə “qız uşağı” və “öz qızı” kəlmələri ayrı-ayrı anlam ifadə edir. Əsər isə daha bəşəri səciyyə daşıyıb İslam dünyasındakı ümumqadın probleminə həsr olunub. Bu baxımdan tədqiqatçının iradını haqlı saymaq olar. M.Süleymanlı bəzi improvizə hallarının mövcudluğunu, sinonimlərin əsərin dilini ağırlaşdırdığını və fransızca istinadların yazılışında diqqətsizliyə yol verildiyini də nəzərə çatdırır. O, “Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar” kitabında əsərin orijinal və tərcümə variantlarını (tərcüməçilər: Həsən Əli Ediz və Rüfət Şərifov) daxil etmişdir. Kitabda yer alan bu əsəri rus dilindən Azərbaycan türkcəsinə Rüfət Şərifov tərcümə etmişdir. Əsəri ədibin külliyyatı üçün isə Kərim Axundov azərbaycancaya çevirmişdir.
“İslama görə və islamiyyətdə qadın” əsərində Ə.Ağaoğlu müsəlman xalqlarında qadına münasibət məsələsini İslam dini mövqeyindən araşdırmışdır. Səməd Ağaoğlunun kitaba yazdığı müqəddimədə qeyd edildiyi kimi, “Ağaoğlunun bütün həyatı boyunca müdafiə etdiyi bəzi prinsiplərin ilk köklərini göstərən bir vəsiqə” hesab olunan bilər (2, 11). Qadın məsələsi Əhməd bəyi hər zaman düşündürmüş, istər elmi və publisistik yazılarında, istər pedaqoji, istərsə də siyasi fəaliyyətində qaldırdığı ən ümdə problemlərdən olmuşdur. Əsər barədə Türkiyədə ilk dəfə geniş surətdə bəhs açan Yusuf Akçuranın sözləri ilə desək “Əhməd bəy bu risaləsində islamın irəliləməsi və geriləməsinə ölçü olaraq “qadın”ı almışdır” (3, 158). Əsərin yazıldığı dövrdə Qərbdə feminizm ideologiyasının geniş vüsət aldığını və qadınların cəmiyyətdə yüksək nüfuz qazanmağa başladığını nəzərə alaraq müsəlman Şərqində qadının tutduğu mövqeyi aydınlaşdırmaq baxımından “İslama görə və islamiyyətdə qadın” əsəri olduqca qiymətli material verir. Tədqiqatçı Bəsirə Əzizəliyeva əsər barədə “zamanın çox mühüm aktuallığı kimi meydana çıxmış, qlobal düşüncənin, dövrün tələblərinin müsəlman cəmiyyətindəki qadınların vəziyyəti ilə nə qədər uyğun olub-olmaması sualı araşdırılmışdır” (5, 6) deyərək onun məhz zamanın tələbi ilə yarandığını qeyd edir. Əsərdə İslamda qadına verilən hüquqlar ilə İslam ölkələrində qadınlara tanıdılan hüquq və azadlıqlar qarşılaşdırılır. Ə.Ağaoğlu Qərbin Məhəmmədə (s.ə.v) dair fikirlərini səciyyələndirmək üçün Lavellenin “Fransız ədəbiyyatı tarixi”, Kazan missionerlərinin “Bizansın müsəlmanlar əleyhinə ədəbiyyatı”, Edel de Merilin “Poesies popularies latınes du moyen age”, E.Renanın “Din tarixinə dair etüdlər”, F.Mişelin “Məhəmmədin romanı” kimi qaynaqlara istinad etmişdir.
Əhməd bəy Ağaoğlu Qərbdə İslam dininə və onun peyğəmbərinə qarşı mövcud olan qərəzli fikirlərə yer verməklə yanaşı onlara münasibətini obyektiv surətdə bildirir. Ədib İslam dini və peyğəmbəri barədə yetərincə məlumatlı olmayan başqa xalq və başqa din nümayəndələri tərəfindən İslam dini və Həzrəti Məhəmməd (s.ə.v) barədə yanlış təbliğat aparılmasını, İslam peyğəmbərinin “dəvələr çarvadarı”, “yalançı ərəb peyğəmbəri” adlandırılmasını, onun “qızıl büt Maqom” şəklində təsvir edilməsini məqbul hesab etmir. Bunu islama dair ilkin təsəvvürlərin təcəssümü kimi səciyyələndirir və bu cür fikirlərin İslam dini haqqında yetərsiz məlumatdan qaynaqlandığını bildirirdi. Zamanla müqəddəs “Qurani-Kərim” abidəsinin Qərbdə öyrənilməsi avropalıların İslama qarşı münasibətinin dəyişilməsinə səbəb oldu. Bu isə XIX əsrin ikinci yarısında gerçəkləşdi. Ədib Şekspir, Volter, Leybnitsin kütləni əyləndirmək üçün peyğəmbər haqqında uydurulan komik əhvalatlar, yazılan pamfletlər qarşısında öz təəccübünü və təəssüfünü gizlətmir. Məşhur italyan yazıçısı Dante “İlahi komediya”sında Məhəmməd peyğəmbəri (s.ə.v) qədim dövr müdrikləri içərisində göstərdiyinə görə tonqalda yandırılmaq qorxusu ilə onu Fra Dolçino və Bertrano de Born kimi nifaq salanların arasında, cəhənnəmdə təsvir etməsi, yaxud italyan memar Orkaniya Pizanın Kampo-Santasında peyğəmbəri Averroes və Antixrist kimi bütün dinlərə nifrət bəsləyənlər sırasında verməsi və hətta papalığa yüksələ bilmədiyindən onun öz yoldaşlarından qisas almaq məqsədilə “yeni din” uyduran şəxs şəklində təsvirikimi faktlar da əsərdə yer alır. Hətta elmdə də belə təzahürlər özünü göstərirdi. Əhməd bəy göstərir ki, ingilis alimi Karl Foster 1829-cu ildə nəşr etdirdiyi iki cildlik əsərində peyğəmbər “Daniilin öncəgörmələrinin səkkizinci hissəsində təsvir edilən keçinin kiçik buynuzu” (6, 54) şəklində verilmişdir. Təəssüf doğuran bu cür təsvirlərin katolik kilsəsinin yüksək nüfuza malik dövrlərdə meydana çıxması kilsə hakimiyyəti faktoru ilə də bağlı ola bilər. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov məlumat verir ki, adı çəkilən və Əhməd bəyin tənqid hədəfinə çevrilən bu müəlliflərə ərəbşünas Y.Belyayev də “Ərəblər islam və ərəb xilafəti erkən orta əsrlərdə” əsərində eyni qiyməti vermişdir (4, 56). Y.Belyayev həmin əsərində alman ərəbşünası Q.Qrimin “Məhəmməd” əsərində İslamın yalnız din deyil, sosialist hərəkat kimi səciyyələndirməsinə qarşı çıxır.
Sual yaranır: iki qüvvətli din – Xristianlıq ilə İslam arasında qəti sərhəd çəkmək mümkündürmü? Necə ki katolikliklə provaslavlıq, şiəliklə sünnilik arasında mütləq hədd qoymaq olmur, bu iki din münasibətlərində də elədir. Onlar bir məxəzdən, bir mənbədən qaynaq götürür. Şiəliklə sünnilik İslamın, katolikliklə provaslavlıq Xristianlığın iki tərəfidirsə, bu iki qüvvətli din də elə. Hər ikisi təkallahlığa xidmət edir. Əhməd bəy də, XX əsr Qərbinin fikirlərinə şərik çıxaraq bu iki din arasında mənəvi bağ olduğunu bildirirdi. Bu barədə ingilis şərqşünası Maks Müller yazırdı: “İllər ötəcək xristianlar Məhəmmədi İsanın silahdaşı, İslam dinini isə xristianlığın məzhəbi kimi tanıyacaqlar; və onda həm xristianlar, həm də müsəlmanlar onların tarixində baş verən mübarizə və qarşıdurmalara təəccüb edəcəklər” (6, 56). Bu fikrə rus alimləri V.Solovyov və Petrov da şərik çıxırdı. Əhməd bəyin sözləri ilə desək, “bu gün dinlər emosional münasibət predmeti deyil, mənəviyyatın orijinal təzahürlərini” əks etdirir. O, qadın mövzusuna dair “müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha hörmətlidir” (6, 56) şəklində münasibətini bildirir və Məhəmməd peyğəmbərin Həzrəti Məryəm haqqında səsləndirdiyi fikri “ilahi ruhun anası olan Məryəmdən sonra Fatimə ikinci qadındır” sitat gətirməklə bu mənəvi bağa bir işarə edir və eləcə də Quranda Məryəmin adı hörmətlə anılır.
Əhməd bəy Ağaoğlu Qərbin İslam barədə təsəvvürləri ilə oxucusunu tanış etdikdən sonra qadın probleminə müsəlman xalqlarının düşüncəsi ilə İslam dini ideologiyasının qarşılaşdırılması zəminində araşdırır. O, müsəlman qadının bugünkü vəziyyətinə əsaslanaraq “İslam və qadın” problemini analiz etməyin aprior nəticə verəcəyini bildirirdi. Müsəlman Şərq xalqlarının islamaqədərki dövrdə qadınların vəziyyətini təsvir edən ədib göstərir ki, bədəvi ərəblərdə qız uşağının dünyaya gəlməsi bəd əlamət hesab edilmiş, allahların qarğıdığı ailəyə qız övladı göndərdiyi barədə təsəvvürlər var idi. Əksər hallarda qız uşaqları diri-diri quma basdırılır, başqasına satılır yaxud bir ev heyvanı ilə dəyişdirilirdi. İbn Xəldun göstərir ki, bu qadınlar ərlərinə və kişi cinsinə mənsub olan valideynlərinə aid olan “malın varisi” olmaq hüququndan da məhrum idilər. İslamaqədərki dövrdə ərəblərin yaşam tərzində kəbinlərin əxlaqi öhdəlik deyil, təsadüfi birləşmə xarakteri daşıması, poliqamiyanın (çoxarvadlılıq) baş alıb-getməsi, ümumiyyətlə ailə dəyərlərinin olmaması və cahiliyyə dövrü ərəb qadınlarının ictimai yerlərdə “varlı tacir axtarışına çıxması” kimi hallar hökm sürürdü. Ədibin ərəblərin islamaqədərki həyat tərzinin təsvirini verməsi İslamın ərəb yaşam tərzində və əqli düşüncəsində oynadığı rolu göstərmək, qadın probleminə bədəvi ərəb nəzərindən baxmaq üçün olduqca faydalıdır. O, təkcə ərəb xalqlarında deyil, türklərdə və farslarda “İslam və qadın” problemini şərh edir. Əgər Misirdə, Ərəbistanda, İranda qadının “qul”a çevrildiyini görürüksə, türk qadınları öz ərləri ilə döyüşə gedir, cəsurluğu ilə seçilir. Türk qadınlarıının örtünməsi İslam dini ilə əlaqədar olmuşdur. Müsəlman türk qadınları arasında xəlifə Harun ər-Rəşidin xanımı Heyzaran böyük nüfuz sahibi olmuş, “Əmir” və “Valid Sultan” titullarına yiyələnmişdi. Atabəyin xanımı Saada-Tarxan-xanım naib vəzifəsini yerinə yetirmiş, Atabəylər ailəsindən olan Alma Xatın Şirazda çarlıq etmişdir. Səlahəddin Əyyubinin xanımı Xədicə isə Dəməşqdə məktəb və kolleclərin əsasını qoymuşdu. Fars qadınlarının islamdan öncəki durumunu təsvir edərkən İran şairi Firdovsinin “Şahnamə”sinə və M.Darmsteterin “Zənd Avesta” əsərinə isnad edir: “Qədim İranda qadın tamamilə kölə halında idi. O, bütövlükdə bir dustaq kimi ömür sürürdü, Allahın işığına da həsrət idi. Mülki qanunlar qadının alınıb-satılmasına da icazə verirdi. Darmsteterin “Zənd Avesta” əsərində deyildiyi kimi, dini qanunlara görə oğlan öz anası, bacısı, xalası, bibisi, bacısının və ya qardaşının qızı ilə evlənə bilərdi. Qadınlığın müəyyən təbii günlərində İranda qadınlar ev-eşikdən uzaq daxmalara çəkilməli idilər. Onlara yemək-içmək gətirən adam əvvəlcə qulaq və burun dəliklərini tıxaclamalı və əllərinə əski sarımalı idi; çünki bu vaxt həmin qadınların vücudu, hətta onları əhatə edən hava və əşya ilə təmasda olmaq murdarlıq hesab olunurdu” (6, 59).
Azadlığı və hüquqları əldən alınmış qadınların əzəli müdafiəçisi olan Həzrəti Məhəmmədin dinində - İslamda qadın mərkəzi yer tutur, ona müvafiq azadlıqlar verilirdi. Təsadüfi deyil ki, “Qurani-Kərim”in 16 surəsində (“Bəqərə”, “Ali İmran”, “Nisa”, “Maidə”, “Yusif”, “İbrahim”, “Nəhl”, “Məryəm”, “Nur”, “Nəml”, “Qəsəs”, “Əhzab”, “Rəhman”, “Mücadilə”, “Təlaq”, “Buruc”) qadın probleminə toxunulmuşdur. Kitabın irihəcmli surələrindən birinin “Nisa” (“Qadınlar”, 176 ayə) adını daşıyır və surənin mərkəzi problemi qadındır. “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!”  (1, 55) sözləri başlayan “Surətun-Nisa” qadına xor baxıldığı zamanda bir inqilabi çağırış kimi səslənir.
 “Məni hansı günahıma görə öldürürsən?” sualı ilə üzləşən valideynlərə “öz uşaqlarınızı öldürməyin!” çağırışı ilə səsləndi. Qız övladlarına məhəbbəti öz qızı Fatiməyə sevgisi ilə göstərdi. “Cənnət anaların ayaqları altındadır” dedi. Cahilliyə dövründə yüzə yaxın arvadı olan qəbilə başçılarının sayı az deyildi. Poliqamiyaya qarşılıq kəbinlərin sayı dördlə məhdudlaşdırılması oldu. Ancaq hər birinə qarşı ədalətli olmaq şərtilə, yəni eyni cür davranmalı, eyni rəftar edilmək şərtilə. Bu isə faktiki olaraq monoqamiyaya gətirib çıxarmalı idi. Çünki ağır şərtlər altında dörd qadınla evli olmaq olduqca çətindir. “Quran”da bu barədə deyilir: “Siz heç vaxt qadınlarınızla tam mənada ədalətli münasibətlər qura bilməzsiniz ... Əgər sizin bütün qadınlarınıza münasibətdə ədaləti gözləyəcəyinizə az da olsa şübhəniz varsa bir qadınla evlənin. Bu, ədalətsizliyə yol verməməyin, günah işlətməməyin ən yaxşı vasitəsidir”. Hətta qadınlar tərəfindən xəyanətlə üzləşildiyi halda onları bağışlamaq məqbul hesab edilir və dörd şahid istənilir. Boşanma məsələsi isə “talaq” qaydası ilə həyata keçirilirdi. “Tadcamunn” adı ilə bilinən adətə - “ər axtarmaq” məqsədilə ictimai yerlərə açıq-saçıq geyimlərdə gedənlərə, peyğəmbərin yanına gələnlərə qarşı əvvəlcə eyib yerlərinin örtünməsi, daha sonra “hicab” buyuruldu. Ərəblərdə guşənişinliyin Məhəmməddən xeyli əvvəl mövcud olduğunu bildirən Ə.Ağaoğlu tarixə müraciət edərək peyğəmbər və ilk xəlifələr dövründə kişilərlə qadınların eyni məclisdə oturması, ictimai yerlərdə söhbət etməsi və hətta Ayişənin orduya başçılıq etməsi kimi faktları misal gətirir. İlk çıxışlarından ömrünün sonuna qədər qadın hüquqlarının müdafiəçisi olan Məhəmməd peyğəmbəri qadınlar daha çox himayə edirdilər. Bütün var dövlətini din yolunda xərcləyən Xədicə, ərindən gizlin islamı qəbul edib Həbəşistana qaçan Ümmü Həbibə, Ömərin islamın qəbul etməsində böyük rolu olan bacısı Fatimə buna ən yaxşı örnəklərdir.
Əhməd bəy Ağaoğlu müsəlman qadınlarının təkamül tarixini dörd dövrə bölürdü: “1. Məhəmməddən Əməvilərin hakimiyyətə gəlmələrinə qədərki dövr; 2. Əməvilərdən türk hakimiyyətinə qədərki dövr; 3. Türk hakimiyyəti dövrü; 4. Qadının qəti alçalması dövrü” (6, 66). İslamın ilkin dövrü bu tarixi təkamül dövrünün birinci mərhələsini əhatə edir. Məhəmməd peyğəmbərin və dörd xəlifənin – Həzrəti Əbubəkr, Həzrəti Ömər, Həzrəti Osman, Həzrəti Əlinin hakimiyyəti dövründə müsəlman qadınlarında “ciddilik və əxlaq möhkəmliyi, din yolunda əzablara dözmə, qəhrəmanlıq şövqü, poeziyaya və moizəyə meyil” əsas təşkil edirdi. Müsəlman qadınlarında Xədicə, Fatimə, Aişə kimi İslam cəbhəsinin öndə gedən  qadınlarından  nümunə götürüb yeni zəminli xarakter – “İslam qadını” formalaşırdı. Bütün var-dövlətini İslam uğrunda fədakarcasına sərf edən, güclü qohumları ilə mübarizəyə girişən Xədicə İslam qadınları üçün güc, səxavət, Fatimə dözüm və səbat rəmzi kimi səciyyələnirsə, Aişə isə kiçik yaşlarından peyğəmbər əxlaqı ilə böyüyən qadınların simvolu idi. İslam dininin və onun peyğəmbərinin qadına olan humanist mövqeyi, qadına hüquq və azadlıqlar tanıması islamın ilkin dövrlərində qadınlara olan münasibətin yüksəlməsinə səbəb oldu. İslamın sonrakı dövrlərində qadınların nüfuzunun artması bu yöndə Həzrəti Məhəmmədin (s.ə.v) apardığı əzmkar mübarizə və qazandığı ilk uğurlarla əsaslı surətdə bağlı idi. Əlbəttə İslamın ilk uğurlarında Belal, Xədicə kimi qadınların da rolu az deyildi. Qadınlar peyğəmbərə böyük rəğbət göstərirdi. Fransız alim Ernest Renan bu barədə qeyd edir: “Qadınların rəğbəti peyğəmbərin fəaliyyətinin ilk çağlarında öz ünvanına eşitdiyi təhqirlərə dözümlü olmağa məcbur edirdi” (6, 66).
Müsəlman qadınlarının təkamül tarixinin ikinci dövründə - Əməvi xəlifəsi Xişam və Validin  hakimiyyəti zamanında müsəlman qadınlarının daha da tərəqqi etdiyini bildirən Ə.Ağaoğlu onların təlim-tərbiyəsinin kişilərlə bərabər aparıldığını, onların poeziya, natiqlik kimi sənətlərə yanaşı müxtəlif bilik sahələrinə yiyələndiklərini qeyd edir. Bu dövr müsəlman qadınlarının mənəvi kamillik nümunəsi olaraq İbn Həllaqın “Bioqrafik Ensiklopediyasına” əsaslanaraq Əhməd bəy də İmam Hüseynin qızı Sükeynəni göstərir. O, ensiklopediyada “dövrün qadınları içərisində gözəllikdə, zəkada və xeyirxahlıqda birinci qadın” şəklində təsvir olunur. Dövrünün qibtə olunan qadını Sükeynə barədə “Xəlifəlik dövründə mədəniyyət” kitabının müəllifi de Slane, fransız şərqşünası Perron böyük rəğbətlə bəhs açmışlar. Bu mənbələrdə Sükeynənin nəinki qadınlar, həm də kişilər arasında böyük təsir gücünə malik olduğu qeyd edilir. Onun geyimi, duruşu, davranışı təqlid edilir, qadınlar hər cəhətdən ona bənzəməyə çalışırdılar. Ondan məsləhət almaq üçün uzaq yerlərdən ziyarətinə gəlirdilər. Ə.Ağaoğlu hətta Sükeynənin şərəfinə “Turrat-ül-Sükeynə”sarığının hazırlandığını bildirir. Əziz Mirəhmədov Sükeynənin müsəlmanlar arasında unudulmasına təəssüfünü bildirir və “bu fakt bir də ona görə ibrətli və acıdır ki, Sükeyna ilə eyni vaxtda yaşamış və “İncilin eynən icrasını tələb edən Rabiənin məqbərəsi dini bir ziyarətgaha çevrilmiş” və Xaqani kimi şairlər fəxrlə öz analarını onunla müqayisə etmişlər” (4, 67)
Abbasilər dövrü qadınlarının xronikasını verən Ə.Ağaoğlu “ərəb mədəniyyəti Abbasilər dövründə yüksəlib sonra birdən iflasa uğradığı kimi müsəlman qadını da öz inkişafında ən yüksək səviyyəyə çatıb birdən geriləməyə başladı” (6, 72) – sözləri ilə III dövrü səciyyələndirir. O, bu iflası əxlaqın pozulması, həyat tərzində sadəliyin itirilməsi və farsların, suriyalıların təsiri ilə bağlayır. Abbasilər farsların köməyilə İranda hakimiyyəti ələ keçirdiklərindən onlarda iranpərəstlik özünü açıq-aşkar göstərirdi. Fars mədəniyyəti İslam mədəniyyətini zənginləşdirsə də İslamın öz qüdrətini itirməsində böyük rol oynadı.
Abbasilərin hakimiyyətinin ilk dövrlərində müsəlman qadınları elmə, sənətə yiyələnir və hətta idarəçilikdə də təmsil olunurdular. Ədib “Biliyə qarşı meyil, mənsəbindən asılı olmayaraq o dövrün bütün qadınları üçün xas idi” (6, 77) sözləri ilə müsəlman qadının keçdiyi bu tarixi dövrü səciyyələndirir. İlk abbasi Əbül-Abbasın xanımı Ümmü Sələmə, xəlifə Məhdinin xanımı Heyzaran xəlifə Harun ər-Rəşidin həyat yoldaşı Zübeydə, xəlifənin bacısı Abbasə bu dövrün nüfuzlu qadınları idi. Ə.Ağaoğlu tarixçi Məsudinin “Qızıl çöllər” əsərindən “onun ərinə təsiri o qədər böyük idi ki, əri onunla məsləhətləşmədən, bəzən isə hətta onun razılığı olmadan heç bir məsələyə dair qərar verməzdi” (6, 74) sitatını gətirərək Ümmü Sələmənin necə təsir gücünə malik olduğunu göstərir. Qabaqcıl fəaliyyəti ilə seçilən, kasıbları, şair və ədiblərin himayəçisi Heyzaran da həm xəlifə əri üzərində olduqca güclü təsirə malik idi, həm də xalq arasında xeyriyyəçiliyi və səxavəti ilə hörmət qazanmışdı. Bir çox Şərq və Qərb yazıçılarının diqqətini özünə cəlb etmiş, ağıllı, xeyirxah, sadədil və gözəl qadın – Zübeydə həm abadlıq, idarəçilik işlərində yaxından iştirak edir, həm də “kasıb şair və yazıçıların himayədarı” idi. Əbəs yerə Əhməd bəy “Bağdad şəhəri öz şöhrəti və əzəmətinə görə məhz bu qadına minnətdar olmalıdır” (6, 75) sözlərini demir və onun təkcə Bağdad deyil, Ərəbistan üçün gördüyü işləri sadalayır. Abbasə də Zübeydə kimi xilafətin ictimai və ədəbi həyatında fəal iştirak edirdi və öz gözəl məziyyətləri ilə seçilirdi. Ancaq onun Bərməkilərdən olan gənc sərkərdə Cəfərlə nakam sevgi macərası bu dövrün əxlaq qaydalarını və xəlifə Harun ər-Rəşidin xarakterini açan cəhətləri özündə əks etdiyinə görə bir çox ədib və tarixçilərin diqqətini çəkmişdi. Ə.Ağaoğlu hətta bununla bağlı şərqlilərdə rəvayət və məsəllərin yarandığını bildirir və “xoşbəxtliyə bel bağlama – o, Bərməkilərə də xain çıxdı” (6, 76) məsəlini nümunə göstərir.
XVI əsr yazıçısı Siyutinin “... Bu dövrdə xəlifələrin zəifliyi ucbatından hakimiyyət tamamilə qadınların əlinə keçmişdi və iş o yerə çatmışdı ki, gənc xəlifənin anası dövləti müstəqil idarə edirdi; ... o, öz adından qanunlar çıxarırdı” (6, 77) sitatı xəlifə I Matazidin xanımı Katr ül-Nadanın fəaliyyətini səciyyələndirir. Məhz Əhməd bəy Katr ül-Nada barədə ilkin məlumat verdikdən sonra bu sitatı gətirir. Katr ül-Nada şəxsiyyəti ilə XX əsr müsəlman qadını arasında ciddi fərq və hətta təzad vardı. İdarəedici qadınlar arasında iki Misir şahzadəsinin – Sitt ül-Mülk və Saqrru-Durun da adı çəkilməlidir.
Dövrün öz elmi, biliyi ilə seçilən qadınları sırasında Ə.Ağaoğlu Bağdad mədrəsələrində ədəbiyyata dair mühazirələr oxuyan Fəxrun-Nisənin, kişi və qadınlar üçün teologiya kursu keçən Ümmül-Xeyr Fatimənin, məşhur Şafinin müəllimi olan Seidey Nəfisənin adını çəkir. Bu dövrdə müsəlman qadını həm də şücaəti ilə seçilirdi. Əmir Asamanın tərcümeyi-halında dediyinə görə xaç yürüşlərində onun anası və bacısı, xəlifə Mənsurun dövründə Bizansla müharibədə iki qadın qohumu iştirak etmiş və hərbi geyimdə vuruşmuşlar. Ə.Ağaoğlu müsəlman qadınlarının İran təsirinə uyaraq kosmetika və hərəm intriqalarına hədsiz qurşanması onları elmdən, sənətdən uzaqlaşdırmaqla qalmadı, hətta nüfuzlarını itirmələrinə səbəb oldu. Hərəmxanalar isə farslardan müsəlmanlara keçmiş adət idi. Qadınların əqli fəaliyyətdən uzaqlaşıb passiv hərəm həyatına keçidi onların tənəzzülünün başlanğıcı idi. Misir, Hindistan və İspaniyada yaşayan müsəlman qadınlarının da ümumi səciyyəsini verən ədib müsəlmanların nicatının qadın məsələsi və əlifba islahatından asılı olduğunu bildirir. Əhməd bəyin müsəlman qadınlarının tarixi inkişafını izləyərkən bu və ya digər dövrdə qadının yüksəlişinin də, süqutunun da maariflə bağlılığı ən dəqiq faktor kimi qarşıda dayanır. Qadın oxuduqca, elmə, təhsilə yiyələndikcə yüksəldi və təkcə özü yüksəlmədi. Öz ailəsini və cəmiyyətini də yüksəltdi. Qəliz ərəb qrafikalı əlifbadan qurtulmaq XIX və XX əsr Azərbaycan ziyalılarının həllinə ən çox çalışdığı məsələlərdən idi. Bu əlifba maariflənmənin qarşısında böyük əngəl idi. Məhz bu səbəbdən Ə.Ağaoğlu da əlifba islahatının keçirilməsini vacib sayırdı. Yusuf Akçura Əhməd bəyin islam qövmlərinin qurtuluşu üçün “qadın” və “əlifba” problemlərinin islahı məsələsini qoymasını təqdir edir.
Ə.Ağaoğlu bu iki məsələni İslam dünyasının qatı düşməni hesab edərək şəriət əhlini Quranı və dini təhrif etməkdən yaxa qurtarmağa çağırır. Ədib məşhur türk şairi Ömər Xəyyamın “İslamın özü heç bir qüsura malik deyil, bütün qüsurlar bizim müsəlmançılığımızdadır” (6, 58) – sözlərini xatırladaraq İslamda qadına verilən hüquqları məhz “müsəlmançılığın” əldən almasına işarə edirdi.
Əhməd bəy Ağaoğlunun “İslama görə və İslamiyyətdə qadın” əsərində qaldırılan problemlər təəssüflər olsun ki, bu gün də tam olaraq öz həllini tapmayıb və öz aktuallığını saxlayır. Müsəlman qadını bir zamanlar yüksəldiyi zirvəyə hələ də qalxa bilmir. Hərəmxana yoxdursa da, məişət qayğıları sənətə marağın qarşısında bir əngələ çevrilibsə, geyim-keçimə həddən ziyadə vurğunluq təhsilə, elmə həvəsi azaldıb. Necə deyərlər, hər dövrün öz problemi...!
Əhməd bəy Ağaoğlu İslam dünyasının XX əsrdəki (və eləcə də bugünkü) vəziyyətə gəlməsini fars və Suriya mədəniyyətlərinin pozucu təsiri ilə bağlayır. O, müsəlman xalqlarının ilkin islamdan uzaqlaşması, qadının sosial və kültürəl mövqeyini itirməsi bu təsirlərə uyumla əlaqələndirir. Zamanla bu əks-təsirlər türk xalqlarına da nüfuz etmişdi. Ə.Ağaoğlu müsəlman xalqları arasında pozucu təsirlərə uymayan türk-tatarlar və İspaniya mağribiləri arasında sərbəstliyin qalmasını qeyd edir. Mübariz Süleymanlı bunu “ənənəvi fars kültürünün üstünlüyü düşüncəsindən uzaqlaşaraq azərbaycanlıların modern milliyyətçi idealına yaxınlaşması” (6, 19) ilə əlaqələndirir. Bildirək ki, türklər islamdan öncə də sərbəst yaşam sürmüşlər və islamın gətirdiyi yeni yaşayış, yeni düşüncə onların qadın azadlığını əldən almamışdı. Ənənəvi fars kültürü bu qadınların düşüncə və yaşam tərzinə təsir etdikcə onlar xarakter etibarilə dəyişmiş, əvvəlki nüfuz və sosial hüququnu itirmişlər. Qadının əsarət zəncirləri ilə hüququnun əldən alınmasını İran İslam Respublikasında və Suriya, Livan kimi ərəb ölkələrində bu gün də qalmaqdadır. Şərqdə ilk dəfə qadına səsvermə hüququ verən Azərbaycan türkləri və qadını sosial fiqur kimi tanıyan, ölkələrinin ictimai-siyasi həyatında yaxından iştirak etmələrinə imkan yaradan ümumən türk xalqlarının islamlığında ilkin islama yanaşma meyli aşkar görünür.
Ədəbiyyat:
1.     “Qurani-Kərim”in Azərbaycan dilinə mənaca tərcüməsi. (Ərəb dilindən tərcümə edənlər: akademik Ziya Bünyadov, akademik Vasim Məmmədəliyev). Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2012, 568 s.
2.     Ahmet Ağaoğlu. İslamlıkta kadın. İstanbul, Nebioğlu Yayınevi, 1959, 60 s.
3.     Akçura Y. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001
4.     Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı, Ərgünəş, 2014, 264 s.
5.     Əzizəliyeva B. Əhməd bəy Ağaoğlunun İslam dünyasında qadına münasibət barədə düşüncələri // 525-ci qəzet, 13 dekabr 2016, s.6
6.     Süleymanlı M. Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar. Bakı, 2008, 148 s.
7.     Ufuk Özcan. Yüzyıl döneminde batıcı bir aydın Ahmet Ağaoğlu ve rol değişikliyi. İstanbul, Kitabevi, 316 s.

Təhminə Vəliyeva
ƏHMƏD BƏY AĞAOĞLUNUN “İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN” ƏSƏRİNDƏ MÜSƏLMAN QADININ SƏCİYYƏSİ
Xülasə: Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsəri İslamın mərkəzi problemlərindən biri olan qadın probleminə həsr olunmuşdur. Əsərdə müsəlman qadını problemi tarixi və müasir aspektdən tədqiq olunur. Burada qadın problemi müxtəlif zamanlarda - islamaqədərki dövr, İslamın ilk illəri, Əməvilər, Abbasilər dövrü və XIX əsr, XX əsrin əvvəllərində araşdırılır. Əhməd bəy müasiri olduğu dövrdə qadın məsələsini canlı həyatdan aldığı konkret nümunələrlə verir. Lakin islamaqədərki dövrdə, Məhəmməd peyğəmbər və İslam xəlifələri zamanında müsəlman xalqlarında qadının vəziyyəti onların məişət həyatını və düşüncə tərzini ifadə edən etibarlı elmi qaynaqlara əsasən şərh edilir. İslamdan öncə və islamın müxtəlif dövrlərində qadına qarşı mövcud olan münasibət burada öz əksini tapır. Bu isə konkret problem üzrə tarixən müqayisə aparmağa əsaslı material verir.
Qadınların İslamın ilk dövrlərində hərarətlə İslamı dəstəkləməsini Əhməd bəy Ağaoğlu islamaqədərki dövrdə onların acınacaqlı vəziyyəti ilə əlaqələndirir. Əsərdə İslamın qadına verdiyi hüquq və azadlıqlar önə çəkilir. Əhməd bəy Ağaoğlunun İslamda qadın məsələsini bu qədər qabartmasının əsas səbəbi isə islamiyyətdə qadına qarşı olan münasibətdir. Qadını ictimai həyatın ən önəmli parçası hesab edən Əhməd bəy qadınların hüquq və azadlığının tanınması tərəfdarıdır.  
Tahmina Valiyeva
THE CHARACTER OF MUSLİM WOMAN İN AHMAD BAY AGHAOGHLU’S “WOMAN İN İSLAM AND İSLAMİC WORLD
Summary: Ahmad Aghaoghlu’s “Woman in İslam and İslamic world” was devoted to the woman problem which was the main issue of İslam. İn this work the problem of muslim woman was investigated on historical and modern aspects. The woman problem has explored here at different times – in pre-İslamic period, the early years of İslam, the Amavis, the Abbasies and in the end of the 19th century and early 20th century. Ahmad bay showed about this topic with specific examples in modern, real life. But in this work, the condition of woman in muslim people was talked in the period of pre-islamic, the prophet Muhammed and the İslamic caliph’s time, it based on reliable scientific resources, showing their lifestyle and the way of thinking. The occasion to muslim woman has reflected in pre-islam and different periods in there. This gives important material to compare on a specific problem.
Ahmad bay Aghaoghlu attributes women's strongly support to İslam in the early years of İslam with their pitiful situation in the pre-islamic period. İn this work the rights and freedoms are highlighted that giving by İslam to women. The main reason of Ahmad bay Aghaoghlu’s women issues in İslam promotion is the attitude to women in the islamic world. Ahmad bay who sees women as the most important part of public life, defends the recognition of women's rights and freedoms.
Тахмина Валиева
ХАРАКТЕР МУСУЛЬМАНСКОЙ ЖЕНЩИНЫ В АХМАД БЕЙ АГАГОГЛУ «ЖЕНЩИНА В ИСЛАМЕ И ИСЛАМСКОМ МИРЕ»
Резюме: «Женщина в исламе и исламском мире» Ахмада Агаоглу была посвящена проблеме женщин, которая была главной проблемой Ислама. В  произведение проблема мусульманской женщины была исследована в историческом и современном аспектах. Проблема женщин рассматривалась здесь в разное время - в доисламский период, в первые годы Ислама, Амависа, Аббасий, а также в конце 19-го и начале 20-го века. Ахмад Бэй показал на эту тему конкретные примеры из современной, реальной жизни. Но в этой произведение о положении женщины в мусульманских людях говорилось в период до-ислама, пророка Мухаммеда и времени исламского халифа, оно основывалось на надежных научных ресурсах, показывая их образ жизни и образ мышления. Повод для мусульманки отразился в доисламе и разных периодах там. Это дает важный материал для сравнения по конкретной проблеме.
Ахмад бэй Агаоглу приписывает женщине решительную поддержку Ислама в первые годы Ислама и их жалкое положение в до-исламский период. В этой произведение подчеркиваются права и свободы, которые дает Ислам женщинам. Главная причина женских проблем Ахмада Бэй Агаоглу в продвижении Ислама - это отношение к женщинам в исламском мире. Ахмад Бэй, который считает женщин наиболее важной частью общественной жизни, защищает признание прав и свобод женщин.




ƏHMƏD BƏY AĞAOĞLU. "Sərbəst insanlar ölkəsi"

Təhminə VƏLİYEVA   “SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ Açar sözlər: mənəvi əsarət, daxili s...