Sunday, September 2, 2018

Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş Tezis

Vəliyeva Təhminə   

AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ NİTQ ETİKETLƏRİNİN TƏDRİSİ ELMİ-METODİK PROBLEM KİMİ

Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi məsələsinin elmi-metodik ədəbiyyatda həm nəzəri, həm də metodik aspektdən qoyuluşu bu problemin elmi-nəzəri və metodik baxımdan həll edilməsini ortaya qoyur. Hər bir xalqın dilində onun malik olduğu əxlaqi-etik görüşlərinin, mənəvi dəyərlərinin təzahürü olan hazır nitq modelləri vardır ki, onlar dilçilikdə nitq etiketləri yaxud nitq yarlıqları adı ilə verilir. Nitq etiketləri tərkib hissəsi olduğu nitq mədəniyyəti kimi milli səciyyə daşıyıb, məxsus olduğu xalqın etnik-milli dəyərlərinin nitq prosesində təzahürüdür. Onlar milli olduğu qədər də bəşəridir. Çünki nitq yarlıqları dünya dillərinin hər birində mövcuddur və universal dil hadisəsidir. 
 Nitq etiketləri cəmiyyətdə insanlararası münasibətlər sistemində stereotipə çevrilmiş əxlaqi-etik davranış normalarının tənzimləyicisi kimi çıxış edir və davranış etikası ilə birbaşa bağlıdır. Nitq etiketləri gündəlik istifadədə nitq və dil səviyyəsində reallaşır  və dilin başlıca funksiyası olan cəmiyyətdə insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olması nitq etiketlərinin məzmununda təzahür edir. O, mədəni ünsiyyətin təşkilində mühüm rol oynayır. Nitq etiketi və ünsiyyət mədəniyyəti bir-birini tamamlayan və bir-birindən eyni dərəcədə asılı olan anlayışlardır. Müxtəlif nitq-ünsiyyət situasiyalarında işlənən nitq etiketləri daşlaşmış, hazır dil modelləridir. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun hansı istiqamətdə getməsi, mədəni ünsiyyətin məramının açılması situasiyadan bilavasitə asılıdır. Nitq etiketi formalarından istifadə situasiya tipləri ilə əlaqədar olaraq müəyyənləşir. Nitq etiketləri bu və ya digər situasiya üçün uyğun olan, norma hesab olunan etik ifadələrin seçilməsini tələb edir.
Nitq etiketlərinin məzmununda daşıdığı etik xarakteri onun fəlsəfi termin olan “etika” ilə eyniləşdirilməsi haqqı vermir. Nitq və etiket bir-birilə ayrılmaz, üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışan haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da, danışan səlis, mədəni nitqi ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin gedişatında idarəni öz əlinə alır. Etiket qaydaları cəmiyyətdə insanların bir-birinə hörmət və ehtiramını, sevgi və rəğbətini göstərən mühüm amillərdəndir. Etiket qaydalarının tətbiqində cəmiyyətdə mövcud davranış və danışıq stereotipləri nəzərə alınmalıdır. Məhz etiket qaydalarının şifahi və yazılı nitqdə gözlənilməsi müəyyən məqsədli nitqin səmərəliliyini və düzgün ifadə qabiliyyətini səciyyələndirir. Nitq etiketindən bəhs açarkən onun digər etiket növlərinin daxilində verilməsi və ya digər etiket növləri (xarici görünüş etiketi, davanış etiketi) ilə qarışdırılması halları müşahidə olunur. Lakin nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar sistemindən ibarətdir.
Ümumtəhsil məktəblərinin Azərbaycan dili dərslərində nitq etiketlərinin mənimsədilməsi vacib məsələ kimi qarşıya qoyulmuşdur. Nitq etiketlərinin tədrisi ümumtəhsil məktəblərinin V-XI sinif kursunda nəzərdə tutulması heç də təsadüfi xarakter daşımır. Bu məsələnin vacibliyi, hər şeydən əvvəl, nitq etiketlrəinin daşıdığı funksiyalarında təzahür edir. Nitq etiketlərinin kontaktyaratma funksiyası ünsiyyət prosesində həyata keçir. İnsanların bir-birilə əlaqə və münasibət qurmasına kömək edir. Apelyativ funksiya ünsiyyətin yaranması, dialoqun baş tutması üçün əsas vasitə rolunu oynayan müarciət formullarını özündə ehtiva edir. Kontativ funksiya (adlandırma) barədə görkəmli rus dilçi alimi prof. Lidiya Federenko müraciət formullarını şərh edərkən bildirir ki, müraciət sadəcə çağırmır, həm də onu adlandırır, yəni kontativ funksiya daşıyır. Volyuntativ funksiya nitq etiketlərinin emosional-dəyər funksiyası ilə bağlı olub, xahiş, dəvət, icazə, məsləhət, təklif situasiyalarında fikirlərin etik ifadəsini təmin edir. Emotiv funksiya nitqin emosional-ekspressiv funksiyası ilə bağlıdır, onun vasitəsilə həmsöhbətlər bir-birinə öz duyğu və arzularını ifadə etməyə kömək edir. mədəni ünsiyyət prosesində sadalanan funksiyaların böyük rolu var. Məktəb şagirdlərinə nitq etiketlərini lazımi qaydada mənimsətməklə bu funksiyalardan səmərəli istifadə təmin olunur. Müasir təlimdə nəticəyönümlülük başlıca prinsip qəbul edildiyindən müəllim keçdiyi mövzunun hansı nəticə verəcəyini əvvəlcədən müəyyən edir. Təlim nəticələri mövzunun nəzəri və praktik əhəmiyyətini qabardır və müəllimi fəaliyyətə sövq edir. Nitq etiketlərinin tədrisi ilə şagirdlərin əldə edəcəyi keyfiyyətləri aşağıdakı şəklində qruplaşdırmaq olar:
Cəmiyyətdə insanlarla mədəni ünsiyyət qura biləcəklər, məqsədli, düşünülmüş və etik nitqə yiyələnəcəklər.
Nitq etiketləri aid olduğu xalqın etik-mənəvi dəyərlərinin təcəssümü olduğundan şagirdlər milli-mənəvi tərbiyə görmüş şəxsiyyətə çevriləcəklər.
Nitq etiketləri cəmiyyətdə etik davranış normalarının tənzimləyicisi kimi çıxış etdiyindən onların şagirdlər tərəfindən mənimsənilib bacarıq və vərdişə çevrilməsi şagirdlərdə etik rəftar və davranışı təmin edəcəkdir. 
Nitq etiketlərinin şagirdlər tərəfindən dərindən və möhkəm mənimsədilməsi üçün müəllim onların işləndiyi situasiyalarla tanış etməlidir. Bunu ya bilavasitə əyani şəkildə, ya da mətn üzərində iş ilə həyata keçirə bilər. Əyani şəkildə tədris “rollu oyun” iş üsulundan istifadə ilə qurula bilər. Bir ədəbi əsər üzrə şagirdlər arasında rol bölgüsü aparıb, onları birbaşa nitq situasiyalarına cəlb edib lazımi nitq etiketini işlətməsini tapşırıq kimi vermək olar. Mətn üzərində işin səmərəli şəkildə təşkili üçün müəllim mətni məqsədəuyğun, şagirdlərin yaş, anlama səviyyəsinə müvafiq seçilməlidir. Seçilən mətn həm də didaktik xarakterdə olmalı, şagirdlərin mənəvi tərbiyəsinə kömək etməlidir. VI sinif “Azərbaycan dili” dərsliyində verilmiş “Sənin kimi olacağam” mətnində ata yazdığı inşa ilə müəlliminin tərifini qazanan oğlunu alqışlamaq üçün “Afərin sənə! Sükanı belə saxla!” alqış etiketindən istifadə edir. mətnin davamında bir başqa situasiya verilir. Belə ki, oğlan atasına onu itələyən Asifi vurduğunu deyəndə ata “Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt!” şəklində reaksiya verir. Lakin oğlunun “Yaxşı eləmişəm? Amma müəllim dedi ki, düzgün hərəkət etməmişik” sözü atanı bir növ ayıldır və sözlədiyi sözə peşman edir. Ata-oğul dialoqu şəklində verilmiş mətndə atasını böyük məhəbbətlə sevən oğlun “Mən də atam kimi həkim olacağam. Çoxlu xəstələrim olacaq və mən də onları sağaldacağam. Atam kimi mən də kasıblardan pul almayacağam. Onları pulsuz sağaldacağam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəyəm. Çünki mənim atam belə edir” sözləri atanı sarsıdır və pulu ödəmədiyinə görə əməliyyat etmədiyi xəstə yadına düşür, dərhal zəng vurub hamını işə çağırır və əməliyyata başlayır.
Təlim prosesində müəllim “karusel”, “sankveyn”, “ziqzaq” və s. kimi iş üsullarına da müraciət edə bilər. O, iş vərəqələrində müxtəlif məqamlarda işlədilən nitq etiketlərini verir və onları situasiya tiplərinə görə qruplaşdırır. Qruplaşdırılma aparıldıqdan sonra həmin iş vərəqələrini təşkil etdiyi ayrı-ayrı qruplara paylayır. Məhz bu zaman şagirdlər müşahidələrinə, oxuduqlarına əsaslanaraq yaxud özünü bilavasitə situasiyada təsəvvür edib hansı məqamda hansı nitq etiketini işlətməyin lazımlı olduğunu düşünüb müəyyən edəcəklər. Hər qrup üçün ayrı verilmiş iş vərəqələri digər qrup üzvlərinə də ötürülür. Bununla da, şagirdlər həm digər nitq-ünsiyyət situasiyaları və o məqamlarda işlədilən nitq etiketləri ilə tanış olur, həm də bir-birlərinin fikirlərini öyrənib onlara öz tənqidi münasibət bildirirlər.    

ADPU, Elmi rəhbər: filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif İsrafilov  


Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 8. "Baybörə oğlu Bamsı Beyrəyin boyu"nun dilində işlənən nitq etiketləri

Vəliyeva Təhminə 

 “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ “BAYBÖRƏ OĞLI BAMSI BEYRƏYİN BOYU”NUN DİLİNDƏ İŞLƏNƏN NİTQ ETİKETLƏRİ

Keywords: Kitabi-Dada Qorqud, speech etiquette, Beyrak, thinking of people, morally values.

Azərbaycan dilinin ən zəngin dil materiallarını özündə ehtiva edən “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin dilində xalqın etnik təfəkkürü, əxlaqi-etik dəyərlərinin dildə ifadəsi olan nitq etiketlərinə kifayət qədər çox rast gəlinir. Qədim oğuz türklərinin məişət həyatı, etnik düşüncəsi ilə bağlı işlədilən nitq etiketlərinin bu və ya digər situasiyaya müvafiq olaraq müxtəlif formalarından istifadə özünü göstərir. “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənmiş nitq etiketləri müxtəlif aspektdən tədqiqata cəlb olunmuş, sistemli şəkildə tədqiq edilmişdir. Hətta professor N.Cəfərov abidənin dilində yer alan müraciət etiketləri ilə bağlı fundamental surətdə tədqiqat aparmış və ayrıca kitab şəklində - “Xanım, hey!” monoqrafiyasını ərsəyə gətirmişdir. Professor Əzizxan Tanrıverdi “Dədə Qorqud kitabı”nın dil möcüzəsi” adlı monoqrafik əsərində daha az tədqiq edilmiş ayrılma etiketlərinə dair ayrıca fəsil vermiş, onları təsnif etmişdir.
“Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlu Bamsı Beyrəyin boyu” öz poetik tutumu və özündə zəngin dil materiallarını ehtiva etməsi ilə xüsusi fərqlənərək istər folklor, ədəbiyyatşünaslıq və istərsə də dilçilik, dil tarixi aspekti üzrə tədqiqatların aparılması üçün zəmin yaradır. Boyda müxtəlif situaiv məqam və hadisələrin gedişatı ilə bağlı işlədilən nitq etiketləri qədim oğuz türklərinin milli-etnik düşüncəsi və əxlaqi-etik dəyərlərinin dildə ifadəsidir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda müraciət, alqış, qarğış, təbrik münasibətiləvə ayrılma, sözvermə, andiçmə, qarşılaşma məqamlarında işlədilənnitq etiketləri diqqəti cəlb edir. Boyda işlənən nitq etiketlərinin qruplaşdırılaraq verilməsi onların boyda işlənmə vəziyyətini müəyyənləşdirməyə imkan verir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda işlənən xoş arzunun bildirilməsi münasibəti ilə işlədilən nitq etiketlərində xalqın arzu və istəyi ifadə olunur. “Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində işlədilən alqış etiketlərində bu xoş arzu və niyyət əksini tapır.
“Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar. Əl qaldırıb, dua eylədilər. “Allah-Taala sana bir oğul versün!”- dedilər.  
Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Baybican bəg dəxi yerindən uru durdı, aydır:
“Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala man ada bir qız verə”. Qalın Oğuz bəgləri əl qaldırdılar, dua eylədilər: “Allah Taala sənə də bir qız verə”- dedilər” (4, 52).
Baybörə bəg Qalın Oğuz bəglərini çağırdı, qonaqladı. Dədəm Qorqut gəldi, oğlana ad qoydu. Aydır:
Allah Taala sana bir oğul vermiş, tuta versün!
Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlu dağlardan aşar olsa,
Allah Taala sənin oğluna aşut versün!
Qanlu-qanlu sulardan keçər olsa, keçit versün!
Qalabalıq kafirə girəndə
Allah Taala sənin oğluna fürsət versün!
Qalın Oğuz bəgləri əl götürüb dua qıldılar: “Bu ad bu yigidə qutlu olsun!”- dedilər (4, 55).
“Dügün qanlu olsun, xan qızı!” deyü barmağından altın yüzügi çıqardı, qızın parmağına keçürdi.Ortamızda bu, nişan olsun, xan qızı! – dedi (4,57)” – cümləsində həm müraciət- “Xan qızı”, həm də alqış bildirən – “Dügün qanlu olsun!” nitq etiketləri  işlənmişdir.
Bundan başqa, “Yüziniz ağ olsun!”, “Ağanuzun ətməgi sizə halal olsun!”, “Əlün var olsun!” kimi alqış etiketləri və “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!”, “Çalırsan, əlün qurısun!” kimi qarğış bildirən ifadələr yer alır: Beyrək aydır: “Mərə, yüziniz ağ olsun! Ağanuzun ətməgi sizə halal olsun!”- dedi.Qaçan kim Budağ atsa, Beyrək “Əlün var olsun!” dedi. Göygü atsa, “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!” – derdi; Dədə Qorqut ayıtdı: “Çalırsan, əlün qurısun!”-dedi. 
Xahiş, rica bildirən nitq etiketləri boyun dilində işlənən nitq etiketləri sırasındadır: Dədənin ayağuna düşdi: “Allah eşqinə məni qurtar!”- dedi; Böylə digəc Qazan bəg aydır: “Mərə, dəlü ozan! Məndən nə dilərsən? ...”- dedi. 
Boyun dilində sözvermə, andiçmə məqamı ilə bağlı olaraq işlədilən nitq etiketlərinin mövcudluğu da diqqəti cəlb edir: Baybican bəg aydır: “Bəglər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavıqlı olsun!”- dedi; Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxuma sancılayın! Yer kibi kərtiləyin, topraq kibi savrılayın! Sağlıqla varacaq olursam, Oğuza gəlüb, səni halallığa almaz isəm!”- dedi. 
Vokativ səciyyəli müraciət bildirən nitq etiketləri boyun dilində müraciət olunanın daşıdığı keyfiyyəti və səciyyəsinə uyğun olaraq işlədilir. “Yigit” sözünün müraciət etiketi kimi boy qəhrəmanları tərəfindən işlədilməsi təsadüfi deyil. Öz igidliyi, şücaəti ilə ad qazanan el oğullarına “yigit” müraciətinin edilməsi tarixi ənənədir. “Yigit” sözü müraciət forması olaraq, “yigit”, “bəg yigit” şəklində əksini tapır: Bazirgan aydır: “Yigit, yigit, bəg yigit! Sən bənim ünüm anla, sözüm dinlə!”; Bazirganlar aydır: Bəg yigit, bizə sən ərlik işlədin. Gəl imdi bəgəndigin maldan al!- dedilər.
“Hey” müraciət forması boyun dilində geniş işləklik hüququ qazanmışdır. Bu müraciət şəklinin işlənmə vəziyyətinə baxaq: Banıçiçək aydır: “Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Begrəgə vermişəm”,- derdi; “Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!” dedi; Beyrək qalqdı, ağlayu-ağlayu qırq yigidin yanına gəldi. Aydır: “Hey, mənim qırq yoldaşım!”; Dədə Qorqud: “Hey, oğul Qarçar, adama uş bögələk kibi bunludar.....”- dedi; Dəli Qarçar aydır: “Hay, Dədə Sultan, Tanrı bunun simüzin də alsın, aruğın da alsun! Haman qapıdan tışarı eylə, mədəd!”- dedi.
Titul, rütbə, vəzifə, təbəqələşməni ifadə edən müraciət etiketləri də “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində heç də az deyil. “Bəg oğlı bəg”, “sultanım”, “mərə dayələr”, “mərə ozan” tipli müraciət etiketlərinə əyani misaldır. Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü durmaq gərək, bəg oğlı”- dedi; Qızlar aydır: “Vallah, sultanım, bu yigit yüzi niqablı yaxşı yigitdir. Bəg oğlı bəg imiş”, - dedilər; Banıçiçək otaxdan baqırdı. “Mərə dayələr, bu qavat oğlı qavat bizə ərlikmi göstərir?”;
Yenə qız aydır:
Mərə ozan! Qarşu yatan qara dağdan 
Aşub gəldigində-keçdigində
Beyrək aldı bir yigidə bulışmadınmı? (4, 68).
Ailə münasibəti, qohumluq əlaqələri ilə bağlı olaraq işlədilən müraciət etiketləri qədim oğuz türklərinin məişət həyatını, təfəkkürünü ortaya qoyan ifadələrdir. Bu qəbildən olan müraciət etiketlərində ata-oğul doğmalığından irəli gələn sevgi, el ağsaqqalına hörmət, gəlinə münasibətoğuz etnik, əxlaqi dəyərlərinin ifadəsi şəklində çıxış edir. Beyrək aydır: “Bəli, pəs, əvət, ağ saqallu əziz baba, mənim dəxi istədigüm oldur”, - dedi;
“Oğul! Dünlügi altun ban evimin qəbzəsi oğul!
Qaza bənzər qızımın-gəlinimin çiçəgi oğul!
Görər gözüm aydını oğul!
Tutar belüm qüvvəti oğul!
Qalın Oğuz imrəncəsi, canım oğul!”- deyübən
     çoq ağladı,
Allahına şükrlər eylədi” (4, 76).
Atanın “Altun uca evinin qəbzəsi”, “qız-gəlinin çiçəyi”, “aydın görən gözü”, “tutan belinin qüvvəti” adlandırdığı oğluna müraciətində oğuz mentalitetindən irəli gələn münasibət bilavasitə əksini tapır və “Ata evin biləyi, oğul yıxılan evin dirəyidir” atalar sözü ilə birbaşa səsləşir.
“Dilün içün öləyin, gəlincigüm!
Yoluna qurban olayın, gəlincigüm!
Yalansa bu sözlərin, gerçək ola gəlincigüm!
Sağ-əsən çıqub gəlsə,
Qarşu yatan qara dağlar sana yaylaq olsun!
Sovuq-sovuq suları sana içət olsun!
Qulum-xəlayığım sana qırnaq olsun!
Şahbaz atlarım sana binət olsun!
Qatar-qatar dəvələrim sana yüklət olsun!
Ağayılda ağca qoyunum sana şülən olsun!
Altun aqçam sana xərclıq olsun!
Dünlügi altun ban evim sana kölgə olsun!
Qara başım qurban olsun sana, gəlincigüm!- dedi” (4, 75).
Beyrəyin nitqindən verilən nümunədə sevənin sevdiyinə arzu alqış etiketlərində ifadə olunmuş, “gəlincigüm” müraciət etiketi isə əzizləmə, oxşama məqsədilə işlədilmişdir. 
Könül verib sevdiyinin ölüm xəbərini alan nişanlı qızın ah-naləsini bildirildiyi Banuçiçəyin nitqində bədbəxt hadisədən doğan təəssürat yer almış və ona qarşı sevgisi müraciət etiktlərində ifadəsini tapmışdır. Güz alması kibi yanağın yırtdı:
Vay, göz açub gördigim!
Könül verib sevdigim!
Vay, al duvağum iyəsi!
Vay, alnum-başım umudı,
xan Beyrək!- deyü ağladu (4, 62)
Bəy oğlu bəyə öz sədaqətini bildirən naibin dilində də ağasına sevgi və hörmətdən doğan  münasibət alqış etiketindən istifadə ilə əks olunmuşdur. “Naibi qılınıcın sıyırdı, əlinə aldı. “Mənim başım Beyrəgin başına qurban olsun!”- dedi. 
Salamlaşma, qarşılaşma məqamı ilə işlədilən “əleyk-əssalam” sözü oğuzların dini mənsubiyyətinə işarə edir, islam təfəkkürünün dildə ifadəsi kimi səslənir. “Dəli Qarçar ağzın köpükləndirdi. Dədə Qorqudun yüzinə baqdı. Aydır: “Əleyk-əssalam! Ay əməl azmış, feli dönmüş, qadir Allah ağ alnına qada yazmış!....”- dedi.”– cümləsində xoş münasibət yaratmayan müraciət etiketlərinə də rast gəlinir ki, bu da Dəli Qarçar mənfi xarakter səciyyəsindən irəli gəlir.
“Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən ayrılma məqamı ilə bağlı işlədilən nitq etiketlərinin təsnifatını verən prof. Ə.Tanrıverdi “Baybörə oğlı Bamsı Beyrəyin boyu”ndakı ayrılıq etiketlərinə də nəzər salımışdır.Yola salanların gördüyü işin təsviri və yola düşənin dilində ayrılma etiketinin işlənməsi: “.... Dədə Qorqudun sözi məqbul gəldi. Vardılar, bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqut birin bindi, birin yetdi. “Yaranlar, sizi Haqqa ismarladım!”- dedi, getdi” (3, 97).
Yola düşənin heç nə demədən, vidalaşmayıb getməsi, yola salmalı olanların isə onun dalınca xoş sözlər söyləməsi: “Yigit barmağını ısırdı, aydır: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir!”, - dedi; Yola salanın hədə-qorxu məzmunlu son cümləsinə görə yola düşənin heç nə demədən getməsi: “...Əgər bu dedigim nəsnələri gətürərsinüz, xoş, verdim. Əmma gətürmiyəcək olursan, bu qatla öldürmədim, ol vəqtin öldürərin!- dedi. Dədə döndi, Baybörə bəgin evlərinə getdi (3, 98).
 Yola salan və yola düşənin dilində işlənmiş son cümlələrin ayrılma etiketləri funksiyasında çıxış etməsi: Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!- dedi. Beyrək dəxi: “Nola, xanım, baş üzərinə!” – dedi (3, 101).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun sonunda Dədə Qorqudun dilindən yum verilir, el ağsaqqalı bu zaman alqış etiketlərindən istifadə edir: “Dədəm Qorqud gəldi, şadlıq çaldı. Boy boyladı, soy soyladı. Qazı ərənlər başına nə gəldigün söylədi. “Bu Oğuznamə Begrəgin olsun!”- dedi. Yum verəyin, xanım:
Yerlü qara dağların yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəkli anan yeri behişt olsun!
Oğulla qarındaşdan ayırmasun!
Axır vaqtında arı imandan ayırmasun!
“Amin! Amin! Deyənlər didar görsün!
Yığışdırsun, durışdırsun günahınızı
Adı görklü Məhəmməd Mustafa yüzi suyuna 
bağışlasun, xanım, hey!...”(4, 77).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun timsalında “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən nitq etiketlərinə nəzər salınması onlara tarixilik və müasirlik aspektindən yanaşılmasına imkan yaradır.

Ədəbiyyat:
1. Abdullayev B. “Kitabi-DədəQorqud”da nitq etiketlərinin etnomifik poetikası. Bakı: Elm, 2007, 100 s.
2. Cəfərov N. Xanım, hey!. Bakı: 1999
3. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nın dil möcüzəsi. Bakı: “Nurlan”, 2008, 184 s.
4. “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətnlər). Bakı: Öndər, 2004, 376 s.
5. “Kitabi-Dədə Qorqud” ensiklopediyası. 2 cilddə. II cild. Bakı:Yeni Nəşrlər Evi, 2000, 567 s.

Valiyeva Tahmina
A EPOS OF “KİTABİ-DADA QORQUD” İN THE  LANGUAGE “BAYBORA OGLI BAMSI BEYRAK BOYU”S PROCESSED SPEECH ETİQUETES.

SUMMARY: Ethnic-national thinking of ancient oghuz turks have been used in epos language of  “Kitabi-Dada Qorqud” different speech etiquettes. In “Baybora oglı Bamsı Beyrayin boyu” of epos was included on occasion of vocativation, congrulation, happines and in permission, oathing, meeting situations used speech etiquettes. “Baybora oglı Bamsı Beyrayin boyu” in the epos narrative language of “Kitabi-Dada Qorqud” have a look used speech etiquettes by historical and contemporarial aspects. 

Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 7. Mədəni ünsiyyət prosesində mədəni nitq bacarıqlarından istifadə

Vəliyeva Təhminə

MƏDƏNİ ÜNSİYYƏT PROSESİNDƏ MƏDƏNİ NİTQ BACARIQLARINDAN İSTİFADƏ

Ünsiyyət mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi və insanların birgə fəaliyyətinə əsaslanan tələbat olaraq, fikir, hiss və duyğularının ifadəsini təmin edir. Qarşılıqlı anlamaya əsaslanan dialoji nitqin səmərəli şəkildə təşkili üçün ünsiyyət etik normalar və əxlaqi dəyərlər zəminində qurmaq və mədəni nitq bacarıqlarına malik olmaq zəruridir. Mədəni ünsiyyətin yaradılması üçün hansı bacarıqlara yiyələnmək lazımdır?- sualına cavab olaraq, bir sıra mədəni nitq bacarıqlarını göstərə bilərik: Sual vermək bacarığı, nitqi sonadək dinləmə bacarığı, öyrənmək məqsədilə verilən sualı cavablandıırmaq, danışanın nitqinə münasibət bildirmə, adresatın öz mövqeyini nümayiş etdirməsi, söhbətə qoşulma kimi bacarıqlara yiyələnmək və onları vərdiş halına gətirmək  nitqdə gözlənilməsi gərəkli etiket qaydalarını özündə ehtiva edir. Bunlardan əlavə, situasiyalardan asılı olaraq, etiket qaydalarını gözləmək lazımdır. Qarşılaşma, görüşmə, vidalaşma, tanışlıq, hal-əhval tutma, müraciət, sual-cavab, müəyyən mövzu ətrafında qızğın müzakirə, fikir ayrılığına səbəb olan mübahisə doğuran situasiyalarda etiket qaydalarını gözləmək, etik normalara  istər danışığımız, istərsə də davranışımızda riayət etmək müsahibimiz, qarşı tərəfin şəxsiyyətinə və fikirlərinə hörmət bəslədiyimizi bildirmək xoş ünsiyyətin formalaşması  üçün olduqca gərəkli və əhəmiyyətlidir.     
Sual vermək bacarığı insandan yüksək nitq mədəniyyəti və etik-mədəni səviyyənin olmasını labüd hesab edir.Sualın verilməsi situasiyası insandan məqsədli və düşünülmüş sualların qoyulmasını tələb edir. Sual həm məzmunu əhatə etməlidir, həm də mövzuya müvafiq olmalıdır. Sual verərkən situasiya, mimika və jestikadan düzgün istifadə, sual intonasiyasının düzgün qoyulmasınəzərə alınmalıdır. Situasiyaya müvafiq qoyulmayan sual söhbətin, məruzənin istiqamətini dəyişə və qoyulması nəzərdə tutulmuş məsələlərin kənarda qalması ilə nəticələnə bilər. Həmçinin, yersiz suallar dinləyənlərin də diqqətin mövzudan kənar məsələlərə yönəldə bilər. İntonasiya isə sual verənin məqsədini ifadə edir, intonasiyanın quruluşu isə  cavab almaq istədiyi məsələ, yaxud ona verilən məlumatın az anlaşılıqlı olması ilə bağlı dəyişə bilər. Sual danışılan mövzunun məzmununun daha da açılmasını və qoyulan problemlərin, məsələlərin daha dərindən dərk edilməsini şərtləndirir. Nəzərdən qaçan məsələlər sualların köməyilə danışanın, natiqin diqqətinə çatdırılır. Söhbət, dialoq, məruzə zamanı məzmunlu, dəqiq, mövzuya müvafiq sualların verilməsi söhbətin gedişatına müsbət təsir edir, söhbətin, dialoqun daha canlı və maraqlı olmasını təmin edir. Yerli-yerində qoyulmuş, maraq və mübahisəyə səbəb olacaq sual həmin məsələ ətrafında qızğın və gərgin müzakirələrə yol açır.Sual vermək bacarığı insandan  həm də praktik dil təcrübəsi tələb edir. Azərbaycan dilində düzgün, dəqiq, səlis, etik səviyyədədanışmağı bacarmayan insan nəinki mövzuya uyğun sual verə bilər, heç mövzunun mahiyyətini belə anlaya bilməz. Bu baxımdan, Azərbaycan dilindən istifadəedən şəxs həmin dilin sistematik quruluşundan yetəri qədər məlumatlı olmalı, bu dilin ədəbi dil normalarına yiyələnməli və  mədəni nitq ünsürlərini öz nitqində daşımalıdır.
Nitqi sonadək dinləmə  bacarığı hər bir insandan yüksək mədəniyyət və ali mənəviyyat tələb edir. Nitqi dinləmək bacarığı təəssüflər olsun ki, müasir cəmiyyətimizin insanları arasında olduqca az yayılmış keyfiyyətlərdəndir.İnsanlar nəinki bir-birini dinləmək istəmir, hətta danışanın nitqinə müdaxilə etməyə səy göstərir və danışanın nitqini bitirənədək dinləməyə səbri çatmır. Məhz bu cür vəziyyət həmsöhbətlər arasında anlaşılmazlığa, bir-birinin fikir və mövqelərini müəyyən edə bilməmək kimi mənfi nəticələrlə sonlanır. İnsanların bir-birinin şəxsi fikirlərinə hörmət etməmək həm də həmsöhbətinə qarşı edilən nəzakətsizlikdir. Bu cür vəziyyət isə nəinki maraqlı və xoş söhbət yaratmayacaq, hətta həmsöhbətlər arasında xoş münasibətin korlanmasına və xələl gətirməsinə səbəb olacaqdır. 
Nitqi sonadək dinləmə bacarığımədəni ünsiyyət üçün başlıca keyfiyyət olma faktı nəzərə alınmaqla, onun formalaşdırılmasına kiçik yaşlardan başlanılmalıdır. Müəllim və valideyn tərbiyə və təsiri ilə bu bacarığın istənilən səviyyədə formalaşdırılması mümkündür. Sinif kollektivində təlim-tədris prosesi müddətində şagirdlərin bir-birlərinin nitqini dinləməsi üçün müxtəlif praktik yönümlü çalışmalardan istifadə edilməli və bu mədəni nitq bacarıqlarının formalaşdırılması istiqamətində iş mütəmadi olaraq yerinə yetirilməlidir. Əlbəttə, aşılanan bu bacarığın vərdiş halına keçməsi üçün ondan nitq fəaliyyətində hər zaman – istənilən əhval və situasiyada istifadə etmək lazımdır. Gərgin fəaliyyət nəticəsində, yaxud ovqatı təlx edən bir hadisə səbəbindən insan əsəbi, aqressiv ola bilər. Lakin səbəbi nə olursa-olsun insan əsəblərini cilovlamağı və öz hisslərinə hakim olmağı bacarmalıdır. Ancaq belə olan halda insan həmsöhbətini təmkin və nəzakətlə dinləməyi bacarar,dialoqun səmərəsini artırar. Bu vəziyyət isə həmsöhbətlərin qarşılıqlı anlaşmasına və sözügedən məsələ yaxud problemin həlli yollarını müəyyənləşdirməkdə heç bir çətinlik çəkilməz. Nitqi sonadək dinləmə  bacarığı dialoji nitqdə böyük ünsiyyət əhəmiyyəti kəsb edən xüsusiyyətdir. Dialoji nitq mədəni ünsiyyətin ən geniş yayılmış formasıdır. Sual-cavab xarakterli dialoqda hər iki tərəf əxlaq normalarını və ədəbi dil qaydalarını gözləməsi mütləqdir. Dialoqda hər iki tərəf bu və ya digər hadisə, problemlə bağlı öz fikir və mülahizələrini bildirir, həmsöhbətinin məsələyə münasibətini müəyyənləşdirir və həmin məsələyə dair mülahizələrini ümumiləşdirib yekun nəticə çıxarır.
Cavabvermə bacarığı və yaxud başqa şəkildə desək, cavabvermə mədəniyyəti həmsöhbətlər arasında qarşılıqlı anlaşmanı təmin edir. Verilən sualı lazımınca dəqiq, dolğun, həm də yığcam şəkildə cavablandırmaq sual verən şəxsə qaranlıq qalan məsələyə aydınlıq gətirilməsinə kömək olacaq. Verilən cavab tutarlı, dəqiq, konkret,yığcam, doğru, anlaşıqlı, məntiqli olmalıdır ki, sual verən şəxs öyrənmək istədiyi, cavabını verməkdə çətinlik çəkdiyi suala doğru cavabı ən düzgün formada ala bilsin. Cavab tutarlı olmalıdır, yəni cavabda verilən məlumatlar sualın məzmununu tam əhatə etməli, məlumatlar tam olmalıdır. Cavab dəqiq olmalıdır, yəni cavab verən şəxs dəqiq bildiyi faktlara söykənməlidir. Natamam  və qeyri-dəqiq cavab suala lazımi cavab hesab olunmur. Cavab konkret olmalıdır, yəni suala veriləcək doğru cavab konkret məlumatlara əsaslanmalıdır. Konkretlik üçün uzunçuluqdan, sözbazlıqdan qaçmaq lazımdır. Cavab yığcam olmalıdır, yəni suala verilən cavabda uzun-uzadı danışmaq, hərtərəfli, geniş məlumat verməyə ehtiyac görülmür. Bu, cavab alan şəxsi yora bilər. Yığcamlıqda əsas prinsip sayılan az söz, çox fikir, dərin mənagözlənilməlidir. Cavabda yalan və əsası olmayan informasiya verməkdən qaçmaq lazımdır, doğruluq, düzgünlük həm də mədəni nitqin başlıca göstəricilərindən sayılır.Cavab sadə və anlaşıqlı olmalıdır, yəni cavab verən şəxs öz nitqini sadə formaya salıb, anlaşılan məzmunda olmasına çalışmalıdır. Anlaşıqlı fikir anlaşıqlı cavabın verilməsini təmin edir. Cavab  məntiqli olmalıdır, yəni cavabda verilən məlumatların məntiqi əsası olmalıdır ki, cavab alan şəxs aldığı məlumatın doğruluğuna inansın . 
Danışanın nitqinə münasibət bildirmə bacarığı nitq-ünsiyyət prosesində formalaşdırılır və dialoji nitqdə bacarıqdan səmərəli istifadə ünsiyyət üçün yüksək səmərə verir.  Danışanın fikrinə münasibətini ifadə edərkən etik normaları gözləmək olduqca vacib amildir. Danışana elə müraciət etmək lazımdır ki, bu, söhbətin, məruzənin gedişatını pozmasın və danışanın fikrini mövzudan kənara çəkməsin. Deməli, danışan şəxsin fikrinə münasibət bildirilərkən hər şeydən öncə, yersiz müdaxilələrdən qaçmaq lazımdır. Öz münasibət və mövqeyimizi bildirdiyimiz zaman bu müdaxilənin vaxtında edilib-edilməməsini müəyyənləşdirməliyik. Münasibət və mövqe bildirməzdən öncə, danışılan məsələ ilə bağlı ətraflı, dolğun məlumata yiyələnməli, haqqında danışılan məsələ, problemlə ilə bağlı geniş təsəvvürə malik olunmalıdır. Danışanın fikrinə münasibətimizi bildirmək üçün bir sıra nitq etiketlərindən istifadəyə gərək duyulur: “İcazənizlə, öz fikrimi bildirmək istəyirəm”, “Bağışlayın, mən öz fikrimi söyləmək istərdim”, “Mən bu məsələyə başqa cür yanaşardım”, “Fikrimcə, problem başqa şəkildə qoyula bilərdi”, “Zənnimcə, məruzədə qeyd edilməyən məsələlər yetərincədir”. Münasibət, rəyin bildirilməsivasitəsilə danışanın fikrinə  hörmət və rəğbət bildirilməklə yanaşı, onun söyləmiş olduğu fikirlərin insanda müəyyən bir fikir, ideya yaratmaq imkanı xüsusi qeyd olunmalıdır.
Söhbətəqoşulma və söhbətin gedişatına müdaxilə yerli-yerində və məqsədli şəkildə edilməlidir. Söhbətəqoşulma və müdaxilə bəzən labüd hal alır. Belə olmazsa,  söhbətin məcrası başqa istiqamət ala bilər. Müdaxilə həm də  danışılan məsələdən uzaqlaşma halının qarşısının alınmasında xüsusi rola malikdir.Görkəmli alim, professor Nadir Abdullayev danışıq prosesində söhbətə müdaxilənin rolu barədə geniş şəkildə bəhs açır və nitqə müdaxilə edilmə məqamlarını göstərir.Söhbətin gedişinə müdaxilə aşağıdakı məqamlarda edilməlidir:
- Danışan şəxs bəhs açdığı məsələdən uzaqlaşdıqda;
- Məruzə, yaxud söhbət zamanı məlum olan məsələ və ya əşya, hadisə haqqında danışıldıqda;
- Qeyd olunan məsələ ilə bağlı səhvə, yanlışlığa yaud dolaşıqlığa yol verildikdə;
- Hər hansı bir məsələ barədə uzun-uzadı danışıldıqda;
- Həmsöhbətinin fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda və müsahibinin nitqini qüvvətləndirmək məqsədilə edilə bilər (1, 268).
Məqamında müdaxilə mədəni nitqin əsas keyfiyyətlərinin gözlənilməsinə - nitqin yığcamlığı, aydınlığı, anlaşıqlığı, dəqiqliyinin riayət edilməsinə də rəvac verir. Müdaxilə edilərkən səsləndirilən fikir anlaşıqlı və yığcam olmalı, əsaslı və tutarlı dəlillərə söykənməlidir. Bütün hallarda müsahibin nitqinə müdaxilə etik səviyyədə edilməli, hörmət, nəzakət çərçivəsindən kənara çıxılmalıdır. Hər hansı bir səbəbdən  nitqə müdaxilə edildikdə danışana “bağışlayın”, “icazə verin”, “üzr istəyirəm”, “bir dəqiqə” və s. kimi ifadələrlə müraciət olunmalıdır. 
Məqalənin aktuallığı. Bu və ya digər cəmiyyətdə etik-mədəni normaların tənzimlənməsi mədəni ünsiyyətin təşkili hesabına mümkündür. Mədəni ünsiyyətin qurulması mədəni nitq bacarıqlarına yiyələnməyi və onlardan istifadəni zəruri edir. Məqalədə mədəni ünsiyyət prosesində istifadə olunan mədəni nitq bacarıqlarından bəhs açılması onlardan səmərəli istifadə zərurətini ortaya qoyur. Məqalənin elmi yeniliyi. Mədəni ünsiyyətin təşkili üçün gərəkli olan mədəni nitq bacarıqlarından müxtəlif situasiyada işlənmə və onlardan istifadə vəziyyəti məqalədə geniş təsvir edilmişdir.  Məqalənin praktik əhəmiyyəti. Mədəni nitq bacarıqlarından ünsiyyət prosesində istifadənin rol və əhəmiyyəti vurğulanmaqla, situasiyaya müvafiq olaraq bu bacarıqlardan istifadə vəziyyəti göstərilmişdir.

Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2013
2. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, Bakı Universiteti, 2003
3. Seyidov S. Həmzəyev M. Psixologiya. Bakı, 2007

Tahmina Valiyeva
Summary: Establishing cultural communication makes it possible to acquire and use cultural speech skills. Understanding the role and importance of cultural speech skills in the communication process, in the article has shown the use of them skills according to the situation.

Тахмина Велиева
Резюме: Установление культурного общения позволяет приобретать и использовать культурные речевые навыки. Понимая роль и значение культурных речевых этикетов в процессе коммуникации, ситуация показала использование этих навыков в соответствии с ситуацией.

Rəyçilər: dos. Rəhilə Hümmətova, 
                dos.Vaqif  İsrafilov


Nitq etiketləri: 6.ETİKET QAYDALARININ VƏ NİTQ ETİKETLƏRİNİN ÜNSİYYƏTDƏ ROLU

Vəliyeva Təhminə

ETİKET QAYDALARININ VƏ NİTQ ETİKETLƏRİNİN
 ÜNSİYYƏTDƏ ROLU

Açar sözlər: etiket qaydaları, nitq etiketi, cəmiyyət, situasiya, ünsiyyət 
Ключевые слова:  этикет, речевой этикет, общество, ситуация, общение
Keywords: etiquette norms, speech etiquette, society, situation, communication

Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına və etik normalara düzgün riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən, nəzakətli danışıq və əxlaq normalarını özündə ehtiva edir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin başlıca, əsas komponentlərindən sayılır. Nitqin mədəni səciyyə və keyfiyyətlərinə yiyələnmədən, etik-mədəni ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. İstər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən səviyyədə yiyələnməyən insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına  və daha ciddi xəstəliklərə səbəb olur. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Jestika, mimika və nitq ünsiyyətin qurulmasında daha geniş istifadə olunan vasitələr hesab olunur. Bildiyimiz kimi, dilin başlıca funksiyası onun əsas ünsiyyət vasitəsi olması, ünsiyyətə xidmət etməsidir. Ünsiyyət vasitəsilə insan yaşadığı cəmiyyətdə  özünün daşıdığı ictimai vəzifə və sosial funksiyasını yerinə yetirir, zəruri rəftar və davranış normalarına yiyələnir. Bu prosesdə insan həm də özünənəzarət və idarəetmə funksiyalarını həyata keçirir. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir. Çünki etik normaları bilmək heç də ona hər zaman  əməl etmək demək deyil. Bəzən insan şüurlu şəkildə etik normanı poza bilir.
Etiket qaydaları cəmiyyətdə insanların bir-birinə hörmət və ehtiramını, sevgi və rəğbətini göstərən mühüm amillərdəndir. Etiket qaydalarının tətbiqində cəmiyyətdə mövcud davranış və danışıq stereotipləri nəzərə alınmalıdır. Məhz etiket qaydalarının şifahi və yazılı nitqdə gözlənilməsi müəyyən məqsədli nitqin səmərəliliyini və düzgün ifadə qabiliyyətini səciyyələndirir. Nitqdə riayət edilməsi vacib hesab edilən etiket qaydalarına yerində və zamanında məqsədəuyğun şəkildə istifadə edilməsi üçün insana kiçik yaşlarından davranış və nitq bacarıqları aşılanmalıdır. Gündəlik həyat təcrübəsində bu bacarıqlar vərdiş halını alıb, istənilən situasiyada tətbiqi nəzərdə saxlanmalıdır. Etik davranış, etik nitq ictimai davranış-danışıq normaları ilə tənzimlənir. Bu istiqamətdə dövlət səviyyəsində bir sıra əməli tədbirlər həyata keçirilir. Məsələn, “Baku-Bus” sərnişin marşurtlarında etik normalara riayət olunması tövsiyə edilir və “avtobusa daxil olarkən yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yer verin və ehtiyac yaranarsa onlara nəzakətlə köməklik göstərin. Avtobusa etik davranış qaydalarına əməl etmək lazımdır. Digər sərnişinləri narahat edəcək əşyalarla avtobusa daxil olmaq qadağandır” şəklində nitq səsləndirilir. Yaxud ictimai nəqliyyat olan metrolarda da etik davranışın təmin edilməsi məqsədilə nitq verilir. Ayrı-ayrı qatar vaqonlarında stansiyaların birindən digərinə keçid ilə bağlı məlumat verildikdən sonra “əlillərə, qocalara, hamilə qadınlara yer verin” formasında nitq səsləndirilir. Beləliklə, ictimai nəqliyyatda da təbliği geniş yer alan etik qaydaların şagirdlərə onların mənimsədilməsi istiqamətində işin aparılmasını zəruri edir. İctimai yerlərdə, müəyyən cəmiyyət daxilində, kollektivdə və ya ailədə insanın özünü necə aparması, kimə necə müraciət etmək qaydaları etiket qaydalarına daxil edilir. Etiket qaydaları daxilində danışıq etikası xüsusi rola malik olub, bir sistem təşkil edərək məxsusi normalara malikdir. Səmimi və mədəni ünsiyyətin yaradılmasında danışıq etikasının gözlənilməsi olduqca əhəmiyyətlidir. Danışıq etikası bir sıra tərkib komponentlərindən ibarətdir: 1) müraciət qaydaları; 2) şad və ya bəd xəbərləri çatdırma qaydaları; 3) dinləmə qaydaları; 4) söhbətə qoşulma; 5) verilən suallara mədəni cavab qaydaları; 6) mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları. Danışıq etikasına istər şifahi, istərsə də yazılı nitqdə riayət edilməsində nitq etiketlərindən düzgün və səmərəli istifadə gərəkdir. 
Nitq etiketi cəmiyyət tərəfindən müəyyən edilmiş, müxtəlif nitq situasiyalarında istifadə olunan, insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən  etik qaydalar  sistemini ehtiva edən nitq formullarıdır. Onlar nitq daşıyıcısının davranış norma və qaydalarını ehtiva etməklə, etik davranış mədəniyyətini formalaşdırır. Bundan başqa, insanların verbal və qeyri-verbal davranışını müəyyənləşdirməklə insanların bir-birinə olan münasibətinin təzahürüdür. Verbal ünsiyyət kommunikasiya vasitələrinin – dilin, söz və ifadələrin köməyi ilə yaradılır. Qeyri-verbal ünsiyyət isə mimika, jestika, pantomimika, işarələr sistemi ilə qurulur. Nitq etiketlərindən müxtəlif ünsiyyət situasiyalarında geniş istifadə olunur. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun hansı istiqamətdə getməsi, mədəni ünsiyyətin məramının açılması situasiyadan bilavasitə asılıdır. Nitq etiketi formalarından  istifadə situasiya tipləri ilə əlaqədar olaraq müəyyənləşir. Situasiya tipləri rəsmi, qeyri-rəsmi, yarırəsmi məqamlarda mövcud olur və onlara  tanışlığın dərəcəsi, söhbət iştirakçılarının sosial statusu, təhsili, söhbət iştirakçıların sayı da təsirini göstərir. Məhz etiket situasiyaların düzgün qiymətləndirilib həmin situasiya üçün düzgün, norma hesab edilən ifadələrin seçilməsini tələb edir. Məlumdur ki, ünsiyyət müraciətlə başlanır. Azərbaycan dilində xalqımızın milli təfəkkürünə, əxlaqi-etik dəyərlərinə müvafiq müraciət formaları mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə -  kişinin qadına, qadının kişiyə, böyüyün kiçiyə, kiçiyin böyüyə, tabeliyində işləyənin rəhbərə, rəhbər şəxsin işçilərinə dair məxsusi müraciət formaları vardır. Müraciət formalarının asılı olduğu bir sıra xüsusiyyətlərə diqqət yetirilməlidir: danışan ilə adresat arasındakı tanışlıq dərəcəsi, onlar arasında qohumluğun mövcudluğu yaxud  qeyri-mövcudluğu, danışanın yaşı ilə adresatın yaşının nisbəti, adresatın ictimai mövqeyi və tutduğu vəzifəsi, peşə və məşğuliyyəti, mövcud situasiyada müraciət edənin funksiya və məqsədi. 
Nitq etiketləri cəmiyyətdə insanlar arasında sağlam münasibətin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Bu və ya digər situasiyalarda nitqin səlis, məqsədəuyğun qurulmasında hər situasiyaya müvafiq söz və ifadələrdən lazımınca və məqsədli surətdə istifadə  insanlar arasında  anlaşıqlı dialoqun qurulmasını təmin edir. Müxtəlif nitq-ünsiyyət prosesində işlədilən nitq etiketləri aşağıdakı etik söz və ifadələrdən ibarətdir. Salamlaşma situasiyasında bu nitq etiketlərindən istifadə edilir: “Salam” yaxud “Salaməleyküm” deyər, günün hansı çağında qarşılaşdıqlarından asılı  olaraq, “Sabahın (sabahınız) xeyir!”, “Günortanız xeyir!”, “Axşamınız xeyir!” ifadələrindən birini işlədər, müsahibi isə öz növbəsində, “Hər vaxtın xeyir!”, “Aqibətin xeyir!” ifadələrindən biri ilə qarşılıq verər. Vidalaşma situasiyasında işlədilən nitq etiketləri: “Xudahafiz!”, “Sağlıqla qalın!”, “Salamat qalın!”, “Sağ olun!”, “Görüşənədək!”, “Görüşərik!”, “Sabaha qədər!”, “Həmişə şadlığa gələk!”, “Sizə də əziyyət verdik!”, “Yolunuzu  tez-tez buradan salın!”, “Hər zaman qapımız üzünüzə açıqdır”, “Bizi tez-tez yad edin!”, “Allah yolunuzu açıq eləsin!”, “Yenə gözləyirik!”. Qarşılaşma məqamında: “Xoş gördük!”, “Nə gözəl təsadüf!”, “Həmişə siz gələsiniz!”, “Lap vaxtında gəlmisiniz!”, “Buyurun, buyurun!”, “Buyurun, əyləşin!”, “Keçin içəri!”, “Gəlişinizə şadıq!”, “Lap vaxtında gəlmişsiniz!”, “Uzun zamandır sizi gözləyirdik!”, “Nə yaxşı edib gəlmisiniz!”, “Qədəmləriniz var olsun!”, “Sizi görməkdən məmnunuq!” kimi xoş təəssürat yaradacaq  etik  ifadələrdən istifadə olunması mühüm cəhətlərdəndir.  Hal-əhval tutma situasiyalarında nəzakətli söz və ifadələrdən istifadə tanış yaxud tanış olmayan kimsə ilə səmimi münasibət yaratmaq və şirin söhbət aparmaq məqsədilə “Necəsiniz?”, “Əhvalınız necədir?”, “Özünüzü necə hiss edirsiniz?”, “Necə dolanırsınız?”, “İşləriniz necədir?”, “Xanımınız necədir?” tipli ifadələrlə həmsöhbəti ilə soraqlaşmaq  olar. Xahiş, rica məqamlarında: “Xahiş edirəm”, “Mümkünsə”, “Zəhmət olmasa”, “Mənə kömək edə bilərsiniz?”, “Kömək əlinizi məndən əsirgəməyin!”, “Bu məsələdə mənə yardımçı olsanız  sevinərdim”, “Xahiş edirəm məni qəbulunuza yazasınız”, “Xahiş edirəm, ərizəmi qəbul edəsiniz”. Kömək əli uzatmaq, yardım etmək, qulluğunda olmaq məqsədilə danışan digərinə “Sizə necə kömək etmək olar?”, “Köməyə ehtiyacınız varmı?”, “İcazə verin, kömək edim”, “Nə buyurursunuz?”, “Mənim köməyim dəyə bilər?”, “Sizi narahat edən nədir?”, “Məndən istədiyin qulluğun?” nitq yarlıqları ilə müraciət edə bilər. İcrası bu və ya digər səbəbdən mümkün olmayan işin, məsələnin müqabilində şəxs “Sizə zəhmət verdim!”, “Əziyyət çəkdiniz!”, “Daha nə etmək olar?!”, “Siz bacardığınızı etdiniz!” ifadələri ilə iş görənin zəhmətini qiymətləndirib, öz məmnuniyyətini bildirə bilər. Dəvətlə bağlı işlədilən nitq etiketləri: “Sabahkı tədbirə hamınız dəvətlisiniz!”, “18.10.2017-ci il tarixdə keçiriləcək xalq yazıçısı Anar Rzayev haqqında yazılmış kitabın təqdimatına hər kəs dəvət olunur!”, “Dəvət olunur: AYB-nin kollektivi, şair və yazıçılar!”. Üzr istəmə situasiyasında işlədilən nitq etiketləri: “Bağışlayın”, “Üzr istəyirəm”, “Narahat etdiyimə görə üzrlü sayın!”, “Sizə zəhmət verdim”. Şad gün münasibəti ilə insanları təbrik etmək, xoş niyyət və arzularını sözün məna imkanları daxilində çatdırmaq arzu, təbrik etiketlərinin köməyilə reallaşır. Arzu (alqış), təbrik etiketləri: “İşiniz avand olsun!”, “Gözünüz aydın olsun!”, “Allah işinizə fərəc versin!”, “Həmişə şənlikdə!”, “Əlin-qolun var olsun!”, “Allah sizə yar olsun!”, “Min budaq olun!”, “Başın var olsun!” “Allah səni bəd-nəzərdən, bəd nəfsdən saxlasın!”, “Xeyirli olsun!”, “Bərəkətli olsun!”, “Bəhrəsini görəsiniz!”, “Uğurlu olsun!”, “Ad günün mübarək!”, “Qurban  bayramınızı təbrik  edirəm!”, “Uğurların davamlı olsun!”. Alqış bildirən nitq etiketləri: “Halal olsun!”, “Zəhmətin alqışa layiqdir”, “Uğurlu iş ortaya gətirmisən!”, “Əhsən!”, “Afərin!”, “Əllərin dərd görməsin!”, insanın daxili və zahiri keyfiyyətlərinə əsasən işlədilən: “Sənin kimi övlada halal olsun”, “Çalışqan tələbədir”, “Üzündən tərbiyə yağır, hiss olunur ki, yaxşı ailə tərbiyəsi alıb”, əzizləmə məqsədli etik ifadələr: “Başına dönüm!”, “Qurbanın olum!”, “Canım qurban!” , “Baş üstə!”, “Göz üstə yerin var!”, “Xala qurban!”, “Gözəlim!”, “Sonam!”, “Əzizim!”, “Quzum!”. Təşəkkür bildirən nitq etiketləri: “Təşəkkür edirəm!”, “Minnətdaram!”, “Allah sizdən razı olsun!”, “Çox sağ ol!” (Çox sağ olun!), “Diqqətinizə görə minnətdaram!”, “Qulluğunuzda olum! (Qulluğunuzda olaq!)”,  “Allah səni (sizi) bizə çox görməsin!”. İntizama dəvət etmə: “Sizdən bu hərəkəti gözləməzdim”, “Bu cür (belə) hərəkət sizə yaraşmır!”, “Siz adınıza layiq hərəkət etmirsiniz!”, “Danışığınıza fikir verin!”, “Nəzakətli olun!”, “Səsinizi yüksəltməyin!”, “Bir qədər səmimi olun!”, “Səhvinizi etiraf edin!”, “Çalışın, bir az nəzakətli olasınız ki, başqaları sizdən ibrət götürsün!”, “Mənə elə gəlir ki, siz səhv edirsiniz!”, “Özünüzü ələ alın!”, “Emosiyalarınıza hakim olun!”, “Sizin belə danışmağa haqqınız çatmır!”, “Səhvinizi etiraf etməkdən çəkinməyin!”  kimi nitq etiketlərindən  istifadə  bu zaman yararlıdır. Xəstə yanına getmə, xəstələrə baş çəkmə situasiyalarında: “Allah şəfa versin!”, “Yastığınız yüngül osun!”, “Allaha şükür, indi yaxşısınız!”, “Sizi daha yaxşı gördüm!”, “Belə görürəm, siz tezliklə sağalacaqsınız!”, “Həmişəki kimi gümrahsınız!”, “Gözümə yaxşı dəyirsiniz, belə getsə iki-üç günə qalmaz ayağa qalxarsınız!” və s. ; Sualvermə, söhbətəqoşulma  situasiyalarında: “İcazənizlə, fikrimi bildirim”, “Mənə söz verdiyiniz üçün minnətdaram!”, “Bağışlayın, müdaxilə edirəm”, “Üzr istəyirəm, sual vermək olar?”, “Mane olduğum üçün dəfələrlə üzr istəyirəm”. Bir məsələyə aydınlıq gətirmək, müsahibi söhbətə cəlb etmək məqsədilə işlədilən ifadələrə misal olaraq: “Deyə bilərsiniz ki”, “Zəhmət olmasa, deyin görüm”, “Zəhmət olmasa, başa salın”, “Sizin fikriniz necədir?”, “Bir məsələyə aydınlıq gətirməyinizi istərdim”. Söhbət, məruzə və s. adresatı qənaətləndirmirsə, danışana müəyyən ifadələrlə  müraciət edib, niyyətini bildirə bilər: “Fikriniz aydın olmadı, xahiş edirəm, bir də təkrarlayın”, “Zəhmət olmasa, nümunə göstərin”, “Sizin şəxsi münasibətiniz necədir?, “Siz belə fikirləşmirsiniz ki?”. Deyilənlərlə razılaşmaq, mübahisədən qaçma və imtina situasiyasında: “Razıyam”, “Etiraz etmirəm!”, “Tamamilə razıyam”, “Fikrinizə şərikəm”, “Bu məsələdə sizinlə həmfikirəm”, “Bu məsələ barədə danışmaq istəmirəm”, “Məsələ mənə tamamilə aydındır”, “Sizin fikrinizə şərikəm”, “Hər şey aydındır”, “Bu barədə söhbət açmağa gərək duymuram”, “Daha bu məsələni uzatmaq istəmirəm”, “Məsələ mənə tam aydındır”. Etiraz etmək, razılıq verməmək kimi hallarda: “Etirazımı bildirirəm”, “Bu, məni təmin etmir” “Etiraz edirəm”, “Bu mənim xoşuma gəlmir”, “Sizin fikrinizlə şərik deyiləm”, “Mən başqa cür düşünürəm”, “Bağışlayın,  sizin kimi düşünmürəm”, “Bu məsələdə sizinlə razılaşa bilmirəm”. Cavabvermə məqamında: “Lütfən, buyurun!”, “Sizə məmnuniyyətlə cavab verməyə hazıram”, “Buyurun, eşidirəm”. Sualı eşidən kəsin məsələ barədə məlumatı yoxdur və ya azdırsa, o zaman: “Bağışlayın, bu barədə məlumatım azdır”, “Bu dəqiqə öyrənib məlumat verərəm” dəqiqləşməyə ehtiyac duyulduqda: “Bir dəqiqə gözləyin, dəqiqləşdirim”, “İndi dəqiqləşdirib məlumat verərəm” tipli nitq vahidlərindən biri ilə cavab vermək olar. Məruzə, çıxış zamanı verilən sualları qəbul edərkən: “Sualınız mənə aydındır”, “Çalışaram bu məsələ aydınlıq gətirəm”, “Sualınıza görə təşəkkür edirəm, bu məsələ ilə məruzəmdə ətraflı danışacağam”  ifadələrindən birini seçib istifadə etməklə sualı qəbul etməli və müvafiq cavabı verməlidir. Cavabın sual verən üçün qənaətbəxş, aydın olub-olmadığını öyrənmək məqsədilə “Razı qaldınızmı?”, “Cavabda qaranlıq qalan bir şey qaldımı?”, “Cavab sizi qane etdimi?”, “Deyilənlərə etirazınız  yoxdur ki?” tipli etik ifadələrdən  istifadə etmək olar. Şad xəbərlərin verilmə situasiyasında: “Sənə əla xəbərim var”, “Muştuluğumu ver, deyim”, “Bir xəbərim var ki, duysan uçmağa qanad axtaracaqsan” kimi nitq etiketlərindən istifadə etmək informasiya verənin məqsədini düzgün şəkildə ifadə etməsinə kömək edəcəkdir. Bəd xəbərlərin çatdırılması situasiyasında: “Narahat olma, hər şey düzələcək”, “Sən qoçaqsan, hər şeyi yoluna qoyacaqsan”, “Dərd etmə” kimi təsirli, ruhlandırıcı və insana mənəvi “güc” verən  ifadələrə müraciət olunmalıdır. Adamlar birisinə çox yaxını, əzizi barədə pis xəbər verərkən olduqca həssas yanaşılmalıdır. “Özündə deyil”, “Vəziyyəti ağırdır”, “Huşunu itirib”, “Hələ özünə gəlməyib”, “Halı yaxşı deyil”  qəbildən olan nitq yarlıqlarından istifadə edilməsi məqsədəuyğundur. “Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qayğıdır, mərhəmətdir”(1, 92). Rəy, münasibət bildirmə situasiyalarında: “İşiniz olduqca uğurlu alınıb”, “Əhsən”, “Mən bu cür gözəl işin ortaya çıxacağını gözləmirdim”, “Məsələ ilə bağlı qeyd etdiyiniz nüanslar olduqca doğrudur”, “Bu, çox dəqiq, düzgün vurğulanmış məsələdir”. Danışan isə öz növbəsində, “Fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm”, “Rəyiniz mənim üçün olduqca önəmlidir”, “Rəyinizə görə çox sağ olun”, “Sizdən bu cür xoş sözlər eşitməyi özümə şərəf hesab edirəm”, “Sizin münasibətinizi bilmək mənə görə çox vacib idi, minnətdaram”. Təskinlik etmək, razı salmaq məqamında: “Əsəbləşməyin!”, “Darıxmayın!”, “Səbrli olun!”, “Narahat olmayın, hər şey yaxşı olacaq!”, “O qədər çətinliyin öhdəsindən gəlmisiniz,inanıram ki, bunu da tezliklə həll edəcəksiniz”, “Bir qədər səbrli olun!”, “Nə etmək olar axı?!”, “Özünüzü darıxdırmayın!”, “Mən sizə inanıram!”, “Bir qədər ətraflı düşünün!”, “Sakitləşin!”. Məsləhət vermə situasiyasında: “Bu, sizin xeyrinizədir”, “Bunları nəzərə alsan, əminəm ki, böyük uğur qazanacaqsan!”, “Bu məsələnin həllində dediyim amilləri nəzərə alsanız, çatışmazlıqları asanlıqla aradan qaldıra bilərsiniz!”, “Məhz bu, sizə başucalığı gətirəcəkdir”. Məsləhətin qəbul edilməsi situasiyasında: “Məsləhətiniz üçün təşəkkür edirəm!”, “Düşünürəm ki, bunlar mənim xeyrimə olacaq!”, “Dəyərli məsləhətinizə görə minnətdaram!”, “Çalışacağam ki, dediklərinizə əməl edim”, “Bu faydalı məsləhətinizi heç vaxt unutmaram!”, “Bu məsləhət mənə çox lazımlı olacaq!” nitq etiketlərindən yararlanmaq olar.

Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
2. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, , 2016
3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
4. Qarayeva H. Azərbaycan dilində nitq etiketlərinin öyrədilməsi məsələləri. Bakı, 1999

Tahmina Valiyeva
The role of tag rules in communication
Summary: Etiquette rules have a great role and importance in the cultural communication process. Use of them in different communication situations regulates ethical conduct and negotiation norms. Speech etiquettes are widely used in etiquette rules. Speech etiquettes provide expressing human ideas and senses within process of communication.

Тахмина Велиева
Роль правил тегов в общении
Резюме: Правила ярлыков имеют большую роль и значение в процессе культурной коммуникации. Использование их в разных ситуациях общения регулирует этические нормы поведения и ведения переговоров. Речевои этикети широко используются в правилах этикетовки. Речевои этикети обеспечивают на процесс общение человек мысли и чувства выражение. 

Rəyçi: dos.Vaqif  İsrafilov

Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 5. Nitq etiketi, etika və ünsiyyət

Vəliyeva Təhminə

NİTQ ETİKETİ, ETİKA VƏ ÜNSİYYƏT

Açar sözlər: nitq etiketi// etika // ünsiyyət // etiket //davranış // norma 

Keywords: speech etiquette// ethics// intercourse // etiquette //behavior// norm 

Ключевые слова:   речевой этикет// этика // общение // этикет//поведение // норма 

Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına və etik normalara düzgün riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva edir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin başlıca, əsas komponentlərindən sayılır. Nitq etiketlərindən danışarkən, onun “etika” ilə münasibətinə də diqqət yetirmək lazım gəlir. Əksərən bu iki termin arasında sərhəd cızılmamış, onlar bir-biri ilə ya qarışdırılır, ya da tamamilə eyniləşdirilir. “Etika” və “etiket” terminləri məna, səslənmə və tətbiq olunma sahələrinə görə bir-birinə yaxın mənalı sözlər kimi dərk edilmişdir. “Etiket” fransız, “etika” isə latın sözüdür. “Etiket” sözü fransız dilində iki mənada işlənir: 1) yarlıq, etiket, yazı; 2) mərasim. “Etiket” sözü də latın dilində iki mənalıdır: 1) ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə; 2) hər hansı sinfin, cəmiyyətin və ictimai təşkilatın əxlaq qaydaları. “Etiket” sözü holland dilində, əsasən “paycıq” mənasında işlədilmişdir. “Paycıq” ilkin olaraq “malın, eksponatın üstünə yapışdırılmış kağız” mənasında olmuşdur, sonralar isə “kağız” mənasını qazanmışdır (3,179)”. İndi isə etiket sözü həm “yarlıq”, həm də “danışıq norması” şəklində işlənilir və “yarlıq” mənası ilkin, “danışıq norması” isə törəmədir. Etika fəlsəfə elminin tədqiqat sahəsinə daxil olub, əxlaq, mənəviyyat qaydalarını əhatə edirsə, etiket isə cəmiyyətdə mədəni, etik, əxlaq normalara uyğun davranış qaydalarını əks etdirir. Əlbəttə inkar etmək olmaz ki, etiketin mahiyyətində etik xarakterə malik xüsusiyyətlər durur. Lakin etiketin məxsus olduğu etik xarakteri onu etika ilə eyniləşdirmək haqqı vermir. Etik normalar daxilində nitq etiketlərinin gözlənilməsi cəmiyyət tərəfindən təqdirəlayiq hal kimi qarşılanır. Nitq və etiket bir-birilə üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışan haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da, danışan səlis, mədəni nitqi ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin gedişatında idarəni öz əlinə alır. Nitq etiketlərindən bəhs açarkən  bir çox hallarda digər etiketlərin də onun tərkib hissəsi kimi verilməsi halları da müşahidə olunur. “Etiketin isə 3 növü göstərilir: Xarici görünüş etiketi, nitq etiketi və davranış etiketi (2,41)”. Bir-birilə sıx bağlı olan bu üç etiket növlərinin hər biri özünəməxsus cəhətləri ilə fərqlənir. Xarici görünüş etiketinə səliqəli və zövqlü geyim tərzi, saç düzümü və s. zahiri görünüş əlamətləri daxildir. Məlumdur ki, hər mərasimin öz geyim tərzi var və xarici görünüş etiketinin də tələbi hər hansı bir mərasimə uyğun geyim tərzinin seçilməsidir. Etiketə uyğun, səliqəli və zövqlü xarici görünüş insan haqqında xoş təəssüratın yaranmasına səbəb olur. Davranış etiketi isə insanların cəmiyyət tərəfindən müxtəlif situasiyalar üçün qəbul edilmiş, nümunəvi hesab edilən hərəkətlərinin məcmusudur. Nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən  etik qaydalar  sistemindən ibarətdir.
Nitq etiketi hər bir cəmiyyətin nitq davranışı formulları, ünsiyyət stereotipləridir. Onlar cəmiyyətdə davranış normalarının tənzimləyicisi olmaqla yanaşı, mədəni ünsiyyətin formalaşdırılmasında müəyyənedici rol oynayır. Nitq mədəniyyəti - ünsiyyət prosesi - nitq etiketi vəhdəti meydana çıxır. Nitqin mədəni səciyyə və keyfiyyətlərinə yiyələnmədən ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. İstər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən səviyyədə yiyələnməyən insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına  və daha ciddi xəstəliklərə səbəb olur. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilə bilər. Jestika, mimika və nitq ünsiyətin qurulmasında geniş istifadə olunan vasitələr hesab olunur. Bildiyimiz kimi, dilin başlıca funksiyası onun əsas ünsiyyət vasitəsi olması, ünsiyyətə xidmət etməsidir. Ünsiyyət vasitəsilə insan yaşadığı cəmiyyətdə  özünün daşıdığı ictimai vəzifəsini və sosial funksiyasını yerinə yetirir, zəruri rəftar və davranış normalarına yiyələnir. Bu prosesdə insan həm də özünənəzarət və idarəetmə funksiyalarını həyata keçirir. Ünsiyyətin səviyyələri münasibətlərin formlaşmalarından asılı olaraq müxtəlif səciyyə daşıyır. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir. Çünki etik normaları bilmək heç də ona hər zaman  əməl etmək demək deyil. Bəzən insan şüurlu şəkildə etik normanı poza bilir.
Ünsiyyət qurmaq özü də bir mədəniyyətdir və ünsiyyət mədəniyyəti ümumnitq mədəniyyətinin tərkib hissəsidir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə ünsiyyət sözünün bir neçə mənası verilmişdir: “1) qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət; 2) əlaqə, rabitə, qarşılıqlı münasibət; 3) xoş münasibət, yaxınlıq, mehribanlıq”(6,428). Ünsiyyət psixologiyanın da geniş tədqiq olunan sahələrindəndir və psixoloji araşdırmalarda ünsiyyətin insan həyatının müxtəlif sahələrini əhatə etməsi, insanları birgə fəaliyyətə sövq etməsi məsələləri qeyd edilmişdir.“Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çox planlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir (5, 98)”. Ünsiyyət prosesi sadəcə insanlar arasında qarşlılqlı anlama və birgə fəaliyyəti təmin etmir, həm də informasiya mübadiləsi kimi çıxış edir. Bu baxımdan, psixoloji ədəbiyyatlara nəzər salsaq, söylədiyimiz fikrin əksini taparıq. “Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur: 1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi; 2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi; 3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi (5, 99 )”.
Nitq etiketi və ünsiyyət mədəniyyəti bir-birini tamamlayan və bir-birindən ayrılmaz, üzvi əlaqədədir. “Ünsiyyət prosesində danışan özünü üç formada təqdim edə və ya tanıtdıra bilər: 1) öz hərəkəti, rəftarı, daxili təbiəti ilə; 2) şəxsiyyəti, elmi və mədəni səviyyəsi ilə; 3) kimlə necə və kimə nədən danışmağı ilə (3,  179)”. Ünsiyyət prosesinin hər bir iştirakçısı həmsöhbətinin nitq davranışına təsir edir, dil vasitələrinin seçimini müəyyənləşdirir. Bu zaman həmsöhbətlərin cinsi, yaşı, sosial statusu və s. amillər mühüm rol oynayır. Cəmiyyətdə insanlar arasında ünsiyyətin yaradılmasında nitq etiketlərinin daşıdığı rol olduqca böyük və əhəmiyyətlidir. Etiket ünsiyyətin zahiri tərəfini təşkil edir və “nitq etiketi sabit, milli dəyərlər daxilində olan ünsiyyət formaları sistemidir (2, 40)”. O, insanlar arasındakı münasibətləri tənzimləyir və mənəvi-əxlaqi norma, dəyərlərini özündə  əks etdirir. Nitq etiketləri nitq daşıyıcısının davranış norma və qaydalarını ehtiva etməklə, etik davranış mədəniyyətini formalaşdırır. Bundan başqa, insanların verbal və qeyri-verbal davranışını müəyyənləşdirməklə insanların bir-birinə olan münasibətinin təzahürüdür. Nitq etiketləri verbal və qeyri-verbal ünsiyyət prosesində geniş istifadə edilir. Verbal ünsiyyət kommunikasiya vasitələrinin – dilin, söz və ifadələrin köməyi ilə yaradılır. Qeyri-verbal ünsiyyət isə mimika, jestika, pantomimika, işarələr sistemi ilə qurulur.
İctimai yerlərdə, müəyyən cəmiyyət daxilində, kollektivdə və ya ailədə insanın özünü necə aparması, kimə necə müraciət etmək qaydaları danışıq etikasında yer alır. Danışıq etikası sistem təşkil edib, özünün normaları mövcuddur. Səmimi və mədəni ünsiyyətin yaradılmasında danışıq etikasının gözlənilməsi olduqca əhəmiyyətlidir. Danışıq etikası bir sıra komponentlərdən ibarətdir: 1) müraciət qaydaları; 2) şad və ya qəmli xəbərləri çatdırma qaydaları; 3) dinləmə qaydaları; 4) söhbətə qoşulma; 5) verilən suallara mədəni cavab qaydaları; 6) mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları. Danışıq etikasına istər şifahi, istərsə də yazılı nitqdə riayət edilməsində nitq etiketlərindən düzgün və səmərəli istifadə gərəkdir. Nitq etiketləri cəmiyyətdə insanlararası sağlam münasibətin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Bu və ya digər situasiyalarda nitqin səlis, məqsədəuyğun qurulmasında hər situasiyaya müvafiq söz və ifadələrdən lazımınca və məqsədli surətdə istifadə  insanlar arasında  anlaşıqlı dialoqun qurulmasını təmin edir.
Məqalənin aktuallığı. Nitq etiketlərinin üzvi əlaqə və mahiyyətinin açılması onlardan ünsiyyət prosesində məqsədyönlü istifadəni təmin edir. Məqalənin praktik əhəmiyyəti. Nitq etiketlərinin daşıdığı etik xarakteri onun fəlsəfə elmi daxilində öyrənilən etika ilə üzvi əlaqəsini ortaya qoyur. Bu əlaqəni aşkara çıxarmaq, etiketin digər növləri ilə nitq etiketinin fərqini göstərmək onların mahiyyətini açmağa kömək edir.

Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2013
2. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, 2016
3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, Bakı Universiteti, 2003
4. Seyidov S. Həmzəyev M. Psixologiya. Bakı, 2007
5. Azərbaycan dilinin izahlı lüğəti. 4cilddə. II cild. Bakı, Şərq-Qərb, 2011, 712 s.

Valiyeva Tahmina
Summary: The article deals speech etiquettes interconnected attitudes with ethics and the role  of  communication. Speech etiquettes provide expressing human ideas and senses within process of communication. They differ other types of etiquettes with specific features and look at to their characteristic features.   

Bалиева Taxмина
Резюмe: В статье говорится речевой этикети взаимные отношения с этикой и положение роль на общение. Речевои этикети обеспечивают на процесс общение человек мысли и чувства выражение. Они отличаeться другие типы этикеток специфические функции и взглянуть на их типичный черты.

Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 4. Azərbaycan dili dərsliklərində nitq etiketlərinin qoyuluşu (V-IX siniflər üzrə)

Vəliyeva Təhminə
AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNDƏ NİTQ ETİKETLƏRİNİN QOYULUŞU 
(V-IX siniflər üzrə)

Açar sözlər:  Azərbaycan dili, dərslik, təlim prosesi, nitq etiketi, interaktiv təlim, situasiya, ünsiyyət
Ключевые слова: Азербайджанский язык, учебник, процесс обучения, речевой этикет, интерактивное обучение, ситуация, общение
Keywords: Azerbaijani language, textbook, learning process, speech etiquette, interactive training, situation, intercourse

      Azərbaycan Respublikasında həyata keçirilən yeni təhsil proqramı çərçivəsində nitq mədəniyyətinin formalaşdırılması əsas meyarlardan biri kimi qəbul edildi. Müasir dövrün tələblərinə cavab verən, ölkəsinin siyasi, milli-mənəvi maraqlarını təmsil edə bilmək iqtidarında olan şəxslər səlis nitq bacarıqlarına malik olmalıdırlar. Bu səbəbdən, nitq təlimi təhsilin ən ümdə məsələsi şəklində qoyulmuşdur. Azərbaycan dili təlim fənninin başlıca məqsədi səlis nitq bacarıqlarına malik şəxsiyyət formalaşdırmaqdır. Bu məqsədin həyata keçirilməsi üçün şagirdlərdə etik-mədəni nitq formalaşdırılması nitq təlimi üzrə təlim işinin planına daxil edildi. Mədəni səviyyənin göstəricisi olan etik-mədəni nitq üzərində işin təlim-tədris müəssiələrinin ayrı-ayrı siniflərində təşkili üçün “Azərbaycan dili” təlim fənni üzrə hazırlanan tədris proqramlarında yer verildi. Nitq etiketlərinin ümumtəhsil məktəblərinin ayrı-ayrı siniflərində tədrisi vacib hal aldı və onların müxtəlif yollarla mənimsədilməsinə diqqət artırıldı. Ümumtəhsil məktəblərində nitq etiketlərinin tədrisinə hələ ibtidai təhsil səviyyəsində başlanılır. İbtidai sinif təhsil səviyyəsi üzrə təhsil alanlar üçün nəzərdə tutulmuş “Azərbaycan dili”, o cümlədən “Həyat bilgisi” dərsliklərində cəmiyyətdə insanların mədəni ünsiyyət qurması üçün lazım olan etik ifadələr xüsusi yer tutur. Şagirdlərin davranış və danışıq mədəniyyətinin formalaşmasında nitq etiketlərinin müstəsna rolu var. Ümumtəhsil məktəblərinin V sinif üzrə tərtib edilmiş “Azərbaycan dili” dərsliyi giriş, “Ailə və məktəb”, “Niyə belə deyirik?”, “Mənəvi dəyərlər”, “Tarixi-mədəni abidələr”, “Ana təbiət”, “Tarixdə iz qoyanlar” adlı altı bölmədən təşkil olunub. Hər bölmənin sonunda dil qaydaları üzrə təkrarın təmin edilməsi məqsədilə müxtəlif səpkili tapşırıq və çalışma nümunələri yer almış, dərsliyin sonunda isə “izahlı lüğət” verilmişdir. Dərsliyin “Hamının bildiyi dil” mətnində jestika və mimikadan istifadə ilə ünsiyyətin təşkili məsələsinə toxunulub, mətn üzrə suallar bədən üzvlərinin köməkliyi ilə fikir, hiss və duyğuların ifadəsindəki rolunun şagirdlərə aydınlaşdırılmasına yönəlmişdir. “Rəvayətli ifadələr” mətnində bir qisim nitq etiketindən istifadə olunmuşdur və mətnə müvafiq olaraq, “dialoqda hansı nitq etiketlərinə rast gəldiniz?” sualı qoyulmuşdur. Mətndəki nitq etiketləri ilə tanış olan şagirdlər ibtidai siniflərdə nitq etiketləri barədə əldə etdikləri bilik bazasına müraciət etməklə əvvəlki biliklərini yada salmaqla yanaşı, onlara tanış olmayan nitq etiketlərini əxz edir.  
Tədris dili Azərbaycan dili olan ümumtəhsil məktəblərinin VI sinif şagirdləri üçün tərtib olunmuş “Azərbaycan dili” dərsliyi “Fərd və cəmiyyət”, “İxtiralar və kəşflər”, “Dəyərlərimiz”, “İncəsənət”, “Hikmət xəzinəsi”, “Qədim dünya” adı ilə verilmiş altı bölməni əhatə edir. Hər bir bölmənin sonunda ümumiləşdirici təkrar yer alır. Dərsliyin sonunda isə “Sözlük” başlığı ilə dərslikdə işlənən sözlərin izahı verilmişdir. “Əlvida, “bilmirəm!” adı ilə verilən mətnlə bağlı olaraq qoyulan sualların birində sözün məqamına görə işlənməsi məsələsinə yer verilmişdir. “Əlvida”, “sağ ol”, “xudahafiz” sözlərinin hansı məqamda işlədilməsi şagirdlərdən soruşulur. Yaxud “Sənin kimi olacağam” adlı mətndə işlənən “Sükanı belə saxla!” ifadəsi ilə bağlı şagirdlərə sual olunur ki, bu ifadəni hansı hallarda işlətmək doğru olar. Nitq etiketlərinin situasiyaya müvafiq olaraq seçilməsi barədə əvvəlki siniflərdə nəzəri məlumat almış şagirdlər çətinlik çəkmədən sualı cavablandıra biləcəklər.
VII sinif məktəb şagirdləri üçün hazırlanmış “Azərbaycan dili” dərsliyi yeddi bölmədən – “Fərd və cəmiyyət”, “Hər sözün bir taleyi var”, “Ana təbiət”, “Kamilliyə doğru”, “Dəyərlərimiz”, “İxtiralar və kəşflər”, “Kitabın tarixi”, hər bölmə üzrə ümumiləşdirici təkrar hissədən və sözlükdən ibarətdir. Dərslikdə sözlərin kontekstə uyğun olaraq işlədilməsi, sözlərdən yerli-yerində işlədilməsi, dialoq və nəqli, təsviri mətnlərin qurulması ilə bağlı tapşırıqlar kifayət qədər yer alsa da, nitq etiketləri yenə diqqətdən kənarda qalmışdır. Yalnız “Hərənin öz imzası” adlı bir mətndə nitq etiketinin digər anlayışlardan – “kompliment”, “muştuluq” fərqləndirilməsinə toxunulub. Mətndə təsvir olunur ki, ət şöbəsində işləyən satıcı qız marketə gələn müştərisinə “bu gün çox gözəl görünürsünüz. Sanki günü-gündən cavanlaşırsınız” sözləri ilə müraciət edib, qadının üzünü güldürür. Şagirdlərə sual olunur ki, satıcı qızın işlətdiyi ifadəni necə adlandırma doğru olar.
Ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri üçün tərtib edilmiş “Azərbaycan dili” dərsliyi struktur cəhətdən giriş, şərti işarələr sxemi, “Bilik xəzinədir”, “Tarixin daş yaddaşı”, “Milli-mənəvi dəyərlərimiz”, “Şəxsiyyətlər”, “Mətbuat: dünən və bu gün”, “Sənət dünyasına səyahət” başlıqları ilə verilmiş altı bölmə və “kompleks lüğət” hissələrindən ibarətdir. VIII sinif “Azərbaycan dili” dərsliyində nitq etiketlərinin tədrisinə dair kifayət qədər sual, tapşırıq və çalışma nümunələri diqqəti cəlb edir. Dərsliyin “Bilik xəzinədir” adlı mətnində işlənən “Xoş gördük!” nitq etiketi mavi rəngli şriftlə işarələnmiş və onunla bağlı “işarələnən sözü görüşmə etiketi adlandırmaq olarmı?” sualı qoyulur. Həmin mətnlə bağlı “mətnin son cümləsinə hansı nitq etiketini artırmaq olar?” başqa bir sual da yer alır. Dərsliyin “Mücrü” adlanan mətnində bir qisim nitq etiketindən istifadə olunmuşdur. Mətndən sonra şagirdlərin şifahi nitq qabiliyyətini inkişaf etdirməyə yönəlmiş tapşırıq kimi “salam!, gecəniz xeyrə qalsın!, görüşənədək! nitq etiketlərindən istifadə etməklə “Dostumun babası ilə söhbət” adlı kiçik dialoq qurun” verilmişdir. “Tarixin daş yaddaşı” mətnində nitq etiketlərindən geniş surətdə istifadə olunmuş, mətnlə əlaqədar “ilk cümləyə hansı müraciət etiketini əlavə etmək olar?” sualı qoyulmuşdur. Digər bir tapşırıq mətndəki nitq etiketlərini seçilib, məna növünün müəyyənləşdirilməsidir. Dərslikdə yer alan Cəlil Məmmədquluzadənin “Buz” hekayəsində işlənən “ciyərin yansın!” ifadəsini nitq etiketi hesab etmək olarmı?, bu etiketin adı nədir?, bu sözdən nə zaman istifadə edilir?, onun istifadəsi lazımdırmı? sualların qoyuluşu ilə şagirdlər idraki fəallığa cəlb edilirlər. “Sənət dünyasına səyahət” adlanan mətnində ayrılma etiketi işlənmiş və şagirdlərə ayrılma etiketlərinin bir neçəsi – “sağ olun”, “görüşənədək” verilib məntiqi ardıcıllığı davam etdirmələri tapşırılır. Dərslikdə nitq etiketlərinin tədrisinə geniş yer verilməsi, onlara dair müxtəlif tipli sual, tapşırıq və çalışma nümunələrinin yer alması təqdirəlayiqdir!
IX sinif “Azərbaycan dili” dərsliyi dörd bölmədən – “Dil, təhsil və cəmiyyət”, “Müvəffəqiyyət və cəmiyyət”, “Mənəviyyat və cəmiyyət”, “Mədəni irs və cəmiyyət” ibarət olub, dərslikdə mədəni nitqin keyfiyyətləri, vasitəli və vasitəsiz nitq barədə nəzəri məlumat verilmiş, sözün məqamına görə işlənməsi, rabitəli nitqin qurulmasına dair qoyulan sual və tapşırıqlar şagird nitqinin inkişafına yönəldilir. Dərslikdə “Sizi təbrik edirəm, qızlar!”, “Məhəmməd Sadıq bəy Ağazadə” adlı mətnlərdən sonra mədəni nitqin keyfiyyətləri barədə ümumi nəzəri məlumat yer almışdır. Mətnlərin məzmunundan təlim materialı kimi istifadə olunmaqla, sual və tapşırıqlar qoyulmuşdur. Sözün hansı məqamda işlənməsinə dair sual, tapşırıq və çalışmalar “Azərbaycanı Avropada tanıdan ilk kimyaçı alim”, “Ana dili”, “Sizi təbrik edirəm, qızlar!”, “Uğur” adlı mətnlərlə əlaqədar olaraq verilmişdir. Rabitəli nitqin inkişafı ilə bağlı “Uğur”, “Ən yaxın planet” mətnlərindən sonra müvafiq tapşırıqlar qoyulmuşdur. Dərsliyin IV bölməsi vasitəli və vasitəsiz nitqin tədrisinə həsr olunmuş, bu bölmədə yer alan sual, tapşırıq və çalışma nümunələri şagirdlərə vasitəli və vasitəsiz nitq bacarıqlarının aşılanmasına istiqamətlənmişdir. Rəsul Rzanın “Məndə ixtiyar olsa idi” şeirinin məzmunu ilə əlaqədar olaraq alqış etiketinə dair tapşırıq həsr olunmuşdur.
“Azərbaycan dili” dərsliklərində nitq etiketlərinin qoyuluşuna dair verilən ümumi mənzərədən də aydın olur ki, dərsliklərdə nitq etiketləri nəzəri və praktik aspektdən az işlənmişdir. Tədris vacibliyi xüsusi vurğulanan bu mövzunun dərsliklərə salınması və siniflər üzrə sistemli şəkildə tədris olunması nəzərə alınmalıdır. Ümumtəhsil məktəblərinin “Azərbaycan dili” dərsliklərində nitq etiketlərinə xüsusi yer ayrılması “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurikulum) çərçivəsində Azərbaycan Respublikasında təhsilin başlıca məqsədi kimi qoyulan səlis nitq bacarıqlarına malik şəxsiyyət formalaşdırılması tələbinin həyata keçirilməsi üzrə atılmış ən uğurlu əməli addımlardan biri olar.
Məqalənin aktuallığı. Məqalə nitq etiketlərinin Azərbaycan dili fənn kurikulumuna müvafiq olaraq tərtib olunmuş, V-IX siniflər üzrə hazırlanmış “Azərbaycan dili” dərsliklərində işlənilmə səviyyəsinə həsr olunmuşdur. Məqalənin elmi yeniliyi. Məqalədə müasir “Azərbaycan dili” dərsliklərində nitq etiketlərinin işlənilmə səviyyəsinə ümumi baxış keçirilmiş, nitq etiketlərinin tədrisi vacibliyi diqqətə çatdırılmışdır. Məqalənin praktik əhəmiyyəti. “Azərbaycan dili” dərsliklərində nitq etiketlərinin qoyuluş mənzərəsi ilə tanışlıq onların tədrisini siniflər üzrə sistemli və planlı şəkildə qurmağa imkan verir.

Ədəbiyyat:
1. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün “Azərbaycan dili” (tədris dili) fənni üzrə dərslik. Bakı, “Kövsər” nəşriyyatı, 2016, 160 s.
2. Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Azərbaycan dili” (tədrsi dili) fənni üzrə dərslik. Bakı, Altun Kitab, 2013, 192 s.
3. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün “Azərbaycan dili” fənni üzrə dərslik. Bakı, Altun Kitab, 2014, 176 s.
4. Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün “Azərbaycan dili” (tədris dili) fənni üzrə dərslik. Bakı, “Şərq-Qərb”, 2017, 160 s.
5. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Azərbaycan dili” (tədris dili kimi) fənni üzrə dərslik. Bakı, “Şərq-Qərb”, 2016, 200 s.


Nitq etiketlərinin nəzəri və tədrisi məsələrinə həsr olunmuş məqalə silsiləsindən: 3. Nitq etiketlərinin nitq mədəniyyətində yeri və nitqdə rolu

Nitq etiketlərinin nitq mədəniyyətində yeri və nitqdə rolu

Təhminə Vəliyeva

Açar sözlər: nitq mədəniyyəti // ünsiyyət // nitq // nitq etiketi// etika // funksiya

Keywords: speech culture// intercourse // speech //speech etiquette // ethics // function

Ключевые слова:   речевая культура// общение// речь // речевой этикет //этика // функция

Nitq mədəniyyəti ümumbəşəri mədəniyyətin tərkib hissəsi olaraq, məxsus olduğu xalqın etnik-milli və ictimai-estetik dəyərlərinin  daşıyıcısı kimi çıxış etməklə bərabər, onun tarixi keçmişinin və mədəni səviyyəsinin simvoludur. Nitq mədəniyyəti nəzəri və tətbiqi dilçilik kontekstində öyrənilir və nitq mədəniyyətinin təcrübi məsələləri bir növ dilçiliyin nəzəri problemlərinin təcrübəyə yansımasıdır. Ünsiyyət və fəaliyyət prosesində nitq mədəniyyətinin təcrübi məsələləri meydana çıxır. Xüsusi etik norma və dəyərlərə malik nitq mədəniyyəti cəmiyyyətdə insanlar arasında ictimai münasibətlərin tənzimləyicisidir. İnsanlararası münasibətin vacib faktorlarından birini ünsiyyət mədəniyyəti  təşkil edir və nitq mədəniyyəti ünsiyyət prosesində baza rolunu oynayır. Səlis nitqə malik hər bir insan ünsiyyət prosesində öz hiss və duyğularını, fikir və düşüncələrini dil-nitq prosesinin vəhdəti kontekstində reallaşdırır. Daxili nitqdə formalaşan fikirlər canlı nitq prosesində səsləndirilmək imkanı əldə edir. Bu daxili əlaqələnmə dil-nitq vəhdətini ortaya qoyursa, fikirlərin, ideyaların ictimailəşməsi ünsiyyyət prosesində həyata keçir. Məhz bu faktor nitq mədəniyyəti ilə ünsiyyət mədəniyyətinin üzvi əlaqəsinitəsdiq edir.
Hər bir xalqın dilində olduğu kimi, Azərbaycan dilində də xalqımızın milli təfəkkürünün, əxlaqi-etik dəyərlərinin ifadəsi olan bir qrup söz və ifadələr mövcuddur. Azərbaycan dilçiliyində bu qəbildən olan ifadə və söz qrupları nitq etiketləri, yaxud nitq yarlıqları adı ilə qeyd olunur. Nitq etiketləri gündəlik  istifadədə ünsiyyət  məqsədilə işlədilən, norma səciyyəsi daşıyan nitq konstruksiyaları hesab olunur. Onlar cəmiyyətdə davranış normalarının tənzimləyicisi olmaqla yanaşı, mədəni ünsiyyətin formalaşdırılmasında müəyyənedici rol oynayır. Nitq mədəniyyəti - ünsiyyət prosesi - nitq etiketi vəhdəti meydana çıxır. Nitqin mədəni səciyyə və keyfiyyətlərinə yiyələnmədən ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. Istər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən səviyyədə yiyələnməmiş insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına  və daha ciddi xəstəliklərə səbəb olur. Psixoloji ədəbiyyatlarda “ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çox planlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir” (4,98). Birgə fəaliyyətə əsaslanan ünsiyyətin etik səviyyədə qurulması nitq etiketləri hesabına baş tutur. Nitq etiketi hər bir cəmiyyətin nitq davranışı formulları, ünsiyyət stereotipləridir. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilə bilər. Jestika, mimika və nitq ünsiyyətin qurulmasında geniş istifadə olunan vasitələr hesab olunur. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir.
Nitq etiketləri müxtəlif ünsiyyət situasiyalarında geniş istifadə olunur. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun istiqamətini müəyyən edir, ünsiyyət zamanı məramın açılması situasiyadan bilavasitə asılıdır. Hər bir xalqın dilində olduğu kimi Azərbaycan dilində də xalqımızın müraciət, təbrik, ayrılma, görüş məqamlarında işlədilən nitq etiketi formalarından  istifadə situasiya tipləri ilə birbaşa bağlıdır. Situasiya tipləri rəsmi, qeyri-rəsmi, yarı-rəsmi məqamlarda mövcud olur və onlara  tanışlığın dərəcəsi, söhbət iştirakçılarının sosial statusu, təhsili, söhbət iştirakçıların sayı da təsirini göstərir. Nitq etiketi normaları plastik xarakterə malikdir və situasiyadan asılı olaraq onları müxtəlif istiqamətlərə əymək mümkündür. Nitq etiketi formaları situasiyalarda stereotiplərin seçimində ünsiyyət şəraiti təsir göstərir. Məhz nitq etiketi situasiyanın düzgün qiymətləndirilib həmin situasiya üçün düzgün, norma hesab edilən ifadələrin seçilməsini tələb edir.
  Cəmiyyətdə insanlararası mövcud münasibətlər sistemində nitq etiketləri gündəlik  istifadədə ünsiyyət  məqsədilə işlədilən, norma səciyyəsi daşıyan  nitq konstruksiyaları hesab olunur. Nitq etiketləri dildə bir sistem təşkil edərək, bir sıra komponentlərdən ibarətdir və Azərbaycan dilində olan xüsusi söz və yaxud söz birləşmələri ilə ifadə olunur. Nitq etiketləri məqsədəuyğun  istifadə  və işlənmə  sahəsinə  görə  növlərə bölünür. Müraciət qaydaları, şad və ya pis xəbərləri  çatdırma,  dinləmə, danışanın fikrinə münasibət bildirmək, söhbətə qoşulma, verilən sualları cavablandırma qaydaları, mimika və jestikadan istifadə qaydaları kimi komponentləri özündə birləşdirir.
Nitq etiketinin məzmununda daşıdığı etik xarakteri onu etika ilə bağlılığına nəzər salınmasına səbəb olur. Əksərən bu iki termin ya qarışdırılır, ya da tamamilə eyniləşdirilir. Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına, etik normalara düzgün riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva edir. “Etika” və “etiket” terminləri məna, səslənmə və tətbiq olunma sahələrinə görə bir-birinə yaxın mənalı sözlər kimi dərk edilmişdir. “Etiket” fransız, “etika” isə latın sözüdür. “Etiket” sözü fransız dilində iki mənadadır: 1) yarlıq, etiket, yazı; 2) mərasim. “Etiket” sözü də latın dilində iki mənalıdır: 1) ictimai şüur formalarından biri kimi əxlaq; tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə; 2) hər hansı sinfin, cəmiyyətin və ictimai təşkilatın əxlaq qaydaları. “Etiket” sözü holland dilində, əsasən “paycıq” mənasında işlədilmişdir. “Paycıq” ilkin olaraq “malın, eksponatın üstünə yapışdırılmış kağız” mənasında olmuşdur, sonralar isə “kağız” mənasını qazanmışdır” (3, 179). İndi isə etiket sözü həm “yarlıq”, həm də “danışıq norması” şəklində işlənilir və “yarlıq” mənası ilkin, “danışıq norması” isə törəmədir. Etika fəlsəfə elminin tədqiqat sahəsinə daxil olub, əxlaq, mənəviyyat qaydalarını əhatə edirsə, etiket isə cəmiyyətdə  mədəni, etik, əxlaq normalarına uyğun davranış qaydalarını əks etdirir. Əlbəttə inkar etmək olmaz ki, etiketin mahiyyətində duran xüsusiyyətlər etik xarakterə malikdir. Lakin etiketin məxsus olduğu etik xarakteri onu etika ilə eyniləşdirmək haqqı vermir. Etik normalar daxilində nitq etiketlərinin gözlənilməsi cəmiyyət tərəfindən təqdirəlayiq hal kimi qarşılanır. Nitq və etiket bir-birilə üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışanın haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da danışan səlis, mədəni nitqi ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin gedişatında idarəni öz əlinə alır.
Nitq etiketlərindən bəhs açarkən bir çox hallarda digər etiket növlərinin də onun tərkib hissəsi kimi verilməsi halları müşahidə olunur. “Etiketin isə 3 növü göstərilir: Xarici görünüş etiketi, nitq etiketi və davranış etiketi”(2, 41). Bir-birilə sıx bağlı olan bu üç etiket növlərinin hər biri özünəməxsus cəhətləri ilə fərqlənir. Xarici görünüş etiketinə səliqəli və zövqlü geyim tərzi, saç düzümü və s. zahiri görünüş əlamətləri daxildir. Məlumdur ki, hər mərasimin öz geyim tərzi var və xarici görünüş etiketinin də tələbi hər hansı bir mərasimə uyğun geyim tərzinin seçilməsidir. Etiketə uyğun, səliqəli və zövqlü xarici görünüş insan haqqında xoş təəssüratın yaranmasına səbəb olur. Davranış etiketi isə insanların cəmiyyət tərəfindən müxtəlif situasiyalar üçün qəbul edilmiş, nümunəvi hesab edilən hərəkətlərinin məcmusudur. Nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən  etik qaydalar  sistemindən ibarətdir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin başlıca, əsas komponentlərindən sayılır. Nitq etiketi davranış və danışıq etiketini də özündə cəmləşdirir.
Nitq etiketləri də tərkib hissəsi olduğu nitq mədəniyyəti  kimi milli səciyyə daşıyıb, məxsus olduğu xalqın etnik-milli dəyərlərinin nitq prosesində təzahürüdür. Müqəddəs “Qurani-Kərim”də  işlənmiş nitq etiketləri müsəlman dünyasının ümumdil-nitq mədəniyyətinin səciyyəvi xüsusiyyətlərini özündə ehtiva edirsə, “Kitabi-Dədə Qorqud” abidəsi  isə oğuz-türk  nitq  mədəniyətinin  baris nümunəsidir.  Nitq  etiketləri milli olduğu qədər həm də bəşəridir. Çünki  nitq etiketləri dünya dillərinin  hər birində  mövcuddur və universal dil hadisəsidir.
 Nitq etiketləri  qədimliyi və müasirliyi özündə cəmləşdirə bilir. Onlar köhnə nitq ənənələrini qoruyub saxlasalar da müasir dövrdə baş verən, sürətli inkişaf nəticəsində cəmiyyətdə yaranan  nitq mədəniyyəti münasibətlərində dəyişikliklər müşahidə olunur. Nitq etiketləri də bu inkişafla bağlı baş verən dəyişikliyi bilavasitə əks etdirir. Nitq etiketindən istifadə zamanı bir sıra amillər nəzərdə saxlanmalıdır: “Birincisi, xalqın dil-nitq fəaliyyəti nəticəsində qərarlaşmış ifadələr yığını meydanda olmalıdır. İkincisi, həmin ifadələr yığını nəliyi, necəliyi dil kollektivinin üzvlərinə, o cümlədən danışan və dinləyənə məlum olmalıdır. Üçüncüsü, nitq etiketi ifadələrinin gözlənməsi və pozulması hallarını müəyyən edən qaydalar mövcud olmalıdır. Dördüncüsü, nitq etiketləri ifadələrinin konkret nitq şəraitləri ilə bağlı olduğunu başa düşmək zərurəti işləməlidir” (2, 25).
Nitq etiketinin ünsiyyət və nitq prosesində bilavasitə iştirakı onun nitq ilə sıx bağlılığı ilə izah oluna bilər. Onlar arasındakı üzvi əlaqə yerinə yetirdikləri funksiyalarında da nəzərə çarpır.
Nitqin və nitq etiketlərinin nitq prosesində daşıdığı funksiyaları arasında üzvi əlaqəni hər birinin ayrıca funksiyalarına nəzər saldıqda görmək mümkündür. Nitqin funksiyaları dilçilik ədəbiyyatlarında aşağıdakılar şəklində verilir:
1. Nitqin magik (ovsun) funksiyası – sözün fövqəladə, sirli təsir qüvvəsi bu funksiya ilə ifadə olunur.
2. Nitqin nominativ funksiyası – bu funksiyada əsas məqsəd fikri adresata çatdırmaq, yaxud insanlar arasında əlaqə yaratmaq deyil, fikrin bu və ya digər obyektini göstərmək, onu adlandırmaqdır.
3. Nitqin diakratik funksiyası – bu funksiyadan nitqin tamamlanması, korreksiyası məqsədilə istifadə olunur.
4. Nitqin okkazional funksiyası – nitqə qeyri-nitq situasiyasının əlavə edilməsində özünü göstərir. Məsələn, savadsız adamdan danışanda əlimizi stola vurmağımız nitqin okkazional funksiyası ilə bağlıdır.
5. Nitqin siqnal funksiyası - bu, nitq vasitələrindən adresatı xəbərdar etmək, adresatın müəyyən reaksiyasına nail olmaq məqsədilə işlədilir.
6. Nitqin emotiv funksiyası – danışanın hiss və duyğularını ifadə etmək məqsədi ilə işlədilən söyləmlərdə danışan dinləyəni müəyyən bir hərəkəti etməyə sövq etdikdə təzahür edir.
7. Nitqin ekspressiv funksiyası – bu funksiya ilə fikrin ifadəli verilməsini şərtlənir.
8. Nitqin estetik (poetik) funksiyası – bu funksiya nitqin estetik gözəlikdə qurulmasına xidmət edir.
9. Nitqin etnik funksiyası – nitq vasitəsilə danışanın milli mənsubiyyətini bildirməsi, ifadə etməsi nitqin etnik funksiyası ilə bağlıdır.
10. Nitqin fətik funksiyası – nitqdən danışanla dinləyən arasında kontakt yaratmaq məqsədilə istifadə olunur.        
Nitq etiketləri, bir növ “ayna” rolunu oynayır və hər bir insanın daxili mədəniyyət və mənəviyyatının güzgüsünə çevrilir. Nitq etiketinin əsasını nitq formulları təşkil edir. Nitq etiketi formulları nəzakətli  davranış və əxlaq xüsusiyyətlərini əhatə edib, 3 əsas qrupa ayrılır: 1) başlanğıc; 2) orta; 3) son. Nitq davranışı sferaları isə sosial-məişət, sosial-mədəni, elmi-tədris, ictimai-siyasi, rəsmi-işgüzar kimi sahələrdə fəaliyyət göstərir.
Nitq etiketləri bir sıra başlıca dil funksiyalarını yerinə yetirir, bunları sadalamaq yerinə düşərdi, bu funksiyalar aşağıdakılardır:
“1. Kontaktyaratma  funksiyası. Bu funksiya ünsiyyət prosesində həyata keçir. İnsanların bir-birilə əlaqə, münasibət yaratmasına kömək edir. Ünsiyyət insanların ən böyük tələbatlarından sayılır. Məhz ünsiyyət prosesində insanlar bir-birini qarşılıqlı anlamaya səy edir, öz fikir və duyğularını ən səmərəli formada çatdırmağa çalışır. Kontaktyaratma funksiyası danışanın  həmsöhbətinin diqqətini cəlb etdiyi, onu məlumatın qəbul edilməsinə hazırladığı zaman təzahür edir.
2. Apelyativ funksiya. Bu funksiya çağırış məqsədli olub, müraciət olunanı bildirir. Apelyativ funksiya ünsiyyətin yaranması, dialoqun baş tutması üçün əsas vasitə rolunu oynayan müraciət formullarını ehtiva edir. Müraciət formulları bu funksiya vasitəsilə çağırılan şəxsi bildirir. Əlbəttə, müraciət formulları söhbətin başlanmasına rəvanc verir. Bu baxımdan, müraciət formullarının düzgün seçilməsi önəmlidir. Müraciət formulları seçilərkən insanlar arasında tanışlığın dərəcəsi, yaş, cins, sosial status, vəzifə, peşə və məşğuliyyət, ünsiyyət şəraiti, söhbət işritakçılarının miqdarı kimi amillər nəzərdə saxlanmalıdır.  
3.  Kontativ funksiya (adlandırma). Görkəmli rus dilçi alimi prof. Lidiya Federenko müraciət formalarını şərh edərkən  qeyd edir ki, müraciət sadəcə çağırmır, həm də onu adlandırır, yəni kontativ funksiya daşıyır. Apelyativ funksiya həmsöhbətə yönəlmiş nitq pozisiyasındakı rolu ilə bağlıdırsa, kontativ funksiya nəzakət anlayışı ilə əlaqədardır.
4. Volyuntativ funksiya, yəni həmsöhbətinə iradəsini bildirmə, ona təsiretmə funksiyası. Volyuntativ funksiya nitq etiketlərinin emosional-dəyər funksiyası ilə bağlı olub, xahiş, dəvət, icazə, məsləhət, təklif, rica situasiyalarında volyuntativ funksiyalı nitq etiketlərində təzahür edir. Təsiretmə ünsiyyət prosesində olduqca mühüm amildir. Nitq təsirli olduğu halda danışan həmsöhbətinə  təsir edin öz fikir və duyğularını ifadə edə bilir.
 5. Emotiv funksiya dilin ekspressiv-emosional funksiyası ilə sıx bağlıdır.  Bu funksiyanın vasitəsilə həmsöhbətlər bir-birinə öz duyğu və arzularını ifadə etməyə kömək edir və emosiyaların, hisslərin çatdırılmasında mühüm rol oynayır” (2, 32).
Məqalənin aktuallığı. Nitq etiketləri nitq mədəniyyətinin tərkib hissəsi kimi ünsiyyət-nitq prosesində mühüm rol oynayır və məxsus olduğu xalqın mili-etnik təfəkkürünün, mənəvi-əxlaqi dəyərlərinin daşıyıcısıdır. Həmçinin, nitq etiketləri cəmiyyətdə etik-mədəni danışıq və rəftar normalarının nizamlayıcısıdır. Məqalədə cəmiyyətdə insanlararası münasibətlər sistemində nitq etiketinin rolu qabardılmışdır.
Məqalənin elmi yeniliyi. Nitq mədəniyyətində nitq etiketlərinin mövqeyi məsələsi məqalədə yer alır və dil-nitq proseslərində nitq etiketlərinin iştirakından bəhs açılır.  
Məqalənin praktik əhəmiyyəti. Nitq etiketlərindən gündəlik həyat fəaliyyətində istifadə olunması insanlar arasında etik-mədəni ünsiyyətin qurulmasını təmin edir. nitq ünsiyyəti prosesində nitq etiketlərindən istifadə hər situasiya üçün işlədilməsi uyğun olan söz və ifadələrin seçilməsini şərtləndirir.

Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
2. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, 2016
3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
4. Rəcəbli Ə. Dilçilik tarixi. Bakı, 2007
5. Qarayeva H. Azərbaycan dilində nitq etiketlərinin öyrədilməsi məsələləri. Bakı, 1999
6. Seyidov S. Psixologiya. Bakı, 2007

Valiyeva Tahmina

Position of speech etiquettes in speech culture and role in speech

Summary: Speech etiquettes are an integral part of the speech culture and they are the carriers of ethical-cultural norms in society. In the language of each nation, statements made in accordance with its national identity, ethnicity, and social-aesthetic values are given in the name of speech etiquettes.  Speech etiquettes are directly involved in the process of speaking and become an expression of people's feelings and thoughts, ideas and thoughts.

Bалиева Taxмина

Положение этикетов речи в речевой культуре и роль в речи

Резюме: Этикетки речи являются неотъемлемой частью речевой культуры и они являются носителями этико-культурных норм в обществе. На языке каждой нации высказывания, сделанные в соответствии с ее национальной идентичностью, этнической принадлежностью и социально-эстетическими ценностями, даются во имя речевых этикетов. Этикетки речи непосредственно участвуют в процессе говорения  и стать выражением чувств и мыслей людей, идей и мыслей.


Rəyçi:        Vaqif  İsrafilov
Filologiya üzrə fəlsəfə  doktoru, dosent






ƏHMƏD BƏY AĞAOĞLU. "Sərbəst insanlar ölkəsi"

Təhminə VƏLİYEVA   “SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ Açar sözlər: mənəvi əsarət, daxili s...