Nitq etiketlərinin nitq mədəniyyətində yeri və nitqdə rolu
Təhminə Vəliyeva
Açar sözlər: nitq mədəniyyəti // ünsiyyət // nitq // nitq etiketi// etika // funksiya
Keywords: speech culture// intercourse // speech //speech etiquette // ethics // function
Ключевые слова: речевая культура// общение// речь // речевой этикет //этика // функция
Nitq mədəniyyəti ümumbəşəri mədəniyyətin tərkib hissəsi olaraq, məxsus olduğu xalqın etnik-milli və ictimai-estetik dəyərlərinin daşıyıcısı kimi çıxış etməklə bərabər, onun tarixi keçmişinin və mədəni səviyyəsinin simvoludur. Nitq mədəniyyəti nəzəri və tətbiqi dilçilik kontekstində öyrənilir və nitq mədəniyyətinin təcrübi məsələləri bir növ dilçiliyin nəzəri problemlərinin təcrübəyə yansımasıdır. Ünsiyyət və fəaliyyət prosesində nitq mədəniyyətinin təcrübi məsələləri meydana çıxır. Xüsusi etik norma və dəyərlərə malik nitq mədəniyyəti cəmiyyyətdə insanlar arasında ictimai münasibətlərin tənzimləyicisidir. İnsanlararası münasibətin vacib faktorlarından birini ünsiyyət mədəniyyəti təşkil edir və nitq mədəniyyəti ünsiyyət prosesində baza rolunu oynayır. Səlis nitqə malik hər bir insan ünsiyyət prosesində öz hiss və duyğularını, fikir və düşüncələrini dil-nitq prosesinin vəhdəti kontekstində reallaşdırır. Daxili nitqdə formalaşan fikirlər canlı nitq prosesində səsləndirilmək imkanı əldə edir. Bu daxili əlaqələnmə dil-nitq vəhdətini ortaya qoyursa, fikirlərin, ideyaların ictimailəşməsi ünsiyyyət prosesində həyata keçir. Məhz bu faktor nitq mədəniyyəti ilə ünsiyyət mədəniyyətinin üzvi əlaqəsinitəsdiq edir.
Hər bir xalqın dilində olduğu kimi, Azərbaycan dilində də xalqımızın milli təfəkkürünün, əxlaqi-etik dəyərlərinin ifadəsi olan bir qrup söz və ifadələr mövcuddur. Azərbaycan dilçiliyində bu qəbildən olan ifadə və söz qrupları nitq etiketləri, yaxud nitq yarlıqları adı ilə qeyd olunur. Nitq etiketləri gündəlik istifadədə ünsiyyət məqsədilə işlədilən, norma səciyyəsi daşıyan nitq konstruksiyaları hesab olunur. Onlar cəmiyyətdə davranış normalarının tənzimləyicisi olmaqla yanaşı, mədəni ünsiyyətin formalaşdırılmasında müəyyənedici rol oynayır. Nitq mədəniyyəti - ünsiyyət prosesi - nitq etiketi vəhdəti meydana çıxır. Nitqin mədəni səciyyə və keyfiyyətlərinə yiyələnmədən ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. Istər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən səviyyədə yiyələnməmiş insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına və daha ciddi xəstəliklərə səbəb olur. Psixoloji ədəbiyyatlarda “ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çox planlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir” (4,98). Birgə fəaliyyətə əsaslanan ünsiyyətin etik səviyyədə qurulması nitq etiketləri hesabına baş tutur. Nitq etiketi hər bir cəmiyyətin nitq davranışı formulları, ünsiyyət stereotipləridir. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilə bilər. Jestika, mimika və nitq ünsiyyətin qurulmasında geniş istifadə olunan vasitələr hesab olunur. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir.
Nitq etiketləri müxtəlif ünsiyyət situasiyalarında geniş istifadə olunur. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun istiqamətini müəyyən edir, ünsiyyət zamanı məramın açılması situasiyadan bilavasitə asılıdır. Hər bir xalqın dilində olduğu kimi Azərbaycan dilində də xalqımızın müraciət, təbrik, ayrılma, görüş məqamlarında işlədilən nitq etiketi formalarından istifadə situasiya tipləri ilə birbaşa bağlıdır. Situasiya tipləri rəsmi, qeyri-rəsmi, yarı-rəsmi məqamlarda mövcud olur və onlara tanışlığın dərəcəsi, söhbət iştirakçılarının sosial statusu, təhsili, söhbət iştirakçıların sayı da təsirini göstərir. Nitq etiketi normaları plastik xarakterə malikdir və situasiyadan asılı olaraq onları müxtəlif istiqamətlərə əymək mümkündür. Nitq etiketi formaları situasiyalarda stereotiplərin seçimində ünsiyyət şəraiti təsir göstərir. Məhz nitq etiketi situasiyanın düzgün qiymətləndirilib həmin situasiya üçün düzgün, norma hesab edilən ifadələrin seçilməsini tələb edir.
Cəmiyyətdə insanlararası mövcud münasibətlər sistemində nitq etiketləri gündəlik istifadədə ünsiyyət məqsədilə işlədilən, norma səciyyəsi daşıyan nitq konstruksiyaları hesab olunur. Nitq etiketləri dildə bir sistem təşkil edərək, bir sıra komponentlərdən ibarətdir və Azərbaycan dilində olan xüsusi söz və yaxud söz birləşmələri ilə ifadə olunur. Nitq etiketləri məqsədəuyğun istifadə və işlənmə sahəsinə görə növlərə bölünür. Müraciət qaydaları, şad və ya pis xəbərləri çatdırma, dinləmə, danışanın fikrinə münasibət bildirmək, söhbətə qoşulma, verilən sualları cavablandırma qaydaları, mimika və jestikadan istifadə qaydaları kimi komponentləri özündə birləşdirir.
Nitq etiketinin məzmununda daşıdığı etik xarakteri onu etika ilə bağlılığına nəzər salınmasına səbəb olur. Əksərən bu iki termin ya qarışdırılır, ya da tamamilə eyniləşdirilir. Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına, etik normalara düzgün riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva edir. “Etika” və “etiket” terminləri məna, səslənmə və tətbiq olunma sahələrinə görə bir-birinə yaxın mənalı sözlər kimi dərk edilmişdir. “Etiket” fransız, “etika” isə latın sözüdür. “Etiket” sözü fransız dilində iki mənadadır: 1) yarlıq, etiket, yazı; 2) mərasim. “Etiket” sözü də latın dilində iki mənalıdır: 1) ictimai şüur formalarından biri kimi əxlaq; tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə; 2) hər hansı sinfin, cəmiyyətin və ictimai təşkilatın əxlaq qaydaları. “Etiket” sözü holland dilində, əsasən “paycıq” mənasında işlədilmişdir. “Paycıq” ilkin olaraq “malın, eksponatın üstünə yapışdırılmış kağız” mənasında olmuşdur, sonralar isə “kağız” mənasını qazanmışdır” (3, 179). İndi isə etiket sözü həm “yarlıq”, həm də “danışıq norması” şəklində işlənilir və “yarlıq” mənası ilkin, “danışıq norması” isə törəmədir. Etika fəlsəfə elminin tədqiqat sahəsinə daxil olub, əxlaq, mənəviyyat qaydalarını əhatə edirsə, etiket isə cəmiyyətdə mədəni, etik, əxlaq normalarına uyğun davranış qaydalarını əks etdirir. Əlbəttə inkar etmək olmaz ki, etiketin mahiyyətində duran xüsusiyyətlər etik xarakterə malikdir. Lakin etiketin məxsus olduğu etik xarakteri onu etika ilə eyniləşdirmək haqqı vermir. Etik normalar daxilində nitq etiketlərinin gözlənilməsi cəmiyyət tərəfindən təqdirəlayiq hal kimi qarşılanır. Nitq və etiket bir-birilə üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışanın haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da danışan səlis, mədəni nitqi ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin gedişatında idarəni öz əlinə alır.
Nitq etiketlərindən bəhs açarkən bir çox hallarda digər etiket növlərinin də onun tərkib hissəsi kimi verilməsi halları müşahidə olunur. “Etiketin isə 3 növü göstərilir: Xarici görünüş etiketi, nitq etiketi və davranış etiketi”(2, 41). Bir-birilə sıx bağlı olan bu üç etiket növlərinin hər biri özünəməxsus cəhətləri ilə fərqlənir. Xarici görünüş etiketinə səliqəli və zövqlü geyim tərzi, saç düzümü və s. zahiri görünüş əlamətləri daxildir. Məlumdur ki, hər mərasimin öz geyim tərzi var və xarici görünüş etiketinin də tələbi hər hansı bir mərasimə uyğun geyim tərzinin seçilməsidir. Etiketə uyğun, səliqəli və zövqlü xarici görünüş insan haqqında xoş təəssüratın yaranmasına səbəb olur. Davranış etiketi isə insanların cəmiyyət tərəfindən müxtəlif situasiyalar üçün qəbul edilmiş, nümunəvi hesab edilən hərəkətlərinin məcmusudur. Nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar sistemindən ibarətdir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin başlıca, əsas komponentlərindən sayılır. Nitq etiketi davranış və danışıq etiketini də özündə cəmləşdirir.
Nitq etiketləri də tərkib hissəsi olduğu nitq mədəniyyəti kimi milli səciyyə daşıyıb, məxsus olduğu xalqın etnik-milli dəyərlərinin nitq prosesində təzahürüdür. Müqəddəs “Qurani-Kərim”də işlənmiş nitq etiketləri müsəlman dünyasının ümumdil-nitq mədəniyyətinin səciyyəvi xüsusiyyətlərini özündə ehtiva edirsə, “Kitabi-Dədə Qorqud” abidəsi isə oğuz-türk nitq mədəniyətinin baris nümunəsidir. Nitq etiketləri milli olduğu qədər həm də bəşəridir. Çünki nitq etiketləri dünya dillərinin hər birində mövcuddur və universal dil hadisəsidir.
Nitq etiketləri qədimliyi və müasirliyi özündə cəmləşdirə bilir. Onlar köhnə nitq ənənələrini qoruyub saxlasalar da müasir dövrdə baş verən, sürətli inkişaf nəticəsində cəmiyyətdə yaranan nitq mədəniyyəti münasibətlərində dəyişikliklər müşahidə olunur. Nitq etiketləri də bu inkişafla bağlı baş verən dəyişikliyi bilavasitə əks etdirir. Nitq etiketindən istifadə zamanı bir sıra amillər nəzərdə saxlanmalıdır: “Birincisi, xalqın dil-nitq fəaliyyəti nəticəsində qərarlaşmış ifadələr yığını meydanda olmalıdır. İkincisi, həmin ifadələr yığını nəliyi, necəliyi dil kollektivinin üzvlərinə, o cümlədən danışan və dinləyənə məlum olmalıdır. Üçüncüsü, nitq etiketi ifadələrinin gözlənməsi və pozulması hallarını müəyyən edən qaydalar mövcud olmalıdır. Dördüncüsü, nitq etiketləri ifadələrinin konkret nitq şəraitləri ilə bağlı olduğunu başa düşmək zərurəti işləməlidir” (2, 25).
Nitq etiketinin ünsiyyət və nitq prosesində bilavasitə iştirakı onun nitq ilə sıx bağlılığı ilə izah oluna bilər. Onlar arasındakı üzvi əlaqə yerinə yetirdikləri funksiyalarında da nəzərə çarpır.
Nitqin və nitq etiketlərinin nitq prosesində daşıdığı funksiyaları arasında üzvi əlaqəni hər birinin ayrıca funksiyalarına nəzər saldıqda görmək mümkündür. Nitqin funksiyaları dilçilik ədəbiyyatlarında aşağıdakılar şəklində verilir:
1. Nitqin magik (ovsun) funksiyası – sözün fövqəladə, sirli təsir qüvvəsi bu funksiya ilə ifadə olunur.
2. Nitqin nominativ funksiyası – bu funksiyada əsas məqsəd fikri adresata çatdırmaq, yaxud insanlar arasında əlaqə yaratmaq deyil, fikrin bu və ya digər obyektini göstərmək, onu adlandırmaqdır.
3. Nitqin diakratik funksiyası – bu funksiyadan nitqin tamamlanması, korreksiyası məqsədilə istifadə olunur.
4. Nitqin okkazional funksiyası – nitqə qeyri-nitq situasiyasının əlavə edilməsində özünü göstərir. Məsələn, savadsız adamdan danışanda əlimizi stola vurmağımız nitqin okkazional funksiyası ilə bağlıdır.
5. Nitqin siqnal funksiyası - bu, nitq vasitələrindən adresatı xəbərdar etmək, adresatın müəyyən reaksiyasına nail olmaq məqsədilə işlədilir.
6. Nitqin emotiv funksiyası – danışanın hiss və duyğularını ifadə etmək məqsədi ilə işlədilən söyləmlərdə danışan dinləyəni müəyyən bir hərəkəti etməyə sövq etdikdə təzahür edir.
7. Nitqin ekspressiv funksiyası – bu funksiya ilə fikrin ifadəli verilməsini şərtlənir.
8. Nitqin estetik (poetik) funksiyası – bu funksiya nitqin estetik gözəlikdə qurulmasına xidmət edir.
9. Nitqin etnik funksiyası – nitq vasitəsilə danışanın milli mənsubiyyətini bildirməsi, ifadə etməsi nitqin etnik funksiyası ilə bağlıdır.
10. Nitqin fətik funksiyası – nitqdən danışanla dinləyən arasında kontakt yaratmaq məqsədilə istifadə olunur.
Nitq etiketləri, bir növ “ayna” rolunu oynayır və hər bir insanın daxili mədəniyyət və mənəviyyatının güzgüsünə çevrilir. Nitq etiketinin əsasını nitq formulları təşkil edir. Nitq etiketi formulları nəzakətli davranış və əxlaq xüsusiyyətlərini əhatə edib, 3 əsas qrupa ayrılır: 1) başlanğıc; 2) orta; 3) son. Nitq davranışı sferaları isə sosial-məişət, sosial-mədəni, elmi-tədris, ictimai-siyasi, rəsmi-işgüzar kimi sahələrdə fəaliyyət göstərir.
Nitq etiketləri bir sıra başlıca dil funksiyalarını yerinə yetirir, bunları sadalamaq yerinə düşərdi, bu funksiyalar aşağıdakılardır:
“1. Kontaktyaratma funksiyası. Bu funksiya ünsiyyət prosesində həyata keçir. İnsanların bir-birilə əlaqə, münasibət yaratmasına kömək edir. Ünsiyyət insanların ən böyük tələbatlarından sayılır. Məhz ünsiyyət prosesində insanlar bir-birini qarşılıqlı anlamaya səy edir, öz fikir və duyğularını ən səmərəli formada çatdırmağa çalışır. Kontaktyaratma funksiyası danışanın həmsöhbətinin diqqətini cəlb etdiyi, onu məlumatın qəbul edilməsinə hazırladığı zaman təzahür edir.
2. Apelyativ funksiya. Bu funksiya çağırış məqsədli olub, müraciət olunanı bildirir. Apelyativ funksiya ünsiyyətin yaranması, dialoqun baş tutması üçün əsas vasitə rolunu oynayan müraciət formullarını ehtiva edir. Müraciət formulları bu funksiya vasitəsilə çağırılan şəxsi bildirir. Əlbəttə, müraciət formulları söhbətin başlanmasına rəvanc verir. Bu baxımdan, müraciət formullarının düzgün seçilməsi önəmlidir. Müraciət formulları seçilərkən insanlar arasında tanışlığın dərəcəsi, yaş, cins, sosial status, vəzifə, peşə və məşğuliyyət, ünsiyyət şəraiti, söhbət işritakçılarının miqdarı kimi amillər nəzərdə saxlanmalıdır.
3. Kontativ funksiya (adlandırma). Görkəmli rus dilçi alimi prof. Lidiya Federenko müraciət formalarını şərh edərkən qeyd edir ki, müraciət sadəcə çağırmır, həm də onu adlandırır, yəni kontativ funksiya daşıyır. Apelyativ funksiya həmsöhbətə yönəlmiş nitq pozisiyasındakı rolu ilə bağlıdırsa, kontativ funksiya nəzakət anlayışı ilə əlaqədardır.
4. Volyuntativ funksiya, yəni həmsöhbətinə iradəsini bildirmə, ona təsiretmə funksiyası. Volyuntativ funksiya nitq etiketlərinin emosional-dəyər funksiyası ilə bağlı olub, xahiş, dəvət, icazə, məsləhət, təklif, rica situasiyalarında volyuntativ funksiyalı nitq etiketlərində təzahür edir. Təsiretmə ünsiyyət prosesində olduqca mühüm amildir. Nitq təsirli olduğu halda danışan həmsöhbətinə təsir edin öz fikir və duyğularını ifadə edə bilir.
5. Emotiv funksiya dilin ekspressiv-emosional funksiyası ilə sıx bağlıdır. Bu funksiyanın vasitəsilə həmsöhbətlər bir-birinə öz duyğu və arzularını ifadə etməyə kömək edir və emosiyaların, hisslərin çatdırılmasında mühüm rol oynayır” (2, 32).
Məqalənin aktuallığı. Nitq etiketləri nitq mədəniyyətinin tərkib hissəsi kimi ünsiyyət-nitq prosesində mühüm rol oynayır və məxsus olduğu xalqın mili-etnik təfəkkürünün, mənəvi-əxlaqi dəyərlərinin daşıyıcısıdır. Həmçinin, nitq etiketləri cəmiyyətdə etik-mədəni danışıq və rəftar normalarının nizamlayıcısıdır. Məqalədə cəmiyyətdə insanlararası münasibətlər sistemində nitq etiketinin rolu qabardılmışdır.
Məqalənin elmi yeniliyi. Nitq mədəniyyətində nitq etiketlərinin mövqeyi məsələsi məqalədə yer alır və dil-nitq proseslərində nitq etiketlərinin iştirakından bəhs açılır.
Məqalənin praktik əhəmiyyəti. Nitq etiketlərindən gündəlik həyat fəaliyyətində istifadə olunması insanlar arasında etik-mədəni ünsiyyətin qurulmasını təmin edir. nitq ünsiyyəti prosesində nitq etiketlərindən istifadə hər situasiya üçün işlədilməsi uyğun olan söz və ifadələrin seçilməsini şərtləndirir.
Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
2. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, 2016
3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
4. Rəcəbli Ə. Dilçilik tarixi. Bakı, 2007
5. Qarayeva H. Azərbaycan dilində nitq etiketlərinin öyrədilməsi məsələləri. Bakı, 1999
6. Seyidov S. Psixologiya. Bakı, 2007
Valiyeva Tahmina
Position of speech etiquettes in speech culture and role in speech
Summary: Speech etiquettes are an integral part of the speech culture and they are the carriers of ethical-cultural norms in society. In the language of each nation, statements made in accordance with its national identity, ethnicity, and social-aesthetic values are given in the name of speech etiquettes. Speech etiquettes are directly involved in the process of speaking and become an expression of people's feelings and thoughts, ideas and thoughts.
Bалиева Taxмина
Положение этикетов речи в речевой культуре и роль в речи
Резюме: Этикетки речи являются неотъемлемой частью речевой культуры и они являются носителями этико-культурных норм в обществе. На языке каждой нации высказывания, сделанные в соответствии с ее национальной идентичностью, этнической принадлежностью и социально-эстетическими ценностями, даются во имя речевых этикетов. Этикетки речи непосредственно участвуют в процессе говорения и стать выражением чувств и мыслей людей, идей и мыслей.
Rəyçi: Vaqif İsrafilov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Hard Rock Hotel & Casino Hollywood - Mapyro
ReplyDeleteView real-time driving directions to Hard Rock Hotel 성남 출장마사지 & Casino Hollywood, 255 North Hollywood, based 광명 출장샵 on 속초 출장샵 live traffic updates 김제 출장안마 and road 안동 출장안마 conditions – from Mapyro