Sunday, September 2, 2018

Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən:2. Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi

Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi məsələsi

Təhminə Vəliyeva
 valiyevatahmina@gmail.com
Açar sözlər: Azərbaycan dili// təlim prosesi// interaktiv təlim// nitq etiketi // cəmiyyət // situasiya// ünsiyyət 
Ключевые слова: Азербайджанский язык// процесс обучения// интерактивное обучение //речевой этикет // общество // ситуация // общение
Keywords: Azerbaijani language// learning process // interactive training//speech etiquette // society// situation // intercourse 

Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi məsələsi elmi-nəzəri və metodik problem kimi qarşıya qoyulur. Müasir təlimin qarşısında duran ən ümdə vəzifə hərtərəfli savada, geniş və zəngin dünyagörüşə malik şəxsiyyət formalaşdırmaqdır. Azad düşüncə sahibi olan insan öz fikirlərini istər şifahi, istərsə də yazılı formada, düzgün nitq vahidlərindən istifadə ilə çatdırmağı bacarmalıdır. Müasir təlimin başlıca vəzifəsi də nitqin cəmiyyət və dövlətə faydalı ola biləcək şəxsiyyət formalaşdırılmasındakı rolunu qabardır. Dilin daşıdığı ən ümdə və əsas funksiya onun cəmiyyətdə insanlar arasında mühüm ünsiyyət vasitəsi olmasıdır  və bu funksiyanın reallaşdırılması nitq prosesində baş tutur. Mədəni, zəngin, ifadəli və düzgün nitqə malik insanlar cəmiyyət daxilində hər zaman seçilir və nüfuz qazanır. Çünki səlis nitq insanın bilik və mədəni səviyyəsinin “güzgüsü”dür. Hz. Əlinin “insan dilinin altında gizlənir” kəlamı yaxud antik yunan filosofu Sokratın  “Danış, sənin kim olduğunu deyim!” ifadəsi insan kimliyinin müəyyənləşdirilməsində nitqin rolunu aşkar şəkildə göstərir. 
 Fənn kurikulumlarının məzmun standartları hazırlanarkən hər bir fənnin məqsəd, vəzifələri nəzərə alınır. Müasir dövrdə Azərbaycan dili təlimində başlıca məqsəd  şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirmək, onlarda səlis nitq bacarıqları formalaşdırılmaqla yanaşı, şagirdlərin dünyagörüşünü zənginləşdirmək, hərtərəfli savada malik şəxsiyyət yetişdirməkdir.  Məhz bu cəhət  nitq təliminin Azərbaycan dili fənninin tədrisində mərkəzi mövqe tutduğuna əyani sübutdur. Hər bir xalqın dilində onun milli təfəkürünün, əxlaqi-etik dəyərlərinin ifadəsi olan söz və ifadələr işlənir ki, Azərbaycan dilində bu nitq konstruksiyaları nitq etiketləri, yaxud nitq yarlıqları adlanır. Nitq etiketləri cəmiyyətdə davranış normalarının tənzimləyicisi olmaqla yanaşı, mədəni ünsiyyətin formalaşmasında müəyyənedici rol oynayır. Nitq etiketlərinin tədrisinin vacibliyi də elə onun funksiyalarında təzahür edir. Nitq etiketləri müəyyən cəmiyyət daxilindəki insanlararası münasibətlər sistemində həm mədəni ünsiyyəti formalaşdıran ən vacib ünsürdür, həm də əxlaqi-etik normaları özündə ehtiva edir. Buna görə də nitq etiketləri davranış normalarının tənzimləyicisi və nizamlayıcısı kimi çıxış edir. Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi zamanı müəllim bu iki cəhəti mütləq nəzərə almalı və onun ünsiyyətdəki rolunu yaxşı dərk etməlidir.  Yalnız belə olan halda, müəllim nitq etiketlərini şagirdlərinə mənimsədə və onlarda gündəlik nitq vərdişinə çevrilməsi yönümündə iş apara bilər.
Nitq etiketləri müxtəlif ünsiyyət situasiyalarında istifadə edildiyindən müəllim tədris prosesində situasiyanın doğurduğu emosional-ekspressiv halı və insanın psixoloji vəziyyətini nəzərə alaraq ifadələrin seçilməsinə yönəltməlidir. Şagirdlərin  nitq etiketlərini yaxşı mənimsəməsi istiqamətində təlim işi aparan müəllim şagirdlərini nitq etiketlərinin istifadə edildiyi situasiyalarla əyani tanış etməli, bir növ, özünü həmin situasiyanın iştirakçısına çevirməlidir. Həmin situasiyada birbaşa iştirak edən şagird düşünür “görəsən hansı sözü işlətsəm yerinə düşər?”. Müəllimin istiqamətləndirici və axtarıcılığa yönəldən, fasilitator rolu bu zaman üzə çıxır. Əyani şəkildə nitq etiketlərinin işlədildiyi situasiyalarla tanış etmək üçün müəllim bir neçə iş üsulundan istifadə edə bilər. Nümunə üçün deyək: “Rollu oyun” iş üsulundan istifadə edilə və təlim prosesi ədəbi əsərlərə müraciətlə qurula bilər.  X sinif şagirdlərinə nitq etiketlərini tədris edərkən müəllim IX sinifdə keçirilmiş  Hüseyn Cavidin “Ana” pyesini rollar üzrə bölgü aparıb şagirdləri həmin əsərdə baş verən situasiyaların bilavasitə iştirakçısına çevirir. Bununla da, tədris prosesi ədəbiyyat fənni ilə inteqrativliyin qurulması ilə həyata keçir. Azərbaycan dili təliminin ədəbiyyat təlim fənni ilə əlaqə yaradılması böyük səmərə verir. Çünki inteqrasiyanın düzgün və məqsədə müvafiq qurulması təlim materialının “ölümsüzləşdirir”, daha dərin və  möhkəm mənimsədilməni təmin edir. Həmçinin müəllimin nitq etiketlərinin tədrisi zamanı “əqli hücum” iş üsuluna da  müraciəti səmərəli olar. Müəllim elə sual qoymalıdır ki, şagirdləri  düşünməyə və axtarıcılığa sövq etsin, problemin həlli yönümündə tədqiqat aparılsın. Mövzunun təlim edilməsi mətn üzərində işlə də qurula bilər. Müəllim mətni oxuyub dərk edən şagirdə mətndə mövcud olan məqamlarla bağlı suallar verir və həmin məqamlarda hansı ifadələrin işlədilməsi müəllim-şagird, şagird-şagird əməkdaşlığı nəticəsində müəyyənləşir. Mətnin seçilməsinə də xüsusi diqqət ayrılmalıdır, mətn məqsədəuyğun şəkildə seçilməlidir. Məsələn, VI sinif “Azərbaycan dili” dərsliyində verilmiş “Sənin kimi olacağam” mətnində ata yazdığı inşa ilə müəllimin tərifini qazanan oğlunu alqışlamaq, tərifləmək  üçün  “Afərin sənə! Sükanı belə saxla!”  alqış  etiketindən istifadə edir. Mətn həm də didaktik əhəmiyyət kəsb edir. Oğlan onu itələyən Asifi vurur, atası oğluna:
  “- Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt!”  desə də, oğlunun  
“Yaxşı eləmişəm? Amma müəllim dedi ki, düzgün hərəkət etməmişik”   sözü atanı söylədiyi sözə  peşman edir. Oğlunun “atam kimi həkim olacağam. Çoxlu xəstələrim olacaq və mən də onları sağaldacağam. Atam kimi, mən də kasıblardan pul almayacağam. Onları pulsuz sağaldacağam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəyəm. Çünki mənim atam belə edir” sözləri atanı sarsıdır və pulu ödəmədiyinə görə əməliyyat etmədiyi xəstə yadına düşür, dərhal zəng vurub hamını işə çağırır və əməliyyata başlayır.
Müəllim  “karusel”, “sankveyn”, “ziqzaq” kimi iş üsullarına da müraciət edə bilər. O, iş vərəqələrində müxtəlif məqamlarda işlədilən nitq etiketlərini verir və onları situasiya tiplərinə görə qruplaşdırır. Məsələn: salamlaşma, vidalaşma, görüşmə, müraciət, şad yaxud bəd xəbərlərin  çatdırılması, hal-əhval tutma, sualvermə, cavabalma, söhbətə qoşulma və müdaxilə, intizama dəvət etmə, təbrik, alqış və s. bu kimi çoxsaylı situasiyalarda nitq etiketləri işlədilir. Situasiya tiplərinə görə qruplaşdırma apardıqdan sonra həmin iş vərəqələrini qruplarla iş formasından istifadə edirsə təşkil etdiyi ayrı-ayrı qruplara paylayır. Məhz bu zaman onlar müşahidələrinə, oxuduqlarına  əsaslanaraq, yaxud özünü bilavasitə həmin situasiya iştirakçısı kimi görüb düşünərək hansı məqamda hansı nitq etiketlərindən istifadənin yararlı olduğunu aydınlaşdıra bilər. Hər qrup üçün ayrı verilmiş iş vərəqələri digər qrup üzvlərinə də ötürülür. Bununla da, şagirdlər həm digər nitq-ünsiyyət situasiyaları və o məqamlarda işlədilən nitq etiketləri ilə tanış olur, həm də bir-birlərinin fikirlərini əxz edir və onların  fikirlərinə öz tənqidi münasibətlərini bildirirlər.
Nitq etiketlərinin ümumtəhsil məktəblərinin  sinfi üzrə konkret bir dərs nümunəsi verərək praktik şəkildə nitq etiketlərinin tədrisinin necə reallaşdırılması barədə təsəvvür yaratmaq mümkündür.
Nitq etiketləri – X sinif
Standartlar:
2.1.1. Nitqində dil vahidlərindən məqsədyönlü istifadə edir.
2.1.2. Nitqini zənginləşdirmək məqsədilə atalar sözü, məsəllər və sitatlardan istifadə edir.
 2.1.3 Müxtəlif mövqeli fikirləri real həyat hadisələrlə müqayiə edir.
 2.1.4. Fikirlərini müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlərlə ifadə edir.
3.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir.
4.1.1. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.
Mövzu: Nitq etiketlərinin tədrisi
Məqsəd: Ünsiyyət zamanı şagirdlərin hər situasiyaya uyğun söz və ifadələrdən məqsədli şəkildə istifadəsini təmin etməkdir. 
Dərsin tipi: İnduktiv
Iş üsulu: anlayışın çıxarılması, əqli hücum, sorğu, klaster
Iş forması: qruplarla iş, kollektivlə iş
Resurslar: sorğu vərəqələri, iş vərəqələri, proyektor lövhəsi
Dərsin təşkili üzrə vaxt bölgüsü:
Sinfin təşkili - 2 dəq
Motivasiya, problemin qoyuluşu - 3 dəq
Tədqiqatın aparılması – 8 dəq
Məlumat mübadiləsi - 8 dəq
Məlumatın müzakirəsi və təhlili - 10 dəq
Nəticələrin ümumiləşdirilməsi – 6 dəq
Yaradıcı tətbiqetmə, yaxud ev tapşırığı – 5 dəq
Qiymətləndirmə, refleksiya – 3 dəq
Motivasiya mərhələsində müəllim “anlayışın çıxarılması” iş üsuluna müraciət edib “nitq”, “etika”, “mədəniyyət”, “ünsiyyət” sözlərini açar sözlər kimi istifadə edir. Şagirdlərin düşünüb tədqiq və axtarışlarıının nəticəsi olaraq “nitq etiketi” anlayışı çıxarılır. Bu üsuldan istifadə zamanı biz nitq etiketinin ən önəmli keyfiyyətləri barədə şagirdlərə ilkin informasiya vermiş oluruq. Tədqiqatın aparılması mərhələsində isə “nitq etiketlərində müxtəliflik hansı amillərlə ilə bağlı ola bilər?” tədqiqat sualı ətrafında şagirdlər düşünməyə təhrik olunur və məsələnin həlli yönümündə axtarıcılığa sövq olunurlar. Bu mərhələdə “əqli hücum” iş üsulundan istifadə olunur. Məlumatın mübadiləsi mərhələsində sorğu vərəqələri paylanır. Vərəqələrdə aforizm, atalar sözləri yer alır və bu hikmətli ifadələrdən hansı məqamda işlədilməli olduğu soruşulur. Şagirdlər tərəfindən alınan müxtəlif səpkili cavablar istiqamətində onları ayrı-ayrı  qruplar şəklində birləşdirib,  qruplar üzrə iş təşkil edilir. Məlumatın müzakirəsi zamanı hər qrupa tapşırıq və çalışmalar verilir, suallardan istifadə ilə mövzu ətrafında şagirdlərin tədqiqat aparmasına şərait yaradılır.  Şagirdlərin verdikləri cavablar əsasında məlumatlar müzakirə edilir və təhlilə cəlb olunur. Təhlil prosesində müxtəlif fikirlər səsləndirilir və müxtəlif münasibətlər ortaya çıxır. Nəticələrin ümumiləşdirilməsi mərhələsində isə “klaster” iş üsuluna müraciət edilərək ayrı-ayrı qruplara verilən suallar və bu suallara verilən cavablar şagirdlərin bir-birlərinin fikirlərini öyrənib öz münasibətini bildirmələri üçün əlverişli şərait yaranır. Yaradıcı tətbiqetmə, yaxud ev tapşırığı mərhələsində kollektivə müraciət edən müəllim tərəfindən onlara “qarşılaşdıqları hadisə, yaxud əhvalat barəsində sərbəst inşa yazıb hansı nitq etiketlərindən istifadə etdiyinizi göstərin” kimi tapşırıq verilir. Qiymətləndirmə və refleksiya mərhələsində tədris materialının mənimsənilmə səviyyəsi müəyyənləşdirilir və şagirdlərin fəaliyyəti müəllim tərəfindən qiymətləndirilir. Müəllim aşağıdakı meyarları əsas göstərici kimi götürüb qiymtələndirmə aparır. 
1. Fikir bildirmə və əsaslandırma
2. Mənbələrdən istifadə
3. Nizam-intizam
4. Əməkdaşlıq
X sinif “Azərbaycan dili” dərsliyində “Afrikadan incilər” adlı mətn yer alır. Azərbaycan dili dərslərində mətn üzərində iş təşkilinə xüsusi yer verilir. Bu baxımdan, mətn üzərində işi təşkil  edən müəllim əvvəlcə dinləyib-anlama və danışma məzmun xətti üzrə formalaşdırılan standartlardan istifadə edərək mətni ya müəllim özü, ya da səlis, aydın nitqə malik şagirdlərdən biri oxuyur. Digər şagirdlər isə dinləyərək mətnin məzmununu dərk etməyə çalışır. Şagirdlərin dinlədikləri mətndən nəyi anladığını təyin etmək üçün müəllim şagirdlərə mətnin məzmunu ilə bağlı olan sual və tapşırıqlar verir. Şagirdlərin cavabları əsasında mətnin qavranılma səviyyəsini müəyyən edir. Danışma bacarıqlarının inkişafı istiqamətində iş aparılması məqsədilə şifahi və yazılı nitqin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Danışma bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün mətnin məzmununu qısa xülasə şəklində danışın. Oxu məzmun xətti üzrə iş aparmaq üçün ifadəli oxunun təşkili səmərəlidir və X sinif dərsliyində bununla əlaqədar olan tapşırıqlar yer almışdır. Yazı məzmun xətti üzrə göstərilən standartlarda müxtəlif yazı növlərindən və yazı tiplərindən istifadə ilə yazılı nitq bacarıqları formalaşdırmaq və inkişaf etdirmək mümkündür. Yazılı nitq inkişafı üzrə isə esse, imla, inşa kimi yazılı növlərindən istifadə etmək olar. Bu yazı növləri həm də şagirdləri yaradıcı fəaliyyətə sövq edir. Nəqli, təsviri, mühakimə xarakterli yazı tiplərindən istifadə etməyi bacaran şagird mətnin məzmununa uyğun hansı tip yazını seçəcəyini özü asanlıqla müəyyən edir. Dərslikdə dil qaydaları üzrə bilik və bacarıqların formalaşdırılması  yönümündə iş aparmaq üçün faydalı olan tapşırıqlar yer almışdır ki, bu da təlim məqsədinin həyata keçirilməsini təmin edir. Nitq etiketlərinin tədrisi ilə bağlı dərslikdə “Afrikadan incilər” mətnində işlədilən “Bir neçə gün ona yeməyi qapıdan atırlar” cümləsinə müvafiq “mətndə tünd şriftlə verilmiş cümlədə hansı sözün etik baxımdan işlənməsi düzgün deyil və digər sözlə əvəz edilməsi məqsədəuyğundur?” tapşırığı verilir. Şagirdlər etik baxımdan düzgün işlədilməyən sözü tapmaq və onu başqa sözlə əvəzləmək haqqında düşünür. Düşünmə və axtarışlarının nəticəsi olaraq bu sözün “atırlar” sözü olduğunu müəyyən edir və onu “verirlər” sözü ilə əvəz edir. X sinif “Azərbaycan dili” dərsliyində bu qəbildən olan tapşırıqlar kifayət qədərdir və şagirdlərin nitq inkişafının təmin edilməsi, nitqinin zənginləşdirilməsi ilə əlaqədar tapşırıq və çalışma növləri yer almışdır. Dərslikdə yer alan  mətnlərdə nitq etiketlərinin bol istifadə nitq etiketlərinin tədrisi üçün təlimin qarşısında geniş üfüqlər açır. 
Situasiyanın yaratdığı emosional-ekspressiv hal və psixoloji vəziyyətin nəzərdə saxlanılaraq nitq etiketlərindən istifadədə diqqət yetirilməsi vacib olan olduqca incə məqamlar var. Müəllim bu məsələni şagirdlərinə çatdırmalıdır. Çünki qəfil eşidilən xəbər acı fəsadlarla nəticələnə bilər. Hətta şad xəbərin qəfildən verilməsi belə həmin insanın ölümünə səbəb ola bilər. Vaxtilə  müharibə dövrü illərində “qara kağız” gəlməsi xəbəri əsəbləri zəif olan insanlardan gizlədilirdi. İnsanın ən yaxınının, ən əzizinin ölüm yaxud ağır vəziyyəti barədə xəbər çatdıran kimsə “Özündə deyil”, “Vəziyyəti ağırdır”, “Huşunu itirib”, “Hələ özünə gəlməyib”, “Halı yaxşı deyil”  qəbildən olan nitq yarlıqlarından istifadə etməsi məqsədəuyğundur. “Bəd xəbərlərin  münasib formada başqasına çatdırılması insanlara qayğıdır, mərhəmətdir”(1,272). Şad xəbərləri çatdırarkən də xəbəri verməzdən öncə, xəbəri çatdıran şəxs həmin insanı psixoloji cəhətdən hazırlamalıdır. “Sənə əla xəbərim var”, “Muştuluğumu ver, deyim”, “Bir xəbərim var ki, duysan uçmağa qanad axtaracaqsan” kimi nitq etiketlərindən istifadə etmək yerinə düşər. 
Nitq etiketlərinin tədrisinin önəm daşıyan cəhətlərindən biri də mədəni nitqin əsas göstəricilərindən olan nitqin məqamadüşərlilik və məqsədəuyğunluq prinsipləri ilə qurulmasına xidmət göstərməsidir. Bu, dilin lüğət bazasından lazımi ifadələrin seçilməsini və istifadəsini də təmin edir. Nitq etiketlərinin mənimsədilməsi nəticə etibarilə şagirdlərdə səlis və mədəni nitq bacarıqları formalaşdırır. Həmçinin nitq etiketləri cəmiyyətdə insanlar arasında davranış normalarını tənzimləyən vasitələrdən olduğundan etik nitqə yiyələnmiş şagirdlər həm etik rəftar və davranış sahibi olacaqlar. 
Məqalənin aktuallığı. Nitq etiketlərinin tədrisi şagirdlərin gündəlik həyat fəaliyyətlərində geniş istifadə edə biləcəyi biliklərlə silahlandırılmasına yol açır. Nitq etiketləri mədəni ünsiyyətin təşkilində mühüm rol oynayır və onun tədrisi ilə şagirdlərdə ünsiyyət mədəniyyətinin formalaşdırılmasına nail olmaq olar.
Məqalənin elmi yeniliyi. Nitq etiketlərinin tədrisi məsələsi elmi-metodik ədəbiyyata gətirilməsi problemin həlli istiqamətində addımların atılmasını zəruri edir.
Məqalənin praktik əhəmiyyəti. Müasir cəmiyyətdə etik nitq mədəniyyətinin formalaşdırılması məktəbdən başlanır. Cəmiyyətdə etik davranış və nitq mədəniyyətinə malik fenomenlərin yaradılması üçün nitq etiketlərinin orta məktəb təhsil müəssiələrində tədrisinə xüsusi diqqətlə yanaşılmalıdır.

Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
2. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, 2016
3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
4. Veysova Z. Fəal\ interaktiv təlim. Bakı, 2015
5. Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Azərbaycan dili” fənni üzrə dərslik. Bakı, 2013
6. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Azərbaycan dili” (tədris dili kimi) fənni üzrə dərslik. Bakı, 2016
7. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün “Azərbaycan dili” fənni üzrə dərsliyin metodik vəsaiti. Bakı, 2017 


Teaching speech etiquettes in Azerbaijani language lessons
    
Summary: Article is about teaching of speech etiquettes in Azerbaijani languague lessons in general educational V-XI classes and this issue is approached with scienfic-theoric and methodic aspects. Using interactive teaching methods, speech etiquettes can be adapted to the learner in the course and gain the ability to use them in their daily life activities. 
Speech etiquettes are considered one of the main condition of ethic and cultural communcation and they turn to the adjustor of behaviour and morality standarts. The teaching of speech etiquettes is able to give our society the personalities of ethical speech and behavioral culture that can choose the right speech components that fit every situation.

    Преподавание речевых  этикетов на уроках азербайджанского языка

Резюме: В статье рассматривается преподавание речевых этикетов на уроках азербайджанского языка общеобразовательных школ в V-XI классах и этот вопрос рассматривается  с научно теоретического точки зрения. Используя интерактивные методы обучения, освоены речевых этикетов в процессе урока, и возможен добится преобразованые в навыки  в повседневней жизни. 
Речевые этикеты считаются основными условиями этического и культурного общения и превращаются в нормы поведения и нравственности в обществе. Преподавание речевых этикетов способно дать нашему обществу идентичность этической речи и поведенческой культуры, которая может правильные единицы речи, которой соответствуют каждой ситуации.


Rəyçi:        Vaqif  İsrafilov
Filologiya üzrə fəlsəfə  doktoru, dosent

No comments:

Post a Comment

Rəyiniz üçün təşəkkürlər

ƏHMƏD BƏY AĞAOĞLU. "Sərbəst insanlar ölkəsi"

Təhminə VƏLİYEVA   “SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ Açar sözlər: mənəvi əsarət, daxili s...