Vəliyeva Təhminə
AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNDƏ NİTQ ETİKETLƏRİNİN QOYULUŞU
(V-IX siniflər üzrə)
Ключевые слова: Азербайджанский язык, учебник, процесс обучения, речевой этикет, интерактивное обучение, ситуация, общение
Keywords: Azerbaijani language, textbook, learning process, speech etiquette, interactive training, situation, intercourse
Azərbaycan Respublikasında həyata keçirilən yeni təhsil proqramı çərçivəsində nitq mədəniyyətinin formalaşdırılması əsas meyarlardan biri kimi qəbul edildi. Müasir dövrün tələblərinə cavab verən, ölkəsinin siyasi, milli-mənəvi maraqlarını təmsil edə bilmək iqtidarında olan şəxslər səlis nitq bacarıqlarına malik olmalıdırlar. Bu səbəbdən, nitq təlimi təhsilin ən ümdə məsələsi şəklində qoyulmuşdur. Azərbaycan dili təlim fənninin başlıca məqsədi səlis nitq bacarıqlarına malik şəxsiyyət formalaşdırmaqdır. Bu məqsədin həyata keçirilməsi üçün şagirdlərdə etik-mədəni nitq formalaşdırılması nitq təlimi üzrə təlim işinin planına daxil edildi. Mədəni səviyyənin göstəricisi olan etik-mədəni nitq üzərində işin təlim-tədris müəssiələrinin ayrı-ayrı siniflərində təşkili üçün “Azərbaycan dili” təlim fənni üzrə hazırlanan tədris proqramlarında yer verildi. Nitq etiketlərinin ümumtəhsil məktəblərinin ayrı-ayrı siniflərində tədrisi vacib hal aldı və onların müxtəlif yollarla mənimsədilməsinə diqqət artırıldı. Ümumtəhsil məktəblərində nitq etiketlərinin tədrisinə hələ ibtidai təhsil səviyyəsində başlanılır. İbtidai sinif təhsil səviyyəsi üzrə təhsil alanlar üçün nəzərdə tutulmuş “Azərbaycan dili”, o cümlədən “Həyat bilgisi” dərsliklərində cəmiyyətdə insanların mədəni ünsiyyət qurması üçün lazım olan etik ifadələr xüsusi yer tutur. Şagirdlərin davranış və danışıq mədəniyyətinin formalaşmasında nitq etiketlərinin müstəsna rolu var. Ümumtəhsil məktəblərinin V sinif üzrə tərtib edilmiş “Azərbaycan dili” dərsliyi giriş, “Ailə və məktəb”, “Niyə belə deyirik?”, “Mənəvi dəyərlər”, “Tarixi-mədəni abidələr”, “Ana təbiət”, “Tarixdə iz qoyanlar” adlı altı bölmədən təşkil olunub. Hər bölmənin sonunda dil qaydaları üzrə təkrarın təmin edilməsi məqsədilə müxtəlif səpkili tapşırıq və çalışma nümunələri yer almış, dərsliyin sonunda isə “izahlı lüğət” verilmişdir. Dərsliyin “Hamının bildiyi dil” mətnində jestika və mimikadan istifadə ilə ünsiyyətin təşkili məsələsinə toxunulub, mətn üzrə suallar bədən üzvlərinin köməkliyi ilə fikir, hiss və duyğuların ifadəsindəki rolunun şagirdlərə aydınlaşdırılmasına yönəlmişdir. “Rəvayətli ifadələr” mətnində bir qisim nitq etiketindən istifadə olunmuşdur və mətnə müvafiq olaraq, “dialoqda hansı nitq etiketlərinə rast gəldiniz?” sualı qoyulmuşdur. Mətndəki nitq etiketləri ilə tanış olan şagirdlər ibtidai siniflərdə nitq etiketləri barədə əldə etdikləri bilik bazasına müraciət etməklə əvvəlki biliklərini yada salmaqla yanaşı, onlara tanış olmayan nitq etiketlərini əxz edir.
Tədris dili Azərbaycan dili olan ümumtəhsil məktəblərinin VI sinif şagirdləri üçün tərtib olunmuş “Azərbaycan dili” dərsliyi “Fərd və cəmiyyət”, “İxtiralar və kəşflər”, “Dəyərlərimiz”, “İncəsənət”, “Hikmət xəzinəsi”, “Qədim dünya” adı ilə verilmiş altı bölməni əhatə edir. Hər bir bölmənin sonunda ümumiləşdirici təkrar yer alır. Dərsliyin sonunda isə “Sözlük” başlığı ilə dərslikdə işlənən sözlərin izahı verilmişdir. “Əlvida, “bilmirəm!” adı ilə verilən mətnlə bağlı olaraq qoyulan sualların birində sözün məqamına görə işlənməsi məsələsinə yer verilmişdir. “Əlvida”, “sağ ol”, “xudahafiz” sözlərinin hansı məqamda işlədilməsi şagirdlərdən soruşulur. Yaxud “Sənin kimi olacağam” adlı mətndə işlənən “Sükanı belə saxla!” ifadəsi ilə bağlı şagirdlərə sual olunur ki, bu ifadəni hansı hallarda işlətmək doğru olar. Nitq etiketlərinin situasiyaya müvafiq olaraq seçilməsi barədə əvvəlki siniflərdə nəzəri məlumat almış şagirdlər çətinlik çəkmədən sualı cavablandıra biləcəklər.
VII sinif məktəb şagirdləri üçün hazırlanmış “Azərbaycan dili” dərsliyi yeddi bölmədən – “Fərd və cəmiyyət”, “Hər sözün bir taleyi var”, “Ana təbiət”, “Kamilliyə doğru”, “Dəyərlərimiz”, “İxtiralar və kəşflər”, “Kitabın tarixi”, hər bölmə üzrə ümumiləşdirici təkrar hissədən və sözlükdən ibarətdir. Dərslikdə sözlərin kontekstə uyğun olaraq işlədilməsi, sözlərdən yerli-yerində işlədilməsi, dialoq və nəqli, təsviri mətnlərin qurulması ilə bağlı tapşırıqlar kifayət qədər yer alsa da, nitq etiketləri yenə diqqətdən kənarda qalmışdır. Yalnız “Hərənin öz imzası” adlı bir mətndə nitq etiketinin digər anlayışlardan – “kompliment”, “muştuluq” fərqləndirilməsinə toxunulub. Mətndə təsvir olunur ki, ət şöbəsində işləyən satıcı qız marketə gələn müştərisinə “bu gün çox gözəl görünürsünüz. Sanki günü-gündən cavanlaşırsınız” sözləri ilə müraciət edib, qadının üzünü güldürür. Şagirdlərə sual olunur ki, satıcı qızın işlətdiyi ifadəni necə adlandırma doğru olar.
Ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri üçün tərtib edilmiş “Azərbaycan dili” dərsliyi struktur cəhətdən giriş, şərti işarələr sxemi, “Bilik xəzinədir”, “Tarixin daş yaddaşı”, “Milli-mənəvi dəyərlərimiz”, “Şəxsiyyətlər”, “Mətbuat: dünən və bu gün”, “Sənət dünyasına səyahət” başlıqları ilə verilmiş altı bölmə və “kompleks lüğət” hissələrindən ibarətdir. VIII sinif “Azərbaycan dili” dərsliyində nitq etiketlərinin tədrisinə dair kifayət qədər sual, tapşırıq və çalışma nümunələri diqqəti cəlb edir. Dərsliyin “Bilik xəzinədir” adlı mətnində işlənən “Xoş gördük!” nitq etiketi mavi rəngli şriftlə işarələnmiş və onunla bağlı “işarələnən sözü görüşmə etiketi adlandırmaq olarmı?” sualı qoyulur. Həmin mətnlə bağlı “mətnin son cümləsinə hansı nitq etiketini artırmaq olar?” başqa bir sual da yer alır. Dərsliyin “Mücrü” adlanan mətnində bir qisim nitq etiketindən istifadə olunmuşdur. Mətndən sonra şagirdlərin şifahi nitq qabiliyyətini inkişaf etdirməyə yönəlmiş tapşırıq kimi “salam!, gecəniz xeyrə qalsın!, görüşənədək! nitq etiketlərindən istifadə etməklə “Dostumun babası ilə söhbət” adlı kiçik dialoq qurun” verilmişdir. “Tarixin daş yaddaşı” mətnində nitq etiketlərindən geniş surətdə istifadə olunmuş, mətnlə əlaqədar “ilk cümləyə hansı müraciət etiketini əlavə etmək olar?” sualı qoyulmuşdur. Digər bir tapşırıq mətndəki nitq etiketlərini seçilib, məna növünün müəyyənləşdirilməsidir. Dərslikdə yer alan Cəlil Məmmədquluzadənin “Buz” hekayəsində işlənən “ciyərin yansın!” ifadəsini nitq etiketi hesab etmək olarmı?, bu etiketin adı nədir?, bu sözdən nə zaman istifadə edilir?, onun istifadəsi lazımdırmı? sualların qoyuluşu ilə şagirdlər idraki fəallığa cəlb edilirlər. “Sənət dünyasına səyahət” adlanan mətnində ayrılma etiketi işlənmiş və şagirdlərə ayrılma etiketlərinin bir neçəsi – “sağ olun”, “görüşənədək” verilib məntiqi ardıcıllığı davam etdirmələri tapşırılır. Dərslikdə nitq etiketlərinin tədrisinə geniş yer verilməsi, onlara dair müxtəlif tipli sual, tapşırıq və çalışma nümunələrinin yer alması təqdirəlayiqdir!
IX sinif “Azərbaycan dili” dərsliyi dörd bölmədən – “Dil, təhsil və cəmiyyət”, “Müvəffəqiyyət və cəmiyyət”, “Mənəviyyat və cəmiyyət”, “Mədəni irs və cəmiyyət” ibarət olub, dərslikdə mədəni nitqin keyfiyyətləri, vasitəli və vasitəsiz nitq barədə nəzəri məlumat verilmiş, sözün məqamına görə işlənməsi, rabitəli nitqin qurulmasına dair qoyulan sual və tapşırıqlar şagird nitqinin inkişafına yönəldilir. Dərslikdə “Sizi təbrik edirəm, qızlar!”, “Məhəmməd Sadıq bəy Ağazadə” adlı mətnlərdən sonra mədəni nitqin keyfiyyətləri barədə ümumi nəzəri məlumat yer almışdır. Mətnlərin məzmunundan təlim materialı kimi istifadə olunmaqla, sual və tapşırıqlar qoyulmuşdur. Sözün hansı məqamda işlənməsinə dair sual, tapşırıq və çalışmalar “Azərbaycanı Avropada tanıdan ilk kimyaçı alim”, “Ana dili”, “Sizi təbrik edirəm, qızlar!”, “Uğur” adlı mətnlərlə əlaqədar olaraq verilmişdir. Rabitəli nitqin inkişafı ilə bağlı “Uğur”, “Ən yaxın planet” mətnlərindən sonra müvafiq tapşırıqlar qoyulmuşdur. Dərsliyin IV bölməsi vasitəli və vasitəsiz nitqin tədrisinə həsr olunmuş, bu bölmədə yer alan sual, tapşırıq və çalışma nümunələri şagirdlərə vasitəli və vasitəsiz nitq bacarıqlarının aşılanmasına istiqamətlənmişdir. Rəsul Rzanın “Məndə ixtiyar olsa idi” şeirinin məzmunu ilə əlaqədar olaraq alqış etiketinə dair tapşırıq həsr olunmuşdur.
“Azərbaycan dili” dərsliklərində nitq etiketlərinin qoyuluşuna dair verilən ümumi mənzərədən də aydın olur ki, dərsliklərdə nitq etiketləri nəzəri və praktik aspektdən az işlənmişdir. Tədris vacibliyi xüsusi vurğulanan bu mövzunun dərsliklərə salınması və siniflər üzrə sistemli şəkildə tədris olunması nəzərə alınmalıdır. Ümumtəhsil məktəblərinin “Azərbaycan dili” dərsliklərində nitq etiketlərinə xüsusi yer ayrılması “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurikulum) çərçivəsində Azərbaycan Respublikasında təhsilin başlıca məqsədi kimi qoyulan səlis nitq bacarıqlarına malik şəxsiyyət formalaşdırılması tələbinin həyata keçirilməsi üzrə atılmış ən uğurlu əməli addımlardan biri olar.
Məqalənin aktuallığı. Məqalə nitq etiketlərinin Azərbaycan dili fənn kurikulumuna müvafiq olaraq tərtib olunmuş, V-IX siniflər üzrə hazırlanmış “Azərbaycan dili” dərsliklərində işlənilmə səviyyəsinə həsr olunmuşdur. Məqalənin elmi yeniliyi. Məqalədə müasir “Azərbaycan dili” dərsliklərində nitq etiketlərinin işlənilmə səviyyəsinə ümumi baxış keçirilmiş, nitq etiketlərinin tədrisi vacibliyi diqqətə çatdırılmışdır. Məqalənin praktik əhəmiyyəti. “Azərbaycan dili” dərsliklərində nitq etiketlərinin qoyuluş mənzərəsi ilə tanışlıq onların tədrisini siniflər üzrə sistemli və planlı şəkildə qurmağa imkan verir.
Ədəbiyyat:
1. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün “Azərbaycan dili” (tədris dili) fənni üzrə dərslik. Bakı, “Kövsər” nəşriyyatı, 2016, 160 s.
2. Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Azərbaycan dili” (tədrsi dili) fənni üzrə dərslik. Bakı, Altun Kitab, 2013, 192 s.
3. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün “Azərbaycan dili” fənni üzrə dərslik. Bakı, Altun Kitab, 2014, 176 s.
4. Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün “Azərbaycan dili” (tədris dili) fənni üzrə dərslik. Bakı, “Şərq-Qərb”, 2017, 160 s.
5. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Azərbaycan dili” (tədris dili kimi) fənni üzrə dərslik. Bakı, “Şərq-Qərb”, 2016, 200 s.
No comments:
Post a Comment
Rəyiniz üçün təşəkkürlər