Vəliyeva Təhminə
“KİTABİ-DƏDƏ QORQUD” DASTANININ “BAYBÖRƏ OĞLI BAMSI BEYRƏYİN BOYU”NUN DİLİNDƏ İŞLƏNƏN NİTQ ETİKETLƏRİ
Keywords: Kitabi-Dada Qorqud, speech etiquette, Beyrak, thinking of people, morally values.
Azərbaycan dilinin ən zəngin dil materiallarını özündə ehtiva edən “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin dilində xalqın etnik təfəkkürü, əxlaqi-etik dəyərlərinin dildə ifadəsi olan nitq etiketlərinə kifayət qədər çox rast gəlinir. Qədim oğuz türklərinin məişət həyatı, etnik düşüncəsi ilə bağlı işlədilən nitq etiketlərinin bu və ya digər situasiyaya müvafiq olaraq müxtəlif formalarından istifadə özünü göstərir. “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənmiş nitq etiketləri müxtəlif aspektdən tədqiqata cəlb olunmuş, sistemli şəkildə tədqiq edilmişdir. Hətta professor N.Cəfərov abidənin dilində yer alan müraciət etiketləri ilə bağlı fundamental surətdə tədqiqat aparmış və ayrıca kitab şəklində - “Xanım, hey!” monoqrafiyasını ərsəyə gətirmişdir. Professor Əzizxan Tanrıverdi “Dədə Qorqud kitabı”nın dil möcüzəsi” adlı monoqrafik əsərində daha az tədqiq edilmiş ayrılma etiketlərinə dair ayrıca fəsil vermiş, onları təsnif etmişdir.
“Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlu Bamsı Beyrəyin boyu” öz poetik tutumu və özündə zəngin dil materiallarını ehtiva etməsi ilə xüsusi fərqlənərək istər folklor, ədəbiyyatşünaslıq və istərsə də dilçilik, dil tarixi aspekti üzrə tədqiqatların aparılması üçün zəmin yaradır. Boyda müxtəlif situaiv məqam və hadisələrin gedişatı ilə bağlı işlədilən nitq etiketləri qədim oğuz türklərinin milli-etnik düşüncəsi və əxlaqi-etik dəyərlərinin dildə ifadəsidir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda müraciət, alqış, qarğış, təbrik münasibətiləvə ayrılma, sözvermə, andiçmə, qarşılaşma məqamlarında işlədilənnitq etiketləri diqqəti cəlb edir. Boyda işlənən nitq etiketlərinin qruplaşdırılaraq verilməsi onların boyda işlənmə vəziyyətini müəyyənləşdirməyə imkan verir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda işlənən xoş arzunun bildirilməsi münasibəti ilə işlədilən nitq etiketlərində xalqın arzu və istəyi ifadə olunur. “Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində işlədilən alqış etiketlərində bu xoş arzu və niyyət əksini tapır.
“Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar. Əl qaldırıb, dua eylədilər. “Allah-Taala sana bir oğul versün!”- dedilər.
Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Baybican bəg dəxi yerindən uru durdı, aydır:
“Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala man ada bir qız verə”. Qalın Oğuz bəgləri əl qaldırdılar, dua eylədilər: “Allah Taala sənə də bir qız verə”- dedilər” (4, 52).
Baybörə bəg Qalın Oğuz bəglərini çağırdı, qonaqladı. Dədəm Qorqut gəldi, oğlana ad qoydu. Aydır:
Allah Taala sana bir oğul vermiş, tuta versün!
Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlu dağlardan aşar olsa,
Allah Taala sənin oğluna aşut versün!
Qanlu-qanlu sulardan keçər olsa, keçit versün!
Qalabalıq kafirə girəndə
Allah Taala sənin oğluna fürsət versün!
Qalın Oğuz bəgləri əl götürüb dua qıldılar: “Bu ad bu yigidə qutlu olsun!”- dedilər (4, 55).
“Dügün qanlu olsun, xan qızı!” deyü barmağından altın yüzügi çıqardı, qızın parmağına keçürdi.Ortamızda bu, nişan olsun, xan qızı! – dedi (4,57)” – cümləsində həm müraciət- “Xan qızı”, həm də alqış bildirən – “Dügün qanlu olsun!” nitq etiketləri işlənmişdir.
Bundan başqa, “Yüziniz ağ olsun!”, “Ağanuzun ətməgi sizə halal olsun!”, “Əlün var olsun!” kimi alqış etiketləri və “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!”, “Çalırsan, əlün qurısun!” kimi qarğış bildirən ifadələr yer alır: Beyrək aydır: “Mərə, yüziniz ağ olsun! Ağanuzun ətməgi sizə halal olsun!”- dedi.Qaçan kim Budağ atsa, Beyrək “Əlün var olsun!” dedi. Göygü atsa, “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!” – derdi; Dədə Qorqut ayıtdı: “Çalırsan, əlün qurısun!”-dedi.
Xahiş, rica bildirən nitq etiketləri boyun dilində işlənən nitq etiketləri sırasındadır: Dədənin ayağuna düşdi: “Allah eşqinə məni qurtar!”- dedi; Böylə digəc Qazan bəg aydır: “Mərə, dəlü ozan! Məndən nə dilərsən? ...”- dedi.
Boyun dilində sözvermə, andiçmə məqamı ilə bağlı olaraq işlədilən nitq etiketlərinin mövcudluğu da diqqəti cəlb edir: Baybican bəg aydır: “Bəglər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavıqlı olsun!”- dedi; Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxuma sancılayın! Yer kibi kərtiləyin, topraq kibi savrılayın! Sağlıqla varacaq olursam, Oğuza gəlüb, səni halallığa almaz isəm!”- dedi.
Vokativ səciyyəli müraciət bildirən nitq etiketləri boyun dilində müraciət olunanın daşıdığı keyfiyyəti və səciyyəsinə uyğun olaraq işlədilir. “Yigit” sözünün müraciət etiketi kimi boy qəhrəmanları tərəfindən işlədilməsi təsadüfi deyil. Öz igidliyi, şücaəti ilə ad qazanan el oğullarına “yigit” müraciətinin edilməsi tarixi ənənədir. “Yigit” sözü müraciət forması olaraq, “yigit”, “bəg yigit” şəklində əksini tapır: Bazirgan aydır: “Yigit, yigit, bəg yigit! Sən bənim ünüm anla, sözüm dinlə!”; Bazirganlar aydır: Bəg yigit, bizə sən ərlik işlədin. Gəl imdi bəgəndigin maldan al!- dedilər.
“Hey” müraciət forması boyun dilində geniş işləklik hüququ qazanmışdır. Bu müraciət şəklinin işlənmə vəziyyətinə baxaq: Banıçiçək aydır: “Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Begrəgə vermişəm”,- derdi; “Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!” dedi; Beyrək qalqdı, ağlayu-ağlayu qırq yigidin yanına gəldi. Aydır: “Hey, mənim qırq yoldaşım!”; Dədə Qorqud: “Hey, oğul Qarçar, adama uş bögələk kibi bunludar.....”- dedi; Dəli Qarçar aydır: “Hay, Dədə Sultan, Tanrı bunun simüzin də alsın, aruğın da alsun! Haman qapıdan tışarı eylə, mədəd!”- dedi.
Titul, rütbə, vəzifə, təbəqələşməni ifadə edən müraciət etiketləri də “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində heç də az deyil. “Bəg oğlı bəg”, “sultanım”, “mərə dayələr”, “mərə ozan” tipli müraciət etiketlərinə əyani misaldır. Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü durmaq gərək, bəg oğlı”- dedi; Qızlar aydır: “Vallah, sultanım, bu yigit yüzi niqablı yaxşı yigitdir. Bəg oğlı bəg imiş”, - dedilər; Banıçiçək otaxdan baqırdı. “Mərə dayələr, bu qavat oğlı qavat bizə ərlikmi göstərir?”;
Yenə qız aydır:
Mərə ozan! Qarşu yatan qara dağdan
Aşub gəldigində-keçdigində
Beyrək aldı bir yigidə bulışmadınmı? (4, 68).
Ailə münasibəti, qohumluq əlaqələri ilə bağlı olaraq işlədilən müraciət etiketləri qədim oğuz türklərinin məişət həyatını, təfəkkürünü ortaya qoyan ifadələrdir. Bu qəbildən olan müraciət etiketlərində ata-oğul doğmalığından irəli gələn sevgi, el ağsaqqalına hörmət, gəlinə münasibətoğuz etnik, əxlaqi dəyərlərinin ifadəsi şəklində çıxış edir. Beyrək aydır: “Bəli, pəs, əvət, ağ saqallu əziz baba, mənim dəxi istədigüm oldur”, - dedi;
“Oğul! Dünlügi altun ban evimin qəbzəsi oğul!
Qaza bənzər qızımın-gəlinimin çiçəgi oğul!
Görər gözüm aydını oğul!
Tutar belüm qüvvəti oğul!
Qalın Oğuz imrəncəsi, canım oğul!”- deyübən
çoq ağladı,
Allahına şükrlər eylədi” (4, 76).
Atanın “Altun uca evinin qəbzəsi”, “qız-gəlinin çiçəyi”, “aydın görən gözü”, “tutan belinin qüvvəti” adlandırdığı oğluna müraciətində oğuz mentalitetindən irəli gələn münasibət bilavasitə əksini tapır və “Ata evin biləyi, oğul yıxılan evin dirəyidir” atalar sözü ilə birbaşa səsləşir.
“Dilün içün öləyin, gəlincigüm!
Yoluna qurban olayın, gəlincigüm!
Yalansa bu sözlərin, gerçək ola gəlincigüm!
Sağ-əsən çıqub gəlsə,
Qarşu yatan qara dağlar sana yaylaq olsun!
Sovuq-sovuq suları sana içət olsun!
Qulum-xəlayığım sana qırnaq olsun!
Şahbaz atlarım sana binət olsun!
Qatar-qatar dəvələrim sana yüklət olsun!
Ağayılda ağca qoyunum sana şülən olsun!
Altun aqçam sana xərclıq olsun!
Dünlügi altun ban evim sana kölgə olsun!
Qara başım qurban olsun sana, gəlincigüm!- dedi” (4, 75).
Beyrəyin nitqindən verilən nümunədə sevənin sevdiyinə arzu alqış etiketlərində ifadə olunmuş, “gəlincigüm” müraciət etiketi isə əzizləmə, oxşama məqsədilə işlədilmişdir.
Könül verib sevdiyinin ölüm xəbərini alan nişanlı qızın ah-naləsini bildirildiyi Banuçiçəyin nitqində bədbəxt hadisədən doğan təəssürat yer almış və ona qarşı sevgisi müraciət etiktlərində ifadəsini tapmışdır. Güz alması kibi yanağın yırtdı:
Vay, göz açub gördigim!
Könül verib sevdigim!
Vay, al duvağum iyəsi!
Vay, alnum-başım umudı,
xan Beyrək!- deyü ağladu (4, 62)
Bəy oğlu bəyə öz sədaqətini bildirən naibin dilində də ağasına sevgi və hörmətdən doğan münasibət alqış etiketindən istifadə ilə əks olunmuşdur. “Naibi qılınıcın sıyırdı, əlinə aldı. “Mənim başım Beyrəgin başına qurban olsun!”- dedi.
Salamlaşma, qarşılaşma məqamı ilə işlədilən “əleyk-əssalam” sözü oğuzların dini mənsubiyyətinə işarə edir, islam təfəkkürünün dildə ifadəsi kimi səslənir. “Dəli Qarçar ağzın köpükləndirdi. Dədə Qorqudun yüzinə baqdı. Aydır: “Əleyk-əssalam! Ay əməl azmış, feli dönmüş, qadir Allah ağ alnına qada yazmış!....”- dedi.”– cümləsində xoş münasibət yaratmayan müraciət etiketlərinə də rast gəlinir ki, bu da Dəli Qarçar mənfi xarakter səciyyəsindən irəli gəlir.
“Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən ayrılma məqamı ilə bağlı işlədilən nitq etiketlərinin təsnifatını verən prof. Ə.Tanrıverdi “Baybörə oğlı Bamsı Beyrəyin boyu”ndakı ayrılıq etiketlərinə də nəzər salımışdır.Yola salanların gördüyü işin təsviri və yola düşənin dilində ayrılma etiketinin işlənməsi: “.... Dədə Qorqudun sözi məqbul gəldi. Vardılar, bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqut birin bindi, birin yetdi. “Yaranlar, sizi Haqqa ismarladım!”- dedi, getdi” (3, 97).
Yola düşənin heç nə demədən, vidalaşmayıb getməsi, yola salmalı olanların isə onun dalınca xoş sözlər söyləməsi: “Yigit barmağını ısırdı, aydır: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir!”, - dedi; Yola salanın hədə-qorxu məzmunlu son cümləsinə görə yola düşənin heç nə demədən getməsi: “...Əgər bu dedigim nəsnələri gətürərsinüz, xoş, verdim. Əmma gətürmiyəcək olursan, bu qatla öldürmədim, ol vəqtin öldürərin!- dedi. Dədə döndi, Baybörə bəgin evlərinə getdi (3, 98).
Yola salan və yola düşənin dilində işlənmiş son cümlələrin ayrılma etiketləri funksiyasında çıxış etməsi: Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!- dedi. Beyrək dəxi: “Nola, xanım, baş üzərinə!” – dedi (3, 101).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun sonunda Dədə Qorqudun dilindən yum verilir, el ağsaqqalı bu zaman alqış etiketlərindən istifadə edir: “Dədəm Qorqud gəldi, şadlıq çaldı. Boy boyladı, soy soyladı. Qazı ərənlər başına nə gəldigün söylədi. “Bu Oğuznamə Begrəgin olsun!”- dedi. Yum verəyin, xanım:
Yerlü qara dağların yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəkli anan yeri behişt olsun!
Oğulla qarındaşdan ayırmasun!
Axır vaqtında arı imandan ayırmasun!
“Amin! Amin! Deyənlər didar görsün!
Yığışdırsun, durışdırsun günahınızı
Adı görklü Məhəmməd Mustafa yüzi suyuna
bağışlasun, xanım, hey!...”(4, 77).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun timsalında “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən nitq etiketlərinə nəzər salınması onlara tarixilik və müasirlik aspektindən yanaşılmasına imkan yaradır.
Ədəbiyyat:
1. Abdullayev B. “Kitabi-DədəQorqud”da nitq etiketlərinin etnomifik poetikası. Bakı: Elm, 2007, 100 s.
2. Cəfərov N. Xanım, hey!. Bakı: 1999
3. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nın dil möcüzəsi. Bakı: “Nurlan”, 2008, 184 s.
4. “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətnlər). Bakı: Öndər, 2004, 376 s.
5. “Kitabi-Dədə Qorqud” ensiklopediyası. 2 cilddə. II cild. Bakı:Yeni Nəşrlər Evi, 2000, 567 s.
Valiyeva Tahmina
A EPOS OF “KİTABİ-DADA QORQUD” İN THE LANGUAGE “BAYBORA OGLI BAMSI BEYRAK BOYU”S PROCESSED SPEECH ETİQUETES.
SUMMARY: Ethnic-national thinking of ancient oghuz turks have been used in epos language of “Kitabi-Dada Qorqud” different speech etiquettes. In “Baybora oglı Bamsı Beyrayin boyu” of epos was included on occasion of vocativation, congrulation, happines and in permission, oathing, meeting situations used speech etiquettes. “Baybora oglı Bamsı Beyrayin boyu” in the epos narrative language of “Kitabi-Dada Qorqud” have a look used speech etiquettes by historical and contemporarial aspects.
No comments:
Post a Comment
Rəyiniz üçün təşəkkürlər