Sunday, September 2, 2018

Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 1. Nitq etiketlərinin müxtəlif ünsiyyət situasiyalarındakı mövqeyi

Nitq etiketlərinin müxtəlif ünsiyyət situasiyalarındakı mövqeyi

Təhminə Vəliyeva
 valiyevatahmina@gmail.com

Açar sözlər: nitq etiketi // cəmiyyət // situasiya // ünsiyyət
Ключевые слова:  речевой этикет // общество // ситуация // общение
Keywords: speech etiquette // society// situation // communication

  Nitq etiketləri gündəlik  istifadədə ünsiyyət  məqsədilə işlədilən, norma səciyyəsi daşıyan  nitq konstruksiyaları hesab olunur. Nitq etiketləri cəmiyyətdə davranış normalarının tənzimləyicisi olmaqla yanaşı, mədəni ünsiyyətin formalaşmasında müəyyənedici rol oynayır.  Nitq etiketi hər bir cəmiyyətin nitq davranışı formulları,  ünsiyyət stereotipləridir.  Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilə bilər. Jestika, mimika və nitq ünsiyyətin qurulmasında geniş istifadə olunan vasitələr hesab olunur. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir. 
Nitq etiketləri müxtəlif ünsiyyət situasiyalarında geniş istifadə olunur. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun hansı istiqamətdə getməsi, mədəni ünsiyyətin məramının açılması situasiyadan bilavasitə asılıdır. Nitq etiketi formalarından  istifadə situasiya tipləri ilə əlaqədar olaraq müəyyənləşir. Situasiya tipləri rəsmi, qeyri-rəsmi, yarırəsmi məqamlarda mövcud olur və onlara  tanışlığın dərəcəsi, söhbət iştirakçılarının sosial statusu, təhsili, söhbət iştirakçıların sayı da təsirini göstərir. Məhz etiket situasiyaların düzgün qiymətləndirilib həmin situasiya üçün düzgün, norma hesab edilən ifadələrin seçilməsini tələb edir. Məlumdur ki, ünsiyyət müraciətlə başlanır. Yerli-yerində, düzgün edilmiş müraciət söhbətin gedişatına müsbət təsir göstərir. Azərbaycan dilində xalqımızın milli təfəkkürünə, əxlaqi-etik dəyərlərinə müvafiq müraciət formaları mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə, kişinin qadına, qadının kişiyə, böyüyün kiçiyə, kiçiyin böyüyə, tabeliyində işləyənin rəhbərə, rəhbər şəxsin işçilərinə dair məxsusi müraciət formaları vardır. Müraciət formalarının asılı olduğu bir sıra xüsusiyyətlərə diqqət yetirilməlidir:  danışan ilə adresat arasındakı tanışlıq dərəcəsi, onlar arasında qohumluğun mövcudluğu yaxud  qeyri-mövcudluğu, danışanın yaşı ilə adresatın yaşının nisbəti, adresatın ictimai mövqeyi və tutduğu vəzifəsi, peşə və məşğuliyyəti, mövcud situasiyada müraciət edənin funksiya və məqsədi.
Salamlaşma situasiyasında bu nitq etiketlərindən istifadə edilir: “Salam”  və ya “Salaməleyküm” deyər, günün hansı çağında qarşılaşdıqlarından asılı  olaraq isə “Sabahın (sabahınız) xeyir!” “Günortanız xeyir!” “Axşamınız xeyir!” ifadələrindən birini işlədər, müsahibi isə öz növbəsində, “Hər vaxtın xeyir!” “Aqibətin xeyir!” ifadələrindən biri ilə qarşılıq verər. 
     Vidalaşma situasiyasında işlədilən nitq etiketləri: “Xudahafiz!”,“Sağlıqla qalın!”,“Salamat qalın!”,“Sağ olun!”, “Görüşənədək!”, “Görüşərik!”, “Sabaha qədər!”,“Həmişə şadlığa gələk!”, “Sizə də əziyyət verdik!”,“Yolunuzu  tez-tez buradan salın!”, “Hər zaman qapımız üzünüzə açıqdır”, “Bizi tez-tez yad edin!”, “Allah yolunuzu açıq eləsin!”, “Yenə gözləyirik!” 
  Qarşılama məqamında: “Xoş gördük!” “Nə gözəl təsadüf!” “Həmişə siz gələsiniz!” “Lap vaxtında gəlmisiniz!” “Buyurun, buyurun!” “Buyurun, əyləşin!” “Keçin içəri!” “Gəlişinizə şadıq!” “Lap vaxtında gəlmişsiniz!” “Uzun zamandır sizi gözləyirdik! ”, “Nə yaxşı edib gəlmisiniz!” “Qədəmləriniz var olsun!”, “Sizi görməkdən məmnunuq!” kimi xoş təəssürat yaradacaq  etik  ifadələrdən istifadə olunması mühüm cəhətlərdəndir. 
    Hal-əhval tutma situasiyalarında nəzakətli söz və ifadələrdən istifadə tanış yaxud tanış olmayan kimsə ilə səmimi münasibət yaratmaq və şirin söhbət aparmaq məqsədilə “Necəsiniz?” “Əhvalınız necədir?” “Özünüzü necə hiss edirsiniz?” “Necə dolanırsınız?” “İşləriniz necədir?” “Xanımınız necədir?” tipli ifadələrlə həmsöhbəti ilə soraqlaşmaq  olar. 
Xahiş, rica məqamlarında: “Xahiş edirəm,....”; “Mümkünsə,....”; “Zəhmət olmasa,....”; “Mənə kömək edə bilərsiniz?” “Kömək əlinizi məndən əsirgəməyin!” “Bu məsələdə mənə yardımçı olsanız  sevinərdim”; “Xahiş edirəm məni qəbulunuza yazasınız”; “Xahiş edirəm, ərizəmi qəbul edəsiniz”. Kömək əli uzatmaq, yardım etmək, qulluğunda olmaq məqsədilə danışan digərinə “Sizə necə kömək etmək olar?” “Köməyə ehtiyacınız varmı?” “İcazə verin, kömək edim” “Nə buyurursunuz?” “Mənim köməyim dəyə bilər?” “Sizi narahat edən nədir?” “Məndən istədiyin qulluğun?” nitq yarlıqları ilə müraciət edə bilər.
 İcrası bu və ya digər səbəbdən mümkün olmayan işin, məsələnin müqabilində şəxs “Sizə zəhmət verdim!”, “Əziyyət çəkdiniz!”, “Daha nə etmək olar?!”, “Siz bacardığınızı etdiniz!” ifadələri ilə iş görənin zəhmətini qiymətləndirib, öz məmnuniyyətini bildirə bilər.
 Dəvətlə bağlı işlədilən nitq etiketləri: “Sabahkı tədbirə hamınız dəvətlisiniz!”, “18.10.2017-ci il tarixdə keçiriləcək xalq yazıçısı Anar Rzayev haqqında yazılmış kitabın təqdimatına hər kəs dəvət olunur!”; “Dəvət olunur: AYB-nin kollektivi, şair və yazıçılar!”. Bundan başqa, dəvətlər ya elektron formada, ya qəzet və jurnallarda elan verilməklə, ya da “dəvətnamə”lər formasında çatdırılır , 
     Üzr istəmə situasiyasında işlədilən nitq  etiketləri: “Bağışlayın”; “Üzr istəyirəm”; “Narahat etdiyimə görə üzrlü sayın!”  “Sizə zəhmət verdim”. 
    Şad gün münasibəti ilə insanları təbrik etmək, xoş niyyət və arzularını sözün məna imkanları daxilində çatdırmaq arzu, təbrik etiketlərinin köməyilə reallaşır. Arzu (alqış), təbrik etiketləri: “Yaxşı yol!”,“İşiniz avand olsun!”, “Gözünüz aydın olsun!” “Allah işinizə fərəc versin!”, “Həmişə şənlikdə!”, “Əlin-qolun var olsun!”, “Allah sizə yar olsun!”,“Min budaq olun!”,“Başın var olsun!” “Allah səni bəd-nəzərdən, bəd nəfsdən saxlasın!”,“Xeyirli olsun!”,“Bərəkətli olsun!”,“Bəhrəsini görəsiniz!”,“Uğurlu olsun!”,“Ad günün mübarək!”,“Qurban  bayramınızı təbrik  edirəm!”,“Uğurların davamlı olsun!”. 
Alqış bildirən nitq etiketləri: “Halal olsun!”, “Zəhmətin alqışa layiqdir”, “Uğurlu iş ortaya gətirmisən!”, “Əhsən!”, “Afərin!”, “Əllərin dərd görməsin!”, insanın daxili və zahiri keyfiyyətlərinə əsasən işlədilən: “Sənin kimi övlada halal olsun”, “Çalışqan tələbədir”, “Üzündən tərbiyə yağır, hiss olunur ki, yaxşı ailə tərbiyəsi alıb”, əzizləmə məqsədli etik ifadələr: “Başına dönüm!”, “Qurbanın olum!”, “Canım qurban!” , “Baş üstə!”, “Göz üstə yerin var!” “Xala qurban!”, “Gözəlim!”, “Sonam!” “Əzizim!” “Quzum!” 
 Təşəkkür etmə situasiyasında: “Təşəkkür edirəm!”,“Minnətdaram!”, “Allah sizdən razı olsun!”, “Çox sağ ol!”(Çox sağ olun!), “Diqqətinizə görə minnətdaram!”,“Qulluğunuzda olum!(Qulluğunuzda olaq!)”,  “Allah səni (sizi) bizə çox görməsin!”  
    İntizama dəvət etmə: “Sizdən bu hərəkəti gözləməzdim”,“Bu cür (belə) hərəkət sizə yaraşmır!”,“Siz adınıza layiq hərəkət etmirsiniz!”,“Danışığınıza fikir verin!” “Nəzakətli olun!”,“Səsinizi yüksəltməyin!”,“Bir qədər səmimi olun!”,“Səhvinizi etiraf edin!”,“Çalışın, bir az nəzakətli olasınız ki, başqaları sizdən ibrət götürsün!”,“Mənə elə gəlir ki, siz səhv edirsiniz!”,“Özünüzü ələ alın!”, “Emosiyalarınıza hakim olun!”,“Sizin belə danışmağa haqqınız çatmır!”, “Səhvinizi etiraf etməkdən çəkinməyin!”  kimi nitq etiketlərindən  istifadə  bu zaman yararlıdır. 
     Xəstə yanına getmə, xəstələrə baş çəkmə situasiyalarında: “Allah şəfa versin!”,“Yastığınız yüngül osun!”,“Allaha şükür, indi yaxşısınız!”,“Sizi daha yaxşı gördüm!”,“Belə görürəm, siz tezliklə sağalacaqsınız!”,“Həmişəki kimi gümrahsınız!”,“Gözümə yaxşı dəyirsiniz, belə getsə iki-üç günə qalmaz ayağa qalxarsınız!” və s.  
    Sualvermə, söhbətəqoşulma  situasiyalarında: “İcazənizlə, fikrimi bildirim” “Mənə söz verdiyiniz üçün minnətdaram!” “Bağışlayın, müdaxilə edirəm”, “Üzr istəyirəm, sual vermək olar?”, “Mane olduğum üçün dəfələrlə üzr istəyirəm” və s. 
Bir məsələyə aydınlıq gətirmək, müsahibi söhbətə cəlb etmək məqsədilə işlədilən ifadələrə misal olaraq: “Deyə bilərsiniz ki” “Zəhmət olmasa, deyin görüm”, “Zəhmət olmasa, başa salın”, “Sizin fikriniz necədir?”, “Bir məsələyə aydınlıq gətirməyinizi istərdim”. Söhbət, məruzə və s. adresatı qənaətləndirmirsə, danışana müəyyən ifadələrlə  müraciət edib, niyyətini bildirə bilər: “Fikriniz aydın olmadı, xahiş edirəm, bir də təkrarlayın”; “Zəhmət olmasa, nümunə göstərin”; “Sizin şəxsi münasibətiniz necədir?; “Siz belə fikirləşmirsiniz ki?”
Deyilənlərlə razılaşmaq, mübahisədən qaçma və imtina situasiyasında: “Razıyam”, “Etiraz etmirəm!”, “Tamamilə razıyam”, “Fikrinizə şərikəm”, “Bu məsələdə sizinlə həmfikirəm” “Bu məsələ barədə danışmaq istəmirəm” “Məsələ mənə tamamilə aydındır” “Sizin fikrinizə şərikəm” “Hər şey aydındır” “Bu barədə söhbət açmağa gərək duymuram” “Daha bu məsələni uzatmaq istəmirəm” “Məsələ mənə tam aydındır” 
Etiraz etmək, razılıq verməmək kimi hallarda: “Etirazımı bildirirəm” “Bu məni təmin etmir” “Etiraz edirəm” “Bu mənim xoşuma gəlmir” “Sizin fikrinizlə şərik deyiləm” “Mən başqa cür düşünürəm” “Bağışlayın,  sizin kimi düşünmürəm” “Bu məsələdə sizinlə razılaşa bilmirəm” 
Cavabvermə məqamında: “Lütfən, buyurun!”; “Sizə məmnuniyyətlə cavab verməyə hazıram”; “Buyurun, eşidirəm”. Sualı eşidən kəsin məsələ barədə məlumatı yoxdur və ya azdırsa, o zaman: “Bağışlayın, bu barədə məlumatım azdır”, “Bu dəqiqə öyrənib məlumat verərəm” dəqiqləşməyə ehtiyac duyulduqda: “Bir dəqiqə gözləyin, dəqiqləşdirim”; “İndi dəqiqləşdirib məlumat verərəm” tipli nitq vahidlərindən biri ilə cavab vermək olar. Məruzə, çıxış zamanı verilən sualları qəbul edərkən: “Sualınız mənə aydındır”, “Çalışaram bu məsələ aydınlıq gətirəm”, “Sualınıza görə təşəkkür edirəm, bu məsələ ilə məruzəmdə ətraflı danışacağam”  ifadələrindən birini seçib istifadə etməklə sualı qəbul etməli və müvafiq cavabı verməlidir. Cavabın sual verən üçün qənaətbəxş, aydın olub-olmadığını öyrənmək məqsədilə “Razı qaldınızmı?”, “Cavabda qaranlıq qalan bir şey qaldımı?”, “Cavab sizi qane etdimi?”, “Deyilənlərə etirazınız  yoxdur ki?” tipli etik ifadələrdən  istifadə etmək olar. 
Şad xəbərlərin verilmə situasiyasında: “Sənə əla xəbərim var”, “Muştuluğumu ver, deyim”, “Bir xəbərim var ki, duysan uçmağa qanad axtaracaqsan” kimi nitq etiketlərindən istifadə etmək informasiya verənin məqsədini düzgün şəkildə ifadə etməsinə kömək edəcəkdir. 
 Bəd xəbərlərin çatdırılması situasiyasında: “Narahat olma, hər şey düzələcək”, “Sən qoçaqsan, hər şeyi yoluna qoyacaqsan”, “Dərd etmə” kimi təsirli, ruhlandırıcı və insana mənəvi “güc” verən  ifadələrə müraciət olunmalıdır. Adamlar birisinə çox yaxını, əzizi barədə pis xəbər verərkən  olduqca həssas yanaşılmalıdır. “Özündə deyil”, “Vəziyyəti ağırdır”, “Huşunu itirib”, “Hələ özünə gəlməyib”, “Halı yaxşı deyil”  qəbildən olan nitq yarlıqlarından istifadə edilməsi məqsədəuyğundur. “Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qayğıdır, mərhəmətdir”(1, 92). 
Rəy, münasibət bildirmə situasiyalarında: “İşiniz olduqca uğurlu alınıb”, “Əhsən”, “Mən bu cür gözəl işin ortaya çıxacağını gözləmirdim”, “Məsələ ilə bağlı qeyd etdiyiniz nüanslar olduqca doğrudur”, “Bu, çox dəqiq, düzgün vurğulanmış məsələdir”. Danışan isə öz növbəsində, “Fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm”, “Rəyiniz mənim üçün olduqca önəmlidir”, “Rəyinizə görə çox sağ olun”, “Sizdən bu cür xoş sözlər eşitməyi özümə şərəf hesab edirəm”, “Sizin münasibətinizi bilmək mənə görə çox vacib idi, minnətdaram”. 
Təskinlik etmək, razı salmaq məqamında: “Əsəbləşməyin!”, “Darıxmayın!”, “Səbrli olun!”, “Narahat olmayın, hər şey yaxşı olacaq! ”, “O qədər çətinliyin öhdəsindən gəlmisiniz,inanıram ki, bunu da tezliklə həll edəcəksiniz”, “Bir qədər səbrli olun!”, “Nə etmək olar axı?!”, “Özünüzü darıxdırmayın!”, “Mən sizə inanıram!”, “Bir qədər ətraflı düşünün!”, “Sakitləşin!”
Məsləhət vermə situasiyasında: “Bu, sizin xeyrinizədir”, “Bunları nəzərə alsan, əminəm ki, böyük uğur qazanacaqsan!”, “Bu məsələnin həllində dediyim amilləri nəzərə alsanız, çatışmazlıqları asanlıqla aradan qaldıra bilərsiniz!”, “Məhz bu, sizə başucalığı gətirəcəkdir”. 
Məsləhətin qəbul edilməsi situasiyasında: “Məsləhətiniz üçün təşəkkür edirəm!”, “Düşünürəm ki, bunlar mənim xeyrimə olacaq!”, “Dəyərli məsləhətinizə görə minnətdaram!”, “Çalışacağam ki, dediklərinizə əməl edim”, “Bu faydalı məsləhətinizi heç vaxt unutmaram!”, “Bu məsləhət mənə çox lazımlı olacaq!” nitq etiketlərindən yararlanmaq olar.
Məqalənin aktuallığı. Səlis, ifadəli və mədəni nitqə malik olmaq müasir dövrün tələbidir. Cəmiyyətdə mədəni ünsiyyətin təşkilində nitq etiketləri olduqca əhəmiyyətli rol kəsb edir.
Məqalənin elmi yeniliyi. Nitq etiketlərinin insanlar arasında tənzimləyici rolu və ünsiyyət prosesindəki mövqeyi nəzərə çatdırılmışdır.
Məqalənin praktik əhəmiyyəti. Məqalədən istifadə ilə nitq etiketlərinin ünsiyyətin müxtəlif məqamlarında işlənmə vəziyyəti ilə tanış olmaq mümkündür. 

Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
2. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, 2016
3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
4. Qarayeva H. Azərbaycan dilində nitq etiketlərinin öyrədilməsi məsələləri. Bakı, 1999

Summary
The article deals the position and the role  of  communication situations. Speech etiquettes provide expressing human ideas and senses within process of communication 

Резюме
В статье  говорится положение и роль речевой этикети на ситуации общение. Речевой этикети обеспечивают на процесс общение человек мысли и чувства выражение 

Rəyçi: Filologiya üzrə fəlsəfə  doktoru, dosent, Vaqif  İsrafilov

No comments:

Post a Comment

Rəyiniz üçün təşəkkürlər

ƏHMƏD BƏY AĞAOĞLU. "Sərbəst insanlar ölkəsi"

Təhminə VƏLİYEVA   “SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ Açar sözlər: mənəvi əsarət, daxili s...